Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-100/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)- 1272/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni 10 noyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun müddətli həqiqi hərbi xidmət də daxil olmaqla 30 ildən artıq iş stajı vardır ki, bunun da 13 ildən çoxu güzəştli iş stajıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (köhnə redaksiyada) görə 57 yaşına çatmış kişilər azı 25 il sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını güzəştli işlərdə çalışdıqda yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. DSMF-nin müvafiq şöbələri 28 il 8 ay 7 gün sığorta sajının cəmi 5 il 3 ay 21 günü güzəştli staj kimi təsdiq olunduğunu bildirmiş və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işlədiyi müddət üçün müəssisə tərəfindən Fonda sosial sığorta köçürmələri aparılmadığını bildirmişlər. Buna görə də tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş, lakin, müəssisə ləğv olunduğundan müsbət cavab ala bilməmişdir. "xxxx" MMC-nin işlədiyi dövrdə sosial sığorta haqlarını DSMF-yə ödəməməsi və yaxud DSMF-nin sosial sığorta haqlarının vaxtında yığılmasını təmin edə bilməməsi onu pensiya hüquqlarından məhrum edə bilməz. Son dəfə xx.xx.2020-ci il tarixdə cavabdeh - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, tələb olunan bütün sənədləri (ərizəni şəxsiyyət vəsiqənin surəti, əmək kitabçasını, arxiv arayışını, hərbi bileti, digər məktubları) idarəyə təqdim edib, bütün məsələləri izah etmiş və 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin, müraciətinə cavab verilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh idarənin üzərinə ona əmək pensiyası təyin olunması vəzifəsi qoyulmalıdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də əmək stajı və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta köçürmələrinin ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədi ilə İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq həmin müəssisənin xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işçilərinə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə köçürülmələrinin aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 23 gün) təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndində (21.2) üzən heyəti (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34.800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.381,21 manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-1272/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuş, 07 may 1976cı ildən 22 aprel 1978-ci ilədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1980-ci ildə SMK-30 “Azkəndtikinti” № 3 trestinə ikinci dərəcəli fəhlə vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xidmət etmişdir. xx.xx.1982-ci ildə Sovet Ordusundan ehtiyata buraxılmışdır. xx.xx.1983-cü ildə N.Nərimanov adına balıq kombinatının “Ulduz” balıqçı gəmisinə matros qəbul edilmişdir. xx.xx.1983-cü ildə digər iş yerinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1983-cü ildə N.Nərimanov adına b/k həmkarlar komitəsinin klubuna kinomexanik köməkçisi vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı ildə N.Nərimanov adına balıqçılıq kombinatına işə keçməsi ilə əlaqədar vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə N.Nərimanov adına balıqçılıq kombinatının 1 №-li Nərimanabad sexinə mexanizasiya üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1994-cü ildə “Xudat” gəmisinə matros keçirilmişdir. xx.xx.1999-cu ildə işdən azad olunmuş və “Kapital-N” firmasının sərəncamına keçirilmişdir. xx.xx.1999-cu ildə DBE “Xudat” gəmisinə matros təyin edilmişdir. xx.xx.1999-cu ildə işdən azad olunmuş və N.Nərimanov adına balıqçılıq kombinatının sərəncamına keçirilmişdir. xx.xx.1999-cu ildə "xxxx" MMC-nin DBE “Xudat” gəmisinə matros təyin olunmuşdur. xx.xx.2000-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci ildə “Kapital A” firmasının DBE “Sevryuqa” gəmisinə kapitan köməkçisi təyin olunmuşdur. xx.xx.2001-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2001-ci ildə "xxxx" MMC-nin DBE “Xudat” gəmisinə mexanik köməkçisi təyin olunmuşdur. xx.xx.2003-cü ildə “Pobeda” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2005-ci ildə “T.İsmayılov” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2005-ci ildə “Sara” gəmisinə böyük mexanik keçirilmişdir. xx.xx.2006-cı ildə “Yurd” gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2006-cı ildə “Şirvan”gəmisinə böyük mexanik keçirilmişdir. xx.xx.2007-ci ildə "xxxx" gəmisinə mexanik köməkçisi keçirilmişdir. xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC-yə qəlibçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası X5 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli A/167 nömrəli arxiv arayışında göstərilmişdir ki, "xxxx" MMC-nin sənədləri X5 filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********723900 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə fəaliyyətini dayandırmış, rəhbəri X1 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********3 saylı məktubda göstərilmişdir ki, sığortaedən "xxxx" MMC (SUN **********0, VÖEN **********) tərəfindən 2006-cı ilə dair təqdim olunmuş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) vətəndaş İddiaçı sığortaolunan kimi qeyd edilməmişdir. Sığortaedən tərəfindən 2007-ci ilə dair müvafiq məlumatlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsinə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq; "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli CF01/02- 613 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı işlədiyi yer – "xxxx" MMC ASCOnun strukturuna daxil deyildir. Eyni zamanda sorğuda qeyd edilən (“Ulduz”, “Xudat”, “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan” və "xxxx") gəmilər ASCO-ya məxsus olmadığından bununla bağlı hər hansı məlumat verilməsi imkanları xaricindədir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2/xxxx/1055 saylı cavab məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan “Ulduz”, “Xudat”, “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd”, “Şirvan” və "xxxx" gəmiləri Cəmiyyətə məxsus olmadığından onların hansı kateqoriyaya aid olması barədə Cəmiyyətdə heç bir məlumat yoxdur. Mövcud və arxiv məlumatlarına əsasən vətəndaş İddiaçı Cəmiyyətdə əmək fəaliyyəti göstərməsinə dair hər hansı sənəd müəyyən edilməmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayaraq pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaiti qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də əmək stajının və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən işçilərə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta köçürmələrinin ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi məqsədi ilə filial tərəfindən aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq həmin müəssisənin xx.xx.1999-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində işçilərinə hesablanmış əmək haqqından məcburi dövlət sosial sığorta haqları üzrə köçürülmələrinin aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən həmin dövrün əmək stajına daxil edilməsi mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (18 il 10 ay 23 gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəqliyyat bölməsinin (21) dəniz, çay donanması bəndində (21.2) üzən heyəti (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16381,21 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Beləliklə, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (26 il 10 ay 29 gün), ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan işlədiyi gəmilər “Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyətinə aid deyillər. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan güzəşti əmək stajının olmaması əsası ilə iddianın rədd edilməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. "xxxx" LTD tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də işləmiş, xx.xx.1999-cu il tarixdə DBE “Xudat” gəmisinə matros vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə DBE “Sevryuqa” gəmisinə kapitan köməkçisi, xx.xx.2001-ci il tarixdən DBE “Xudat” gəmisinə mexanik köməkçisi, xx.xx.2003-cü il tarixdən “Pobeda” gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2005-ci il tarixdən “T.İsmayılov” gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2005-ci il tarixdən “Sara” gəmisinə böyük mexanik keçirilmiş, xx.xx.2006-cı il tarixdən “Yurd” gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2006-cı il tarixdən “Şirvan” gəmisinə böyük mexanik keçirilmiş, xx.xx.2007-ci il tarixdən "xxxx" gəmisinə mexanik köməkçisi keçirilmiş, xx.xx.2007-ci il tarixdə öz xahişi işdən azad edilmişdir. Bu gəmilər bilavasitə açıq dənizdə bağlığın tutulması, istehsalı və daşınması ilə məşğul olub, bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının 21.2b bəndinə uyğundur. "xxxx" LTD tərəfindən verilmiş 07 mart 2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı adları qoşmada göstərilmiş gəmilərdə xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək çalışdığı vəzifələr dəniz balıqçılıq sənayesi donanmasının gəmi heyəti kateqoriyasına daxil olan güzəştli vəzifələrdir. “X3” ASC-nin 14 iyun 2022-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək N.Nərimanov adına balıq kombinatında matros vəzifəsində işlədiyi müddətdə çalışdığı “Xudat” gəmisi “dəniz balıqçılıq sənaye donanmasının gəmi heyəti” kateqoriyasına aiddir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23003010 kodunda göstərilmişdir. Onun işlədiyi matros peşəsinə 2 saylı siyahıda göstərilən dəniz balıqçılıq sənaye donanmasının gəmi üzən heyətinə aid olan və bilavasitə dənizdə balıq tutulması ilə əlaqədar ağır işlərin yerinə yetirilməsi aiddir. Göründüyü kimi, apellyasiya baxışı zamanı təqdim olunmuş güzəştli arayışlarla təsdiq olunur ki, İddiaçı çalışdığı vəzifələr üzrə DBE “Xudat”, DBE “Sevryuqa”, “Pobeda”, “T.İsmayılov”, “Sara”, “Yurd” “Şirvan” gəmiləri üzücü heyətə dəniz balıqçılıq sənayesi donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması-bölmə 3 (kod ********); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının) gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod ********). Eyni ilə, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2-ci “Dəniz və çay donanması” bölməsində b) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) uyğundur. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin imtina məktubunda həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2017-ci il tarixinədək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbini irəli sürməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyası təyin edilməsi barədə tələb irəli sürsə də, son nəticədə, bu iddianı qaldırmaqda onun marağı pensiya hüququ yaranan vaxtdan ödənilməli olan pensiya məbləğinin hesablanıb ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci müddəsinin hazırda qüvvədə olan redaksiyasında əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 08 oktyabr 2020-ci il tarixli 03/2020-ci saylı qərardadında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı onun pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə (xx.xx.2021-ci il tarixli imtina məktubunda göstərilən tarix) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona xx.xx.2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu halda iddiaçıya pensiya xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2017-ci ildən ödənilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-1272/2021 saylı iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki üç ilə, yəni xx.xx.2017-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-100/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-100/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver