Məhkəmə qərarları › İş №2-1(103)-1000/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1000/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1000/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş stajının nəzərə alınması tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3086/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi 2000-ci illər və 2006-2014-cü illər onun pensiyasına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri KÇ nəzdində “xxxx” Firmasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixdək “Azşərqtrans-1” müəssisəsində sürücü kimi işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işlədiyi 2000-ci illər və 2006-2014-cü illər onun pensiyasına daxil edilməmişdir. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3086/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia təmin edilmiş, X1 xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri KÇ nəzdində “xxxx” Firmasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2008ci il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixdək “Azşərqtrans-1” müəssisəsində sürücü kimi işlədiyi illərin onun sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Binəqədi rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək iddiaçı tərəfindən sosial sığorta stajına daxil edilməsini tələb etdiyi dövrlər üzrə sosial sığorta haqları ödənilməməsi səbəbindən iddianın təmin edilməsinə hər hansı bir əsas olmadığını göstərib birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, cavabdehin nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının təxirə salınmasını xahiş etmiş, lakin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək və apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli,iş yenidən baxılması üçünBakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X2 Azərbaycan Respublikası Dövlət X7 Binəqədi rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 738 nömrəli, xx.xx.2017-ci il ilkin təyinat tarixli Qərarı ilə yaşa görə, ömürlük pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək kitabçasının surətindən isə müəyyən edilir ki, o, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri KÇ nəzdində “xxxx” Firmasında fəaliyyət göstərmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Azşərqtrans-1” müəssisəsinə taksi sürücüsü işinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə həmin işdən azad edilmiş, xx.xx.2009-cu il tarixdə “Azşərqtrans-1” müəssisəsinə sürücü peşəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı hazırda həmin illərin onun sığorta stajına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə ərizə ilə müraciət etmiş və cavabdeh onun müraciətindən “Azşərqtrans-1” müəssisəsində işlədiyi 2000-2002-ci illər üzrə və xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü ilə qədər olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqı ödənmədiyindən həmin dövrləri onun pensiyasının hesablanmasına mümkün olmadığına istinad edərək imtina etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçı həqiqətən mübahisələndirilən dövrlərdə Bakı şəhəri KÇ nəzdində “xxxx” Firmasında və “Azşərqtrans-1” müəssisəsində sürücü kimi işləmişdir. Cavabdeh iddiaçının qeyd edilən dövrlərdə işləməsini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sosial sığorta haqlarının ödənilməməsi isə iddiaçının təqsiri ucbatından olmamış, birbaşa müəssisənin fəaliyyəti ilə bağlı olmuşdur. Odur ki, həmin dövrlərin sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır və qeyd edir ki, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən, məhkəmə mahiyyəti üzrə qərar qəbul etmədiyindən, həmçinin mülki hüquqi tələbə baxmaqla inzibati prosessual qanunvericliyin tələblərini kobud şəkildə pozduğundan qərar ləğv edilməli və icraatın davam etdirilməsi üçün müvafiq inzibati məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə qərarını əsaslandırarkən yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə istinad etmişdir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bu normada məhkəmənin cavabdehin üzərinə iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmasından bəhs edilir. Hazırki işdə iddiaçı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Bakı şəhəri KÇ nəzdində “xxxx” Firmasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2008ci il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixdək “Azşərqtrans-1” müəssisəsində sürücü kimi işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, o, mübahisənin məhkəməyədək həlli qaydasında cavabdeh inzibati orqana müraciət edərkən onun qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması tələbi ilə çıxış etmiş və onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən yalnız iddiaçının əmək kitabçasının surətinə istinad etmiş, əlavə sənəd və sübutlar tələb etməmiş, iddiaçıya öz tələbini konkretləşdirməsi ilə bağlı yardım etmək vəzifəsini icra etməmiş və öz qərarında gəldiyi nəticələrə görə qanunvericiliyin konkret normalarına istinad etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prossessual qanunvericiliyin bəhs edilən normalarına əməl etməyərək işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına və iddia tələbinin dəqiqləşdirilməsinə yardım etməmiş, bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim edilməsi ilə bağlı tədbir görülməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs edilən hallar isə işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Həmin Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının tələbi pensiya təyin edilməsi ilə bağlı olmasına baxmayaraq məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilməmiş, iddiaçının müxtəlif müəssisələrdə işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyini cavabdehə həvalə etməklə faktın müəyyən olunmasına dair mülkihüquqi tələbə baxaraq inzibati prosessual qanunvericliyin tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən və məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədiyindən hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3086/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv olunaraq iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3086/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar