Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1000/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2-1(112)-6968/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki 3 il üçün (03.06.2017-03.06.2020) hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edildiyi gündən əvvəlki illər üçün (1997-03.06.2020) hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Tərtər, Ağdərə istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Məlumatlı olmadığından vəsiqənin alınmasına vaxtında müraciət etməmişdir. Müraciət etdikdə isə 03.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyətin Baş İdarəsi tərəfindən ona ******* nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin vəsiqə əsasında 01.10.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” mərkəzinə 1997-ci il tarixindən 03.06.2020-ci il tarixinədək olan dövr üçün ona müharibə veteranı kimi nəzərdə tutulmuş sosial müavinətin təyin edilməsi ilə bağlı müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 01.10.2020-ci il tarixli, **********6 nömrəli məktubda, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad edilərək, 03.06.2020-ci il tarixindən verilmiş ******* №li veteran vəsiqəsinə əsasən təqaüdün verilməsinin həmin tarixdən həyata keçiriləcəyi bildirilmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən təqaüd təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin –Müavinət təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbycan Respublikası Qanunun 7ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfində vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların təqaüd almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq təqaüdü almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər aylıq müavinətlərlə, 2019-cu ilin aprel ayından isə təqaüdlə əvəz olunmuşdur. Vəsiqənin verildiyi tarix həmin təqaüdü almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2-1(112)-6968/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə vəsiqənin alındığı tarixdən əvvəlki illər üzrə təqaüdün ödənilməməsi haqqında heç bir müddəa yoxdur. Qanunvericiliyin istinad olunan müddəaları ilə bağlı olaraq, ilk növbədə şəxsin müharibə veteranı statusu alınası ilə, bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi, veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər. Həmin hüquqi mövqeyinə uyğun olaraq, hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir. Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir. Belə ki, o Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyim üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmışdır və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, müharibə veteranı statusu əldə etməyi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanmağı müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, mənə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2-1(112)-6968/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 03.06.2020-ci il tarixdə, 087937 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına və “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təqaüd verilsə də, keçmiş dövr üçün sosial müavinət ödənilməmişdir. Bununla bağlı iddiaçının müraciəti isə cavabdeh tərəfindən 01.10.2020-ci il tarixli, **********6 saylı məktubla təmin edilməmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26.12.2001-ci il tarixli 613 nömrəli Fərmanı ilə müharibə veteranlarına ayda 55.000 (əlli beş min) manat məbləğində müavinət təyin edilirdi. Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq, müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə 01.04.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Bu səbəbdən də müraciətçiyə 03.06.2020-ci il tarixdə verilmiş 087937 saylı veteran vəsiqəsinə əsasən təqaüdün verilməsinin həmin tarixdən qanuna uyğun olaraq həyata keçirildiyi bildirilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş sənədlərdən (müavinət işindən) görünür ki, iddiaçı 26.08.2020-ci ildə ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı kimi sosial müavinət təyin edilməsini xahiş etmiş, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1187/********** nömrəli 31.08.2020-ci il tarixli təqaüd təyinatı üzrə qərarına əsasən İddiaçı 03.06.2020-ci il tarixdən müddətsiz 80 manat aylıq müavinət təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 09.12.2020-ci il tarixli **********5 saylı arayışa əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsinin Mərkəzi Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialından 03.06.2020-ci il tarixindən müharibə veteranlarına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Təqaüd–80 manat olmaqla, təyinatı müddətsizdir. İddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi 2020-ci il 03 iyun tarixdən etibarən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə təsis edilən və müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində təqaüd cavabdeh tərəfindən təyin olunmaqla ödənilməsi həyata keçirilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Yuxarıda qeyd edilən Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2019-cu il 1 aprel tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 2019-cu il 1 aprel tarixdən sonra 03 iyun 2020-ci il tarixdə verildiyindən ona münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından (03.06.2020-ci il) və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun əvvəlki üç ilə görə müavinət tələb etməyi əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2020-ci il tarixli, 2-1(112)-6968/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vidadi Məmmədov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1000/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1000/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver