Məhkəmə qərarları › İş №2-1(103)-1000/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1000/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1000/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyun 2024-cü il tarixli, **********142400 qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyun 2024-cü il tarixli **********142400 nömrəli qərarına əsasən "X2" MMC 2023-cü ilin mənfəət vergisi üzrə 79.826,18 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı qeyd etmişdir ki, mübahisələndirilən qərarda hesablamaya səbəb olaraq göstərilmişdir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 415255,90 (ƏDV-siz) manat tərəfinizdən təqdim edilmiş 2023-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Cavabdeh vergi orqanı tərəfindən 2023-cü ildə iddiaçının əməkdaşlıq etdiyi bir neçə vergi ödəyicisinin hazırda riskli vergi ödəyicisi statusu daşıması səbəbindən həmin ödəyicilərdən əldə edilmiş xx.xx.2023-cü il tarixli, EBDC 773380 nömrəli və xx.xx.2023-cü il tarixli EBDE 528499 nömrəli elektron qaimə-faktura məbləğlərinin gəlirdən çıxılan xərc kimi təsdiqlənmədiyi qeyd edilmişdir. Qeyd edilmişdir ki, "X2" MMC (VÖEN: **********) tikinti yenidənquraşdırma, abadlıq işlərinin görülməsi sahəsində fəaliyyət göstərir və tenderlərdə iştirak edərək əsasən dövlət orqanları ilə əməkdaşlıq edir. Azərbaycan Respublikasi Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sifarişi ilə Bakı şəhəri, Ağcabədi, Goranboy, Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün, fərdi yaşayış evlərinin və mənzillərin təmiri işlərinin həyata keçirilməsi məqsədilə bağlanılmış xx.xx.2023-cü il tarixli MİD/AZ/04 nömrəli müqavilənin icrası zamanı işlərin müəyyən hissəsinin görülməsi "xxxx" MMC-yə (VÖEN: **********) həvalə edilmiş "xxxx" MMC ilə bağlanılmış subpodrat müqavilələri əsasında, daha dəqiq deyilərsə, xx.xx.2023-cü il tarixli XO12-0323 nömrəli subpodrat müqaviləsi ilə 262.562.86 manat məbləğində, xx.xx.2023-cü il tarixli 765 nömrəli subpodrat müqaviləsi ilə isə 227.439.10 manat məbləğində, ümumilikdə 490.001.96 (ƏDV daxil) manat olmaqla işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər elə həmin təqvim ilinin aprel ayında yekunlaşmış və müvafiq olaraq xx.xx.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli eqaimələrlə rəsmiləşdirilmişdir. Öz növbəsində iddiaçı da Azərbaycan Respublikasi Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə elektron qaimə-fakturaları xx.xx.2023-cü il (EBDC 759308), xx.xx.2023- cü il tarixlərində (EBDE 309728) təqdim etmişdir. Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi axtarış sistemi vasitəsilə əldə edilən məlumata əsasən qeyd edilir ki, "xxxx" MMC xx.xx.2024-cü il tarix **********617900 nömrəli qərarla riskli vergi ödəyicisi kimi dəyərləndirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda, hazırda riskli vergi ödəyicisi kimi dəyəri vergi orqanı tərəfindən dəyərləndirilən vergi ödəyicisi ilə qarşılıqlı həyata keçirilmiş əməliyyatların həmin ödəyicinin riskli vergi ödəyicisi olmadığı dövrdə baş tutduğu aydın olur. Bu səbəbdən, cavabdeh tərəfindən daxil olmuş 12 iyun 2024-cü il tarixli **********142400 qərarın əsassız olduğu hesab edilir. Belə ki, "xxxx" MMC dolayısı ilə Azərbaycan Respublikasi Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə iş görmüş, bu işlərin təhvilinin üzərindən 1 ildən çox vaxt keçmiş və həmin vergi ödəyicisi bitən hesabat ilində riskli vergi ödəyicisi kimi dəyərləndirilməmişdir. Qeyd edilir ki, iddiaçının əməkdaşlıq etdiyi vergi ödəyicilərinin işləmə prinsipinin və eyni zamanda bütün sənədləşmə, rəsmiləşmə prosedurlarının qanunvericiliyin tələblərinə tam uyğun olması iddiaçının da öncəliyidir. AR Vergi Məcəlləsinin müddəalarına əsasən, riskli vergi ödəyicisi statusu daşıyan ödəyicilərə tətbiq edilən məhdudlaşmaları və bununla əlaqədar olaraq onlarla işləyən sahibkarların üzərinə düşən vergi yükünü nəzərə aldıqda, heç bir fiziki və hüquqi şəxs həmin ödəyicilər ilə işləmək marağında deyil. Müqavilənin bağlanılması zamanı qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmaması araşdırılmış, risk meyarı daşımadığı üçün müqavilə bağlanılmış, işlər yerinə yetirilmişdir. Hazırda riskli vergi ödəyicisi statusu daşıyan müəssisədən əldə edilən elektron-qaimə fakturaların dəyərinin az məbləğ təşkil etmədiyini, bu halda yarana biləcək vergi yükünü də nəzərə aldıqda, əmtəəsiz və ya riskli hesab edilən əməliyyat aparmaq marağında olmamışdır. Lakin məlumdur ki, hansı vergi ödəyicisinin gələcəkdə riskli vergi ödəyicisi kimi dəyərləndirilə biləcəyi ehtimalını öncədən müəyyənləşdirmək mümkün deyildir. Nəzərə almaq lazımdır ki, iddiaçının "xxxx" MMC ilə əməkdaşlıq həm vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Bir daha bildirilir ki, iddiaçının qarşı tərəflərlə əməkdaşlığı həmin vergi ödəyicisinin riskli vergi ödəyicisi statusu daşımadığı dövrdə olmuş, görülmüş işlər, həmçinin malların alışı faktiki və tam şəffaf olaraq icra edilmiş, hər hansı əmtəəsiz əməliyyat baş tutmamışdır. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X4 müvafiq məlumatlar daxil edildiyi andan görür. Həmçinin, riskli vergi ödəyicilərindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə xidmətlərin dəyərinin əvəzləşdirilməməsi və xərc kimi tanınmaması, lakin həmin xidmət əsasında təqdim edilmiş elektron qaimə-fakturaların dəyərinin gəlir kimi tanınması vergi qanunverciliyinə ziddir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərarlar qanunsuzdur və ləğv edilməlidir. İddiaçının nümayəndəsi və vəkili sonradan tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********573400 nömrəli nömrəli qərarın da ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, cavabdeh vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 12 iyun 2024-cü il tarixli **********142400 nömrəli qərarına əsasən "X2" MMC-yə 2023- cü ilin mənfəət vergisi üzrə 79.826,18 manat əlavə vergi məbləği hesablanmışdır. Lakin cavabdeh vergi orqanı eyni əsaslarla 2024-cü ilin aprel ayı üzrə ƏDV hesablanması barədə qərar qəbul etmişdir. Belə ki, 2024-cü ilin aprel ayı üzrə xx.xx.2024-cü il tarixli **********573400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərara əsasən cəmiyyətə 76.746,06 manat əlavə ƏDV məbləği hesablanmışdır. Qərar əvvəlki hesablamalara səbəb olan riskli hesab edilən eyni qaimə fakturaların əvvəlki aylarda əvəzləşdirilməsi ilə əsaslandırılmışdır. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 iyun 2024-cü il tarixli, **********142400 nömrəli və xx.xx.2024-cü il tarixli **********573400 nömrəli qərarlar ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas "X2" MMC tərəfindən 2023-cü ilin aprel ayı ərzində "xxxx" MMC-dən əldə edilmiş, ümumi dəyəri 415255.90 manat olan elektron qaimə-fakturaların xərc kimi nəzərə alınmaması olmuşdur. Həmçinin, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Qanunvericiliyin müddəalarından göründüyü kimi qarşılıqlı əməliyyatların aparıldığı vergi ödəyicisinin əməliyyatların aparıldığı tarixdən sonrakı dövrdə riskli vergi ödəyicisi hesab edilməsinin vergi ödəyicisinin xeyrinə şərh edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Construction Group of Pearl" MMC ilə bağlanılmış subpodrat müqavilələri əsasında, xx.xx.2023-cü il tarixli XO12-0323 nömrəli subpodrat müqaviləsi ilə 262 562.86 manat məbləğində, xx.xx.2023-cü il tarixli 765 nömrəli subpodrat müqaviləsi üzrə isə 227 439.10 manat məbləğində, ümumilikdə 490.001.96 (ƏDV daxil) manat olmaqla işlərin yerinə yetirilməsi razılaşdırılmış, işlər həmin ilin aprel ayında yekunlaşmış və müvafiq olaraq xx.xx.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli e-qaimələrlə rəsmiləşdirilmişdir. Lakin cavabdeh vergi orqanı qeyd edilən elektron qaimə fakturaları əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edərək ərizəçinin 2023-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə almamış, həmçinin ƏDV-nin əvəzləşdirilməsinə əsas vermədiyini hesab edərək iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Vergi orqanı bunu həmin fakturaları təqdim edən "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi əsaslı hesab edilərək təmin edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Belə ki, Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (01 yanvar 2024-cü il tarixə qədər qüvvədə olan redaksiya). -175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə “Construction Group of Pearl" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli XO12-0323 saylı subpodrat müqaviləsi üzrə 262 562.86 manat məbləğində, xx.xx.2023-cü il tarixli 765 nömrəli subpodrat müqaviləsi üzrə isə 227 439.10 manat məbləğində Bakı şəhəri, Ağcabədi rayonu və Füzuli rayonlarında salınmış məcburi köçkün qəsəbələrində binaların dam örtüyünün fərdi yaşayış evlərinin və mənzilərin təmiri işlərinin görülməsi müəyyən edilmiş, bununla bağlı xx.xx.2023-cü il tarixli EBDC seriyalı 773380 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 528499 nömrəli elektron qaimə-fakturalar tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********573400 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (04.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDC seriyalı, 773380 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğu qeyd olunaraq əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 40051.96 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 40051.96 manat kənarlaşma yarandığı, vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində (05.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDE seriyalı 528499 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi, qeyd edilən elektron qaimə-faktura üzrə 34694.1 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi nəzərə alınaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 34694.1 manat kənarlaşma yarandığı əsası ilə vergi ödəyicisinə 76.746,06 manat əlavə vergi məbləği hesablanmışdır. Kollegiya qeyd edir ki, İddiaçı MMC ilə “Construction Group of Pearl" MMC ilə arasında baş tutmuş əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut nə birinci, nə də apelyasiya instansiya məhkəmələrinə təqdim edilmişdir. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, ərizəçi İddiaçı MMC ilə "xxxx" MMC-nin arasındakı əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu xx.xx.2024-cü il tarixdən əvvəlki dövrə aparılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində vergi ödəyicisinin iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olubolmamasının yoxlanılması öhdəliyi təsbit edilməmişdi.” İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi e-2-1(112)-10592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10592/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar