Məhkəmə qərarları › İş №2-1(103)-1002/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1002/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1002/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X21, X13, X18 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « qeydiyyatdan çıxarılma ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.2002-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi X5 adına ¼ hissədə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə, İddiaçı adına ¾ hissədə xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü X21, xx.xx.1963-cü il təvəllüdlü X13 və xx.xx.1997-ci il təvəllüdlü X18 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 21641/2023 nömrəli məktubunda bildirilmişdir ki, X21, X13 və X18 xx.xx.2021-ci il tarixdən hal-hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

5. Həmin məktubla göndərilmiş adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 22 X5 adına ¼ hissədə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, X8 aid ¾ hissə açıq qalır. -X14 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, o, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilə X12 qeydiyyata alınmasına razılıq verir. -X14 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, o, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilə X6 qeydiyyata alınmasına razılıq verir. -X14 notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, o, qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzilə X15 qeydiyyata alınmasına razılıq verir.

6. Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-53/2-S-271xx/xx/2023 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, İddiaçı mülkiyyətçisi olduğu Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, ev 22 ünvanından X21, X13 və X12 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X21, X13 və X12 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi ünvanında yerləşən 22 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi ünvanında yerləşən 22 saylı mənzilin ¾ hissə payı ********** nömrəli Çıxarışa əsasən 22 dekabr 2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Həmin mənzildə ailə üzvləri və digər qohumları ilə yanaşı X21, X13 və X18 da pasport qeydiyyatındadır. Həmin şəxsləri tanımır, kim olduqları barədə eləcə də mənzilə hansı əsasla qeydiyyata düşmələri barədə məlumatları yoxdur. Onların iddiaçıya məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyət hüququnu məhdudlaşdırır və əsassız müdaxilə təşkil edir. Bu da mənzil ilə bağlı hüquqlarının realizə edilməsində ona mane olur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X21, X13, X18 İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı paylı mülkiyyətçilərdən biridir və qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər digər paylı mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüşlər. Belə ki, X14 fərdi yaşayış evinə mülkiyyət hüququnun ¼ hissədə ona aid olduğu, ¾ hissədə isə açıq qaldığı halda həmin çıxarışı qeydiyyat orqanına təqdim edərək üçüncü şəxslərin sözügedən ünvana qeydiyyata düşmələrinə razılıq vermişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün vacib əhəmiyyət daşıyan bir halı araşdırmamışdır. 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Daxili İşlər Nazirliyinin əməkdaşı həmin şəxslərin 2019-cu ildə evə qeydiyyata alındıqlarını bildirmişlər. Lakin Baş Pasport Qeydiyyyat və Miqrasiya idarəsi məhkməyə ünvanladığı sorğuya cavab məktubunda qeydiyyat tarixini təhrif edərək həmin şəxslərin guya xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduqlarını qeyd etmişdir. Belə ki, Səfərov Rafiq adları çəkilən şəxsləri evə qeydiyyata salarkən qüvvədə olmayan daşınmaz əmlakın reyestr çıxarışını təqdim etmişdir, hansıda ki, 1/4 hissə ona, 3/4 hissə açıq qalmışdır. Halbuki, həmin tarixdə qüvvədə olan evin reyestr çıxarışında digər paylı mülkiyyətçilər olmuşdur və onlar 2021-ci ilə kimi artıq miras paylarını qəbul etmişlər.(Həmin çıxarışlar şikayətə əlavə olunur). Həmin paylı mülkiyyətçilər atası X7 (1/4 hissədə) bibisi X1 və əmisi X9. Həmin şəxslər də 2021-2021-ci illərdə öz paylarını daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında ona bağışlamışlar.(Burada əsas məsələ ondan ibarətdir ki, Səfərov Rafiq qeydiyyata həmin şəxsləri salarkən qeydiyyat orqanından həqiqi qüvvədə olan çıxarışı təqdim etməmiş, onu gizlətmiş əvəzində qüvvədən düşmüş çıxarışı qeydiyyat qurumuna təqdim etmiş, qeydiyyat orqanı da bu halı araşdırmamış və bunu araşdırmaq imkanına malik olmamışdır. İşə baxan məhkəmə işin bu halını nəzərə almamışdır. X7 (1/4 hissədə) bibisi X1 və əmisi X3 vərəsəsi X10 notarial qaydada xx.xx.2023-cü il tarixli ərizə verərək X15, X6 və X12 Bakı şəhəri Yasamal rayonu X16 küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış ünvanına onların razılığı olmadan qeydiyyata alındıqlarını bildirmişlər. Bu faktın özü də bir daha Bakı şəhəri Yasamal rayonu X16 küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış ünvanına qeydiyyata alınmalarının qanunsuz olduğunu sübut edir. Ümumiyyətlə həmin şəxsləri onun və paylarını ona bağışlamış yaxın qohumları tanımır. Onlar bircə gün də olsa həmin evdə yaşamamışlar.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

19. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

21. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

22. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam hissədə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

28. İşin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 22 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdədir. Fərdi yaşayış evinə mülkiyyət hüququ ¼ hissədə xx.xx.2016-cı il tarixdə X5 adına, xx.xx.2022-ci il tarixdə İddiaçı adına ¾ hissədə qeydiyyata alınmışdır.

29. Hazırkı iş üzrə iddiaçı paylı mülkiyyətçilərdən biridir və qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər digər paylı mülkiyyətçinin razılığı ilə qeydiyyata düşmüşlər. Belə ki, X14 fərdi yaşayış evinə mülkiyyət hüququnun ¼ hissədə ona aid olduğu, ¾ hissədə isə açıq qaldığı halda həmin çıxarışı qeydiyyat orqanına təqdim edərək üçüncü şəxslərin sözügedən ünvana qeydiyyata düşmələrinə razılıq vermişdir.

30. Başqa sözlə, X14 paylı mülkiyyətçisi olduğu evə üçüncü şəxsləri qeydiyyata aldığı xx.xx.2021-ci il tarixdə həmin evə paylı mülkiyyətin ¾ hissəsi iddiaçının paylı mülkiyyətində olmamış, bununla əlaqədar R.Səfərovun ərizəsi əsasında üçüncü şəxslərin qeydiyyatı zamanı digər paylı mülkiyyətçinin razılığına zərurət olmamışdır. Belə ki, iddiaçının sözügedən evə ilkin olaraq paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

31. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üçün vacib əhəmiyyət daşıyan bir halı araşdırmamışdır. 3 saylı Bakı ASAN Xidmət Mərkəzində Daxili İşlər Nazirliyinin əməkdaşı həmin şəxslərin 2019-cu ildə evə qeydiyyata alındıqlarını bildirmişlər.Lakin Baş Pasport Qeydiyyyat və Miqrasiya idarəsi məhkməyə ünvanladığı sorğuya cavab məktubunda qeydiyyat tarixini təhrif edərək həmin şəxslərin guya xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduqlarını qeyd etmişdir.

32. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı şikayətində istinad etdiyi 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin 3-cü şəxslərin 2019-cu ildə evə qeydiyyata alındıqlarına dair məlumatını nə apellyasiya şikayətinə əlavə etməmiş, nə də apellyasiya baxışı zamanı təqdim olunmamışdır.

33. Bundan başqa iddiaçının apellyasiya şikayətində istinad etdiyi və iddiaçının şikayətə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan da görünür ki, mübahisəli ünvana X2 ¼ hissədə payı xx.xx.2021-ci ildə, X3 ¼ hissədə payı xx.xx.2017-ci ildə, X5 adına ¼ hissədə payı xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

34. Həmçinin, iş materiallarından göründüyü kimi, (i/v-89) İddiaçı adına ilk olaraq ¼ hissədə payı xx.xx.2021-cı il tarixdə qeydiyyata alınmışdır.

35. İddiaçının özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, digər qohumlarının 2021-2022-ci ildə paylarını iddiaçıya bağışlaması nəticəsində xx.xx.2022-ci il tarixdə İddiaçı adına ¾ hissədə payı qeydiyyata alınmışdır.

36. Beləliklə, iş materiallarından göründüyü kimi, (i/v-38) mübahisəli fərdi yaşayış sahəsinə İddiaçı adına ¾ hissədə payı xx.xx.2022-cı il tarixdə qeydiyyata alınmışdır, həmçinin X5 adına ¼ hissədə payı xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

37. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğvi üçün əsas təşkil etmir.

38. Məhkəmə Kollegiyası nəzərə alır ki, X14 paylı mülkiyyətçisi olduğu evə üçüncü şəxsləri qeydiyyata aldığı xx.xx.2021-ci il tarixdə həmin evə paylı mülkiyyətin ¾ hissəsi iddiaçının paylı mülkiyyətində olmamış, bununla əlaqədar R.Səfərovun ərizəsi əsasında üçüncü şəxslərin qeydiyyatı zamanı digər paylı mülkiyyətçinin razılığına zərurət olmamışdır. Belə ki, iddiaçının sözügedən evə ilkin olaraq paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

39. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz.

40. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə X14 hər ikisi paylı mülkiyyətçilərdir və R.Səfərov iddiaçının mülkiyyətçi olmadığı vaxtda öz razılığı ilə üçüncü şəxsləri paylı mülkiyyətçisi olduğu ünvana qeydiyyata salmış, belə olan halda üçüncü şəxslərin həmin ünvana qeydiyyatı əsassız, cavabdeh qurumun isə qeydiyyatla bağlı hərəkətləri qanunsuz hesab edilə bilməz.

41. Beləliklə, məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 20-21-ci bəndləri) çıxış edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10887/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar