Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1002/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firması cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsi ) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “riskli vergi ödəyiciləri siyahısından çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
2. Qərar onunla əsaslandırılmışdır ki, “Ziyil Arxı" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.
3. İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cavabdehə müraciət edərək, xx.xx.2022xx.xx.2022-ci il üzrə müvafiq qaimələrin ləğv edildiyi və ödəniş baş tutmadığından geri qaytarılası məbləğin olmadığı nəzərə alınaraq, müəssisənin riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən 8 riskli elektron qaiməfakturanın ləğv olunduğu aşkar edilsə də, xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaiməfakturaya görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qaiməfakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, yükdaşımalara görə "Fərqlənmə nişanı"nın olması müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən qeyd edilən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və bu səbəbdən onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qərarın ləğvi və "xxxx" Firmasının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın qəbulunun əsasında duran elektron qaimə-fakturalar ləğv edilsə də, iddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılmamışdır.
6. Cavabdehin iddia tələbinə etirazın dəlilləri imtina dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, "xxxx" Firmasının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulması və iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici riskli vergi ödəyicisinin anlayışını vermiş, riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını təsdiq etmiş, lakin şəxsin hansı hallarda riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını tənzimləməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarından görünür ki, cavabdeh iddiaçının Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyat apardığını əsas gətirərək, Meyarların 2.1.1-ci bəndinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. İşdən görünür ki, iddiaçı bu qərarla razılaşmış və riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Eyni zamanda, həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu, cavabdeh tərəfindən də mübahisələndirilməmiş, elektron qaiməfakturaların ləğv olunmasını qəbul etmişdir. Belə olan halda aydındır ki, iddiaçı onun barəsində xx.xx.2023- cü il tarixli **********12000 nömrəli qərarın qəbul edilməsinə əsas olan halları aradan qaldırmışdır. Yuxarıda göstərildiyi kimi, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hallarını (meyarlarını) tənzimləməsə də, bu, müvafiq qərarın qəbul edilməməsi üçün əsas ola bilməz. Çünki, müvafiq tənzimləməni təmin etmək üçün zəruri tədbirlərin görülməsi vergi sahəsində dövlət siyasətini həyata keçirən cavabdeh orqanın vəzifəsidir və qanunvericilikdəki bu boşluq vergi ödəyicisinin hüquqlarının pozulmasına səbəb ola bilməz. İşin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektronqaimə fakturanın ləğv edilmədiyinə, "Fərqlənmə nişanı" olmadan fəaliyyət göstərilməsinə istinad etmişdir. Lakin, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əməliyyatları Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni qərar qəbul etməlidir.
9. Bundan əlavə, qanunverici şəxsin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün onun barəsində qəbul edilmiş riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvini nəzərdə tutmamışdır. Belə ki, şəxs barəsində qəbul edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə qərar artıq əvvəlki qərarın hüquqi nəticəsini aradan qaldırır. Vergi ödəyicisi onun riskli vergi ödəyicisi olması barədə qərarın o zaman ləğv olunmasını tələb edə bilər ki, həmin qərarda göstərilənlərlə razılaşmasın və onun barəsində qəbul edilmiş həmin əlverişsiz inzibati aktın qanunsuz olduğunu iddia etməklə, onu mübahisələndirsin. Bununla şəxs həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına nail olur. İşin hazırkı hallarından görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2**********12000 saylı qərarın, qanunsuz olduğundan deyil, qərarda göstərilənlərin nəzərə alınaraq müvafiq tədbirlər görülməklə həmin hallar aradan qaldırıldığından ləğv olunmasını xahiş edir, hansı ki, bununla da həmin qərarın qanuni olduğunu qəbul edərək, onunla razılaşır. Buna görə də, iddia tələbi qismən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul olunması hissəsində təmin edilməlidir.
10. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən - iddianın təmin olunmadığı hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
11. Həmçinin, qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən - iddianın təmin olunduğu hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsində birinci icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2- 1(103)-431/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı riskli əməliyyatlara dair elektron qaimə-fakturaları ləğv etmişdir. Təqdim edilmiş ərizələrdə görünür ki, EBCH seriyalı 957939, EBCH seriyalı 969850 saylı, EBCİ seriyalı 010871 saylı, EBCH seriyalı 979731 saylı, EBCH seriyalı 974606 saylı, EBCİ seriyalı 021697 saylı, EBCİ seriyalı 032746 saylı və EBCİ seriyalı 035624 saylı qaimə fakturalar əməliyyatların baş tutmaması səbəbindən ləğv edilmək üçün imzalanmışdır. Eyni zamanda, həmin əməliyyatlar üzrə iddiaçının bank hesabına vəsait daxil olmamışdır. Bu hal, cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilməmiş və iddiaçıya məxsus bank hesablarından çıxarışlarla deyilən fakt təsdiqini tapmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın iddianın təmin edilən hissəsində ləğv olunması və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1508/2024 saylı, 25. 10. 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-431/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
e) Apellyasiya şikayətinin dəlilləri
16. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyəti təhlil olunmuşdur. T əhlil zamanı xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə alışda və ya idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixli 2**********12000 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən 8 riskli elektron qaimə-fakturanın ləğv edildiyi aşkar edilsə də, təqdim edilmiş elektron qaiməfakturaya görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədin təqdimedilmədiyi müəyyən olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, riskli vergi ödəyicisinin təhlil edilən əməliyyatları onun tərəfindən vergidən yayınma sxemi çərçivəsində əmtəəsiz əməliyyatların keçirilməsini aşkar göstərsə də, məhkəmə yalnız riskli əməliyyatları təsdiq edən elektron-qaimə fakturaların ləğvini əsas gətirməklə risk meyarının aradan qalxdığını bildirmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olan şəxsdən mal alındıqda ona Vergi Məcəlləsinin 71- 1-ci maddəsinə əsasən elektron qaiməfaktura təqdim edilməli, vergi orqanında uçotda olmayan şəxslərdən mal alındıqda isə Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən elektron alış aktı tərtib edilməlidir. Halbuki, həmin əməliyyatlar üzrə həqiqətən mal təqdim edilməsi həyata keçirilmiş olsa idi, əməliyyatlar üzrə elektron qaimə-fakturalar ləğv edildikdə malların satışına görə ödənilmiş məbləğ iddiaçının bank hesabına geri qaytarılmalı olacaqdı. Elektronuçotməlumat bazasından əldə edilmiş məlumata görə isə qeyd olunan dövrdə iddiaçının bank hesabına hər hansı pul mədaxili aşkar edilməmişdir. İddiaçının fəaliyyəti ilə bağlı daha bir riskli əməliyyatla bağlı məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaimə-fakturalarda “Avtomobillər üçün sair hissə və ləvazimatların topdansatışı üzrə xidmətlər” göstərilməklə ümumi məbləği 112298,54 manat olan 468 ədəd müxtəlif ehtiyat hissələrinin (ön balata TRV, salıncak ön sağ, radiyator DB, kanallı kayış, turbo intercool hortum, debriyaj teli FR, polen fitresi LN DBY, motor takozu, ekzantrik kapak keçesi Cartecj, lambda sensor, boru GP, ön fren aynası və s.) digər vergi ödəyicilərinə təqdim edilməsinə baxmayaraq, həmin malların əldə olunmasına dair hər hansı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və ya alış aktı əldə edilməmiş, həmçinin xx.xx.2022-ci il tarixdə cəmi 24,4 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktura üzrə təqdim edilmiş malların heç bir alış sənədi müəyyən edilməmişdir. Qeyd olunanlar iddiaçının mütəmadi olaraq riskli əməliyyatlar aparmasını bir daha təsdiq edir.Həmçinin bildirirlər ki, iddiaçı daşıma xidmətləri həyata keçirməsinə baxmayaraq, balansında hər hansı avtonəqliyyat vasitəsinin olubolmaması barədə məlumat aşkar etmək mümkün olmamışdır. Bununla əlaqədar qeyd edirik ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir. Həmin Qanunun 22-ci maddəsinə görə sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün tələb edilən sənədlərin forması və rəsmiləşdirilməsi qaydasımüvafiq olaraq “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınmasıQaydaları” və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları” ilə müəyyən olunur. Sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən yol vərəqəsi ilə rəsmiləşdirilir. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Həmin sənəd yükün daşındığı müddət ərzində sürücüdə saxlanılmalıdır. Göründüyü kimi, vergi ödəyicisi daşıma xidmətləri həyata keçirməsinə baxmayaraq qeyd olunan sənədlərin olmaması vergi ödəyicisinin əmtəsiz əməliyyat aparmasını və vergi ödəyicisinin riskli vergi ödəyicisi olduğu göstərir. Bundan başqa, uçot baza məlumatlarına əsasən iddiaçının fəaliyyət növlərinin 49320 - taksi fəaliyyəti (əsas fəaliyyət növü), 45200 - avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, ******* - avtomobillərə cari xidmət, 45320 avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı, 49310 şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti, 68200 - şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, ******* - digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət olduğu halda, həmçinin adına qeydiyyatda olan avtoservis obyekti mövcud olduğu halda, aktiv əmək müqavilələrinə əsasən işçilərinin icraçı direktor, direktor müavini, kadrlar üzrə aparıcı mütəxəssis, hüquqşünas və iki qeydiyyatçı-menecerdən ibarətdir və nəqliyyat xidmətinin, avtomobillərə texniki və təmir xidmətlərinin, pərakəndə satış fəaliyyətlərinin həyata keçirilməsi üçün sürücü, usta (motorçu, rəngsaz, çilingər, mexanik və ya başqa texniki xidmət işçisi) və satıcının olmaması iddiaçının fəaliyyətində əmtəəsiz əməliyyatların aparılmasına bir daha dəlalət edir. Qeyd olunanlara əsasən, iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması onun tərəfindən yol verilən vergidən yayınma hallarına qəsdən şərait yaradılması anlamına gəlir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Təkrar apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə münasibət və vəsatət təqdim edərək göstərmişdir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla “riskli əməliyyatlar üzrə əldə edilmiş vəsaitlərin geri qaytarılması müəyyən edilməmişdir”, yazılmış cavab məktubu daxil olmuşdur. Bu məktub hələdə Ali məhkəmənin qərarında qeyd edilənlərin aydınlaşdırılmasına kifayət etmir. Belə ki, təqdim edilmiş məlumatlardan və Banklardan daxil olan məktublar üzrə hesabların çıxarışında göstərilən ləğv edilmiş e-qaimələr üzrə pul vəsaitinin nə mədaxil edilməsi nə də məxsrici mövcud deyil. Yəni ləğv edilən e qaimələr üzrə bank hesab çıxarışlarından göründüyü kimi "xxxx" MMC-yə pul vəsaiti daxil olmamışdır. Lakin vergi orqanı Ali məhkəməni yanıltaraq, ümumiyyətlə məhkəmələri yanıltaraq yalnış məlumatlar verərək, bu günədək müəssisənin riskli vergi ödəyicisi siyahısında qalmasına davam etdirir. Hörmətli Məhkəmə! Göründüyü kimi nə sorğularla əlaqədar təqdim edilmiş bank sənədlərində, nədə vergi orqanının təqdim etdiyi sənədlərdə riskli hesab edilən e-qaimələr üzrə "xxxx" MMC-nin bank hesablarına pul vəsaiti daxil olmamışdır. Əgər pul vəsaiti daxil olmayıbsaa qaytarılması da mümkün ola bilməz. Bank hesabına daxilolma göründüyü kimi yalnız icarə haqları üzrə olmuşdur. Vergi orqanı Məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “riskli hesab edilən və ləğv edilmiş elektron qaimə fakturalar üzrə əldə edilmiş vəsaitlərin bank hesabı vasitəsilə geri qaytarılması müəyyən edilməmişdir”. İddiaçı olaraq məhkəmədən xahiş edirik cavabdeh vergi orqanı məhkəməyə təqdim etdiyi məktubunda göstərdiyi – “riskli hesab edilən və ləğv edilmiş elektron qaimə fakturalar üzrə əldə edilmiş kimi qeyd etdiyi pul vəsaitlərinin hansı tarixlərdə, hansı məbləğlərdə, hansı bank hesabı ilə “əldə edilməsini” sübut edən materialları məhkəməyə təqdim etsin. Əks təqdirdə məhkəməni yanıltmağa nail olmuş, bu yalan məlumatlarına görə İPM və MPM-in tələblərinə əsasən cavabdehin müvafiq vəzifəli şəxsləri barəsində xüsusi qərardad qəbul edilsin.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, xüsusi qərardad qəbul edilməsi barədə vəsatətin isə təmin olunmamasını xahiş etmişdir.
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını, xüsusi qərardad qəbul edilməsi barədə vəsatətin isə təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Maddə 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya).
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” (21 noyabr 2024-cü ilə qədər olan redaksiya) 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparılması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla), 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 3.1.Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim edilməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində cavabdeh tərəfindən qərar iddianın təmin olunmuş hissəsində (riskli vergi ödəyiciləri siyahısından çıxarılma tələbinin təmin olunmuş hissəsində”) mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmetini iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi əsası kimi onun tərəfindən xx.xx.2022 xx.xx.2022-ci il tarixləri üzrə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş malların vergi ödəyicisinin alışında və ya idxalında aşkar edilməməsi təşkil edir.
28. Belə ki, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
29. Qərar onunla əsaslandırılmışdır ki, “Ziyil Arxı" Firmasının (**********) ƏDV subuçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 - xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-fakturalar üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuşdur.
30. İddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cavabdehə müraciət edərək, xx.xx.2022xx.xx.2022-ci il üzrə müvafiq qaimələrin ləğv edildiyi və ödəniş baş tutmadığından geri qaytarılası məbləğin olmadığı nəzərə alınaraq, müəssisənin riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçı tərəfindən 8 riskli elektron qaiməfakturanın ləğv olunduğu aşkar edilsə də, xx.xx.2022-ci il tarixdə cəmi 24.4425,44 manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilmədiyi və təqdim edilmiş elektron qaiməfakturaya görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarıldığını əks etdirən sənədlərin təqdim edilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş qaiməfakturalar üzrə satışda cəmi 33,1 min manat məbləğində “Evakuasiya daşınma xidməti və nəqliyyat çatdırılma xidməti” olmasına baxmayaraq, yükdaşımalara görə "Fərqlənmə nişanı"nın olması müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən qeyd edilən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və bu səbəbdən onun riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır.
31. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1508/2024 saylı, 25. 10. 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 2-1(103)-431/2024 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır və həmin qərarda məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki:
32. “...32. İşin hallarından müəyyən etmək olmur ki, iddiaçının riskli hesab edilməsinin əsasında duran əməliyyatlara görə hansı elektron qaimə-fakturalar verilmiş, eyni zamanda, bu qaimə-fakturalardan konkret olaraq hansıları ləğv edilmişdir. Eləcə də, ləğv edilməmiş elektron qaimə-fakturaların mövcud olub-olmamasına da aydınlıq gətirilməmişdir. ....35. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi riskli vergi ödəyicisi hesab edilmə barədə qəbul edilən qərarın əsasında duran əməliyyatlar (vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaimə-fakturalar) üzrə hansı elektron qaimə-fakturaların tərtib edildiyini və onların hamısının ləğv edilib-edilməmədiyini araşdırmalı (bu barədə müvafiq sorğular verməli), həmçinin, iddiaçının bank hesabına daxil olan ödənişlərin əsaslarını yoxlamalı və mübahisəli elektron qaimə-fakturalar əsasında aparılmış hər hansı ödəniş olduğu halda, həmin ödənişlərin geri qaytarılıbqaytarılmadığını müəyyən etməlidir. Hər hansı elektron qaimə-fakturanın ləğv edilməməsi və ya ödənişin qaytarılmaması (faktiki olaraq əməliyyatın ləğv edilməməsi) iddiaçının tələbinin təmin olunmaması üçün əsasdır.....
33. Təkrar apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1508/2024 saylı, 25.10. 2024-cü il tarixli qərarındakı hüquqi göstərişlər baxımından iddiaçı "xxxx" Firmasının bank hesabına 01.102022-xx.xx.2022-ci il tarixlər üzrə daxil olmuş ödənişlərin əsasları barədə məlumatın "xxxx" ASC (Baş ofis) və "xxxx" ASC tərəfindən 5 iş günü ərzində məhkəməyə təqdim edilməsi təmin olunması barədə 18 mart 2025-ci il tarixli 2-1(103)- 1002/2025 saylı qərardad qəbul etmişdir.
34. Həmçinin, iddiaçıya və cavabdehə 05 mart 2025-ci il tarixli sorğu göndərilərək 01.102022-xx.xx.2022-ci il tarixlər üzrə cəmi 50.000,0 manat dəyərində təqdim olunmuş mallara görə hansı elektron-qaimə fakturaların tərtib olunması, onların hamısı, yoxsa bir qismi ləğv olunması, ləğv olunubsa hansı elektron-qaimə fakturaların ləğv olunması, ləğv olunmuş elektron-qaimə fakturalar üzrə ödənişlərin də ləğv olunub-olunmaması barədə məhkəməyə ətraflı məumat verilməsi xahiş olunmuşdur.
35. Yuxarıda qeyd edilən Banklardan təqdim olunan sənədlərdən məlum olmuşdur ki, iddiaçı "xxxx" Firmasının bank hesabına 01.102022-xx.xx.2022-ci il tarixlər üzrə daxil olmuş ödənişlərin əsaslarını məcburi sığorta haqqları, 1000 manat mənfəət vergisi və əməkhaqqı ödənişləri təşkil etmişdir.
36. Eyni zamanda iddiaçı və cavabdeh tərəfindən təqdim olunan sənədlərdən məlum olmuşdur ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarının əsasını təşkil edən xx.xx.2022xx.xx.2022-ci il üzrə cəmi 8 qaimə ləğv edilmişdir.Həmin qaimələr bunlardır:xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 957939 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 969850 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 974606 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCH seriyalı, 979731 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 10871 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 21697 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 32746 nömrəli; xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 35624 nömrəli.
37. Beləliklə, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarının əsasını təşkil edən xx.xx.2022-xx.xx.2022-ci il üzrə yuxarıda qeyd olunan cəmi 8 qaimənin ləğv edildiyi və həmin qaimələr üzrə ödəniş baş tutmadığından geri qaytarılası məbləğin də olmadığı müəyyən edilmişdir.
38. Belə ki, Banklardan təqdim olunan sənədlərdən məlum olduğu kimi, iddiaçı "xxxx" Firmasının bank hesabına 01.102022-xx.xx.2022-ci il tarixlər üzrə daxil olmuş ödənişlərin əsaslarını məcburi sığorta haqqları, 1000 manat mənfəət vergisi və əməkhaqqı ödənişləri təşkil etmişdir.
39. Bundan başqa cavabdeh orqan iddiaçını riskli vergi ödəyicisi siyahısından çıxarmaqdan imtina edir ki, xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 88138 nömrəli qaiməfaktura ləğv edilməmiş və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş məbləğlər bank hesabı vasitəsilə geri qaytarılmamışdır.
40. Belə ki, cavabdeh bildirir ki, iddiaçının hesabına həmin elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə cəmi 24,425,44 manat məbləğində vəsait daxil olmuşdur.
41. xx.xx.2022-ci il tarixli, EBBV seriyalı, 88138 nömrəli qaimə-fakturanın ləğv edilməməsinə və təqdim edilmiş elektron qaimə-fakturaya görə əldə edilmiş məbləğlərin bank hesabı vasitəsilə geri qaytarılmamasına münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********12000 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022 xx.xx.2022-ci il tarixdə cəmi 50,0 min manat dəyərində təqdim edilmiş elektron qaiməfakturalar üzrə "Difransiyal kutu komple DB, Debriyaj tk DBY FR, Grup ayna mil 13.64 Db, Cam ön DBY, kapı ön sol DFL və s." satışda qeyd olunduğu müəyyən edilmişdir.
42. Ləğv edilməyən EBBV seriyalı, 88138 nömrəli qaimə-faktura isə xx.xx.2022-ci il tarixli olmaqla xx.xx.2022 - xx.xx.2022-ci il tarixlər aralığındakı dövrə aidiyyəti yoxdur.
43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən cavabdehin digər dəlilləri ilə bağlı, o cümlədən (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş elektron qaiməfakturalarda “Avtomobillər üçün sair hissə və ləvazimatların topdansatışı üzrə xidmətlər" göstərilməklə, ümumi məbləği 112298,54 manat olan 468 ədəd müxtəlif ehtiyat hissələrinin digər vergi ödəyicilərinə təqdim edilməsinə baxmayaraq, həmin malların əldə olunmasına dair hər hansı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və ya alış aktı əldə edilməməsi; uçot baza məlumatlarına əsasən, iddiaçının fəaliyyət növlərinin 49320 - taksi fəaliyyəti (əsas fəaliyyət növü), 45200 - avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri, ******* - avtomobillərə cari xidmət, 45320 - avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların pərakəndə satışı, 49310 - şəhər və şəhərətrafı sərnişin quruyol nəqliyyatı fəaliyyəti, 68200 - şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi, ******* - digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət olduğu halda, həmçinin adına qeydiyyatda olan avtoservis obyekti mövcud olduğu halda, aktiv əmək müqavilələrinə əsasən, işçilərinin icraçı direktor, direktor müavini, kadrlar üzrə aparıcı mütəxəssis, hüquqşünas və iki qeydiyyatçımenecerdən ibarət olması və nəqliyyat xidmətinin, avtomobillərə texniki və təmir xidmətlərinin, pərakəndə satış fəaliyyətlərinin həyata keçirilməsi üçün sürücü, usta (motorçu, rəngsaz, çilingər, mexanik və ya başqa texniki xidmət işçisi) və satıcının olmaması iddiaçının fəaliyyətində əmtəəsiz əməliyyatların aparılmasına bir daha dəlalət etməsi) qeyd edir ki, bu hallar riskli vergi ödəyicisi hesab edilmə barədə qərarda öz əksini tapmamışdır.
44. Beləliklə, işin hazırkı halında iddiaçı tərəfindən barəsində müvafiq qərarın qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldığından, məhkəmə hesab edir ki, bu, onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi üçün əsasdır.
45. Nəzərə almaq lazımdır ki, işdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən xx.xx.2022-ci il tarixdə cəmi 24.4425,44 manat dəyərində təqdim edilmiş elektron-qaimə fakturanın ləğv edilmədiyinə, "Fərqlənmə nişanı" olmadan fəaliyyət göstərilməsinə istinad etmişdir. Lakin, bu hallar iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas təşkil etməmiş, həmin qərarın qəbul edilməsi zamanı aparılan inzibati icraatın predmeti olmamışdır. Əgər cavabdeh həmin əməliyyatları Meyarların 3.1.1-ci bəndində nəzərdə tutulan riskli əməliyyatlara aid edirsə, onda, bununla bağlı yeni inzibati icraat apara bilər.
46. Belə ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1508/2024 saylı, 25. 10. 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki:
47. “...39. Odur ki, cavabdeh vergi orqanı vergi ödəyiciləri barədə onların riskli hesab edilməsi barədə qərar qəbul etdikdən sonra, həmin qərarın qəbulu üçün əsas olan hallardan başqa digər riskli əməliyyatlar və ya qanunvericilikdə nəzərdə tutulan hallar aşkar etdikdə, yenidən müvafiq inzibati icraat aparmalı, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın əsasını genişləndirməlidir. Həmçinin qeyd edilməlidir ki, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğvi və (ya) vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması həmin vergi ödəyicisinin qanunamüvafiq qaydada apaırlmış yeni inzibati icraat əsasında (başqa əsaslarla) riskli hesab edilməsinin mümkünlüyünü istisna etmir və vergi orqanının bu sahədəki səlahiyyətlərinin mədudlaşdırılması kimi təfsir oluna bilməz...”
48. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, odur ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8561/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8561/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.