Məhkəmə qərarları › İş №2-1(103)-1003/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1003/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1003/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 07 iyul 2022-ci il tarixli **********162900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) 13 may 2013-cü il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, 16 mart 2021-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmış, hal-hazırda əsas fəaliyyəti “qoyun və keçilərin yetişdirilməsi” kimi müəyyən edilmişdir. İddiaçı MMC (VÖEN: **********) ilə "xxxx" MMC (VÖEN: **********) arasında 20 mart 2021 ci il tarixli 3 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. 8 aprel 2021-ci il tarixdən 18 may 2021-ci ilə kimi İddiaçı MMC "xxxx" MMCdən satış üçün 465 500,09 AZN dəyərində quzu karkas və dana karkasın alışını həyata keçirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növünün “boyaq maddələri və piqmentlərin istehsalı” olmasına baxmayaraq, fəaliyyət sahəsinə uyğun olmayan mallar (quzu və dana karkas) təqdim etdiyi əsas gətirilərək Cəmiyyət vergi orqanının xx.xx.2021-ci il tarixli **********910800 nömrəli qərarı ilə riskli vergi ödəyicisi qrupuna aid edilmişdir. Bundan əlavə, "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. İddiaçı MMC 2021-ci ilin mənfəət vergisi bəyannaməsində 872 602,50 AZN ümumi gəlirləri (çıxılmalardan sonra), 934 068,30 AZN ümumi gəlirdən çıxılan xərci (o cümlədən, 865 200,08 AZN malın dəyəri) qeyd etmiş, 2021-ci ili 61 465,80 AZN zərərlə başa vurmuşdur. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Cəmiyyətin 2021-cı ıl ərzində ilə "xxxx" MMC ilə aparılmış 465 500,09 AZN məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yarandığı qeyd olunmuşdur. Kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 872 602,50 AZN məbləğin 218 781,09 AZN məbləğində olan hissəsi qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 61 465,80 AZN zərər məbləğinin azaldılaraq 30 863,06 AZN mənfəət vergisi hesablanması ilə əlaqədar 25 may 2022-ci il tarixli **********963100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və MMC-yə göndərilmişdir. 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vəsaitin azaldılması barədə İddiaçı MMCnin xx.xx.2022-ci il tarixli müraciəti rədd edilmişdir. Vergi orqanının 25 may 2022-ci il tarixli **********963100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğvi ilə əlaqədar xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********278300 nömrəli), xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********971700/2 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********389600/3 nömrəli) müraciətlər edilmişdir. “İnzibati icraat haqqında” AR Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli **********868800 nömrəli məktubla məlumat verilmişdir. Eyni zamanda araşdırmada iştirak etmək məqsədi ilə xx.xx.2022-ci il tarixli **********214700 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək Cəmiyyətin rəhbəri (səlahiyyətli nümayəndəsi) xx.xx.2022-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, Cəmiyyətin rəhbəri X4 araşdırmada iştirak etmişdir. R.Səfərov izahatında mal aldıqları dövrdə "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyiciləri qrupuna daxil edilmədiyini, malların sifarişlərlə əlaqədar olaraq alındığını, elektron qaimə-faktııranın isə "xxxx" MMC tərəfindən təqdim edildiyini, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanıldığını, 2021-ci ilin aprel-may ayları ərzində malların müəssisəyə təqdim edildiyini və malların dəyərinin ödənildiyini bildirirək, xərc kimi nəzərə alınmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, İddiaçı MMC-nin mal aldığı "xxxx" MMC-nin satılan malları rəsmi sənədləşdirməməsi onun məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə satılmış malların mənbəyinin göstərilə bilməməsi səbəbindən "xxxx" MMC tərəfindən həmin malların istehsal edilmədiyi, həmçinin idxal olunmadığı və digər şəxslərdən alınmadığı, eyni zamanda mal qalığında da olmamasının əsas götürülməsi "xxxx" MMC üçün hər-hansı bir məsuliyyət doğura bilməz. İddiaçı MMC malları alarkən həmin malların haradan alınmasını yoxlamalı və ya araşdırmalı deyil, Cəmiyyət həmin malları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq almış, həmin əmtəələr əsasında yeni məhsullar istehsal edərək satmış və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün əməliyyatlar üzrə vergi əməliyyatlarını rəsmiləşdirmişdir. X8 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli, xx.xx.2022- ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətlərlə bağlı “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162900 nömrəli Qərar qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi X2 razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1807/2023 nömrəli qərardadı ilə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli **********963100 nömrəli qərarının ləğv edilməsi barədə iddianın dəyişdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 25 may 2022-ci il tarixli **********963100 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən İddiaçı MMC xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi qismində dövlət qeydiyyatına, xx.xx.2021-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış, MMC-nin əsas fəaliyyətinin qoyun və keçilərin yetişdirilməsi olmuşdur. İşin mahiyyəti ilə əlaqədar qeyd edilmişdir ki, 2021-ci il ərzində aparılmış 465500,09 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi ödəyicisinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi ödəyicisinə 6 aprel 2022-ci il tarixli **********682000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, məktuba qanunvericilikdə müəyyən olunmuş müddətdə zəruri cavab verilmədiyindən 25 may 2021-ci il tarixli **********963100 nömrəli “Vergilərin hesablaması barədə qərar”la 30863.06 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən 2021-ci il ərzində 968 079,31 manat dəyərində elektron qaimə-faktura əldə etməsi, bundan 465 500,09 manat hissəsində olan elektron qaimə-fakturalarn (quzu karkaz, dana karkaz.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN**********) əldə etməsi, həmin vergi ödəyicisinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət növünün “boyaq maddələri və piqmentlərin istehsalı” olmasına baxmayaraq, fəaliyyət sahəsinə uyğun olmayan mallar (quzu və dana karkaz) təqdim edilmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ın 2.1.1, 3.1.1, 2.1.3 yarımbəndinə uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin, riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq qərar qəbul edilmişdir. "xxxx" MMC-nin 2021-ci il ərzində 872 602,00 manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi, 968 079,31 manat məbləğində elektron qaimə-faktura əldə etdiyi müəyyən edilmişdir. Elektron qaiməfakturaların araşdırılması zamanı, "xxxx" MMC-yə (VÖEN **********) 868 631,70 manat, "xxxx" MMC-yə (VÖEN **********) 3 970,30 manat məbləğində quzu və dana karkaz təqdim edildiyi, "xxxx" MMC-dən (VÖEN **********) 465 500,10 manat, "X9" MMC-dən (VÖEN **********) 30 510,5 manat, ümumilikdə 7 vergi ödəyicisindən 968 079,31 manat məbləğində müxtəlif mallar və xidmətlər (dana və quzu karkaz, çıxdaş inək və s.) alındığı müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC-nin rəhbəri X1, eyni zamanda "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri olduğu, həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və hesab edir ki, işin birinci instansiya məhkəməsində araşdırılması zamanı mübahisənin faktiki hallarına düzgün qiymət verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin: 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi qismində dövlət qeydiyyatına, xx.xx.2021-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyəti qoyun və keçilərin yetişdirilməsi olmuşdur. İddiaçı 2021-ci il üçün mənəfəət vergisi bəyannaməsində 872 602,50 manat ümumi gəlirlər (çıxılmalardan sonra) 934 068,30 manat ümumi gəlirdən çıxılan xərc ( o cümlədən 865 200,08 manat malın dəyəri) göstərilərək 61 465,80 manat zərər bəyan etmişdir. Cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı 2021-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “Malın dəyəri” sətrində qeyd olunan 872 602,50 manat məbləğin 218 781,09 manat məbləğində olan hissəsini qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edərək bu halı da əmtəəsiz əməliyyat kimi qiymətləndirərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə almamış və 61 465,80 manat zərər məbləği azaltmış, 30 863,06 manat mənfəət vergisi hesablanmışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçı 2021-ci il ərzində 968 079,31 manat dəyərində elektron qaimə-faktura əldə etmiş, bundan 465 500,09 manat hissəsində olan elektron qaimə-fakturaları (quzu karkaz, dana karkaz.) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********) əldə etsə də həmin qaimə-fakturalarda qeyd olunan malların "xxxx" MMC-nin elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən əldə etdiyi müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi eqaimələrdə öz əksini tapan malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əldə edilməsini təsdiq edən sənədlər olmadığından sonuncunun almadığı malı iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyat əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamış, nəticə etibarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə Kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayararaq ilk öncə aşağıda qeyd olunan e-qamilərin tarixinə diqqət çəkir. Belə ki, iş materiallarında olan iddiaçının "xxxx" MMC ilə apardığı riskli e-qaimələr xx.xx.2021-ci il tarixli, EBAZ 778050, xx.xx.2021-ci il tarixli EBBA 661760,xx.xx.2021-ci il tarixli EBBA 46327, xx.xx.2021-ci il tarixli, EBBA 289183, xx.xx.2021-ci il tarixli, EBBA 771281, xx.xx.2021-ci il tarixli, EBBA 796928, xx.xx.2021-ci il tarixli, EBBA 486327, xx.xx.2021-ci il tarixli, EBBA 104687, xx.xx.2021-ci il tarixli, EBBA 132181 və xx.xx.2021-ci il tarixli, EBBA 610710 nömrəli qaimələrdir. İş materillarından müəyyən olunur ki, "xxxx" MMC (VÖEN:**********) tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında elektron qaimə-faktura üzrə satışında 740245,6 manat (ƏDV-siz) dəyərində “generator, dana, quzu, işçi geyimi” və s təqdim edildiyi, lakin həmin malların elektron qaimə- faktura üzrə alışı və idxalı edildiyi baza məlumatlarında əks olunmamışdır. Eyni vergi ödəyicisinin qeydiyyata alınmış obyekti və əmək müfəttişliyinin hesabatına əsasən işçisi yoxdur. Qeyd olunanları nəzərə alaraq "xxxx" MMC (VÖEN:**********) Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3, 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq olaraq Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixində **********910800 nömrəli qərar qəbul edilmişdir. Qaimələrin tarixinə və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın tarixinə nəzər yetirdikdə belə qənaətə gəlinir ki, iddiaçı FORTES-SSS” MMC ilə əməliyyatlar apardığı zaman sonuncunun riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmiş, yəni iddiaçı bundan məlumatlı olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı "xxxx" MMCnin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği gəlirdən çıxılan xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur.” Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya onuda qeyd edir ki, cavabdeh iddiaçının Fortes-SSS MMC-dən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul edərək buna müvafiq mənfəət hesablasada, həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul edərək ziddiyətli qərar qəbul etmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçının əməliyyat apardığı "xxxx" MMC-dən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlamaq kimi vəzifələri səlahiyyətləri mövcud deyil. Həmçinin iddiaçının əməliyyat apardığı MMC-dən ona təqdim olunan malı idxal zamanı və ya e-qaimə üzrə alışında olub-olmadığını yoxlamaq da iddiaçının məsuliyyət sferasına aid deyil. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Həmin Məcəllənin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-1807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1807/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar