Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1004/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil ("Femida" Vəkil Bürosu), İddiaçının nümayəndəsi (mühasib) Mustafa Varbilin, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7913/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı 25.06.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.06.2021-ci il tarixli, **********804200 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 2019-2020-ci illərin mənfəəti üzrə kameral vergi yoxlaması aparılmış, aparılmış yoxlama nəticəsində 03.06.2021-ci il tarixli və 30.07.2021ci il tarixli qərarlar qəbul olunmuşdur. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli qərarına əsasən, cavabdeh vergi orqanı 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 1.209.386,88 manat əlavə vergi hesablamışdır. Halbuki, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsinə görə filialın illik 55.519.980,19 manat dövriyyəsi olması bəyan olunmuşdur. Bu dövriyyənin məbləği bank hesabından çıxarış, ƏDV depozit hesabından çıxarış və 2019-cu ilin aylar üzrə ƏDV bəyannamələrində vergi orqanı tərəfindən qəbul edilmişdir. Cavabdeh kameral vergi yoxlama üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktubda dövriyyənin təqdim olunan ƏDV bəyannamələrinə əsasən 62.498.470,17 manat olması, 13.390.786,63 manat məbləğində olan xərclərin vergi orqanın uçot-baza məlumatları ilə təsdiqini tapmadığı bildirmişdir. Halbuki, əvvəlki cari bəyannamə təqdim olunarkən bunların heç biri barədə uyğunsuzluq məktubu göndərilməmiş və kameral hesablama aparılmamışdır. Daha sonra vergi orqanı tərəfindən 27.04.2021-ci il tarixli kameral yoxlama üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında məktubda iddiaçının 2019-cu ilin ƏDV bəyannamələrində dövriyyəsinin 59 3411 101.15 manat olması və 3 820 329.41 manat gəliri dövriyyədən gizlətməyi qeyd olunmuşdur. Ən maraqlısı isə odur ki, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 03.06.2021-ci il tarixli, **********299200 saylı qərarda dövriyyənin 58.203.514,45 manat olması qeyd olunaraq, bəyən olunan dövriyyə ilə arada yaranan 2.683.534,26 manat məbləğə görə 536.706,85 manat mənfəət vergisi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı qərarda qeyd olunur ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyənnaməsində göstərilmiş 43 687 402.97 manat gəlirdən çıxılan xərclərin 2 809 739. 29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Halbuki, 04.05.2021-ci il tarixli məktubla elektron qaimə faktura və yük gömrük bəyənnamələrinə əsasən formalaşmış butun xərclərin tərkibi barədə ətraflı məlumat verilmişdir. Həmçinin vergi orqanına bu əsasını tapmayan xərclərlə bağlı sorğu göndərilsə də hər hansı müvafiq cavab verilməmişdir. Bu “əsası”nı tapmayan xərclərə görə isə vergi orqanı tam əsassız və qanunsuz olaraq 561 947.85 manat məbləğində kameral vergi məbləği hesablamışdır. Digər hissə isə təmin xərclərinin 115.1. Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci və 114.3.3cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Göründüyü kimi, Vergi Məcəlləsi ilin sonuna qalıq dəyəri nəzərdə tutulduğu halda, vergi orqanı əvvəlki ilin sonuna qalıq dəyəri ilə təmir xərclərini hesablayır ki, bu da qanunsuz və ədalətsizdir. Vergi orqanının bu yanaşması ilə il ərzində alınan nəqliyyat vasitəsinin təmiri ilə bağlı çəkilən xərclər nəzərə alınmamalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialında həmçinin 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması keçirmişdir. Aparılmış yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.06.2021-ci il tarixli, **********804200 saylı qərar qəbul edilmiş və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə iddiaçıya tələbnamə verilmişdir. Məlum olmuşdur ki, cavabdeh vergi orqanı 2020ci ilin mənfəət vergisi üzrə əsassız olaraq 1 168 245.29 manat əlavə vergi məbləği hesablamışdır. Bildiririk ki, 16.05.2020-ci il tarixində 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur və bəyənnamədə filialın illik 62 522 077.33 manat dövriyyəsinin, 64 741 862.87 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 58 575 310.28 manat, amartizasiya ayırmaları, əsas vəsaitlərin təqdim olunması və ləğv olunması üzrə 3 976 759.15 manat, təmir xərcləri üzrə 686 985.76 manat, sığorta xərcləri 274 602.70 manat, digər xərclər 1 155 493.17 manat, əmlak vergisi 72 711.81 manat) xərclərinin olması bəyan olunmuşdur. Mənfəət vergisi bəyənnaməsinin bütün sətrləri üzrə xərclər elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri ilə təsdiq olunur. Belə ki, filial tərəfindən 2020-ci il ərzində 1 215 155.54 manat dəyərində mallar idxal olunmuş, 58 244 115.34 manat dəyərində isə elektron qaimə fakturalar üzrə mallar, iş və xidmətlər alınmışdır. Vergi Məcəlləsinin müddəalarına əsasən elektron qaimə fakturalar və yük gömrük bəyənnamələri üzrə malların və xidmətlərin alınması vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri hesab olunur. Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********221800 nömrəli, 06.06.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyənnamə üzrə “7 185 618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyənnamə verilməsi tələb olunmuşdur. Dəfələrlə vergi orqanına yazılı və şifahi müraciət etsələr də, həmin 7 185 618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı iddiaçıya heç bir cavab verilməmişdir. Bundan sonra Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********8207000 nömrəli 14.06.2021-ci il tarixli məktub göndərilərək “8 061 012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyənnamə təqdim etməyimiz tələb olunmuşdur. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Göründüyü kimi qanunvercilik birmənalı şəkildə vergi ödəyicisinə vergi orqanın məktubuna 5 iş müddətində məktub gödərərək, 10 gün ərzində dəqiqləşdirilmiş hesabat vermək hüququnu tanıyır. Lakin vergi orqanı məcəllənin qeyd olunan normasını pozaraq cəmi 2 iş günü sonra 18.06.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245, 29 manat məbləğində vergi məbləği hesablamışdır. Halbuki, həmin gün tərəflərindən **********841800 nömrəli izahat məktubu və müvafiq sənədlər, habelə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 18 iyun 2021-ci il tarixli **********804200 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Sonradan iddiaçı iddia tələbinə yenidən dəqiqləşmə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7913/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarların ləğv edilməsi, 200 manat məbləğində ekspertiza xərcinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi tam olaraq vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatlarını köçürməklə kifayətlənmişdir. Başqa sözlə açıq şəkildə görünür ki, ekspert tərəfindən hər hansı bir araşdırma aparılmamış və məhkəmə tərəfindən də araşdırılma aparılmamış ekspert rəyinə qiymət verilərək qərar qəbul edilmişdir. Məhkəmə prosesi zamanı ekspert dəvət edilməmiş və hansı səbəbdən vergi ödəyicisinin verdiyi bəyannamənin tam olaraq təsdiq edilməsi aydınlaşdırılmamışdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə dair etiraz təqdim edilərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2- 1(112)- 7913/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 03.06.2021ci il tarixli, №**********299200 saylı qərarından görünür ki, 2019-cu ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.209.386,88 manat əlavə vergi məbləği hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” 30.07.2021-ci il tarixli, №**********910000 saylı qərarından görünür ki, 2020-ci ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlirmalların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci və 104.2-ci maddələrinə görə, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 30 yanvar 2017-ci il tarixli, Q-01 №li Qərarı ilə təsdiq edilmiş “X1 Standartlarına əsasən X3 Qaydaları”nın 2.1.6-cı və 2.1.7-ci maddələrinin tələblərinə görə, gəlir- mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin daxil olması və ya artması, və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır; xərc– mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı, habelə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisələndirilən qərar əsasında iddiaçıya bir növ vergi – mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablamışdır. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığı, həmçinin vergi ödəyicisinin hesabat dövrünə ümumi dövriyyənin və gəlirin göstərilməməsi səbəbi ilə kənarlaşmanın yaranması, bundan başqa yoxlanılan dövr üzrə hüquqi şəxsin gəlirin əldə edilməsinə dair xərclər ilə xərc sənədlərində ziddiyyətlərin olması durur. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı məhkəmənin 06.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki; - Birinci, doqquzuncu, onuncu və on birinci suallar üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2019-2020-ci illər üzrə vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq verilmişdir. O cümlədən, yoxlanılan dövr ərzində təmir xərcləri dərəcəsinin istifadə olunmamış hissəsi də mövcud deyil. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 03.06.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarları ilə hər bir yoxlanılan dövrdə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmadığı müəyyən olunur. - İkinci sual üzrə: iş materiallarında olan bank çıxarışları, ƏDV depozit hesabından çıxarış və “Aralıq Sertifikat”lara əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat, ƏDV depozit hesabına isə 10.036.428,43 manat məbləğində vəsaitin daxil olduğu müəyyən olunur ki, bu dövriyyənin də iş materiallarında olan 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində əks etdirildiyi müəyyən edilir. Yəni təqdim edilmiş iş materiallarına əsasən Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. * Üçüncü sual üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019-cu il üzrə illik mənfəətinin 11.836.609,27 manat olması, eyni zamanda 2018-ci il üzrə 16.03.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin olması müəyyən olunur. 2020-ci il üzrə isə 1.077.235,31 manat məbləğində zərərin olması müəyyən olunur. - Dördüncü sual üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2019-cu il ərzində 1162 ədəd elektron qaimə-faktura əsasında 122 növdə mallar alınmışdır. 2020-ci il üzrə isə 2816 ədəd elektron qaimə faktura əsasında 17305 adda müxtəlif növ mallar, iş və xidmətlər və 12 ədəd yük-gömrük bəyannaməsi əsasında mallar alınmışdır. Yəni mənfəət vergisi üzrə mal-material və xidmətlərin göstərilməsi ilə bağlı xərclərin hamısı elektron-qaimə faktura, yük-gömrük bəyannamələri və buna uyğun olaraq bank hesabı üzərindən köçürmələr əsasında hesablanmışdır. - Beşinci sual üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019 və 2020-ci illər üzrə gəlirdən çıxılmalı olan xərclərinin tərkibləri göstərilmiş, 2019-cu il üzrə cəmi xərcin-43.687.402,97 manat, ödənilməli mənfəət verigisinin -1.650.074, 26 manat; 2020-ci il üzrə cəmi xərcin- 63.599.312,64 manat olduğu göstərilmişdir. - Altıncı, yeddinci və səkkizinci suallar üzrə: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergi bəyannamələrində əks olunmuş bütün xərclər elektron-qaimə fakturalar, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış bank köçürmələri və s. ilə öz təsdiqi tapmışdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddiaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, xərclərin tərkibi hər il üzrə ayrı-ayrılıqda hazırkı rəyin birinci və beşinci suallarında göstərilmişdir. Müvafiq ekspert rəyindən göründüyü kimi 2019-2020-ci illəri əhatə edən dövrlər üzrə iddiaçının bəyan etdiyi gəlir, gəlirdən çıxılan xərclər və zərər məbləğləri düzgün olaraq göstərilmişdir. Belə ki, qaimə-fakturalar və yük-gömrük bəyənnamələri əsasında məlum olmuşdur ki, iddiaçının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat (1-ci ayında 0,00 manat + 2-ci ayında 17 280 555,52 manat + 3-cü ayında 0,00 manat + 4-cü ayında 0,00 manat + 5-ci ayında 6 134 748,28 manat + 6-cı ayında 6 551 055,50 manat + 7-ci ayında 0,00 manat + 8-ci ayında 5 319 424,39 manat + 9-cu ayında 5 829 825,50 manat + 10-cu ayında 7 999 353,78 manat + 11-ci ayında 0,00 manat + 12-ci ayında 6 405 017,22 manat məbləği = 55 519 980,19 manat məbləği), ƏDV depozit hesabına isə 10.036.428,43 manat daxil olmuşdur. Filialın 2019-cu il üzrə bəyan etdiyi gəlirdən çıxılan xərclər 43.687.402,97 manat təşkil edir. Göründüyü kimi, iddiaçının illik gəlirinin məbləği 55.519.980,19 manat, illik mənfəətinin 11.836.609,27 manat, gəlirdən çıxılan xərcləri isə 43.687.402,97 manat təşkil etmişdir. Eyni zamanda 2018-ci il üzrə 16.03.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin hesablanması müəyyən olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi illik gəlirinin azaldılması və 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissənin vergi orqanın uçot baza məlumatları ilə təsdiqini tapmadığına dair irəli sürülən mülahizələr təkzib olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30.07.2021-ci il tarixli qərarına münasibətdə qeyd edir ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmiş, xərclərin tərkibində elektron qaiməfaktura və yük-gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat digər xərclər amartizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqanın qeyd etdiyi kimi Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı ziddiyyətli məqamlar olmamış, həmçinin Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7913/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 7913/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1004/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1004/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver