Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1004/2024 26.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X8 adına olan Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1324 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2002-ci il tarixli 157 saylı protokol və 1 saylı Orderə müvafiq şəkildə anası X9 adına rəsmiləşdirilmiş 1324 saylı bağ sahəsinə dair bağ sahəsinin faktiki yerləşməsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmaqla arayışın verilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 9/333 saylı qərarına əsasən 96 saylı Bağ Tikinti Kooperativinin tərkibində Bakı şəhəri, Nardaran qəsəbəsində bağlar ərazisində yerləşən 1324 saylı bağ sahəsi onun babasının istifadəsinə verilmişdir. Bağ sahəsi həmin vaxtdan bu günədək faktiki olaraq onun ailəsinin istifadəsindədir. Bütün bu illər ərzində o, həmin bağ sahəsinin istifadə olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan və üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmişdir. Babası rəhmətə gedəndən sonra bağ sahəsi xx.xx.2002-ci il tarixli 157 saylı protokol və 1 saylı Orderə müvafiq şəkildə anası X9 adına rəsmiləşdirilmişdir. Lakin anası da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra o, vərəsə kimi bağ sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq istəmiş, bununla bağlı müvafiq ərizə ilə 12 saylı Notariat Ofisinə müraciət etmişdir. Notarius H.Hacıyev tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubla o, anası X9 vərəsəsi kimi tanınmış və cavabdeh təşkilatdan Bakı şəhəri, Nardaran qəsəbəsində bağlar ərazisində yerləşən 1324 saylı bağ sahəsinə çıxarış verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktub ilə ona bildirmişdir ki, 96 saylı ВТК nəzdində Nardaran qəsəbəsində 1324 saylı bağ sahəsinin X9 adına keçirilməsi barədə məlumat, həmçinin onun 1 saylı orderinin surəti İdarənin arxivindədir. Həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. O, hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə ərizə ünvanlamış, xx.xx.2021-ci il tarixli **********12 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Lakin vətəndaş qanunvericiliyə uyğun olaraq bağ sahəsinin ayrılması üçün səlahiyyətli quruma müraciət etmiş, bağ sahəsi ayrılmışdır. Bu barədə qüvvədə olan qanunvericiliyə əsasən verilməli olan sənədlər cavabdehə təqdim edilmişdir. Bundan əlavə, AR Dövlət Arxivinin Bakı Filialından etdiyi müraciət əsasında 21 dekabr 2021-ci il tarixli BA-06200-2021 saylı məktubla bağ sahəsinin ayrılması ilə bağlı arxiv çıxarışı alınmışdır. Torpaq sahəsi ölçülərək mərzlənmiş şəkildə onun istifadəsinə təhvil verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında yerləşən 0,12 ha sahəsi olan 1324 saylı bağ sahəsinə (faktiki yerləşmə vəziyyətinə uyğun) mülkiyyət hüququnun vəfat etmiş X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən İdarəyə müraciət edilən zaman bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr məlumatına əsasən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1324 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti yoxdur. Göstərilən faktiki bağ sahəsi sxematik xəritəyə uyğun olaraq 1139 və 1327,1328 saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. İdarənin Əsasnaməsindən də göründüyü kimi torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək İdarənin vəzifəsidir. Yuxarıda qeyd olunlara əsasən iddiaçının göstərdiyi torpaq sahəsi sxematik xəritəyə əsasən digər bağın – 1139, 1327, 1328 saylı bağların bir hissələrinə uyğun gəlir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhəri İcra Hakimiyyəti) 9/333 saylı qərarına əsasən 96 saylı Bağ Tikinti Kooperativinin tərkibində Bakı şəhəri, Nardaran qəsəbəsində bağlar ərazisində yerləşən 1324 saylı bağ sahəsi iddiaçının babasının istifadəsinə verilmişdir. Babası rəhmətə gedəndən sonra bağ sahəsi xx.xx.2002-ci il tarixli 157 saylı protokol və 1 saylı Orderə müvafiq şəkildə anası X9 adına rəsmiləşdirilmişdir.Daha sonra anası da xx.xx.2017-ci il tarixdə vəfat etmiş, anası vəfat etdikdən sonra iddiaçı vərəsə kimi tanınmış və cavabdehə müraciət edərək hüquq sahibi X7 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən “1324” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli, **********12 nömrəli məktubla bildirmişdir ki, elektron kadastr məlumatına əsasən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1324 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti yoxdur. Həmçinin, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı daha sonra yenidən eyni tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərək, xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubla bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********12 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə nəticələnmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməsi ilə yekunlaşan qərarının qanuni və əsaslı olmasını hesab edərək, məhkəmənin mövqeyilə razılaşır və öz mövqeyini aşağıda qeyd edilənlərlə əsaslandırır : Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan orpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... İş materiallarında olan: - Bakı şəhər XDS icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarından görünür ki, həmin qərarla 96 nömrəli bağ-tikinti kooperativinin 33 nəfərdən ibarət üzvlərinin siyahısı təsdiq edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 adı siyahıda 26-cı sırada qeyd olunmuşdur. - Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Nardaran massivindəki 96 nömrəli kooperativinin 26 nömrəli xx.xx.1989-cu il tarixli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarına əsasən X3 96 nömrəli BTK tərkibində olan Nardaran bağ massivində 0,12 ha sahəsi olan 1324 nömrəli bağ sahəsi ayrılmışdır. -xx.xx.1992-ci il tarixdə X4 ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinin direktoruna müraciət edərək Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1989-cu il tarixli 9/333 nömrəli qərarına əsasən ona ayrılmış 96 nömrəli BTK tərkibində olan Nardaran bağ massivində 0,12 ha torpaq sahəsi olan 1324 nömrəli bağ sahəsinin oğlu X5 adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 96 nömrəli kooperativinin 1 nömrəli orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 65 nömrəli protokoluna əsasən X6 96 nömrəli BTK-nın tərkibində olan Nardaran bağ massivində 0,12 ha sahəsi olan 1324 nömrəli bağ sahəsi ayrılmışdır. -xx.xx.2002-ci il tarixdə X14 Bağlar birliyinin direktoruna ərizə ilə müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq Nardaran ərazisində yerləşən 1324 nömrəli bağın onun adına keçirilməsini xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 96 nömrəli kooperativinin 1 nömrəli orderindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2002-ci il tarixli 157 nömrəli protokoluna əsasən X11 96 nömrəli BTK-nın tərkibində olan Nardaran bağ massivində 0,12 ha torpaq sahəsi olan 1324 nömrəli bağ sahəsi ayrılmışdır. - ünvan 4 ünvanladığı 3931 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 12 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət daxil olmuş və o vərəsə kimi tanınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə Nardaran bağ massivi olmaqla dövlət mülkiyyətindədir. Yaşayış məntəqələrinin torpaqları kateqoriyalıdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, anası Aza Əliyevaya ayrılmış 0,12 ha sahəsi olan 1324 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun anasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Qeyd olunan hüquq normalarına nəzərən və iş materiallarına əsasən Kollegiya hesab edir ki, X10 məxsus mübahisəli torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüquqları yaranmışdır. Lakin, X13 mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmadan vəfat etdiyindən, hazırda onun vərəsəsi olan İddiaçı hüquqların X10 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a əsasən : Maddə 1.2. Bu təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Maddə 7.1. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Maddə 7.2. Müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qeyd edilən normaların məzmunundan görünür ki, iddiaçının subyektiv hüququ mövcuddur. Yəni, hüquqların X10 mənsub olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. - 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasının mənasından göründüyü kimi hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 1324 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti yoxdur. Göstərilən faktiki bağ sahəsi sxematik xəritəyə uyğun olaraq 1139 və 1327,1328 saylı bağ sahələrinin ərazisinə uyğun gəlir. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə Kollegiya bildirir ki, sözügedən torpaq sahəsinin iddiaçının babasına ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin (qərar,order) mötəbərliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Həmin order və qərar hər hansı qaydada mübahisələndirilməmiş, hal-hazırda qüvvədədir. Eyni zamanda sxematik xəritədə hər hansı bir uyğunsuzluğun olması vətəndaşın təqsiri deyil və həmin uyğunsuzluğun aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Digər tərəfdən iş materiallarına baxış keçirildikdə birinci instansiya məhkəməsinin haqlı olaraq cavabdehin ziddiyyətli fikirlər bildirdiyini qeyd etməsi müəyyən olunur. Belə ki, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubda bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, yəni 1324 saylı bağ sahəsinin göstərilən sahəyə aidiyyəti olmadığını, məhkəməyə təqdim etdiyi yazılı etirazında isə iddiaçının naturada istifadə etdiyi sahənin 1189 və 1327 saylı bağ sahələrinin ərazisinə uyğun gəldiyini bildirmişdir. Cavabdeh daha sonra məhkəmə sorğusuna əsasən təqdim etdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən ərazinin koordinatları ilə Nardaran qəsəbəsi, 1189 saylı bağ sahəsi barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 503265 inventar nömrəli torpaq sahəsinin planı və ölçüsündəki koordinatların üst-üstə düşmədiyini, vahid elektron kadastr baza məlumatına əsasən bağ sahəsinin 1139, 1327, 1328 saylı bağların bir hissələrinə uyğun gəldiyini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən bağ sahəsi mişar daşla hasarlanaraq sərhədlənmişdir. Sahədə “A” – yaşayış evi, B – sanitar qovşağı vardır. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki ölçüsü 1548 kv.metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, torpaq sahəsi faktiki olaraq hasar daxili 0,1548 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir (digər bağların ərazisidir). Torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti barədə vahid elektron kadastr bazasında məlumat yoxdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsi faktiki olaraq hər hansı bir sahə ilə üst-üstə düşmür və hər hansı şəxsin həmin sahəyə dair müraciəti müəyyən edilməmişdir. Həmin sahə uzun müddət iddiaçı və ailəsinin maneəsiz istifadəsində olmuşdur. 1971-ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılması mümkünsüzdür. Əlavə olaraq Kollegiya bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin iyul 1992-ci il tarixli 941 saylı sərəncamı ilə Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin, heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilməsi və həmin vətəndaşlardan bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadəsinə verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mübahisəli bağ sahəsi iddiaçının valideynləri tərəfindən 1989-cu ildən etibarən istifadə olunmuş, yuxarıda göstərilən normalara əsasən həmin bağa dair verilmiş orderlər etibarsız sayılmamış, əksinə hər dəfə addan-ada keçirilmə barədə qərar qəbul edilməklə 1324 saylı bağ sahəsinin həmin şəxslərin istifadəsində olması öz təsdini tapmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1264/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1004/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1004/2024
26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver