Məhkəmə qərarları › İş №2-1(103)-1004/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1004/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1004/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinə qarşı 13 sentyabr 2022-ci il tarixli 2300/404ş nömrəli əmrin ona aid hissədə ləğv edilməsi və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinə qarşı 13 sentyabr 2022-ci il tarixli 2300/404ş nömrəli əmrin ona aid hissədə ləğv edilməsi, əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması, 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi, məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilmiş; Cavabdeh 13 sentyabr 2022-ci il tarixli, 2300/404ş №-li əmrinin İddiaçı Zakir oğluna aid hissədə ləğv edilməsi; İddiaçı Zakir oğlunun əvvəlki iş yerində və əvvəlki vəzifədə gömrük xidməti polkovniki xüsusi rütbəsi saxlanılmaqla xüsusi rütbəli əməkdaş kimi işə bərpa olunması; 13 sentyabr 2022-ci il tarixdən başlayaraq cari mükafatlar daxil olmaqla məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsi və məcburi işburaxma müddətinin gömrük xidmət illərinə və pensiya üçün xidmət stajına daxil edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarı xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinə məxsus elektron kabinetə yerləşdirilmiş, birinci instansiyası məhkəməsinin qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmiş, qanuni qüvvəsini almış və xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Bundan sonra – xx.xx.2024-cü il tarixdə cavabdehin Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarından "Azərterminalkompleks" Birliyinin direktoru Kənan Aşurlu tərəfindən imzalanmış apellyasiya şikayəti poçt vasitəsilə birbaşa Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, şikayət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əməl edilərək verilməsi üçün xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə göndərilmiş, daha sonra Bakı İnzibati Məhkəməsi tərəfindən işlə birlikdə məhkəməyə göndərilərək xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş apellyasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra məhkəmə tərəfindən cavabdehə hüquqi yardım göstərilmiş, prosessual müddətin ötürülməsi barədə məlumat verilmiş və müvafiq vəsatətin verilməsi imkanları cavabdehə izah edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən imzalanmış buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2453/2024 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-582/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edilmişdir ki, prosessual müddətin buraxılması məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materialları ilə tam məlumatlı olan yeganə şəxs olan X7 şöbəsinin rəisi X2 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz olması ilə bağlı olmuşdur. Bu səbəbdən buraxılan müddəti üzrlü hesab edərək, buraxılmış prosessual müddətin bərpa olunmasının təmin edilməsi xahiş edilmişdir. ... həmin dəlillər formal və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2453/2024 saylı qərardadı cavabdeh tərəfindən mübahisələndirilmiş (*kassasiya şikayəti yeni vəkil – X1 tərəfindən imzalanmış) və şikayət onunla əsaslandırılmışdır ki, prosessual müddətin ötürülməsinin səbəbi ondan ibarətdir ki, qeyd olunan məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materialları ilə tam məlumatlı olan yeganə şəxs olan X7 şöbəsinin rəisi X2 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının mümkünsüz idi. Belə ki, Elçin İsmayılovun atası uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, müvafiq müddət ərzində isə atasının səhhətində ciddiağırlaşmalar olduğundan, ev şəraitində xüsusi qulluğa ehtiyac yarandığından Elçin İsmayılov ailə vəziyyəti ilə əlaqədar atasının hər hansı formada xəstəxana şəraitində stasionar müalicəsi mümkün olmadığından və həmin halda tək buraxılması mümkünsüz olduğundan ona baxmaq məcburiyyətində qaldığı üçün Birliyin rəhbərliyinə müraciət edərək 2 ay müddətinə ona şərait yaradılmasını - icazə verilməsini xahiş etmişdir. Elektron məhkəmə sisteminin portalına daxil olmaq üçün “ASAN İMZA” mobil nömrəsi və istifadəçi kodu Birliyin Maliyyə və mühasibat uçotu şöbəsinin xidməti istifadəsində olmuşdur. Bu səbəbdən müvafiq müddət ərzində Birliyin inzibati binasında olmadığından işin icrası həvalə olunmuş Elçin İsmayılovun istənilən vaxt elektron məhkəmə portalına daxil olmasını və həmin işin elektron portal vasitəsilə izlənməsini qeyri-mümkün etmişdir. Həmçinin şöbə rəisi vəzifəsində olan Elçin İsmayılovun əvəz edilməsi mümkün olmamış, həmin şöbədə fəaliyyət göstərən digər əməkdaşlar isə 2024-cü ilin yanvar ayında təyin olunduğundan bu işlə bağlı məlumatlı olmamışlar. Bundan əlavə sözügedən məhkəmə prosesi müddətində Birliyə ünvanlanan istənilən sənədlər həm e-məhkəmə sistemi vasitəsilə, həmçinin poçt vasitəsilə göndərilmişdir. Buna baxmayaraq ən əsas zəruri sənəd olan Bakı İnzibati Məhkəməsinin qərarı yalnız elektron kabinetə yerləşdirilmiş, poçt vasitəsilə “hard copy” versiyası Birliyə təqdim edilməmişdir. Bu səbəbdən də, müvafiq qərar kağız daşıyıcıda poçt vasitəsilə cavabdeh olan Birliyə göndərilmədiyindən Birliyin rəhbərliyi və digər əməkdaşları tərəfindən vaxtında reaksiya verilməsini imkansız etmişdir. Müvafiq hal barədə məlumatlandırılan Birlik işin ciddiyyətini nəzərə almaqla xx.xx.2024-cü il tarixində baş tutacaq iclasda Birliyin hüquqlarını müdafiə etmək üçün xüsusi olaraq vəkilə müraciət etmiş, nəticədə Birliklə “Mirzəyev və Partnyorları” vəkil bürosu və Vəkil2 arasında hüquqi yardımın göstərilməsi üçün müqavilə bağlanmışdır. Belə ki, məhkəmə iclasında mütləq iştirak üçün dərhal vəkilin cəlb edilməsi bir daha sübut edir ki, Birlik tərəfindən müvafiq halların aradan qaldırılması üçün bütün zəruri tədbirlərin icrasına cəhd edilmişdir. Prosessual müddətin bərpası məsələsinə baxılarkən həmçinin nəzərə alınmalıdır ki, Birliyin əməkdaşı İsmayılov Elçinin sözügedən üzrlü səbəblərdən iş üzrə müddəti nəzərdə saxlamaması və müvafiq iclas zamanımüddət bərpa olunmayacağı təqdirdə qeyd edilən məhkəmə işi üzrə Dövlət Gömrük Komitəsinin tabeliyində olan müvafiq qurumun daxili nəzarət şöbəsi tərəfindən birbaşa həmin əməkdaş barəsində intizam tənbeh tədbirinin görülməsi üçün prosesin başlanması ilə nəticələnəcəkdir. Həmçinin qeyd edilən müddətdə Elçin İsmayılov və tərəfindən Cavabdeh tərəfindən elektron məhkəmə kabinetinə daxil olma zamanı texniki xəta baş vermiş, apellyasiya şikayəti verilməsi üçün elektron məhkəmə sisteminə daxil olmaqda problem yaranmış, bu səbəbdən apellyasiya şikayəti verilmə müddəti ötürülmüşdür. 13 fevral 2024cü il və 15 fevral 2024-cü il tarixlərdə və bundan sonrakı tarixlərdə elektron məhkəmə portalı üzrə 880 qaynar xəttinə, elektron məhkəmə portalının saytında yerləşdirilmiş əlaqə nömrələrinə zənglər olunmuş, lakin sistem xətası aradan qaldırıla bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2214/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2024-cü il tarixli, 2-1(103)-2453/2024 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda aşağıdakılar göstərilmişdir: “ ... İş üzrə materiallardan görünür ki, birinci instansiya məhkəməsinin qərarı elektron imza ilə təsdiq edilib xx.xx.2024-cü il tarixdə AZEMİS-də ona məxsus şəxsi elektron kabinetə yerləşdirilməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur. Cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti isə xx.xx.2024-cü il tarixdə, yəni prosessual qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət keçdikdən sonra məhkəməyə təqdim olunmuşdur. ... Cavabdehin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini təmin etməyən apellyasiya instansiyası məhkəməsi isə cavabdehin ərizəsində göstərdiyi dəlillərə səthi yanaşaraq, həmin dəlillərin formal və əsassız olduğunu qeyd etməklə kifayətlənmiş, bununla bağlı öz mövqeyini yetərli və şübhələri susduracaq şəkildə əsaslandırmamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi cavabdehin ərizəsində göstərdiyi halların müəyyən olunub-olunmaması istiqamətində lazımi araşdırma aparmalı, təsdiqini tapdığı təqdirdə isə müddətin buraxılmasının cavabdehin təqsirli davranışına bağlı olub-olmaması baxımından həmin hallara hüquqi qiymət verməli idi. ... İşə baxacaq apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır”. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinin nümayəndəsi və vəkili Vəkil3 izahatında məhkəməyə bildirdi ki, Bakı İnzibati Məhkəməsində məhkəmə icraatı aparılan zaman bütün qəbul olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinə birbaşa kağız formasında göndərilmişdir. Lakin yekun məhkəmə qərarı isə kağız formatında göndərilməmişdir. Əgər məhkəmə sənədin elektron formada göndərilməsini kifayət hesab edirdirsə, bildiriş, qərardad və.s kimi sənədləri də elektron formada göndərə bilərdi. Deməli, məhkəmə hesab edirdi ki, sənədlərin təkcə elektron formada göndərilməsi kifayət etmir. X6 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinin şöbə rəisi vəzifəsində çalışır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinin imzası da həmin şəxsdədir. Sözügedən şəxsin atası onkoloji xəstəlikdən əziyyət çəkir və o, atasının vəziyyətinə görə 2 ay müddətində məzuniyyətə çıxmışdır. Həmin müddət ərzində də imza həmin şəxsdə olduğuna görə heç kəs "Azərterminal kompleks" Birliyinin sisteminə daxil ola bilməmişdir. Fevral ayında asan imzada ciddi xətalar meydana gəlmişdir. Bununla bağlı olaraq da “880”, “510” və saytdakı digər nömrələrə zəng edilmiş, lakin cavab alına bilməmişdir. X6 2 ay sonra məzuniyyətdən qayıdanda vəkillə müqavilə bağlanmış və dərhal apellyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili eyni zamanda ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, vəkillə müqavilə X2 adından deyil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyi tərəfindən bağlanmışdır. "Azərterminal kompleks" Birliyinin hüquq şöbəsində neçə nəfər əməkdaşın olması barədə dəqiq məlumatı yoxdur, 2-3 nəfər həmin müddətdə işə girib-çıxmışdır. Fevral ayından mart ayına qədər 1 ay müddətlə şikayətin verilməsi gecikdirilmişdir. Bunun səbəbi fevral ayında şəxsin işdə olmamasıdır. Asan imza şəxsin özündə idi, lakin şəxs tərəfindən dəfələrlə cəhd olunsa da, asan imzada xəta baş verirdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdehin hüquq şöbəsində 5 ildən artıqdır ki, çalışan 5-ə yaxın əməkdaş tanıyır. Məhkəməyə təqdim olunmuş çıxarışda da qərarın nə vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyinin kabinetinə yerləşdirilməsi görünür. Onun çəkişməsi "Azərterminal kompleks" Birliyinin hüquq şöbəsinin rəisi ilə yox, həmin idarənin özü ilədir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnzibati İdarəetmə şöbəsi mövcuddur. Həmin şöbədə 10-a yaxın xanım əməkdaş çalışır. Daxil olan məktublara nəzarət etmək üçün xüsusi olaraq xanım əməkdaşlar ayrılıb. Hər gün daxil olan məktublara nəzarət edilir. Dövlət Gömrük Komitəsində idarə rəisləri məktubları imzalamır. Daxil olan məktublar İnzibati İdarəetmə şöbəsinə daxil olur, daha sonra şöbə rəisi tərəfindən dərkənar qoyulur. Dövlət Gömrük Komitəsində 3 saatdan artıq əməkdaşa icazə verilmir. Necə oldu ki, xüsusi rütbəli şəxsə 2 ay qeuri-rəsmi icazə verildi. Xüsusi rütbəli əməkdaşa münasibətdə əmr verilməli, həmin əməkdaşın yerinə əmrlə başqa bir əməkdaş təyin olunmalı idi. O və ailə üzvləri düz bir ildir ki, bu iş üzrə qəbul ediləcək yekun qərarı gözləyir, cavabdeh isə formal əsaslarla işin yekunlaşmasını uzadır. Qərarı o, şəxsən özü idarənin məsul şəxslərinə göndərmişdir. Bununla bağlı “Whatsapp”dan çıxarışları məhkəməyə təqdim edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2214/2024 saylı qərarında qeyd olunanları nəzərə alaraq, cavabdehin dəlillərinə ardıcıl olaraq münasibət bildirilməsini zəruri hesab edir. Cavabdehin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiyası məhkəməsi yekun qərara qədər qəbul etdiyi bütün aktları/məktubları cavabdehə həm “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, həm də kağız daşıyıcısında təqdim etmiş, lakin sonuncu qərarı poçt vasitəsilə göndərməmişdir. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin “Elektron məhkəmə” informasiya sistemində kabineti olan tərəfə məhkəmə aktını əlavə olaraq poçt vasitəsilə də göndərmək kimi vəzifəsi qanunvericilikdə nəzərdə tutulmayıb. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan isə müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixdə elektron kabineti mövcuddur. Belə olan halda qərarın poçt vasitəsilə göndərilməməsi buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet” lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İnzibati Prosessual Məcəllənin 24.1-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdehin ikinci və əsas dəlili ondan ibarətdir ki, məhkəmə işinin icrası həvalə edilmiş və müvafiq işin bütün mərhələlərində iştirak etmiş, iş materialları ilə tam məlumatlı olan yeganə şəxs olan X7 şöbəsinin rəisi X2 üzrlü səbəblərdən e-məhkəmə sistemi vasitəsilə şəxsi kabinetə nəzarət funksiyasının icrası mümkünsüz olmuşdur. Məhkəmə kollegiyası qeyd olunan dəlilə insani baxımdan anlayışla yanaşsa da, hüquqi baxımdan əsaslı hesab etmir. Belə ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf (*hazırkı işdə - ayrıca bir Hüquqi Təminat şöbəsi olan hüquqi şəxs) keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – hüquqi şəxsdir və X2 hüquqi şəxsin yeganə işçisi olmaması işin mübahisələndirilməyən halıdır. Həmin şəxsin iki ay müddətində icazəli olması (*buna dair müvafiq əmrin mövcudluğu da iş materialları ilə öz təsdiqini tapmır) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehin cavabdeh qismində çıxış etdiyi iş üzrə prosessual müddətlərin axımını heç bir halda dayandırmır. Belə ki, cavabdehin digər əməkdaşlarının cavabdehə məxsus elektron kabinetdən istifadə edə bilməmələri buraxılmış müddətin bərpa edilməsi üçün ağlabatan əsas kimi qəbul edilmir. Öz hüquqlarından vaxtında istifadə edə bilməsi üçün öz əməkdaşlarını maarifləndirmək cavabdehin vəzifəsidir və bu vəzifələrin düzgün icra edilməməsi başqalarının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Eyni zamanda o da qeyd edilməlidir ki, nəticə etibarilə nə apellyasiya şikayəti, nə prosessual müddətin bərpası barədə vəsatət, nə də ki, kassasiya şikayəti X6 tərəfindən imzalanmamış, hazırkı məhkəmə iclasında da cavabdeh vəkillə təmsil edilmişdir. Cavabdehin növbəti dəlili ondan ibarətdir ki, prosessual müddətin buraxılmasının səbəblərindən biri də “Elektron məhkəmə” informasiya sistemində olan xətalardır. Bununla əlaqədar məhkəmə ilk olaraq bildirir ki, kimliyi aydın olmayan şəxs tərəfindən fevral ayında “Elektron məhkəmə” informasiya sisteminin qaynar xəttinə zəng etməsi prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə ağlabatan əsas kimi qəbul edilə bilməz. Eyni zamanda bu dəlillə bağlı cavabdehin mövqeyində mövcud olan müəyyən ziddiyyətlər də diqqət cəlb etməyə bilməz. Belə ki, ilkin olaraq kassasiya şikayətində qeyd olunur ki, “ ... Elektron məhkəmə sisteminin portalına daxil olmaq üçün “ASAN İMZA” mobil nömrəsi və istifadəçi kodu Birliyin Maliyyə və mühasibat uçotu şöbəsinin xidməti istifadəsində olmuşdur. Bu səbəbdən müvafiq müddət ərzində Birliyin inzibati binasında olmadığından işin icrası həvalə olunmuş Elçin İsmayılovun istənilən vaxt elektron məhkəmə portalına daxil olmasını və həmin işin elektron portal vasitəsilə izlənməsini qeyri-mümkün etmişdir”. Daha sonra şikayətin məzmununda, eyni zamanda məhkəmə iclasında verdiyi izahatda vəkil bildirmişdir ki, imza Elçin İsmayılovun özündə olmuş, lakin o, sistemdə olan xətalara görə “Elektron məhkəmə” informasiya sisteminə daxil ola bilməmişdir. Beləliklə, cavabdehin hüquqi şəxs olmaqla tərkibində ayrıca olan Hüquqi Təminat şöbəsinin və həmin şöbədə çalışan birdən çox əməkdaşının olduğu nəzərə alındıqda, əməkdaşlarından birinin ailə üzvünün səhhətində yaranmış problemlər cavabdeh tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi baxımından üzrlü səbəb kimi qəbul edilə bilməz. Ona görə ki, hüquqi şəxsin özü tərəfindən qeyd olunan halın aradan qaldırılması imkanı mövcud olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, hətta X3 münasibətdə dəlillərin əsaslılığı qəbul edilsə idi belə, kassasiya şikayətinə əlavə edilmiş X4 aid Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışdan hazırkı iş çərçivəsində əhəmiyyətli olan müddətlər üzrə hər hansı məlumat yoxdur, xəstəliyin başlanma tarixi kimi xx.xx.2016-cı il göstərilmiş, pasiyentin sonuncu müayinəsi xx.xx.2023-cü il tarixdə olmuş, xx.xx.2024-cü il tarixə isə pasiyentin vəziyyəti “nisbi kafi” kimi qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddətin bərpası barədə ərizəsində cavabdehin göstərdiyi dəlillər formal və əsassızdır. Ona görə də, prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-582/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminal kompleks" Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar