Məhkəmə qərarları › İş №2-1(103)-1005/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1005/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1005/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Ermənistan, Spitak rayonunda anadan olmuş, ünvan 1 m. 21 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3770/2019 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə (iddia ərizəsi iddiaçının vəkili Vəkil tərəfindən imzalanmışdır) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, məhəllə 2513 ünvanda yerləşən qeyri-yaşayş binasınaçörəkbişirmə sexinə hüquqlarını qeydə almaq, onun adına özəlləşdirilməsi və mülkiyyətinə verilib reyestrdən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH başçısının 1147 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 2513 məhəllədə çörəkbişirmə sexinin layihələşdirilməsi və tikintisi üçün xxxxx firmasına 0.008 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda torpaq sahəsinin ayrılmasına dair Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən inşaat pasportu və 100 nömrəli 1999-cu il tarixdə NTNŞ-29 nömrəli rəy verilmişdir. Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, məhəllə 2513 ünvanda yerləşən qeyri-yaşayış binasına-çörəkbişirmə sexinə hüquqlarını qeydə almaq, onun adına özəlləşdirilməsi və mülkiyyətinə verilib reyestrdən çıxarış verilməsi barədə cavabdeh orqana müraciət edilmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə, Azərbaycan Respublikası İPMin 45-46-cı maddələrinə istinad edərək Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, məhəllə 2513 ünvanda yerləşən qeyri-yaşayş binasına-çörəkbişirmə sexinə hüquqlarını qeydə almaq, onun adına özəlləşdirilməsi və mülkiyyətinə verilib reyestrdən çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 2513-cü məhəllədəki ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (çörəkbişirmə sexi) üzərində yaranmış mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla, buna dair Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3770/2019 nömrəli qərarı ilə (hakim Z.Tağıyev) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 2513-cü məhəllədəki ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (çörəkbişirmə sexi) üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair Dövlət Reyestrindən çıxarışın və texniki pasportun verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3770/2019 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq qeyri-yaşayış binasının iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunan, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan və İddiaçı adına olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, ərizəyə surəti əlavə edilmiş sənədlər İddiaçı adına deyil, hüquqi şəxs olan “xxxxx” Firmasının adına verilmişdir. İddiaçı “xxxxx” Firmasının təsisçisi olduğunu qeyd etmişdir. Lakin hüquqi şəxsin adına olan sənədlər əsasında hüquqi şəxsə məxsus daşınmaz əmlakın birbaşa onun təsisçisinin adına qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddia tələbini və apellyasiya şikayətinə dair təqdim etdiyi etirazı müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, iddiaçının şəxsən iştirakı ilə bağlı iddiaçının xəstə olduğunu, məhkəmə iclası barədə məlumatı olduğunu, iddia tələbini hazırkı formada müdafiə etdiyini, sənədlərin firmanın adına olsa da, çıxarışın yalnız iddiaçının adına verilməsini xahiş etdiklərini bildirdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq, o, iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana öz adından müraciət etdiyini, lakin ərizəyə əlavə edilmiş sənədlər isə hüquqi şəxs olan “xxxxx” Firmasının adına verildiyini bildirdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: -Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1147 saylı «torpaq sahəsinin ayrılması haqqında» sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 03/186 nömrəli məktubu və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının əlillərə və şəhid ailələrinə kömək komissiyasının rəyi nəzərə alınaraq, Qarabağ mühaibəsinin 2- ci qrup əlili İddiaçı təsisçisi olduğu xxxxx firmasına Nizami rayonu, Ə.Kürçaylı küçəsindəki 2513-cü məhəllədə çörəkbişirmə sexinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04.11.98-ci il tarixli 1147 saylı sərəncamı ilə İddiaçı təsisçisi olduğu xxxxx firmasına çörəkbişirmə sexinin Nizami rayonunda ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. -Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 2513-cü məhəllədə yerləşən xxxxx firmasına məxsus çörək sexinin eskiz planı tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən “xxxxx” firması – VÖEN **********; Hüquqi ünvanı – AZ1118, Bakı şəh., Nizami ray., X4 küç., ev 84, mən. 21; qanuni təmsilçisi – X3; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.1998-ci il. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə iddia tələbinin predmetini “Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 2513-cü məhəllədəki ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (çörəkbişirmə sexi) üzərində yaranmış mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla, buna dair Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi” təşkil edir. Lakin iş materiallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1147 saylı «torpaq sahəsinin ayrılması haqqında» sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 03/186 nömrəli məktubu və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının əlillərə və şəhid ailələrinə kömək komissiyasının rəyi nəzərə alınaraq, İddiaçı təsisçisi olduğu xxxxx firmasına Bakı şəh., Nizami rayonu, Ə.Kürçaylı küçəsindəki 2513-cü məhəllədə çörəkbişirmə sexinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 04.11.98-ci il tarixli 1147 saylı sərəncamı ilə İddiaçı təsisçisi olduğu xxxxx firmasına çörəkbişirmə sexinin Nizami rayonunda ayrılmış torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdeh orqana və məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən müvafiq qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın öz adına verilməsini xahiş etmiş, qeyri-yaşayış sahəsinə dair ərizəyə əlavə edilmiş sənədlər isə “xxxxx” firmasına məxsus olmuşdur. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)-3770/2019 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 3770/2019 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 2513-cü məhəllədəki ünvanda yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsi (çörəkbişirmə sexi) üzərində yaranmış mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla, buna dair Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar