Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1005/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Maliyyə və Büdcə İdarəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6381/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Maliyyə Büdcə İdarəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 15 ildə ona dəyən zərərin, yəni əlillik üzrə verilməli olan pensiyanın və 15 il bundan öncə ev növbəsinə və ev verilənə kimi ayda 300 manat kirayə pulunun hesablanmasını Maliyyə və Büdcə İdarəsinin hesabından tutulub onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, o,1993-cü ildən 1997-ci ilə kimi gizir rütbəsilə Azərbaycan Respublikasının ordusunda xidmətə başlamış, sonradan Müdafiə Nazirliyinin İşlər İdarəsində 2005-ci ilin iyul ayına kimi xidmətdə olmuş, həmin vaxtdan vərəm xəstəliyinə görə ordudan tərxis olunmuşdur. Müdafiə Nazirliyininin İşlər idarəsi ona verilən 684 №-li xəstəlik haqqında şəhadətnaməni əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmədiyindən Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 nömrəli qərarına əsasən ona əlillik qrupu verilməmiş, vərəm xəstəliyindən əlavə Bakı Klinikasından verilən epikrizdən görünür ki, gözləri torlaşmağa gedir, 15 ildir ordudan tərxis olunmuşdur. Müdafiə Nazirliyinin İşlər idarəsinin və Maliyyə Büdcə idarəsinin ona vurduğu zərərin 15 il üçün onun xeyrinə hesablanması və əlillik qrupu almaq üçün təqdim etdiyi xəstəlik haqqında sənədlər əsasında əlillik qrupunun verilməsi barədə qərar verilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6381/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1997-ci ildə o Müdafiə Nazirliyinə Xidmət etmək üçün gizir rütbəsilə göndərilmiş, 2005-ci ilin iyul ayına qədər orduda xidmət etmiş və vərəm xəstəliyinə görə ordudan tərxis olunmuşdur. Müdafiə Nazirliyinin İşlər İdarəsində Maliyyə Büdcə Şöbəsində dedilər ki, əlillik qurupu almaq üçün onlar lazımı sənədləri Hərbi Həkim Ekspertizasına, yaxud Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinə göndərəcəklər. Çünki o hərbi xidmət dövründə xəstələnmişdir. O isə hüquq qanunlarını bilmədiyi üçün deyilənlərə inanmış, 15 il keçsə də ona əlillik qrupu verilməsi üçün sənədlərini heç bir ünvana göndərmədilər. Lazım olan təşkilatlara bu barədə şikayət etmiş, ona verilən cavablar bu olmuşdur ki, o əsgərlikdə xəstələnmişdir, mütləq məhkəməyə müraciət etməlidir. Onun Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinə qarşı 15 ildə dəymiş ziyanın və bu vaxta kimi əlillik qrupu verilməməsi barədə şikayət ərizəsinə hakim olduqca qeyri obyektiv imtina qərarı çıxarması hərbiçi əsgərin adına ləkə kimi baxılıb. Hal-hazırda ailə tərkibi 3 nəfərdir, özü, yoldaşı və 10 yaşında oğlu. Böyük Şorda daxmada kirayədə qalır və heç bir yerdə işə qəbul etmirlər, deyirlər ki, vərəm xəstəsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddiaçı hazırkı tələblə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsinə görə isə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsi isə inzibati mübahisələrin məhkəmə aidiyyətini müəyyən etmişdir. Tələb üzrə iddia növü müəyyən olunarkən, məhkəmə kollegiyası hesab edir ki, iddia məcburetmə haqqında iddiaya aiddir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır; 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddələrin mənasına görə, iddiaçının məqsədi onun arzuladığı inzibati aktın qəbul edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasından ibarətdir. Cavabdehin isə öhdəliyi inzibati orqanın publik hüquqdan irəli gəlməlidir. Yəni, iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalıdır və müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməlidir. Həmin hüquqda inzibati orqanın inzibati aktın qəbul edilməsi barədə məcburi olan göstəriş əks olunmalıdır. Bu müddəaların tələblərinə cavab verməyən iddia isə mümkün hesab edilməməlidir. İnzibati orqanın belə öhdəliyin olub-olmamasının müəyyən edilməsi üçün qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: -1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERASa daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafiq dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil etməlidir. Hərbi-həkim ekspertizasının verdiyi göndərişi elektron sənəd formasında daxil etmək mümkün olmadığı hallarda, göndəriş kağız formasında hazırlanmaqla hərbi həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilməlidir. Göndəriş elektron qaydada rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X2 (TSERAS) ötürülür. Maddələrin tələblərinin iddiaçının bildirdiyi hallara münasibətdə tətbiqi onunla bağlıdır ki, iddiaçıya aid hərbi-həkim ekspertizasının qərarı və onun əlilliyin qiymətləndirilməsi üçün həmin hərbi-həkim ekspertizasının tərtib etdiyi göndəriş bir halda ya elektron formada, bu mümkün olmadıqa isə kağız formasında TSEK-a təqdim olunmalıdır. Müvafiq olaraq əlillik dərəcəsinin ağırlaşması ilə bağlı məsələ qalxdığından, həmin sənədlər TSEK tərəfindən Xidmətə ötürülməlidir ki, sonuncunun qərarın qəbul olunması mümkün olsun. Lakin iddiaçı əlilliyin müəyyən edilməsi üçün bu prosedur qaydalara əməl edilmədən birbaşa ona əlilliyə görə pensiya təyin edilməsini tələb edir. Cavabdehin iddiaçıya ünvanladığı 03.09.2020-ci il tarixli məktubda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Bu maddənin müddəalarına görə, əgər Sizə əlillik dərəcəsi təyin olunarsa, əlilliyə görə əmək pensiyası almaq hüququnuz yaranar. Bu səbəbdən də Sizə əlillik dərəcəsinin təyin olunması məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməyiniz məsləhət görülür”. Lakin iddiaçı tərəfindən əlilliyin müəyyən edilməsi üçün bu prosedur qaydalara əməl edilməmişdir. İnzibati orqan iddiaçının arzuladığı hüquqi nəticəyə dair hər hansı bir inzibati qərarın qəbul edilməsindən imtina etməmişdir. Cavabdehin ifadə etdiyi mövqeyi müvafiq sənədlərin təqdim edilməməsi əsası ilə iddiaçıya əlilliyə görə pensiya təyin edilməsinin mümkün olmadığı bildirilmiş və təqdim olunduğu halda məsələyə baxılacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddianın mümkünlük şərtləri kimi iddiası o halda hüquqlarının pozulmasına əsas ola bilər ki, əgər bu pozuntu cavabdehin publik hüquqdan irəli gələn öhdəliyin icra edilməməsi nəticəsində yaranmış olsun. İddiaçı tərəfindən məcburetmə haqqında iddianın qaldırılması üçün inzibati orqanın öhdəliyinin qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirilib-keçirilməməsinin yoxlanılmasından əvvəl müvafiq prossedur qaydalarına əməl edilməsi zəruri olmuşdur ki, onlara riayət edilməmişdir. Bu halda isə iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir. Çünki inzibati orqanın publik hüquqdan irəli gələn öhdəliyinin icra edilməsindən əvvəl həmin hüquqda digər zəruri olan hərəkətlərin həyata keçirilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur ki, əlilliyin müəyyən edilməsi üçün hərbi-həkim ekspertizası tərəfindən müvafiq göndərişin TSEK-a təqdim edilməsi üçün iddiaçı hərbi-həkim ekspertizasına müraciət etmək hüququna malikdir. Əlavə olaraq, iddiaçının ərizəsində qaldırdığı digər məsələlərlə bağlı müvafiq ərizə ilə səlahiyyətli inzibati orqana müraciət edəndən sonra məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərini konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərindən birini – ona pensiya təyin edilməsinin müvafiq səlahiyyətli inzibati orqana həvalə edilməsi şəklində ifadə edilməsinin məqsədəuyğunluğu izah edilsə də, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirirək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-6381/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1005/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1005/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver