Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1005/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın, plan-ölçünün və ünvan verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-417/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçıya xx.xx.1994-cü ildə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Göradil Bağlar sahəsindəki 89 nömrəli kooperativinin 27 nömrəli orderi əsasında 0,12 ha torpaq sahəsində olan 321L nömrəli bağ ayrılmışdır. Qeyd olunan bağ sahəsi üçün iddiaçı tərəfindən Bağlar Təsərrüfatı İdarəsinə ümumilikdə 7440 rubl ödəniş edilmişdir. xx.xx.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 2043 nömrəli məktubu ilə həmin bağ sahəsinin hasarlanmasına icazə verilmiş və bağ sahəsi tamamilə hasara alınmışdır. İddiaçı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak qismində qeydə alınması və həmin bağ sahəsinə plan və ölçünün tərtib olunması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və qeyd olunan müraciətinə cavab olaraq xx.xx.2009-cu il tarixli, **********604 nömrəli imtina bildirişi alınmışdır. İddiaçının sözügedən bağa aid olan sənədlərindən aydın olur ki, bağ sahəsi iddiaçının faktiki qanuni istifadəsindədir və sərhədləri məlumdur. İddiaçıya ayrılmış bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir, döngə nöqtələri bəllidir, hüquqların qeydə alınması üçün lazımi sənədlər mövcuddur ki, iddiaçı bu sənədlər əsasında cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etiraz təqdim edərək, qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olduğundan, həmçinin bağ nömrəsi sxematik xəritədə öz əksini tapmadığından ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2019-cu ildə cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2-1(112)-793/2020 saylı qərardadı ilə X3 və X12 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-417/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində (faktiki ölçülərə uyğun) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh imtinanın və iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı X3 və X6 inzibati məhkəmə icraatında 3-cü şəxs kimi iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X7 bağlar sahəsindəki 89 №li kooperativin 27 nömrəli orderinə əsasən İddiaçı sahəsi 0,12 ha olan 321L nömrəli bağ ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının H-520-112 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamından çıxarışa əsasən siyahıda 27-ci göstərilən İddiaçı Göradil 89 nömrəli BTK nəzdində 321L nömrəli bağ ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-ci il tarixli imtina məktubuna əsasən bağ sahəsinin naturada yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq olması, həmçinin bağ nömrəsinin sxematik xəritədə öz əksini tapmaması əsası ilə Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivi ünvandakı 321L saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsindən imtina edilmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən 89 nömrəli BTK-ya dair yerləşmə planı məhkəməyə göstərilmişdir, həmin BTK-ya dair sxematik plan cavabdehdə aşkar edilməmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, bağ 321 L ünvanda yerləşən, yerləşdiyi koordinatları 4005xx.xx-4490739.67, 400613.87 – 4490735.30, 4006xx.xx-4490693; 400575.15 – 4490695.98 olan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 12 iyul 2021-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L saylı bağ sahəsinə yerində müayinə protokoluna əsasən bağ sahəsi üç tərəfdən qonşu ilə əhatə olunaraq boş vəziyyətdədir, bağ sahəsinin müəyyən hissəsi qonşu tərəfindən hasara alınaraq onun ərazisinin hüdudları daxilində qalmışdır, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L saylı bağ sahəsinin X10 məxsus bağ sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Hazırki iş üzrə təyin edilmiş məhkəmə qərardadı əsasında aparılmış ekspertizaya dair X2 xx.xx.2021-ci il tarixli, 435 nömrəli ekspert rəyinin nəticəsi hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi bağlar massivində yerləşən 321 L nömrəli bağ torpaq sahəsi ilə Göradil bağ massivində yerləşən, yaşıllaşdırma və abadlaşdırma məqsədi ilə X5 icarəyə verilmiş 1200 kv.m. torpaq sahəsinin (sonradan 900 kv.m. X6 və qalan 300 kv.m. X1 adına icarə müqaviləsi bağlanmışdır) üst-üstə düşmədiyi müəyyən edilir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1085 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Göradil bağlar sahəsindəki 89 nömrəli kooperativ tərəfindən Bağlar Təsərrüfatı İdarəsinin nəzdində olan 27 orderlə verilmiş ümumi sahəsi 0,12 ha olan 321 L nömrəli bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və sərhədləri dəqiqləşdirilərək, həmin bağ torpaq sahəsinin 900 kv.metrlik hissəsinin üç tərəfdən qonşu ilə əhatə olunaraq boş vəziyyətdə olduğu, 300 kv.metrlik hissəsinin isə qonşu bağ torpaq sahəsinin hasara alınmış ərazinin hüdudları daxilində qaldığı müəyyən edilir. 321 L nömrəli bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi Göradil Bağlar sahəsindəki 89 nömrəli kooperativdən 27 nömrəli order əsasında ona ayrılmış 0,12 ha ölçüdə olan 321L nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində faktiki mövcud ölçüdə, yəni 0,09 ha ölçüdə qeydiyyata alınmasına etiraz etmir və gələcəkdə bununla bağlı qeydiyyat orqanına qarşı hər hansı bir iddia və ya tələbi olmayacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtinasında istinad etdiyi sxematik xəritənin məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də cavabdeh belə bir sxematik xəritənin onda olmamasını bildirmiş və cavabdeh tərəfindən məhkəməyə 33 nömrəli BTK-ya ayrılmış ərazidəki bağ sahələrinin sxematik xəritəsi təqdim edilməmişdir, belə olan halda cavabdehin onda mövcud olmayan sxematik xəritəyə istinadən hansısa uyğunsuzluq barədə bildirdiklərinin heç bir əsası yoxdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi orderlə rəsmiləşdirildiyindən və order torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün əsas olduğundan order olduğu halda onun verilməsinə əsas olan başqa sənədlərin tələb edilməsinə əsas yoxdur. Bu mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X11 bağlar sahəsindəki 60 nömrəli kooperativin 47 nömrəli orderinə əsasən Ləhiş bağlar sahəsində 60 nömrəli BTK nəzdində 0,13 ha torpaq sahəsi olan 69/70 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın qeydə alınması barədə iddiası üzrə qəbul edilmiş 2-1(102)-174/2020 nömrəli, xx.xx.2020-ci il tarxli qərarında öz əksini tapmışdır, belə ki, həmin qərarda qeyd edilmişdir ki, bağın ayrılmasına dair order olduğu halda həmin bağın ayrılmasına dair qərarın tələb edilməsi əsassızdır. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi məktuba əsasən iddiaçıya ayrılmış bağ sahəsi digər bir şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir Cavabdehin apellyasiya şikayətinin dəlilləri imtinanın və iddia ərizəsinə etirazın dəlilləri ilə üst-üstə düşür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi, 321L ünvanda yerləşən bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, hüquqlara dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, həmin sahəyə aid plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-417/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1005/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1005/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver