Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1005/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Əkbərovun sədrliyi və məruzəsi ilə, Səadət Rəşid qızı Səlimova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Firudin oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportda düzəliş edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165 kv.m olan qeyri-yaşayış sahəsinə verilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx.xx.2021-ci il tarixli **********58-05301-083002 nömrəli texniki pasportda müvafiq düzəliş edilərək daşınmaz əmlakın ümumi sahəsinin 165 kv.m. qeyd olunması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus olan Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, ev 32A ünvanında yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı xx.xx.2019-cu il tarixli ********** və xx.xx.2020-ci il tarixli ********** nömrəli Ərizələr Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə təqdim olunmuşdur. Həmçinin ərizələrə "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, binanın istismara qəbul edilməsi barədə Dövlət qəbul aktının surəti, Cizgi Plan və digər sənədlər əlavə olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hər iki müraciəti ilə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixli **********09 nömrəli və xx.xx.2020-ci il tarixli **********58 nömrəli imtina haqqında bildirişlər tərtib olunmuşdur. Qeyd olunan bildirişlərdən verilmiş xx.xx.2020-ci il tarixli şikayət DƏDRX-ının xx.xx.2020-ci il tarixli **********31 nömrəli qərarı ilə təmin edilməmişdir. İmtina haqqında bildirişlərdə və qərarda imtinaya əsas kimi qeyri-yaşayış sahəsinin yerləşmə sxemi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olması qeyd olunaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci, 11.1-ci və 15-ci maddələrinə istinad edilmişdir. Daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra -DƏDRX) ********** nömrəli ərizənin icrası ilə əlaqədar olaraq təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli çıxarışda əsasən ona məxsus olan Tbilisi prospekti, 1058-ci məhəllə, ev 22A ünvanında yerləşən 165 kv.m. qeyriyaşayış sahəsinin ümumi sahəsi 111 kv.m. qeyd olunmuşdur. Bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 8.0.6cı maddəsinə əsasən mənzil- tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil- tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsas hesab olunur. "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 nömrəli protokolundan çıxarışa əsasən Tbilisi prospekti, 1058-ci məhəllə, ev 32A binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m. qeyri- yaşayış sahəsinin sahibi İddiaçı olmağı təsdiqlənmişdir. Həmçinin "xxxx" MTK tərəfindən verimiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında 1058-ci məhəllə, ev 32A binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m. qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd olunmuşdur. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6cı maddəsininin tələbinə uyğun olaraq protokoldan çıxarışda (pay haqqı tam ödənilmişdir) mənə məxsus olan əmlakın ümumi sahəsinin 165 kv.m. sahəsi olmağına baxmayaraq, dövlət reyestrindən çıxarışda əmlakın ümumi sahəsi 111 kv.m. kimi əks olunmuş, bununla da “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” qanununun tələbləri pozulmuşdur. İmtina haqqında Bildirişlərdə daşınmaz əmlakın yerləşmə sxemi ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun olması qeyd olunmuşdur. Bununla bağlı bildirmişdir ki, əmlakın yerləşdiyi "xxxx" MTK kompleksinin xx.xx.2019cu il tarixli 183 nömrəli sənədlə istismarına rəsmi qaydada icazə verilmişdir və məlum olduğu kimi istismara icazə verilməmişdən əvvəl müvafiq icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmışdır. Əgər, əmlakın yerləşmə sxemi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq olmuş olsaydı, qeyd olunan MTK-nın istismarına icazə verilməsi mümkünsüz olardı. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7581/2021 nömrəli qərardadı ilə "xxxx" MTK İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışında və pasportda müvafiq düzəliş edilməsi” tələbinə dair iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. ünvan 1 ünvanında yerləşən, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 165,0 kv.m olmasına baxmayaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 111,0 kv.m göstərilməsinə aydınlıq gətirilməsi və tərtib olunmuş çıxarışda müvafiq düzəlişin aparılmasına göstəriş verilməsinə dair xx.xx.2021-ci il tarixində, ********** daxil olma nömrəli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmişdir. Aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, adıçəkilən qeyri- yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mütəxəssis tərəfindən yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyi, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığı, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əlavə edilməlidir Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarı ilə (hakim A.Əhədova) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportda düzəliş edilməsi” tələbinə dair iddiası təmin edilməmiş və ekspert tədqiqatının dəyəri olan 100 manat xərc İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: AZ34CTRE********************, VÖEN **********, X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 111 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən binanın ikildiyi il 2013, mərtəbələrin sayı 14, qeyri-yaşyış sahəsinin yerləşdiyi mərtəbə 1-ci mərtəbə, ümumi və əsas sahəsi 111.0 kv.m təşkil edir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********53 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki, -xx.xx.2019-cu il tarixli “İşıq İnşaat“ MTK üzvlərinin ümumi iclasının 4 № protokolundan çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı kooperativin üzvü qəbul olunmaqla, MTK-nın ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 165 kv.m., qeyri-yaşayış sahəsinin sahibi olması təsdiq edilməsi qərara alınmışdır. -04 noyabr 2019-cu il tarixli Maliyyə Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ona görə ki, həqiqətən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 165 kv.m., qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsində yenidənqurma işləri aparılmışdır. Belə ki, müxtəlif ölçülü otaqlar tikilmiş, əlavə qapı və pəncərə qoyulmuşdur. Bundan başqa layihədə göstərilən pilləkən qəfəsi bağlanmışdır. Həmçinin, qeyriyaşayış sahəsinin bir hissəsi razılaşdırılmış mərtəbə planında öz əksini tapmamışdır. Eskizdə qırıq xətlə göstərilmiş tərəf bağlanmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubu göndərilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktına əsasən Tbilisi pr-ti 1058 küçəsi 32a ünvanında qeyriyaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə ümumi sahə 165 kv.m, faktiki 165 kv.m-dir. Obyektdə rekanstruksiya işləri aparılıb müxtəlif ölçülü otaqlar tikilib, əlavə qapı və pəncərə qoyulub. Layihədə göstərilən pilləkən qəfəsi bağlanıb, qeyri-yaşayış sahəsinin bir hissəsi razılaşdırılmış mərtəbə planında öz əksini tapmayıb. Qırıq xəttlə göstərilən tərəflər bağlanıb. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-1920 nömrəli məktubu ilə göndərilmiş 14 oktyabr 2019-cu il tarixli 183 nömrəli istismara icazə sənədinə əsasən sifarişçisi "xxxx" MMC olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə; 6 ədəd 1 girişli, zirzəmili, 14 (+2 səviyyəli mansarda) mərtəbəli yaşayış binaları istismara qəbul edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2023-cü il tarixli, 10/7640 nömrəli məktubu ilə göndərilmiş ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MTK-ya aid Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsinin razılaşdırılmış layihəsində (mərtəbə planında) İddiaçı aid qeyri-yaşayış sahəsinin ölçüsünün nə qədər göstərilməsini müəyyən etmək mümkün olmamışdır. Həmin qeyriyaşayış sahəsinin hazırkı faktiki sahəsinin 165,0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" MTKnın 4 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 kv.m., qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti binanın razılaşdırılmış layihəsinə (mərtəbə planına) uyğun gəlib-gəlmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış zamanı təqdim olunan həmin bina ilə eyni tipli (eyni kompleksdə yerləşən) analoji binanın (ev1) razılaşdırılmış layihəsinin 1-ci mərtəbəsinin planında iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin pilləkən qəfəsinə və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş hissəyə, digər hissəsinin isə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş hissəyə uyğun olduğu müəyyən edilir. Qeyd olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasında, eləcə də həmin bina ilə eyni tipli digər yaşayış binalarında, təqdim olunan razılaşdırılmış layihə sənədlərində pilləkən qəfəsi və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş sahə kimi qeyd olunan hissələrin faktiki vəziyyətdə mövcud olmadığı, həmin sahələrin qeyri-yaşayış sahəsi kimi inşa edildiyi müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yenidənqurma və ya yenidən planlaşdırma işlərinin (konstruksiyalarda, mühəndis-kommunikasiya təminatı sistemində və ya xətlərində dəyişikliklər edilmədiyi) aparılmadığı, obyektin istismar keyfiyyətinin saxlanılması məqsədilə cari təmir işlərinin (arakəsmə divarlar hörülmüş, təmir işləri görülmüşdür) görüldüyü müəyyən edilir. Faktiki vəziyyətdə Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi pprospekti, 1058-ci məhəllə, ev№ 32a binanın 1-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin binanın ümumi əmlakına, yəni binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahəyə daxil olmadığı, yaşayış binasının birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahələrinin (pilləkən qəfəsinin, lift sahəsinin, ümumi dəhliz və.s.) iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən təcrid şəkildə ayrı yerləşdiyi və ayrıca giriş-çıxışının olduğu müəyyən edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********61 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı məxus olan qeyriyaşayış sahəsinə dair arxiv qovluğunda mövcud olan ünvan 4 ünvanda yerləşən 14 mərtəbəli binanın 1-ci mərtəbəsinin razılaşdırılmış layihəsinin təsdiq edilmiş surətini təqdim edirik. Məlumat üçün bildiririk ki, "xxxx" MTK tərəfindən təqdim edilmiş elektron sənədlər arasında ünvan 4 ünvanda yerləşən 14 mərtəbəli binanın 1-ci mərtəbəsinin razılaşdırılmış layihəsi aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********81 nömrəli, xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş yerləşmə sxemi ilə faktiki vəziyyət arasında uyğunsuzluqlar mövcuddur. Belə ki,obyektin daxilində müxtəlif otaqlar tikilib və əlavə qapı pəncərələr qoyulub. Həmçinin, qeyri-yaşayış sahəsinin bir hissəsi razılaşdırılmış mərtəbə planında öz əksini tapmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. "Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********29 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, mülkiyyətinizdə olan qeyri-yaşayış sahəsinin faktiki ölçüsünün 165,0 kv.m olmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 111,0 kv.m göstərilməsinə aydınlıq gətirilməsi və tərtib olunmuş çıxarışda müvafiq düzəlişin aparılmasına göstəriş verilməsi barədə müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, adıçəkilən qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mütəxəssis tərəfindən yerində texniki baxış keçirilmişdir. Texniki baxış zamanı obyektdə yenidənqurma işləri aparılaraq müxtəlif ölçülü otaqların tikildiyi, layihədə göstərilən pilləkən qəfəsinin bağlanıldığı, qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış mərtəbə planında öz əksini tapmadığı müəyyən olunmuş və bu səbəbdən qanunvericiliyə müvafiq olaraq yalnız razılaşdırılmış mərtəbə planında göstərilən 111,0 kv.m sahə üzərində mülkiyyət hüququnuz qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, “İşıq İnşaat“ MTK üzvlərinin xx.xx.2019-cu il tarixli ümumi iclasının 4 № protokolundan çıxarışa və maliyyə arayışına əsasən İddiaçı kooperativ üzvülüyünə qəbul edilmiş və onun Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə, 32a nömrəli binanın altında yerləşən, ümumi sahəsi 165 kv.m. qeyri-yaşayış sahəsinin sahibi olması təsdiq edilmişdir. Sözügedən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 111 kv.m ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qeyriyaşayış sahəsinin texniki pasportu tərtib edilmişdir. İddia olunan qeyri-yaşayış sahəsi "xxxx" MTK– ya aid olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllə, 32a nömrəli binanın 1-ci mərtəbəsində yerləşir. Sözügedən binanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 14 oktyabr 2019-cu il tarixdə 183 nömrəli sənədi ilə istismarına icazə verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin 111,0 kv.m ölçüdə qeydiyyatı ilə razılaşmayaraq, əmlaka mülkiyyət hüququnun ilkin hüquqmüəyyənedici sənədə uyğun olaraq 165 kv.m ölçüdə qeydiyyata alınmasını mübahisələndirir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti” Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -3.0.17. tikinti-quraşdırma işləri – tikinti layihəsində nəzərdə tutulmuş işlərin, o cümlədən tamamlama və abadlıq işlərinin yerinə yetirilməsi nəticəsində obyektin inşası və ya təmiri, yenidən qurulması yaxud bərpasıdır. -3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti- quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. -3.0.27. tikinti layihəsi – şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi (inşası, təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur. -3.0.41. tikinti layihələrinin ekspertizası – tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasıdır. -47.1. Bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. -47.4. Sifarişçi: 47.4.1. müvafiq tikinti sahəsinin, habelə tikintinin mənfi təsir göstərə biləcəyi qonşu sahələrin, tikililərin şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulmuş qaydada tədqiqini təmin edir; 47.4.2. tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir; 47.4.3. bu Məcəllənin 47.3-cü maddəsində nəzərdə tutulmuş tikintilərin texniki- iqtisadi əsaslandırma (və smeta) sənədlərinin hazırlanmasını və müvafiq icra hakimiyyəti orqanı ilə və (və ya) əlaqədar qurumlarla razılaşdırılmasını təmin edir; ( ). -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin: -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. -75.3-cü maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi;( ). -75.11-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. -101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. -102.8. Bu Məcəllənin 102.1-ci maddəsində nəzərdə tutulmuş tikinti sənədlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanın 2-ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X5 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirməsi müəyyən edilmişdir. Göründüyü kimi istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyata alan orqana təqdim edilməli olan sənədlər sırasında qeyriyaşayış sahəsinin razılaşdırılmış layihəsinin və daşınmaz əmlakın razılaşdırılmış həmin layihəyə uyğun faktiki vəziyyətdə təqdim edilməsini tələb edir. Hazırkı iş üzrə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina 14 oktyabr 2019-cu il tarixdə istismarına icazə verilmiş, binanın istismarına icazə verilməklə onun həm də razılaşdırılmış tikinti layihəsinə uyğun tikildiyi səlahiyyəti qurum tərəfindən təsdiq edilmişdir. İddiaçının həmin binada iddia olunan qeyri-yaşayış sahəsini əldə etməsi ilə bağlı sənədüzvlərin iclas protokolu və maliyyə arayışı istismara icazədən sonra xx.xx.2019-cu il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qeyri-yaşayış sahəsinə iddiaçının adına çıxarış verilərkən cavabdehin mütəxəssisi tərəfindən obyektə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı sözügedən obyektin ölçüsünün 165 kv.m olduğu, həmin obyektdə müxtəlif ölçülü otaqların tikildiyi, əlavə qapı və pəncərə qoyulduğu, layihədə olan pilləkən qəfəsin bağlandığı, faktiki vəziyyətdə qeyri-yaşayış sahəsinin bir hissəsinin razılaşdırılmış layihədə öz əksini tapmadığı müəyyən olunmuşdur. Başqa sözlə, iddiaçı 165 kv.m ölçüdə qeyri-yaşayış sahəsi ilə bağlı ilkin sənədləri təqdim edərək hüququn qeydiyyatını tələb etdiyi zaman iddia olunan qeyri-yaşayış sahəsində razılaşdırılmış layihədən kənara çıxmaların olduğu cavabdeh tərəfindən müəyyən edilmiş və aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınmaqla yalnız layihəyə uyğun 111 kv.m hissə ilə bağlı hüquq qeydiyyata alınaraq hüquqi vəziyyətə uyğun çıxarış və texniki pasport verilmişdir. Hazırkı halda qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportla həmin qeyri-yaşayış sahəsinin yerli baxış zamanı faktiki vəziyyəti ilə bağlı tərtib edilmiş tikinti planı (sxemi) müqayisə edilərkən texniki pasportda 111 kv.m hissədə əksini tapan qırıq xətlə göstərilən sahənin bağlanaraq sahənin 165 kv.m-ə çatdığı müşahidə olunur. Qeyd edilməlidir ki, "xxxx" MTK tərəfindən binanın bütövlükdə razılaşdırılmış layihəsi təqdim edilməsə də iddiaçının hüququnun qeydiyyatı zamanı cavabdeh orqana təqdim etdiyi mərtəbə layihəsi mövcuddur və cavabdeh faktiki vəziyyətlə layihənin uyğunsuzluğunu məhz həmin qeyriyaşayış sahəsinin arxiv qovluğunda saxlanılan "xxxx" MTK-nın möhürü, eləcə də üzərində “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır” möhürştampı əksi olan layihəyə əsaslanıb qeyd etmişdir. Sözügedən layihə cavabdehin xx.xx.2021 cə xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə icraatı gedişində keçirilmiş ekspert tədqiqatı zamanı ekspertə inzibati iş materiallarında olan layihədən (cavabdeh tərəfindən təqdim edilmiş) əlavə, həm də Bakı şəhəri, Nəsimi rayonu, Tibilisi prospekti, 1058-ci məhəllə, ev № 32a bina ilə eyni tipli (eyni kompleksdə yerləşən) analoji binanın (ev1) razılaşdırılmış layihəsi təqdim edilmiş (həmin layihə iş materialların əlavə edilmişdir), iddia predmeti olan sahə ilə təqdim edilən layihənin müqayisəsi zamanı həmin layihənin 1-ci mərtəbəsinin planında iddiaçının faktiki istifadəsində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin pilləkən qəfəsinə və yeraltı avtodayanacağa düşmək üçün nəzərdə tutulmuş hissəyə, digər hissəsinin isə qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuş hissəyə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddia olunan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətinin binanın razılaşdırılmış layihəsinə (mərtəbə planına) uyğun gəlməsi öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2-1(112)-300/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1005/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1005/2024
16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver