Məhkəmə qərarları › İş №2-1(103)-1006/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1006/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1006/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı cavabdehə ünvanladığı şikayətin araşdırılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4119/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR Daxili İşlər Nazirliyinin Baş mühafizə idarəsi) məhkəməyə müraciət edərək, cavabdehə ünvanladığı şikayətin Daxili İşlər Nazirliyinə göndərilməsinin qanunsuz sayılması və şikayətçi olduğu DİN Baş mühafizə idarəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsinin cavabdehin müvafiq qurumunda (Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində) araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, “İnzibati icraat haqqında” AR Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə şamil olunmur. Belə olan halda cavabdeh hətta inzibati orqan olmuş olsa idi belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Hazırkı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, işin araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, Baş mühafizə idarəsinin təşkilati-inspektror şöbəsinin əməkdaşı polis mayoru Ziya Ağayev və idarənin rəis müavini Daşqın Mehdiyev xidmət etdiyi Nəsimi RMİ-nin komandir heyəti ilə əlaqə yaradaraq barəsində gedən xidməti araşdırmanın xeyrinə yekunlaşması üçün onlara pul verməyi təşviq ediblər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə öz növbəsində ünvanladığı şikayət məzmunlu müraciəti araşdırlması üçün DİN Baş mühafizə idarəsinə göndərmişdir. Korrupsiyaya qarşı Mübarizə İdarəsi tam əsassız və qanunsuz şəkildə müraciətini araşdırmamışdır və ona ünvanladığı araşdırmadan imtina barədə bildirişi heç bir qanun norması ilə əsaslandırmamışdır. Ümumiyyətlə, şikayətinin nəticəsi barədə bildirişi (cavab məktubunu) ona göndərməmişdir. Ancaq Bakı İnzibati Məhkəməsi tərəfindən Baş Prokurorluğa bu barədə sorğu göndərildikdən sonra göndərmişdir. Şikayətin göndərildiyi DİN Baş mühafizə idarəsi də öz tabeliyində olan əməkdaşlarının əməllərinə göz yumub, şikayətini ört-basdır edərək, araşdırmaqdan imtina etmişdir. Halbuki, pulun tələb olunmasına dair əlində səs yazısı və digər maddi sübutlar olmuşdur. Bunların heç biri araşdırılmamışdır. DİN Baş mühafizə idarəsi tərəfindən ona xx.xx.2019, xx.xx.2019, xx.xx.2020-ci il tarixlərdə ünvanlanan cavab məktublarında ona qarşı qanunazidd hərəkətlərə yol verilməsinin təsdiqini tapmadığı bildirilmişdir. Bu şikayətlərlə əlaqəli çağrılaraq ondan əlavə izahat alınmamışdır, korrupsiya hüquq pozuntusunu özündə əks etdirən səs yazılarını Baş mühafizə idarəsinin mail ünvanına göndərsə də, adıçəkilən şəxslər barəsində hüquqi müstəvidə heç bir tədbir görülməmişdir. Əgər qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 7.13-cü maddəsinə əsasən, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. İşin faktiki hallarından görünür ki, onun şikayətçi olduğu vəzifəli şəxslər DİN Baş mühafizə idarəsinin əməkdaşları olmasına baxmayaraq, şikayətin araşdırılması da həmin idarəyə həvalə olunmuş, bununla da sadaladığı qanunvericiliyin normaları pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 02/6-219 nömrəli məktubunda göstərilmişdir ki, “Nəsimi rayon Mühafizə İdarəsinin sabiq polis nəfəri İddiaçı DİO-da xidmətdən əsassız xaric edilməsi və Baş Mühafizə İdarəsinin əməkdaşı, polis mayoru Ziya Ağayevin ondan pul tələb etməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş məlumatı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məktubdan görünür ki, İddiaçı bibisi S.Hüseynovanın valideynlərindən miras qalmış, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın bölgüsü ilə əlaqədar aralarında yaranmış əmlak mübahisəsinə 2016-cı ildən etibarən Səbail rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. xx.xx.2019-cu il tarixdə Səbail Rayon Polis İdarəsinin 8-ci PB-ə ərizə ilə müraciət edən S.Hüseynova həmin tarixdə Səbail rayon Məhkəməsinin inzibati binasında qardaşı oğlu İddiaçı tərəfindən təhqir edilərək hədələndiyini bildirmiş, İddiaçı 8-ci PB-də izahat verərkən DİO-nın əməkdaşı olduğunu gizlətmiş, xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə bu barədə məruzə etməmişdir. Yoxlama nəticəsində həmçinin məlum olmuşdur ki, polis serjantı İddiaçı DİN-in aidiyyəti normativ hüquqi aktının tələbini kobud surətdə pozaraq, müvafiq qaydada icazə almadan 2015-ci ildə Ukrayna Respublikasının “Taras Şevçenko” adına Kiyev Milli Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq, anket məlumatlarında ali təhsil müəssisəsində oxumasını göstərməmiş, bu məqsədlə 2016-2019-cu illər üzrə növbəti məzuniyyətləri dövründə Ukrayna Respublikasına getməsini anasının müalicəsi ilə əlaqələndirərək həmin ölkədə təhsil almasını gizlətmişdir. Xidmətdə mənfi xarakterizə edilən və barəsində qüvvədə “töhmət” intizam tənbehi olan, habelə yoxlama prosesində qeyri-səmimi mövqe tutan İddiaçı “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçərək, Ermənistan Respublikasının bayrağı ilə olan fotoşəklini, həmçinin işğalçı dövlətin mədəniyyətinin zənginliyini təbliğ edən statusu paylaşmışdır. Beləliklə də, Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli müvafiq əmri ilə polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmək haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən DİO-da xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası DİN-də aparılmış yoxlama nəticəsində polis mayoru Z.Ağayevin sabiq polis əməkdaşı İddiaçı pul tələb etməsi barədə xüsusat təsdiqini tapmamışdır. Odur ki, müraciət işə alınmış və bu barədə müraciət müəllifinə məlumat verilmişdir.” Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, hər bir inzibati iddianın mümkün sayılması üçün ilkin şərt mübahisənin inzibati məhkəmələrin səlahiyyətinə aid olmasıdır (İPM-in 1.1, 2.2 və 35.1-ci maddələri). İşin faktiki hallarına inzibati prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddianın bu əsas mümkünlük şərti iş üzrə yerinə yetirilmir. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibatiiqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 3.2-ci maddəsi ilə başqa aidiyyət qaydası müəyyən edilmişdir. Həmin normaya görə, bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4119/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar