Məhkəmə qərarları › İş №2-1(103)-1006/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1006/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1006/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı1 (həm də ikinci iddiaçının nümayəndəsi) iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı“torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəyliyin icrası haqqında (İPM.m.34.1.) iddia ərizəsi, daha sonar, iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, keçmiş Əzibəyov (indiki Xəzər) rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarları ilə onların hər birinə ayrılmış 750 kv.m sahəsi olan 3/979 nömrəli və 3/981 nömrəli torpaq sahəsinin hər birinə ayrılıqda plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçıların tələbi aşağıdakılarla əsaslandırılmışdır: “... Bakı şəhəri X16 Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 22 saylı Qərarı ilə İddiaçı1, X14 və İddiaçı2 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan (Şağan) qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün 750 kvadrat metr 3/979 saylı bağ torpaq sahəsi, 750 kvadrat metr 3/980 saylı bağ torpaq sahəsi və 750 kvadrat metr 3/981 saylı bağ torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinə zəruri tikinti materialları gətirilmiş və həmin sahələrə tökülmüşdür. Onlar sahənin digər sahələrdən fərqlənməsi üçün zəruri işlər görmüşlər. Bu müddət ərzində onlar torpaq vergisini ödəmişlər. O zaman həyətdə yarımçıq tikili inşa edilsə də, obyektiv səbəblərdən torpaq sahəsində tikinti işlərini başa çatdıra bilməmişlər. Sonradan onlara məlum olmuşdur ki, onlara verilmiş torpaq sahələri qanunsuz olaraq digər şəxslər tərəfindən özlərinə ayrılmış torpaq sahələrinə qatılaraq özlərininki kimi hasarlanmışdır. Belə ki, onlara məxsus torpaq sahəsinin bir hissəsini X3 və digər hissəsini isə Vəliyev Məhəmməd adlı şəxslər daş hasara almış, həmin sahədə tikinti inşa etmişlər. Onlar, o zaman, bu barədə Şağan qəsəbə nümayəndəliyinə müraciət etmiş, torpaq sahəsinin ayrılması barədə plan-sxemin hazırlanmasının təqdim edilməsi tələb olunmuşdur. Lakin həmin vaxt torpaq sahələrinin plan sxemi arxiv idarəsi tərəfindən onlara təqdim edilməmişdir. Xəzər Rayon Məhkəməsində məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Şağan qəsəbə nümayəndəsi də mübahisəli torpaq sahəsinin onların, yəni iddiaçıların olduğunu təsdiq etmişdir. Bundan başqa, mübahisəli torpaq sahəsinin onların olması barədə Şağan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayış da təqdim edilmişdir. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2-216/2005 saylı iş üzrə 03 iyun 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X18 və İddiaçı2 cavabdeh X4 qarşı torpaq sahəsinin zəbt edilmiş hesab edilməsi, tikintilərin özbaşına tikinti hesab edilməsi, tikililərin sökülməsi barədə iddiası təmin edilmiş, X5 tərəfindən X18 və İddiaçı2 Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış 3/979, 3/980 və 3/981 saylı torpaq sahələrində tikilmiş qanunsuz tikililərin onun hesabına sökülməsi və həmin torpaq sahələrinin qanuni sahibləri X18 və İddiaçı2 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 30 iyun 2006-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin işdən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 26 dekabr 2014-cü il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 15 may 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Əzizbəyov XDS İK-nin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarlarının təsdiq edilmiş surətləri gec təqdim edilmişdir. Ona görə də həmin işdən onlar tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin qərarı ilə təmin edilməmişdir. Onlara ayrılmış torpaq sahələri qanuni əsaslarla ayrıldığından və həmin torpaq sahələrinin arxiv sənədləri Arxivlər idarəsindən məqsədli şəkildə təqdim edilməməsi səbəbindən məhkəmələr tərəfindən iddia tələbləri təmin edilməmişdir. Hazırda onların müraciətinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli **********79 №-li məktubu ilə Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 №-li xx.xx.1991-ci il tarixli Qərarı ilə üç qardaşdan birinə X9 ayrılmış torpaq sahələrinin plan-ölçüsü, eskizi və ayrıc aktı təqdim edilmişdir. Onlara göstərilən sənədlər təqdim edilməmişdir. Onlara ayrılmış torpaq sahələri Azərbaycan Respublikası Kadastr və Yerqurluşu Layihə Təhqiqat Mərkəzində uçota alınmasına baxmayaraq, həmin sənədlər uzun müddət və məhkəmə prosessləri zamanı məqsədli şəkildə gizli saxlanılmış və məhkəməyə təqdim edilməmişdir. Hazırda onlara ayrılmış torpaq sahəsi ətrafında çoxsaylı tikinti və hasarlama işləri aparıldığından onlara məxsus torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdə çətinliklər yaranmışdır. Ona görə də Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə onların hər birinə ayrılmış 750 kv.m olan 3/979 №-li və 3/981 №-li torpaq sahələri naturada onlara təqdim edilməli və onların hər birinə ayrılmış torpaq sahələrinin Plan-sxemi (Plan-ölçüləri) tərtib edilərək onlara təqdim edilməlidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-715/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı1 ayrılmış Mərdəkan qəsəbəsində 3/979 nömrəli sahədə 750 kv.m torpaq sahəsinin və Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə İddiaçı2 ayrılmış Mərdəkan qəsəbəsində 3/981 nömrəli sahədə 750 kv.m torpaq sahəsinin planı və ölçü sxeminin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuş, iddia digər hissələrdə təmin edilməmişdir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1729/2021 saylı xx.xx.2021 tarixli qərardadı ilə qismən təmin edilərək qərar ləğv olunmuş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla, işə yenidən baxılaraq məhkəmənin 2-1(112)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və onların hər birinə torpaq sahələrinin plan-cizgilərinin hazırlanaraq onlara təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmənin qərarı qanunsuz və gəldiyi nəticə maddi və prosessual hüquq normasına və işin faktiki hallarına uyğun deyildur. Onlara ayrılmış torpaq sahələri qanuni əsaslarla ayrıldığından və həmin torpaq sahələrinin arxiv sənədləri Arxivlər idarəsindən məqsədli şəkildə təqdim edilməməsi səbəbindən məhkəmələr tərəfindən iddia tələbimiz təmin edilməmişdir. Hazırda bizim müraciətimizə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestri Xidməti “ Kadastr və Yerqurluşu Layihə - Təhqiqat Mərkəzi MMC-nin xx.xx.2019-cu il tarixli **********79 N:li məktubu ilə Əzizbəyov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 22 N-li xx.xx.1991-ci il tarixli Qərarı ilə onara ayrılmış torpaq sahələrinin plan-ölçüsü , eskizi və ayrıc aktı təqdim edilmişdir. Bu isə ona dəlalət edir ki, həmin torpaq sahələri Kadastr və Yerqurluşu layihə Təhqiqat Mərkəzində uçota alınmasına baxmayaraq, həmin sənədlər uzun müddət və məhkəmə prosessləri zamanı məqsədli səkildə gizlədilmiş və məhkəməyə təqdim edilməmişdir. Hazırda bizə ayrılmış torpaq sahəsi ətrafında çoxsaylı tikinti və hasarlama işləri aparıldığından bizə məxsus torpaq sahəsinin harada yerlşməsini müəyyən etməkdə çətinliklər yaranmışdır. Həmçinin bizim torpaq sahələrinə gedib-gəlməyimizdə çətinliklər yaranmışdır. Ona görə hesab edirlər ki, Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə bizim hər birimizə ayrılmış 750 kv.m olan 3/979 N-li, 3/90 N:li və 3/981 N:li torpaq sahələri naturada bizə təqdim edilməli, torpaq sahəsini plan-ölçüsünün tərtib edilərək bizə təqdim edilməli və bizim hər birimizin həmin torpaq sahələrinə gedib gəlməyimizə yaradılaca maneələrin qarşısı alınmalıdır. Məhkəmə göstərilən hallara düzgün qiymət verməmiş və şəxsi mülahizələrini əsas götürmüşdür. Bununla da məhkəmə qanun tələblərini kobud pozmuşdur. Belə ki, bizə ayrılmış torpaq sahələrin plan-ölçüsü olmadığı üçün Reyestr Xidməti bizim torpaq sahələrimizin sənədləşdirilməsini həyata keçməkdən imtina edir. Ona görə biz məhkəməyə müraciət edərək torpaq sahələrimizin plan-ölçüsünün verilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdik. Çünki cavabdeh bizə torpaq sahəsi ayıranda torpaq sahəsinin plan-ölçüsünü də hazırlayıb bizə təqdim etməyə boclu olmuşdur. Lakin cavabdehin səhlənkarlığı nəticəsində bizə ayrılmış torpaq sahəsini sənədləşdirə bilmirlər və ya torpaq sahələrinin yerləşmə yerini müəyyən edə bilmirik. Bu hal bizə ayrılmış torpaq sahəsindən istifadə etməyimizə maneə olur. Məhkəmənin “həmin torpaq sahəsi artıq digər şəxslərə ayrılmış və onların adma çıxarış verilmişdir” ifadəsi tamamilə əsasızdır. Belə ki, hazırkı vaxta kimi bizə ayrılmış torpaq sahələrinin başqa şəxslər zəbt etməsinə baxmayaraq, onlara həmin torpaq sahəsinə görə çıxarışı verilməmişdir. Məhkəmənin iş üzrə qəbul etdiyi qərar mənim qanunla qorunan hüquqlarımın pozulması deməkdir. Necə ola bilər ki, bizə torpaq sahəsi ayrılır, lakin bəzi şəxslər özbaşına olaraq bizim torpaq sahələrini tutanlar, heç bir məsuliyyət daşımır və məhkəmə tərəfindən müdafiə olunur. Bu özbaşnalıqdır.” Məhkəmə kollegiyiasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə, habelə məhkəməyə gəlmədiyi halda işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nüsmayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, fərdi ev tikmək üçün keçmiş Əzizbəyov rayon XDS İK-nin 18 noyabr 1991-ci il tarixli 22 nömrəli qərarları ilə : - İddiaçı1 Mərdəkan qəsəbəsində 3/979 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi; - X10 Mərdəkan qəsəbəsində 3/981 nömrəli sahədə 750 kv.m torpaq sahəsi ayrılmışdır. Konkret halda, iddiaçılar, onların hər birinə, ayrılıqda, həmin torpaq sahəsinin plancizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onların həmin iddia tələbləri rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən aşağıdakıları qeyd etmişdir: - “...iddiaçılara torpaq sahəsinin ayrılması barədə qərarlar ləğv edilməsə də, həmin qərarların icrası hazırda faktiki səbəblər üzündən mümkün deyildir, yəni həmin qərarlara əsasən verilməsi nəzərdə tutulan torpaq sahələri artıq digər şəxslərə ayrıldığından onlar aradan qalxmış inzibati aktlardır. Belə olan halda isə məhkəmə bu qənaətə gəlir ki, həmin qərarlara əsasən torpaqayırmanın tamamlanması üçün ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilərək plan-cizginin tərtib edilməsindən ibarət hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçılar Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarının icrasının mümkün olmaması ilə bağlı onlara dəymiş zərərin əvəzinin ödənilməsi üçün müvafiq inzibati orqana müraciət edə bilər...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, qeyd olunan torpaq sahələrinin iddiaçılara ayrılması barədə qərarlar qəbul edilsə də, həmin topaqların plan-cizgisi (ayrıc aktı) tərtib olunmamış, qərarla birlikdə iddiaçılara təqdim olunmamışdır. Halbuki, mübahisəli sərəncamla torpaq sahəsi ayrılarkən, vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan əlavə, 2001-ci ilə qədər qüvvədə olmuş 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tutudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Məcəllənin 23-cü maddəsinə əsasən isə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin,istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Konkret halda işin mübahisələndirilən hallarından isə aydın olur ki, cavabdehin hüquq sələfi, keçmiş X16 Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 22 saylı Qərarı qeyd olunan qərarları ilə iddiaçıara torpaq sahələri ayrılarkən, qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunmamış, iddiaçılara fərdi ev tikintisi üçün arılan torpaq sahələrinin plan-cizgisi (ayrıc aktı) tərtib olunmamış, həmin qərarlara əlavə olunmaqla, iddiaçılara təqdim olunmamışdır. Bütün bunlar isə onunla nəticələnmişdir ki, iddiaçılara ayrılan həmin torpaq sahələri faktiki olaraq üçüncü şəxslərin adına rəsmiləşdirilmiş və iddiaçıların həmin şəxslərlə həmin torpaq sahələri ilə bağlı məhkəmə çəkişmələri olmuş, yekun məhkəmə qərarlarıı qəbul olunmuşdur. Belə ki, iş materallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7475/17 saylı qərarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 2-79/2008 saylı, 17 yanvar 2008-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı1 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 750 kv.m olan 3/979 saylı torpaq sahəsində cavabdeh X23 tərəfindən inşa edilmiş tikililər özbaşına tikinti hesab edilmiş və müvafiq torpaq sahəsinin iddiaçıya qaytarılması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7004/2016 saylı, 30 dekabr 2016-cı il tarixli qərardadı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 2-79/2008 saylı 17 yanvar 2008-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işin icraatı təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7004/2016 saylı, 30 dekabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh X19 qarşı “tikililərin özbaşına tikinti hesab edilərək zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli, 2(103)- 3717/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7004/2016 saylı, 30 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7475/17 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin qərarı ilə müəyyən edilən hallara görə: “ - 22 saylı xx.xx.1991-ci il tarixli qərar əsasında hər hansı torpaq sahəsi torpaqayırma aktı ilə naturada iddiaçıya təhvil verilməmiş; - iddiaçının özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsi Əzizbəyov rayon İcra Hakimiyyətinin 1712 saylı 30 dekabr 1999- cu il tarixli sərəncamı ilə X15 ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair JN 23098D KOD 00300056 saylı şəhadətnamayə əsasən 0.12 hektar torpaq sahəsi X11, X2, X6, X12 və X1 mülkiyyətinə verilmiş; -Əzizbəyov rayon İcra Hakimiyyətinin 793 saylı xx.xx.2008-ci il tarixli sərəncamı ilə isə X11 Şağan qəsəbəsində yerləşən M-31 saylı sahədə tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması qərara alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi xx.xx.2010-cu il tarixdə müvafiq qeydiyyat apararaq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və 0.12 ha torpaq sahəsini X11, X2, X6, X12 və X1 adlarına ümumi birgə mülkiyyətinə qeydiyyata almış; -iddiaçı torpaq sahəsinin cavabdehə ayrılmasına, həmin torpaq sahəsinin və üzərindəki tikilinin cavabdehlə birgə ailə üzvlərinin adına qeydə alınmasına əsas olmuş Əzizbəyov rayon İcra Hakimiyyətinin 1712 saylı 30 dekabr 1999-cu il tarixli və 793 saylı xx.xx.2008-ci il tarixli sərəncamlarını qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin qərarlar hazırda da qüvvədədir...” Həmçinin, digər iddiaçıya münasibət də iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-4593/2015 saylı qərarı ilə Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 03 iyun 2005-ci il tarixli qətaməsi ilə (hakim Z.M.Əliyev, iş № 2-216/2005) iddiaçı X7 və X8 cavabdeh X4 qarşı torpaq sahəsinin zəb edilmiş hesab edilməsi, tikililərin özbaşına tikinti hesab edilməsi, tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edın və məruzəçi), F.Ş.Talışinski və İ.O.Əsədov, iş № 2(103)-1514/2015) iddiaçı X7 və X8 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 2-216/2005 saylı iş üzrə 03 iyun 2005-ci il tarixli qətnaməsi iddiaçı X9 və X10 mübasibətdə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-4593/2015 saylı qərarı ilə həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2015-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının həmin qərarı ilə müəyyən olunur ki: “ - keçmiş Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin iddiaçılara ayrılmasına əsas olmuş hər hansı bir sənəd mövcud deyil; -həmin qərar əsasında hər hansı torpaq sahəsi ayrıc aktı ilə naturada iddiaçılara təhvil verilməmiş; -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sərdi tərəfindən İlham Zairova ünvanlanmış 31 yanvar 2007-ci il tarixli məktuba əsasən X22 Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin reyestr bazasında Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarına əsasən Mərdəkan qəsəbəsindən fərdi yaşayış evi tikmək üçün ayrılan torpaq sahəsinə dair iddiaçıların adına məlumat yoxdur; -iddiaçılara torpaq sahəsi ayrılmamaqla rəsmi olaraq yeri göstərilməklə təhvil verilmədiyindən, hazırkı iş üzrə ekspertiza tədqiqatının aparılması zərurəti də aradan qalxmışdır...” Tədqiq olunan, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunan hallardan göründüyü kimi, iddiaçılara torpaq sahəsi ayrılsa da, torpaqayırma baş verməmiş, torpaqlar naturada iddiaçılara təhvil verilməmiş, onlara torpağın naturada yerini müəyyən edən sənəd təqdim olunmamışdır. Hazırkı işdə isə, iddiaçılar mövcud olmayan həmin sənədin verilməsini xahiş edirlər. Bununla da faktiki olaraq onlar 1991-ci ildə qəbul olunmuş qərarlara əsasən ayrılan torpağın, hazırkı zamanda ayrılması anlamını verir ki, bu da mümkünsüzdür. Çünki, birincisi, konkret halda iddiaçılar onlara ayrıldığını iddia etdikləri həmin torpaq sahələri, sonradan başqa şəxslərə verilmiş və onların adına da mülkiyyət hüququ ilə rəsmiləşdirilmişdir. İkincisi isə cavabdehin, mübahisələndirilən ərazidə fərdi ev tikintisi üçün torpaq ayırmaq səlahiyəti də yoxdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. İş materilları üzrə müəyyən olunan hallar onu deməyə əsas verir ki, keçmiş Bakı şəhəri X16 Soveti İcraiyyə Komitəsinin iddiaçılara torpaq sahəsinin ayrılması barədə qərarları qüvvədə olsa da, artıq hazırkı ana mövcud olan vəziyyət ondan ibarətdir ki, həmin qərarlarda iddiaçılara ayrılması nəzərdə tutulan torpaq sahələri artıq digər vətəndaşların mülkiyyyətinə verildiyindən, sözügedən qərarların icrası faktiki səbəblər üzündən mümkünsüzdür. “İnzibati icraat haqqında” Qanunun 65.1.5-ci maddəsi isə nəzərədə tutur ki, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt etibarsız sayılır. Beləliklə də, iddiaçılar tərəfindən hazırkı iddianın təmin edilməsini zəruri edən şərtlərin mövcud olmadığından təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş və maddi hüquq normaları düzgün tətbiq olunmaqla, işin həqiqi hallarına uyğun olan, iddianın rədd olunması barədə nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçıların apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu və gəldiyi nəticənin işin faktiki hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar