Məhkəmə qərarları › İş №2-1(103)-1006/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1006/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1006/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi X11 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Sədət oğlunun, Üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X20 cəlb edilməklə) bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X3 və İstismarı Birliyi ilə hazırkı İddiaçı arasında 18 iyun 1987-ci il tarixdə 7328 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər XDS-in nizamnamə əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ onun (iddiaçının) icarəsinə verilmişdir. Faktiki olaraq həmin bağ sahəsi 1967-ci ildən iddiaçının valideynləri Qafar Əhmədov və Mariya Əhmədovaya məxsus olmuşdur. Həmin şəxslər 1967-ci ildən Nardaran qəsəbəsindəki 1181 nömrəli bağda yaşamış və 1983-cü ilədək bağa qulluq edərək, kirayə haqqı və kommunal xərcləri ödəmişlər. Qafar Əhmədov 1974-cü ildə, Mariya Əhmədova isə 1983-cü ildə vəfat etmişdir. Onların ölümündən sonra iddiaçı ilə bacısı X15 arasında bağ sahəsi ilə bağlı mülki mübahisə yaranmışdır. Marina Qasımova ona qarşı “bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Lenin Rayon Xalq Məhkəməsinin 13 may 1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın “bağ sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, “istifadə hüququnun itirilməsi” tələbinə dair İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyası tərəfindən Qafar Əhmədova verilmiş Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi və torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ sahəsi 1967-ci ildən iddiaçının valideynlərinin, onların vəfatından sonra ötən müddət ərzində iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsi və tikililərdən istifadə və sahiblik müddəti 1967-ci ildən hesablanarsa, 50 il müddət ötür. Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsi ilə İddiaçı arasında bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin bağlanması tarixindən istifadə və sahiblik müddəri hesablandıqda, 30 il müddət ötmüşdür. İddiaçı həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 9 avqust 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquq müəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlamaölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur. Bundan sonra iddiaçı 14 avqust 2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. 12 sentyabr 2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən 21 sentyabr 2017-ci il tarixli məktubla məsələnin həllindən yenidən imtina olunmuşdur. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı həmin bağın torpaq sahəsinin 2.500 kv.m olduğu müəyyən edilmişdir. Lakin yoxlama-ölçü işlərinin aparılması ilə bağlı mütəxəssislər ünvanda olarkən 512 kv.m torpaq sahəsinin istifadə edildiyini aşkar etmişlər. DƏDRX Bakı şəhər Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən 1181 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinin arxiv qovluğunun İdarəyə təhvil verilmədiyi və İdarənin elektron-baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunan səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) 17 yanvar 2015-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı yenidən poçt vasitəsilə İdarəyə ərizə təqdim etmiş və ərizəsində Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir və icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır. Həmçinin mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə (iddiaçıya) 9 avqust 2017-ci il tarixli məktubla bildirilmişdir. Sonradan İddiaçı təkrarən İdarəyə həmin məsələ ilə bağlı müraciət etmiş, lakin 9 avqust 2017-ci il tarixli məktubda göstərilən səbədlər aradan qaldırılmadığından, ona 21 sentyabr 2017-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Nardaran qəsəbəsindəki 0,25 ha ölçüdə torpaq sahəsi və oradakı tikililərə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı deyil, yalnız bağ sahəsinə dair bölgü sxemin verilməsi və dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. İddiaçı “bağ sahəsindən istifadə hüququnun olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ sahəsi üzərində onun qanuni istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 1 aprel 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Lakin maraqlı şəxs kimi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2015ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. Əlavə araşdırma zamanı göstərilən bağ sahəsinin mişar daşı ilə hasarlanaraq sərhədləndiyi, ümumi hasar daxilində 2.990 kv.m torpaq sahəsi olduğu və həmin sahədə A yaşayış evi və B.C.D həyətyanı tikili olduğu müəyyən edilmişdir. Həmçinin bağ sahəsinə dair hüquq müəyyənedici sənədlərin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmədiyi aşkar olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininin 26 dekabr 2017-ci il tarixli, 2-1(82)- 5065/2017 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı Bakı Şəhər XDS İK-nın X3 və İstismarı Birliyi ilə bağlanmış 18 iyul 1987-ci il tarixli müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018- ci il tarixli, 2-1(103)-1503/2018 saylı qərarı ilə cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2- 1(82)-5065/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2-1(102)- 218/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1503/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə X20 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü (maraqlı) şəxs qismində cəlb edilməsini xahiş etmiş və ərizədə bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2-1(82)-5065/2017 saylı iş üzrə qərarı onun (ərizəçi Ə.Qasımovun) maraqlarına toxunur. Belə ki, hazırkı iş üzrə İddiaçı onun dayısıdır və mülkiyyət hüququnun qeydiyyata alınmasına dair DƏDRX-nin üzərinə öhdəlik qoyulduğu Bakı şəhəri, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinin yarısı – 0,12 ha hissəsi ərizəçinin mərhum anası X8 və sonuncunun vərəsəsi kimi eyni zamanda ərizəçiyə məxsusdur. Bununla bağlı həm anası ilə bağlanmış bağ icarə müqaviləsi, həm də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli qətnaməsi mövcuddur. Eyni zamanda ərizəçi (Ə.Qasımov) ailəsi ilə birlikdə 2005-ci ildən etibarən hazırkı vaxtadək həmin bağ evində yaşayır. Bakı İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, qərardadı ilə ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, 2-1(82)- 5065/2017 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və X20 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı ilə (hakim R.L.Kərimli) İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “ ... hazırkı iş üzrə mübahisə obyekti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın vaxtilə iki hissəyə bölünməklə 1181-A/2 və 1181-A/1 nömrələri ilə X16 və X7 icarəsinə verilməsi barədə rəsmiləşdirmələr aparılması, yəni müvafq müqavilələr bağlanması öhdəliyinin aidiyyəti səlahiyyətli qurum qismində çıxış edən X3 və İstismarı Birliyinə həvavə olunması barədə məhkəmə qətnaməsi (xx.xx.2006-cı il tarixdə) qəbul edilmiş və həmin qətnamə qüvvəyə minmişdir (bu hal təkzib olunmur). Sözügedən məhkəmə qətnaməsi icra olunub-olunmamasından asılı olmayaraq, müvafiq bağ sahəsi ilə bağlı bütün xüsusatların araşdırılaraq qiymətləndirilməsini təsbit edən məhkəmə aktı kimi iş üzrə tərəflər üçün məcburi xarakter daşıyır”. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 85/2024 saylı qərarı ilə (sədrlik edən Ş.A.Məmmədova, hakimlər M.C.Qarayeva və P.A.Hüseynov) Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “ ... iddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından və iddiaçının vəkilinin (nümayəndəsinin) vəsatəti əsasında Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006- cı il tarixli 2-1255/2006 saylı qətnaməsi üzrə mülki iş məhkəmə sorğusu əsasında tələb edilərək məhkəmə Kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir.Müəyyən olunmuşdur ki, Sabunçu Rayon Məhkəməsi 1181 saylı bağ sahəsinə dair cavabdeh X3 və İstismarı Birliyinindən götrülmüş 1181 və 1181-A saylı bağ sahələrinin qovluqlarında olan sənədlərə istinad edərək iddia tələbini təmin etmişdir. ... iddiaçı ilə mübahisəli bağ sahəsinin icarəyə verilməsi barədə Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış 18 iyun 1987-ci il tarixli 7328 nömrəli müqavilənin mötəbərliyi təsdiqini tapmış olmur. ... məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı təyin edilmiş mühəndistexniki ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyi ilə bağlı qeyd edir ki, həmin Rəydə istinad olunanlar vəziyyəti iddiaçının xeyrinə dəyişmədiyindən məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək Rəy üzrə ayrı-ayrılıqda qiymətləndirmə aparmağa lüzum görmür”. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2668/2024 saylı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər X.S.Məmmədov və K.N.Bədəlov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)-85/2024 saylı qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2668/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 89. Apellyasiya instansiyası məhkəməsinin Sabunçu Rayon Məhkəməsindən sorğu əsasında əldə etdiyi və qərarında əsaslandığı mülki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı X20 və X17 cavabdeh Bakı şəhəri X3 və İstismarı Birliyinə, maraqlı tərəf X8 (analarına) qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 1966-cı ildən babaları X9, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X4 və İddiaçı Qafar oğlunun icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinin 0.25 ha hissəsinin X16, 0.25 ha hissəsinin X7 icarəsinə verilməsi və bu barədə müvafiq icarə müqavilələrinin bağlanmasının Bakı şəhəri X3 və İstismarı Birliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

90. Həmin iş üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar doğma bacıqardaş olmaqla babaları (analarının atası) X2 əsrin 60-cı illərində Azərbaycan SSR Dövlət Bankının sədrim olmuş və 1966-cı ildə ona Nardaran qəsəbəsində sahəsi 0,75 hektar olan bağ sahəsi verilmişdir. Bağ sahəsini həmin vaxt hasara almış, ev tikmiş, abadlıq və əkin işləri aparmış, bu illər ərzində daimi icarə haqqını ödəmişlər. 1969-cu ildə həmin bağ sahəsini rəsmiləşdirərkən müqavilədə 0,25 hektar göstərilmişdir. Bu günə kimi cavabdeh X3 və İstismarı Birliyinin bir dəfə də olsun onlara pretenziyası olmamışdır. Bağ sahəsindən faktiki istifadə etmələrinə baxmayaraq rəsmiyyətdə yalnız 0,25 hektar bağ sahəsi onların icarəsindədir. 0,12 hektar anaları M. Qasımovanın, 0,12 hektar isə dayıları İddiaçı icarəsindədir. Buna görə də İddiaçılar X20 və Qasımova faktiki onların istifadəsində olan 0,50 hektar bağ sahəsinin onların icarəsinə verilməsini xahiş edirlər. ... 92. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılışaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 sentyabr 2006-cı il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X19 və X14 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X3 və İstismarı Birliyinə tapşırıldığından (qətnamənin icra olunubolmamasından asılı olmayaraq), habelə bağ sahəsinin faktiki mübahisəli olması belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağ sahəsinin qanuni istifadəçisi kimi ona mülkiyyət hüququ əldə etməmişdir.

93. İddiaçı haqlı olaraq qeyd edir ki, istinad edilən mülki iş üzrə iddia tələbindən göründüyü kimi X16 və X7 tələbləri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində olan mübahisəli (hazırkı işdə iddia olunan) 0,25 ha torpaq sahəsinə, torpaq sahəsində inşa edilmiş 3 otaqdan ibarət, 51, 5kv. metr yaşayış mənzilinə, 4,6 kv. metr köməkçi tikintilərdən ibarət olan 1181 nömrəli bağ sahəsinə yönəlməmişdir. İddiaçıların tələbləri 1966-cı ildən babaları X12 ayrılmış, İddiaçı icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinə yönəlmişdir.

94. İddiaçı apellyasiya şikayətində işin yuxarıda qeyd olunan ziddiyyətli hallarına diqqət çəksə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilərini qəbul etməməsinin səbəblərini göstərməmiş, bununla bağlı qənaətini əsaslandırmamışdır.

95. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə razılaşmaqla yanaşı, həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi mülki işin materiallarında hazırkı mübahisəyə aid olan sübutları tam və hərtərəfli araşdırmamış, onlara hazırkı işdə olan sübutlarla birgə qiymət verməmişdir. Belə ki, həmin iş üzrə məhkəmə qətnaməsinin məzmunundan da göründüyü kimi, məhkəmə iddianı tam, yəni iddia olunan 0.50 ha ölçüdə deyil, iddiaçıların hər birinə 0.12 ha olmaqla qismən təmin etmiş, bu zaman, qətnamədə cavabdehin nümayəndəsinin “qüvvədə olan qanunvericiliyə görə hər bir vətəndaşa 0.12 ha-dan artıq bağ sahəsi verilməsinin qadağan edildiyinə” dair izahatını da qətnamədə xüsusi olaraq göstərmişdir. Qətnamədə həmin iş üzrə iddiaçılara müqavilə üzrə verilməsi qət edilən bağ sahələrinin nömrələri (1181-A/1 və 1181-A/2) də 1181-A saylı bağ sahəsinə dair qovluqda olan sənədlərə görə, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci tarixli, 195 saylı Qərarının 5-ci bəndlərinin tələblərinə müvafiq olaraq Bakı şəhər Sovetinin 6/333 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə bağ sahəsinin bölünmüş və xx.xx.1988-ci il tarixli 19153 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan və 10 il müddətinə M. Qasımovanın icarəsinə verilmiş 1181-A saylı bağ sahəsinin nömrəsinə uyğunlaşdırılmışdır. Bunun səbəbləri qətnamədə (yaxud digər sənəddə) aşkar qeyd olunmadığından, onların şərti olaraq göstərildiyi qənaətinə gəlmək mümkündür. Bu qənaət, həmçinin cavabdehin mütəxəssisi tərəfindən verilmiş və ekspert rəyində təkrarlanmış məlumatdan irəli gəlir. Həmin rəydə məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2- 1255/2006 nömrəli qətnaməsi ilə hər biri 0.12 ha olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinə dair X20 və X7 adına X5 icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə əsasında onların adına 1182 (X20) və 1182a (X17) saylı bağ sahələrinə dair bağlanmış müqavilələr arxivdə mövcuddur.

96. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı təyin edilmiş mühəndis texniki ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert Rəyi üzrə ayrıayrılıqda qiymətləndirmə aparmağa lüzum görməməkdə haqlı olmamışdır. Çünki həmin ekspertiza mübahisənin düzgün həlli üçün zəruri olan halların müəyyən edilməsi üçün təyin edilmişdi”. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Sədət oğlu izahatında məhkəməyə bildirdi ki, 18 iyun 1987-ci il tarixli, 7328 saylı müqavilə məhkəmə icraatının gedişatında sübut qismində təqdim edilmişdir. Müvaviləyə əsasən 25 sot torpaq sahəsi İddiaçı verilmişdir. Müqavilənin şərtlərində həmin torpaq sahəsində kimlərin yaşayacağı və sair kimi hallar müəyyən olunmuşdur. Müqavilə əsasında müəyyən olunur ki, məhkəmə qərarı olmadan müqavilə dəyişdirilə/ləğv edilə bilməz, müqaviləyə əlavə oluna bilməz. Məhkəmə tərəfindən qəbul olunan qərarda iddiaçı ilə bağlanmış ikinci icarə müqaviləsinə istinad edilir, halbuki nə hazırkı işin materiallarında, nə də ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsindən daxil olmuş mülki işin materiallarında belə bir sənəd mövcud deyil. Yəni iddiaçı ilə belə bir müqavilə bağlanılmamışdır. Bundan başqa məhkəmə tərəfindən qəbul olunan qərarda Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli, 195 saylı qərarının 5-ci bəndinə istinad edilərək bağ sahəsinin bölündüyü bildirilir. Həmin qərarda da Bakı şəhər Sovetinin 1988-ci il 14 iyun tarixli qərarına istinad olunur. Lakin bildirim ki, Nazirlər Kabineti bağ sahəsinin bölünməsi ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanı deyil və ümumiyyətlə, belə bir qərar da olmayıb. Bakı şəhər Sovetinin istinad edilən qərarı iş materiallarında mövcud deyil. Birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmadan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müvafiq qərarına istinad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində aparılan məhkəmə icraatında tələb fərqli idi və tələbin hazırkı mübahisənin predmeti olan torpaq sahəsi ilə əlaqəsi olmayıb. Bunu qarşı tərəf də təkzib etmir. Həmçinin iddiaçı işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində işə baxılarkən işə cəlb edilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X20 izahatında məhkəməyə bildirdi ki, 1181 nömrəli bağ sahəsi vaxtilə Bağ İdarəsinin qərarı ilə 2 hissəyə bölünmüşdür. Dayısı tərəfindən icarə müqaviləsinin bağlanılıb-bağlanılmadığı haqqında məlumatlı deyil. Dayısının Bağ İdarəsinin rəhbərliyi ilə yaxın münasibəti olmuşdur – ola bilsin idarə daxili məsələ hansısa yolla həll edilmişdir. 1989-cu ildən bəri ailəsi ilə həmin bağ sahəsində yaşayır. Bu müddət ərzində dayısı bağa sadəcə təxmini 4-5 dəfə qonaq kimi gəlmişdir. Üçüncü şəxs 40 il ərzində əsassız şəkildə orada yaşamır, bunun əsası var. Belə ki, bağ sahəsi babasına rəsmi formada verilmişdir. Məhkəmə proseslərində qarşı tərəf onun həmin bağ sahəsində güya mühavizəçi işlədiyi bildirərək şəxsiyyətinə toxunan çıxışlar edib. Üçüncü şəxs isə ümumiyyətlə, mübahisənin məhkəmə qaydasında həll olunmasının əleyhinə olmuşdur. Dayısına hər zaman məhkəmədənkənar razılığa gəlməyi təklif edib. O, həmin bağ sahəsinin ailəsində qalmasını istəmiş, dayısına da təklif etmişdir ki, əgər bağ sahəsini satırsa, bazar qiymətinə uyğun özünə aid yarısını ona satsın. Lakin buna baxmayaraq dayısı həmin bağ sahəsini ona bazar qiymətindən qat-qat yüksək qiymətə satmaq istəmişdir. Eyni zamanda üçüncü şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, anası ilə bağlanmış müqavilə qüvvədə olduğu müddətdə onunla və ya bacısı ilə sözügedən torpaq sahəsinə münasibətdə icarə müqaviləsi bağlanmayıb. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi əsasında barəsində icarə müqavilələri bağlanmış torpaq sahələrindən Nardaran qəsəbəsinin sakinlərinin tələbi ilə imtina etmişlər. Belə ki, Nardaran qəsəbəsinin sakinləri həmin torpaqların əslində babalarına məxsus olduğunu bildirdilər və onlar həmin sahələrdən imtina etməyə məcbur oldular. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında formalaşdırdığı hüquqi mövqeyi əsas götürərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə düzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Bakı Şəhər XDS-in Bağlar Təsərrüfatı İdarəsinin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1969-cu il tarixli 9 nömrəli protokolu ilə sıra 78 nömrəsi əsasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi, 3 otaqdan ibarət 51,5 kv.m yaşayış mənzili, 4,6 kv.m köməkçi tikili olan bağ icarə əsasında iddiaçının atası Qafar Əhmədova məxsus olmuşdur. - Bağlar təsərrüfatı idarəsi ilə bağlanmış və iddiaçının əsaslandığı xx.xx.1987-ci il tarixli 7328 №-li “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən 0,25 ha torpaq sahəsi olan 1181 saylı bağ sahəsi və bağ sahəsində olan tikililər icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. - İddiaçı həmin bağ sahəsinə və tikililərə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. - İmtina məktubunda bildirilmişdir ki, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər surətdir, təqdim edilmiş icarə müqaviləsi İdarənin arxivində aşkar olunmamışdır, ərizənin icrası üzrə araşdırma ilə bağlı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, qaldırılan məsələnin həlli mümkün olmamışdır, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin təmin edilməsindən imtina olunur. - İddiaçı xx.xx.2017-ci il tarixdə təkrarən ərizə ilə cavabdehə müraciət etmişdir. Ərizədə bildirilmişdir ki, onun araşdırılması zamanı 13 vərəqdən ibarət sənədlər təqdim olunacaq, eləcə də İdarənin hər hansı müraciəti zamanı mütəxəssislərə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılacaqdır. xx.xx.2017-ci il tarixdə İdarənin mütəxəssisi tərəfindən bağ sahəsinə baxış keçirilmiş, yoxlama-ölçü işləri aparılmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından yenidən imtina olunmuşdur. Məhkəmənin sorğusuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1181 saylı bağ evinə və 1181a saylı bağ sahəsinə dair sənədlərdən aşağıdakılar görünür: - İddiaçının bacısı Marina Qasımova iddiaçıya qarşı bağ sahəsinə köçürülmə” tələbinə dair iddia qaldırmış və Lenin Rayon Xalq Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarı ilə Marina Qasımovanın bağ sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. - X15 ilə Nardaran qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 1181A nömrəli torpaq sahəsinə dair xx.xx.1988-ci il və xx.xx.1998-ci il tarixdlərdə Bağın icarəyə verilməsi haqqında müqavilələr bağlanmış, sonuncunun qüvvədə olma müddəti xx.xx.2008-ci il tarixdə bitmişdir. - X15 ilə bağlanmış xx.xx.1998-ci il tarixli Bağın icarəyə verilməsi haqqında müqavilənin 11-ci bəndində göstərilir ki, bağ icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək icarədarın özü ilə birlikdə yaşan ailə üzvlərindən, yaxud ondan ayrı yaşayan yaxın qohumlarında (valideynləri, uşaqları, qardaşları, bacıları, babası, nənəsi, nəvəsi, arvadı və ya əri) birisi ilə yenidən bağlanır. - X15 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və nə onun sağlığında, nə də ki, o, vəfat etdikdən sonra həmin torpaq sahəsinə münasibətdə yeni icarə müqaviləsi bağlanmamışdır. - Eyni zamanda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə İddiaçı ilə bağlanmış cəmi bir – 7328 nömrəli, xx.xx.1987-ci il tarixli müqavilə aşkar edilir. İddiaçı ilə bağlanmış icarə müqaviləsində 0,25 ha torpaq sahəsi ilə bərabər üç otaqlı tikiliyə münasibətdə də məlumat mövcuddur. Həmçinin yuxarıda istinad edilən müqavilələrin fərqli əsaslarla bağlandığı görünür – iddiaçı ilə bağlanmış müqavilədə Bakı şəhər X10 İcraiyyə Komitəsinin 1969-cu il tarixli qərarı üzrə 9 nömrəli protokola; X15 ilə isə bağlanmış müqavilədə Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarı üzrə 18 nömrəli prorokola istinad edilir. Məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1255/2006 saylı mülki işin materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiyası məhkəməsinin əsas olaraq götürdüyü məhkəmə qətnaməsi fərqli torpaq sahəsinə münasibətdə qəbul edilib. Belə ki, həmin işin materiallarında mövcud olan iddia ərizəsi aşağıdakı məzmundadır: “ ... X1 1960-cı illərdə Azərbaycan SSR Dövlət Bankının sədri olması ilə əlaqədar 1966-cı ildə ona Nardaran qəsəbəsində 0.75 ha olçülü bağ sahəsi verilmiş, həmin vaxtdan bu sahə onun tərəfindən hasara alınaraq istifadə edilməyə başlanmışdır. Lakin bu bağ üzərində onun hüquqlarının rəsmiləşdirilməsi sahə veriləndən 3 il sonra yəni 1969-cu ildə aparılmış, 08.07.69-cu il tarixdə Bakı şəhər İcraiyyə komitəsi tərəfindən bu bağ sahəsinin onun icarəsinə verilməsi barəsində 17328 saylı müqavilə bağlanmış və bu zaman həmin müqavilədə torpaq sahəsinin ölçüsü 0.75 ha deyil 0.25 ha göstərilmişdir. 1974-cü il tarixdə babamızın vəfat etməsindən sonra bu sahənin onun uşaqları tərəfindən istifadə edilməsi davam etdirilmiş, hal hazırda da uşaqları və biz nəvələri də daxil olmaqla vərəsələri tərəfindən istifadə edilir. Bütün 0.75 ha ölçülü sahə bizim tərəfimizdən hasara alınmış becərilmiş, müxtəlif meyvə ağacları əkilmiş sahəyə lazımi qulluq göstərilmiş və hal-hazırda da göstərilməkdədir. Bununla bağlı keçən 40 ildə Bağlar Birliyi tərəfindən bizə heç bir irad və etiraz bildirilməmişdir. 1998-ci ildə bu sahənin 0.12 ha hissəsinin bizim anamız X6 0.12 ha hissəsinin isə dayımız İddiaçı Qafar oğlunun icarəsinə verilməsi barədə X3 və İstismarı Birliyi arasında müvafiq müqavilələr bağlanmışdır. xx.xx.2006-cı il tarixdə anamız X13 ərizə ilə Bakı şəhər İcra Hakimiyyəti aparatının X3 və Birliyinə müraciət edərək hal hazırda istifadəmizdə olan lakin üzərindəki hüquqlarımız müvafiq qaydada rəsmiləşdirilməyən 0.50 ha ölçülü sahənin də X9 vərəsələrinin o cümlədən nəvələrinin adına rəsmiləşdirilməsini xahiş etmiş, lakin Birlik tərəfindən buna razılıq verilməmişdir”. Həmin iş üzrə iddiaçılar X20 və X7 (*ərizədə həmçinin X15 maraqlı şəxs qismində qeyd olunmuşdur) tələbi aşağıdakı kimi ifadə olunmuşdur: “ ... 1966-cı ildən X1, onun vəfatından sonra uşaqlarının və nəvələrinin sahiblik edərək istifadə etdiyi, X4 və İddiaçı Qafar oğlunun icarəsində olan sahələrə bitişik 0.50 ha ölçülü bağ sahəsinin 0.25 ha hissəsinin X16 0.25 ha hissəsinin X7 icarəsinə verilməsi və bu barədə müvafiq icarə müqavilələrinin bağlanmasının Bakı şəhəri X3 və İstismarı Birliyinə həvalə edilməsi barədə qətnamə çıxarasınız”. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1255/2006 saylı qətnaməsi ilə (hakim H.Əliyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələrinin iddiaçılar X19 və X14 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X3 və İstismarı Birliyinə tapşırılmışdır. Məhkəmə qətnaməsində “ ... 22 oktyabr 1988-ci il tarixli bağın icarəyə verilməsi haqqında 17328 saylı müqavilə ilə X3 və İstismarı Birliyi tərəfindən İddiaçı Nardaran qəsəbəsində sahəsi 0,12 hektar olan 1181 saylı bağ sahəsi 10 il müddətinə icarəyə verilmişdir” qeyd etsə də, istinad olunan icarə müqaviləsi nə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1255/2006 saylı mülki işin materiallarında, nə də ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1181 saylı bağ evinə və 1181a saylı bağ sahəsinə dair sənədlər sırasında mövcud deyil. Yuxarıda qeyd olunanlara baxmayaraq, həm birinci, həm apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 1255/2006 saylı qətnaməsinə əsaslanaraq iddiaçının tələbini əsassız hesab etmiş və onun tərəfindən məhkəmə təqdim edilən müqaviləni hüquqmüəyyənedici sənəd olaraq qəbul etməmişlər. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1990/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ ... Birinci sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X19 və X14 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X3 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181- A/2 saylı bağ sahələrinin naturada yeri müəyyən olunsun. İkinci sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X19 və X14 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X3 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181-A/2 saylı bağ sahələri hər hansı 3-cü şəxsin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü? Üçüncü sual: İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsinin naturada yeri müəyyən olunsun. Dördüncü sual: Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2- 1255/2006 nömrəli qətnaməsi ilə iddiaçılar X19 və X14 ilə icarə müqaviləsinin bağlanması cavabdeh X3 və İstismarı Birliyinə həvalə olunmuş Nardaran qəsəbəsi, hər birinin sahəsi 0,12 hektar olan 1181-A/1 və 1181- A/2 saylı bağ sahələri ilə İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsi üst-üstə düşürmü? Beşinci sual: İddiaçı ilə Bağlar Təsərrüfatı İdarəsi arasında xx.xx.1987-ci il tarixdə bağlanmış 7328 nömrəli “Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi barədə” müqaviləyə əsasən İddiaçı istifadəsinə verilmiş bağ sahəsi hər hansı 3-cü şəxsin istifadəsində və ya mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü?”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9677 saylı ekspertiza rəyi ilə ekspertlər qarşısında qoyulmuş suallara (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin rəyi nəzərə alınmaqla) aşağıdakı kimi cavab verilmişdir “ ... Birinci suala cavab: Qeyd olunan 1181-A/1 və 1181-A/2 saylı bağların nömrələri bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, cizgisi olmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən naturada yerləşməsini müəyyən etmək mümkün olmadı. Faktiki olaraq göstərilən 0.3012 ha (3012.0 kv.m) təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarına əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli, 2-1255/2006 nömrəli qətnaməsi ilə hər biri 0.12 ha olan 1181-A/1 və 1181/A-2 saylı bağ sahələrinə dair X20 və X7 adına X5 icarə müqaviləsinin bağlanması qət edilmişdir. Həmin qətnamə əsasında onların adına 1182 (X20) və 1182a (X17) saylı bağ sahələrinə dair bağlanmış müqavilələr arxivdə mövcuddur. Lakin həmin qeyd olunan bağlar onlar tərəfindən ümumi ərazinin hansı hissəsində yerləşdiyi göstərilməyib. İkinci suala cavab: 11811-A/1 və 1181-A/2 saylı bağların nömrələri bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından, cizgisi olmadığından və həmçinin bağ sahələri koordinat sistemində verilmədiyindən naturada yerləşməsini müəyyən etmək mümkün olmadı. Üç, dörd və beşinci suallara cavab: Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 1181 saylı bağ sahəsinin ərazisinin ərazisinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçı adına **********00-11301 reyestr nömrəsi ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağ evi kimi qeydiyyata alınmışdır (2500.0 kv.m torpaq sahəsi və üzərində yerləşən 57.8 kv.m bağ evi). Bağ evinin texniki pasportuna əsasən göstərilən ərazinin hər hansı şəxsin dövlət qeydiyyatına alınmış sahə ilə üst-üstə düşməsi ilə bağlı məlumat yoxudur. Arxiv məlumatlarına əsasən **********00-11301 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətinsə olan ünvan ünvanda yerləşən 2500.0 kv.m torpaq sahəsi, üzərində yerləşən 57.8 kv.m bağ evi məhkəmə qərarı və 7328 saylı uzunmüddətli icarə müqaviləsi əsasında qeydiyyatdan keçmişdir”. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0. və 8.0.7-ci maddələrinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 8.0.8-ci maddəsinə müvafiq olaraq, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər XDS İK-nın nəzdində fəaliyyət göstərən X3 və İstismarı Birliyi ilə aralarında bağlanmış 18 iyun 1987-ci il tarixli, 7328 nömrəli “bağın icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir. Həmin müqavilənin hazırkı vəziyyətdə legitimliyini sual altına ala biləcək hər hansı sənəd iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpa Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Bakı Şəhər X10 İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi arasında bağlanmış 18 iyun 1987-ci il tarixli, 7328 saylı müqavilə əsasında ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş 51,5 kv.m. yaşayış sahəsi, 4,6 kv.m. köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8559/2022 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Bakı Şəhər X10 İcraiyyə Komitəsinin X3 və İstismarı Birliyi arasında bağlanmış 18 iyun 1987-ci il tarixli, 7328 saylı "Bağ sahələrinin, tikililərin uzunmüddətli icarəyə verilməsi"nə dair müqavilə əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 nömrəli bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və torpaq sahəsində inşa edilmiş 51,5 kv.m. yaşayış sahəsi, 4,6 kv.m. köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Məhəmməd Rüstəmli Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar