Məhkəmə qərarları › İş №2-1(103)-1007/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1007/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1007/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs Mehriban Aslan qızının nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı (xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X12, X2 Aslan qızı) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Şirəliyev Səməndər Qədir oğlu cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı 18.12.2018-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinə dair qəbul etdiyi qərarın və onun əsasında hər hansı sənəd (akt) vermişdirsə, həmin sənədin etibarsız sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsi Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 595 nömrəli qərarı ilə 30.12.2006-cı il tarixində 682 nömrəli alqı-satqı müqaviləsi bağlamaqla fərdi yaşayış evi tikmək üçün ona ayrılmışdır. Həmin vaxt maddi imkanı yaxşı olmadığından tikintini həyata keçirə bilməmişdir. Lakin mütəmadi torpaq sahəsinə baş çəkmiş, həmişə onu nəzarətdə saxlamışdır. Təxminən 2011-2012-ci illərdə 30000 manata yaxın pul xərcləyərək, həmin torpaq sahəsini abadlaşdırmış, torpaq sahəsinə beton svaylar vurmuş, tikilmiş hasarı böyütmüş, qapı qoymuşdur. 2018-ci ilin noyabr ayının əvvəllərində yaşayış evinin tikilməsinə başlayan zaman bir qrup şəxs gələrək bu yerin 200 kv m sahəsinin Binəqədi rayon məhkəməsinin hakimi Fərrux Qasımova məxsus olduğunu bildirmişlər. Bu yaxınlarda Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 17/68-1517/8-4 nömrəli icra işi ilə bağlı ona məlum olmuşdur ki, Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 595 nömrəli qərarı ilə ona ayrılmış, 30.12.2006-cı il tarixində, 682 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsini aldığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində yerləşən 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinə dair Mehriban Aslan qızının adına 03.08.2017-ci il tarixində RX № ******* çıxarış verilmişdir.İddiaçı hesab edir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m hissəsinin X7 (hazırda X11) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 16.01.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona ayrılmış Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinə dair qəbul edilmiş qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 06.03.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Mehriban Aslan qızı, X12 və X11 (əvvəlki adı X10) məhkəmə icraatına cəlb edilməklə, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinin X7 (hazırda X11) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 15.03.2019-cu il tarixdə iddiaçı ərizə təqdim edərək, Mehriban Aslan qızı, X12 və X11 (əvvəlki adı X10) məhkəmə icraatına cəlb edilməklə, cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m sahəsinin X7 (hazırda X11) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-782/2019 saylı, 27 mart 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-782/2019 saylı, 10 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. 13.11.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 noyabr 2019-cu il tarixli, 13708 №-li ekspertiza aparılmasının və rəy verilməsinin mümkün olmaması barədə məlumat məhkəməyə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-782/2019 saylı, 15 noyabr 2019cu il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmişdir. 24.01.2020-ci il tarixdə X3 10 yanvar 2020-ci il tarixli, 105 №-li ekspert rəyi məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı Şirəliyev Səməndər Qədir oğlunun cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv m torpaq sahəsinin 200 kv m hissəsinin X7 (hazırda X11 adlanır) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarın ləğv edilməsi barədə iddiası rədd edilmişdir. 05.01.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs Mehriban Aslan qızının nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon Bələdiyyəsinin 595 №-li, 29.12.2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsinin vət.İddiaçı tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq həmin torpaq sahəsi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında 682 №li, 30.12.2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsi həmin bələdiyyə tərəfindən iddiaçıya satılmışdır və həmin torpağın situasiya planı tərtib edilmişdir. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 245 №li, 13.10.2004-cü il tarixli qərarına əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv metr torpaq sahəsi yaşayış evinin tikintisi üçün X5 mülkiyyətinə ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №li çıxarışa əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 0,02 ha torpaq sahəsi X8 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, qeydiyyat tarixi 24.06.2017-ci il göstərilmişdir. - 30.06.2017-ci il tarixli, ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X11 Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsini Həsənov Anar Rəşad oğluna satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №li çıxarışa əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 0,02 ha torpaq sahəsi Həsənov Anar Rəşad oğlunun xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, qeydiyyat tarixi 06.07.2017-ci il göstərilmişdir. - 23.07.2017-ci il tarixli, ******* №li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Həsənov Anar Rəşad oğlu Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsini Mehriban Aslan qızına satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li çıxarışa əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 0,02 ha torpaq sahəsi Mehriban Aslan qızının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır, qeydiyyat tarixi 03.08.2017-ci il göstərilmişdir. - Bakı şəhəri, 9-cu mkr, C.Cabbarlı küçəsində Məmədov Ramin Ramiz oğluna fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin situasiya planına əsasən nəzərdə tutulan torpaq sahəsi 14x14,3 kv metr ölçüdə olmuşdur. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 114 №li, 13.10.2004-cü il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 9-cu mkr, C.Cabbarlı küçəsində 200 kv metr torpaq sahəsi həmin bələdiyyə tərəfindən X1. - “X4”nin 105 №li, 10.01.2020-ci il tarixli ekspert rəyinə əsasən iddiaçı Şirəliyev Səməndər Qədir oğluna fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin situasiya planında hər hansı tərpənməz nöqtəyə bağlılıq olmadığından həmin torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılıq koordinatları olmadığından həmin torpaq sahəsi ilə 03.08.2017-ci il tarixli, seriya RX ******* №li çıxarışla üçüncü şəxs Mehriban Aslan qızının mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşməməsini müəyyən etmək mümkün olmamışdır, tərəflərə ayrılmış torpaq sahələrinin üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində 200 kv metr torpaq sahəsinin Məmmədov Ramin Ramiz oğluna (hazırkı adı Həsənov Pənah Ramiz oğlu) ayrılmasına dair 13.10.2004-cü il tarixli, 245 №li qərarına əsasən situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılığı, koordinatları olmadığından həmin torpaq sahəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində 330 kv metr torpaq sahəsinin Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli, 595 №-li qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün situasiya planı ilə təklif olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır, Binəqədi Bələdiyyəsinin 13.10.2004-cü il tarixli, 245 saylı qərarı ilə ayrılmış torpaq sahəsinin situasiya planının hər hansı tərpənməz nöqtəyə bağlılığı, koordinatları olmadığından həmin torpaq sahəsi ilə məhz həmin qərar əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 1 saylı BƏİ tərəfindən 03.08.2017-ci il tarixdə Mehriban Aslan qızına verilmiş çıxarışdakı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi 300 kv metrdir və həmin torpaq sahəsinin 200 kv metr hissəsi DƏDRX-nin 1 saylı BƏİ tərəfindən 03.08.2017-ci il tarixdə Mehriban Aslan qızına verilmiş çıxarışdakı torpaq sahəsinin cənub-şərq hissəsində koordinatları ilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası qeyd edir ki , hazırkı iş üzrə iddiaçı tərəfindən ləğv edilməsi xahiş edilən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 13.10.2004-cü il tarixli, 245 nömrəli qərarının qanun pozulmaqla qəbul edilməsi halları müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan “X4”nin 105 №li, 10.01.2020-ci il tarixli ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi ilə mübahisələndirilən qərarda göstərilən torpaq sahəsinin eyni torpaq sahəsi olması müəyyən ediməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2-1(112)-72/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar