Məhkəmə qərarları › İş №2-1(103)-1007/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1007/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1007/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Oruczadə Aytən Pənah qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1981-ci il tarixində ünvan 4ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 157) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “özbaşına tikilinin pasport qeydiyyatına götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9372/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 13.08.2021-ci il tarixində cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında özbaşına tikili sayılan fərdi evə pasport qeydiyyatına götürülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 4i ünvanında qeydiyyatda olsa da, uzun illərdir ki ünvan 3 ünvanında yerləşən, bacısı X1 məxsus olan, dövlət reyestrində qeydiyyata alınmamış fərdi tikilidə pasport qeydiyyatına alınmadan yaşayır. İddiaçı onun faktiki yaşayış yeri olan ünvan 3 ünvanında özbaşına tikili sayılan fərdi evə pasport qeydiyyatına götürülməsinin təmin olunmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh heç bir əməl görməmiş və hərəkətsizlik göstərmişdir. Ona görə də iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9372/2021 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 3 ünvanında özbaşına tikili sayılan fərdi evə pasport qeydiyyatına götürülməsi” barədə iddia tələbi rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9372/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh məhkəməyə 03.02.2022-ci il tarixli, 082-2730M- 3222 nömrəli məktub ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-9372/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçının cavabdehə ünvanlanmış 05 iyul 2021-ci il tarixli ərizəyə əsasən iddiaçı onun faktiki yaşayış yeri olan ünvan 3 ünvanında özbaşına tikili sayılan fərdi evə pasport qeydiyyatına götürülməsini xahiş etmişdir. - "xxxx" MMC-nin ********* nömrəli qəbzinə əsasən İddiaçı 05.07.2021-ci il tarixdə Bakı şəhəri Cavabdehnə məktub göndərmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 03 may 2021-ci il tarixli, 736 nömrəli arayışının surətinə əsasən, İddiaçı 3- cü Alatava küçəsi, 157 saylı özbaşına tikilidə qeydiyyatsız yaşayır. -AZE seriyalı, 13282511 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X2 (iddia ərizəsinə əsasən iddiaçının bacısı) 04.06.1974-cü il tarixində ünvan 4ində anadan olmuş, Ağdam rayonu, Qasımlı kəndi ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir : «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının ünvan 3 ünvanında özbaşına tikili sayılan fərdi evə mülkiyyət hüququ olmadığından, icarə (və ya kirayə) müqaviləsi olmadığından, digər qanuni əsaslarla yaşamadığından və bunun nəticəsi olaraq o, cavabdeh orqana, həmçinin birinci və apellyasiya instansiyası məhkəmələrinə qanunla tələb olunan sənədləri təqdim edə bilmədiyindən iddia tələbi əsassız olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan yaşadığı fərdi tikilidə kommunal xidmətlərin pulunu ödəməsi ilə bağlı qeyd edir ki, kommunal xidmətlərin ödənilməsi cavabdeh tərəfindən qeydiyyata alınmaq üçün əsas ola bilməz. Belə ki, iddiaçı istifadə etdiyi qaz,su, işıq və digər kommunal xidmətlərin haqqını ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9372/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9372/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar