Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1007/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «öz arzusu ilə ehtiyata buraxılması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı öhədliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan hallara görə, iddiaçı 1994-1997-ci illərdə kursant kimi həqiqi hərbi xidmət keçmiş, 1997-ci il tarixdən bu günədək N №-li hərbi hissədə mayor hərbi rütbəsində zabit kimi həqiqi hərbi xidmət keçir. O, xx.xx.2022-ci il tarixdə komanda üzrə hərbi hissə komandirinə raportla müraciət edərək “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raport xx.xx.2022-ci ıl tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilmiş və hərbi hissənin kargüzarlığında qeydiyyata alınmışdır. Hərbi hissə komandiri onun ehtiyata buraxılması üçün yazdığı raportun üzərinə müvafiq dərkənar qoymuş və həmin raport xx.xx.2022-ci il tarixdə qərar qəbul edilməsi üçün yuxarı instansiyaya-Hərbi Hava Qüvvələri Komandanlığına göndərilmişdir. Lakin raporta mahiyyəti üzrə baxılmamış, baxılmamasının səbəbləri barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Bundan sonra o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirinə və AR Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanına şikayət ərizəsi ilə müraciət edərək xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respubrikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın N №-li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raportuma uyğun olaraq onun “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. Lakin bu günədək bu müraciətləri də cavabsız və nəticəsiz qalmışdır. Cаvаbdеh iddia ərizəsinə еtirаzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu оnunlа əsаslаndırmışdır ki, xx.xx.1979-cu il təvəllüdlü iddiaçı, mayor İddiaçı, 1997-ci ildə Ali Hərbi Təyarəçilik Məktəbini bitirmiş, həmin vaxtandan 20 ildən artıq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmiş, hal-hazırda isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini-bölmə rəisidir. Onun təcrübəli zabit, müvafiq hərbi hissələrdə ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, barəsində ehtiyata buraxılmasına dair qərar qəbul edilməmişdir. Bundan əlavə “Hərbi xidmət haqqında'' Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yas həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2022-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün müvafiq təqdimatın 843№li hərbi hissədən yuxarı komandanlığa göndərilməsinin təmin edilməsi və həmin raporta uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, şikayət üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, peşəkar və təcrübəli zabit olduğu, müvafiq hərbi hissələrə ixtisasına uyğun hazırlanmış və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsi nəzərə alınaraq, iddiaçı barəsində ehtiyata buraxılmağa dair qərar məqsədə uyğun hesab edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16 -cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yas həddi kiçik zabitlər (o cümlədən, mayor hərbi rütbəsində olanlar) üçün 48 yas həddi müəyyən edilmişdir.Həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa yəni həqiqi hərbi xidmətdə olmığın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi peşəkar təcrübə toplamış zabitlərin itirilməsi, bununla da müharibə şəraitində yaşayan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında Azərbaycan Respublikası Prezidenti - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Məhkəmə kollegiyasının iclasları barədə və məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxıla biləcəyi barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarında iştirak etməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, 1994-cü ildən hərbi xidmət etdiyini, hal hazırda öz arzusu ilə ehtiyata buraxılmaq istəyinin ailə vəziyyətində yaranmış problemlərlə əlaqədar olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının tələbindən göründüyü kimi, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması baarədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına, o cümlədən, iddia ərizəsinə, cavabdehin iddia ərizəsinə etirazı və hazırkı apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının 1994-1997-ci illərdə kursant kimi, 1997-ci il tarixdən bu günədək N №-li hərbi hissədə zabit kimi hərbi xidmət keçməsi işin mübahisələndirilməyən hallarıdır. Eyni zamanda,iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzu il) əsasən ehtiyata buraxılması üçün birbaşa tabe oluduğu hərbi hissə rəhbərliyinə raportla müraciət edərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, onunla fərdi söhbətlər aparılmış, öz arzusu ilə ehtiyata buraxılmaq istəyinin səbəbləri öyrənildikdən sonra, Hərbi Hava Qüvvələrinin rəhbərliyinə məruzə olunmuş, lakin yuxarı komandanlıq tərəfindən onun hərbi xidmətinin xüsusiyyətləri, uçuş təcrübəsi və bu sahədə təcrübəli mütəxəssis olduğu nəzərə alınaraq onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsaslarla iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaq hüququ məhdudlaşdıra bilməz. Çünki hərbi qulluqçunun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyinin imperativ göstərişləri ilə müəyyən edilmişdir: Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. «Hərbi xidmətkeçmə haqqında” Qanunun 156-cı maddəsinin «j» bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Qanunvericiliyin qeyd olunan normalarından aydın görünür ki, azı 10 il xidmət etmiş zabit öz arzusu ilə Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair müvafiq müraciəti mövcud olduğu təqdirdə ehtiyata buraxılmalıdır. Konkret halda iddiaçının öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmasını zəruri edən faktiki şərtlər mövcuddur. Belə ki, iddiaçının nəinki azı 10 il, hətta 28 ildən çox hərbi xidməti mövcuddur Belə olan halda, onun zabit olaraq öz arzusu ilə ehtiyata buraxılması barədə müraciəti cavabdeh orqan tərəfindən imtina ilə qarşılanması qanuna ziddir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının 10 ildən çox xidmət etmiş peşəkar və təcrübəli zabit olduğunu və ehtiyata buraxılması üçün 48 yaş həddinə çatmadığını əsas gətirən dəlilləri iddiaçının ehtiyata buraxılmasından imtina üçün əsas ola bilməz. Əks təqdirdə, onun qanunla qorunan hüquqları pozulmuş olur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7945/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1007/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1007/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver