Məhkəmə qərarları › İş №2-1(103)-1008/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1008/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1008/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1070/2020 saylı qərarından cavabdehin nümayəndəsi T.Hətəmova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1070/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya 01 yanvar 1972-ci ildən 13 noyabr 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 23 noyabr 1974-cü ildən 04 dekabr 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 20 dekabr 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 28.11.1977-ci ildən 01.06.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 01.09.1978-ci ildən 05.07.1983-cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək “xxxx” ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 08.01.2002-ci ildən 17.01.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, 01.01.2006-cı ildən 31.12.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və 19 may 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi T.Hətəmova tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Binəqədi rayon şöbəsinə) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 01 yanvar 1972-ci ildən 13 noyabr 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 23 noyabr 1974-cü ildən 04 dekabr 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 20 dekabr 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 28.11.1977-ci ildən 01.06.1978ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 01.09.1978-ci ildən 05.07.1983-cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək “xxxx” ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 08.01.2002-ci ildən 17.01.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, 01.01.2006-cı ildən 31.12.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və 19 may 2019-cu ildən hesablanmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus 18.03.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01.01.1972-ci il tarixdən “Başbakitikinti” İdarəsinin “Sovmədəntikinti” 11 nömrəli trestinin 10 nömrəli XTİ-nə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmiş,13.11.1974-cü il tarixədək orada işləmiş və 1 il 11 ay 13 gün staj əldə etmişdir. Həmçinin ona məxsus 04.10.1985-ci il tarixli, VÇ 058481 nömrəli hərbi biletdən görünür ki, o, 23.11.1974-cü il tarixdən 04.12.1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, bu da 2 il 11 gün təşkil edir və iş stajına əlavə edilməlidir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra o, Bakı Məişət Kondisionerləri zavodunda 19.08.1977-ci il tarixdən 24.10.1977-ci il tarixədək həmin zavodun bərkidici və istilik izolyasiyalı detallar sexində 2-ci dərəcəli köməkçi fəhlə, 24.10.1977-ci il tarixdən 20.12.1977-ci il tarixədək soyuq-basma avtomatlar sexində 2-ci dərəcəli avtomatçı usta vəzifəsində işləmişdir. Bu da 4 ay iş stajı təşkil edir. 28.11.1977-ci il tarixdən 01.06.1978-ci il tarixədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda 7 ay təhsil aldığına görə də bu müddət də iş stajına daxil edilməlidir. 05.07.1983-cü il tarixli, İV 040274 nömrəli diploma əsasən o, 01.09.1978-ci il tarixdən 05.07.1983-cü il tarixədək Ç.İldırım adına Politexnik İnstitunun əyani fakultəsində oxumuş və bu 5 il də iş stajına daxil edilməlidir. 22.11.1983-cü il tarixdən 08.11.1993-cü il tarixədək o, Bakı Cihazqayırma Birliyinə baş texnoloq şöbəsində 3-cü dərəcəli mühəndistexnoloq vəzifəsində, həmin zavodun instrumental təsərüfat şöbəsində baş mühəndis vəzifəsində, geniş istehlak sexində usta vəzifəsində, zavodun xarici əlaqələr və texniki informasiya şöbəsinin rəisi vəzifəsində, 6 nömrəli XİM sahəsində 1-ci dərəcəli mühəndistexnoloq vəzifəsində işləmiş və 9 il 11 ay 10 gün iş stajı qazanmışdır. 09.11.1993-cü il tarixdən 02.01.1998-ci il tarixədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləmiş və 4 il 11 ay 23 gün iş stajı qazanmışdır. “xxxx” ATC Bakı İxtisas mexanikləşdirmə filialında 05.01.1998-ci il tarixdən 04.01.2002-ci il tarixədək sahə rəisi vəzifəsində işləmiş və 4 il iş stajı əldə etmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsində 08.01.2002-ci il tarixdən Nəqliyyat şöbəsinin müdiri vəzifəsində işləmiş, 02.01.2004-cü il tarixdə Biləcəri Bələdiyyəsində daimi işlər üzrə komissiyanın üzvü seçilmiş, 17.01.2005-ci il tarixdə səlahiyyətinə xitam verilmişdir. Bununla da 3 il 12 gün iş stajı qazanmışdır. 13.01.2005-ci il tarixdən hal-hazırki günə kimi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləliklə o, 65 yaşına keçmiş və onun ümumi əmək stajı 31 il 09 ay 28 gün təşkil edir. Buna baxmayaraq cavabdeh onun hazırlıq kursunda oxuduğu dövrü təsdiq edən əmək kitabçasındaki qeydi, əyani ali təhsil haqında diplomu və digər iş stajını müəyyən edən əmək kitabçasını təqdim etməyinə baxmayaraq ona yaşa görə əmək pensiyasını təyin etməkdən əsassız olaraq imtina edir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı 09.11,1993-cü il tarixindən 04.01.2002-ci il tarixədək və 01.01.2006-ci il tarixdən 31.12.2006-cı il tarixədək olan dövr sığorta olunanın sosial sığorta haqlarının ödənişi olunmadığından sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəblə, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaracaqdır. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud almalıdır: 1) fərdi hesabın sıqorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı Mizəli oğlunun təqdim etdiyi sənədlərə əsasən 22 il 8 ay 3 gün stajı olduğu və fərdi hesabında pensiya kapitalı oimadığı müəyyən edilmişdir.İrntina cavabında qeyd edildiyi kimi, 09.11.1993-ci il tarixdən 04.01.2002-cı il tarixədək və 01.01,2006-ci ıl tarixdən 31.12.2006-cı il tarixədək iddiaçının işləmiş olduğu dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrlər sosial sığorta stajı kimi hesablana bilməz. Bakı İnzibatı Məhkəməsinin qərarında da qeyd edildiyi kimi AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən sorğuya verilmiş 13.08.2020-ci il tarixli cavab məktubuna əsasən idarədə olan reyestrdə 1993-2002-ci illərə dair "xxxx" SMD və "xxxx" X5 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir Lakin məhkəmə buna baxmayaraq vətəndaşın iddiasını təmin etmişdir. 12 dekabr 2003-cü tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə yəni hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialdan yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər.Qanunda da qeyd edildiyi kimi "xxxx" SMD və "xxxx" X5 Cəmiyyətinin Bakı İxtisasrnexanikləşdirmə filialı adlı kommersiya qurumu adlı hüquqi şəxsin mövcud olması ilə bağlı heç bir əsas yoxdur və hesab edir ki, şəxsin iddiası əsassızdır, hüquqi şəxs mövcud olmadığı üçün həmin illərin iddiaçının iş stajı kimi qeyd edilməsi həqiqətə uyğun deyil. İddiaçının işlədiyi müəssisənin mövcudluğunu dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Milli arxiv idarəsinə sorğular göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya veriimiş 20.11.2020ci il tarixli cavab məktubuna əsasən "xxxx" SMD və "xxxx" X5 Cəmiyyəti 31.05.1999-cı ıl və 11.03.1998-ci il tarixlərində qeydiyyata alınmışdır. İddiaçı isə 1993-cü ildən başlayaraq həmin müəssisələrdə işlədiyini iddia edir. Nümayəndə hesab edir ki, iddiaçının mövcud olmamış müəssisədə işləməsinə dair iddiası əsassızdır. Məhkəmə işin hallarını tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 13.08.2020-ci il tarixli məktubuna əsasən idarədə olan reyestrdə “xxxx” SMD və “xxxx” X5 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu aşkar edilməmişdir. Vergilər Nazirliyinin elektron portalından çıxarışına əsasən “xxxx” X5 Cəmiyyəti hüququ şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 07.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçı 13.01.2005-ci ildə vergi ödəyicisi kimi uçota alınmışdır, 01.01.2006-cı ildən 31.12.2006-cı ilə qədər fəaliyyət göstərməsi barədə məlumat aşkar edilmişdir, fəaliyyəti aktiv vəziyyətdədir. İT – İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı 01.01.1992-ci ildən 13.11.1974-cü ilədək “Sosmədəntikinti” Başbaktikinti 11 nömrəli trestin 10 nömrəli XTİ-də fəhlə, 19.08.1977-ci ildən 16.12.1977-ci ilədək Bərkidici və İstilik izolyasiyaları detallar sexində köməkçi fəhlə, soyuq basma avtomatlarının avtomatçı usta, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakıcihazqayırma İstehsalat Birliyində mühəndis-texnoloq, usta, şöbə rəisi, mühəndis, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək “xxxx” SMA-da sahə rəisi, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək “xxxx” ATSC-da sahə rəisi, 05.01.2002-ci ildən 17.01.2005-ci ilədək Bakı şəhəri X1 şöbəsinin müdiri vəzifələrində, daimi işlər üzrə komissiyanın üzvü işləmişdir, həmçinin 01.12.1977-ci ildən 05.07.1983-cü ilə qədər Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda və həmin ali məktəbun gündüz şöbəsində ali təhsil almışdır. VÇ 058481 nömrəli hərbi biletə əsasən İddiaçı 23.11.1974-cü ildən 04.12.1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İV 040274 nömrəli diploma əsasən İddiaçı 1978-ci ildən 1983- cü il tarixədək Ş.İldırım adına AzPİ-nin mexanika fakultəsində gündüz şöbəsində təhsil almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsinin 06.12.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya sığorta stajının 25 ildən az olması və fərdi hesabında pensiya kapitalının olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.İddiaçıya bildirilmişdir ki, 09.11.1993-cü ildən 04.01.2002-ci ilə qədər işlədiyi müəssisədə aldığı əmək haqqından sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmadığından həmin müddət və qanunvericiliklə nəzərdə tutulmadığından 1978- 1983-cü illərdə təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1955-ci ildir, əmək kitabçasına əsasən onun 2006-cı ilin yanvar ayına qədər 25 ildən çox iş stajı vardır, həmçinin 2006-cı ilə qədər 1978- 1983-cü illərdə iddiaçı 5 il gündüz şöbəsində ali təhsil almış və ali təhsil müəssisinə hazırlıq kursunda təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər isə iki il müddətində orduda xidmət etmişdir, 01.01.2006-cı ildən 31.12.2006-cı ilə qədər sahibkar kimi fəaliyyət göstərmişdir. İddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, bunu onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçının tələb olunan sığorta stajı yoxdur, belə ki, iddiaçının 09.11.1993cü ildən 04.01.2002-ci ilə qədər olan dövrdə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmamışdır, həmin müddəti və 1978-1983-cü illərdə ali məktəbdə təhsil aldığı dövrü sğorta stajına daxil etməkdən cavabdeh imtina etmişdir. Birinci instansiya məhkəməsi aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyi ilə razılaşmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun 25 ildən çox əmək stajının olması təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndinə də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı...” Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının 09.11.1993-cü ildən 04.01.2002-ci ilə qədər olan dövrdə işlədiyi müddətdə əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi barədə heş bir sübut məhkəməyə təqdim edilməmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır, sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir:..sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;.. Həmin Qanunun 2018-ci ilin noyabr ayına qədər qüvvədə olmuş 18-ci maddəsinin redaksiyasına əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırmaq səlahiyyətiin olması nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının 1993-2002-ci illərdə işlədiyi müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarını ödəməsini təmin etmək iddiaçının deyil,məhz cavabdehin vəzifəsi və səlahiyyəti olduğuna görə həmin müəssisələr tərəfindən məcburi dövlət sosial sığortalarını ödəmədiyi halda bunun məsuliyyəti cavabdehin üzərinə düşür və heç bir halda iddiaçının sosial təminat hüquqlarını məhdudlaşdırmamalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisəyə aid idi və müəssisə tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyətinin yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, 16 may 2000-ci il tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir. Həmin qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliklə qeyd edilən borclar ləğv edildiyi halda iddiaçının 09.11.1993-cü ildən 04.01.2002-ci ilə qədər olan dövrdə işlədiyi müəssisənin sosial sığorta haqlarını ödəyib-ödəməməsi artıq iddiaçıya pensiya təyin edilməsi üçün əhəmiyyət kəsb etmir. Bundan başqa iddiaçı 1978-1983-cü illərdə ali təhsil müəssisəsinə hazırlıq kursunda və ali təhsil müəssisəsinin gündüz şöbəsində ali təhsil almışdır. “Dövlət pensiyaları” haqqında SSRİ Qanunuqüvvədə olmuşdur. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədəkqüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Bitinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Məhkəmə kollegiyası apelyasiya şikayətində gostərilən iddiaçıya 09.11.1993-cü il tarixindən 04.01.2002-ci il tarixədək və 01.01.2006-ci il tarixdən 31.12.2006-cı il tarixədək olan dövr sığorta olunanın sosial sığorta haqlarının ödənişi olunmadığından sosial sığorta stajına daxil edilməməsi dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi qərarında imtinanın qeyd edilən əsaslarını kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 13.08.2020-ci il tarixli məktubuna əsasən idarədə olan reyestrdə 1993-2002-ci illərə dair "xxxx" SMD və "xxxx" X5 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumunun aşkar edilmədiyi, "xxxx" SMD və "xxxx" X5 Cəmiyyəti 31.05.1999-cı il və 11.03.1998-ci il tarixlərində qeydiyyata alındığı, iddiaçının isə 1993-cü ildən başlayaraq mövcud olmamış müəssisədə işləməsinə dair dəlillərini qəbul etmir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlandığı 20.11.2020-ci il tarixli, **********75 saylı məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin 31.05.1999-cu il tarixli, 313 nömrəli sərəncamı ilə “xxxx” Dövlət şirkətinin 8 müəssisəsinin bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və 10.06.1999-ci il tarixində qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin səhmlərinin 52,82 faizi özəlləşdirilmiş, 47,18 faizi isə dövlət mülkiyyətindədir. Azərbayacan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 02.12.1997-ci il tarixli, 646 saylı Fərmanı ilə “xxxx” Dövlət Şirkəti ləğv edilmiş və şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 11.03.1998-ci il tarixində, 01 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanlandığı 17.05.2021-ci il tarixli, **********95 saylı məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin 31.05.1999-cu il tarixli, 313 nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin 8 müəssisəsinin bazasında “ xxxx” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. “xxxx” törəmə səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahılarında İddiaçı adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1993-2002-ci illərdə (mübahisələdirilən dövrdə) çalışdığı iş yerləri dövlət müəssisələri olmuşdur. Dövlət mülkiyyətinə əsaslanan dövlət müəssisələri 01.07.1994-cü ilə qədər ümumiyyətlə dövlət qeydiyyatına alınmırdı. Yalnız “Müəssisələr haqqında” Qanun qəbul ediləndən sonra ( 01.07.1994-cü il) dövlət müəssisələri qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınırdı.Ona görə də cavabdehin apelyasiya şikayətində iddiaçının 1993-cü ildən başlayaraq mövcud olmamış müəssisədə işləməsinə dair dəlilləri əsassızdır. Məhkəmə kollegiyası Əmlak Məsələləri Dövlət Xidmətinin 17.05.2021-ci il tarixli məktubunda “xxxx” törəmə səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahılarında İddiaçı adı qeyd edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı 02.01.1998-ci ildə həmin müəssisədən işdən azad edilmişdir, həmin müəssisənin bazasında səhmdar cəmiyyəti isə 31.05.1999-cu il tarixdə yaradılmışdır. İddiaçının işlədiyi hər iki dövlət müəssisəsi “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilmişdir və “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanunun tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” AR Qanunu 06.02.1996-cı il tarixdə qəbul edilmişdir və Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin vahid dövlət qeydiyyatını bu Qanunla müəyyən edilmiş qaydada ədliyyə orqanları həyata keçirirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” AR Qanununun tətdiq edilməsi barədə Azərbaycan Respublikasının 26.05.1996-cı il tarixli, 460 saylı Fərmanının 2-ci bəndinə əsasən siyasi partiyaların, içtimai birliklərin, həmkarlar təşkilatlarının, xarici investisiyalı hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəlikərinin, ali və orta ixtisas təhsili müəssisələrinin, maliyyə sənayə qruplarının, çek investisiya fondlarının, özəlləşdirmə prosesində dövlət müəssisələrinin çevrilməsi nəticəsində təsis edilmiş Səhmdar cəmiyyətlərinin, bankların, birjaların, sığorta, auditor təşkilatlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, digər hüquqi şəxslərin dövlət qeydiyyatı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələrində aparılır. İddiaçının təqdim etdiyi əmək kitabçasında olan işlədiyi, hərbi xidmətdə olduğu, təhsil aldığı müddətləri nəzərə alınmaqla 01.01.2006-cı il tarixə 33 il 06 ay 09 gün ümumi stajı vardır. AR Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Əmək pensiyaları haqqında” AR Qanuna əsasən əmık pensiyalarının təyin edilməsi, yenidən hesablanmasl, bir növünün başqa növünə keçirilməsi və Ödənilməsi Qaydaları”nın 3.1.1-cü hissəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi staj hesab olunur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi T.Hətəmova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli, 2-1(112)-1070/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar