Məhkəmə qərarları › İş №2-1(103)-1008/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1008/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1008/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 364/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 57 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə İddiaçı Bilgəh qəsəbəsi ərazisində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaqların alqı-satqısına dair 57 saylı xx.xx.2007-ci il tarixli aktın məzmunundan görünür ki, sözügedən torpaq sahəsi 25000.00 manat müqabilində İddiaçı satılmışdır. BEB seriyalı ******* saylı xx.xx.2007-ci il tarixli kassa mədaxil orderindən görünür ki, torpaq alqı-satqısına görə 25000.00 manat pul məbləği Bilgəh Bələdiyyəsinin hesabına ödənilmişdir. Bilgəh Bələdiyəsinin 071 saylı xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Bilgəh Bələdiyyəsi tərəfindən 057 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış 1005A saylı bağın 2400 kv.m. torpaq sahəsi Bilgəh Bələdiyyəsinin inzibati ərazisində yerləşir. İddiaçı ona Bilgəh Bələdiyyəsinin müvafiq qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********51 saylı xx.xx.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bilgəh bələdiyyəsinə ayrılmış ərazilərdən kənarda, Bilgəh bağ massivində yerləşdiyindən iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsi Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisidir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu rayon Bilgəh bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 57 saylı qərarına əsasən iddiaçıya Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi dəyəri ödənilməklə verilmiş və bu qərar əsasında onunla bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı bələdiyyəyə 25000 AZN məbləğində pul ödənmiş və həmin müqavilə barədə AR Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixdə göndərilən 281/2 saylı məktubla məlumatlandırılmışdır. Lakin bu torpaq sahəsini 2007-ci ildən qanuni əsaslarla əldə etməyinə baxmayaraq həmin torpaq sahəsinin kadastr və ölçü planının ona verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdehə etmiş olduğu müraciətlər heç bir nəticə verməmişdir. Sonuncu dəfə onun ərizəsini cavablandıran cavabdeh özünün 31 avqust 2020-ci il tarixli **********51 saylı məktubunda göstərmişdir ki, guya satılan torpaq sahəsi bələdiyyəyə ayrılmış ərazilərdən kənarda yerləşir və bu səbəbdən də müraciətinin icrası mümkün olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.Əlavə olaraq göstərilmişdir ki, İdarəyə təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2020-ci il tarixli **********51 saylı məktub ünvanlamışdır. X2 edilməsi haqqında Qanunun 8-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; Yuxarıda qeyd olunanlara əsasən bələdiyyələrin fərdi yaşayış və ya fərdi bağ evlərinin tikintisi üçün 2400 kv.m torpaq sahəsi ayırması səlahiyyətləri xaricindədir. “X2 edilməsi haqqında” Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı- satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Belə ki, “X2 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin sıyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunanların həqiqəti əks etdirib-etdirmədiyini, imtinanın qanuni olub-olmadığını müəyyənləşdirməmişdir. Bakı şəhəri, Sabunçu rayonu Bilgəh bəbdiyyəsinin 57 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə ona ayrılmış torpaq sahəsinə dair bütün sənədlərin əslləri cavabdehə təqdim edilmişdir. Torpaq sahəsi bələdiyyənin ərazisindən ayrıldığı üçün cavabdehin imtina məktubunda tələb etdiyi “icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub" adlı sənədlər mövcud deyildir. Cavabdeh formal olaraq həmin sənədləri tələb etmişdir. Cavabdehin imtinasının əsası kimi qeyd olunur ki, göstərilən torpaq sahəsi Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisidir. Bununla bağlı bildirilir ki, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş 1005 saylı bağın mülkiyyətçisi X10 məhkəmə iclasında bildirmişdir ki, onun bağ sahəsi ilə iddiaçıya məxsus olan torpaq sahəsi üst-üstə düşmür, iddiaçının torpaq sahəsinin ərazisi ayrı olmaqla qonşu torpaq sahələridir. Bu fakt Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə də təsdiq olunur. Cavabdeh imtinasında qeyd etmişdir ki, guya satılan torpaq sahəsi bələdiyyəyə ayrılmış ərazilərdən kənarda yerləşir və bu səbəbdən də müraciətinin icrası mümkün olmamışdır. Bununla bağlı bildirilir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 10/1054 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri. Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, İddiaçı faktiki istifadəsində olan 2385 kv.m torpaq sahəsi Bakı səhər İcra Hakimiyyəti Başçısının 817 saylı xx.xx.2000-ci il tarixli sərəncam ilə Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşir. X8 ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşsə də, Bilgəh Bələdiyyəsinin xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün dövlət mülkiyyəti hesab edilir. Göründüyü kimi, təsdiq olunmuşdur ki, ona ayrılmış torpaq sahəsi bələdiyyənin ərazisində yerləşir və bələdiyyə torpaq sahəsini satmaqda tam hüquqlu olmuşdur. Bilgəh Bələdiyyəsinin xəritəsinin aidiyyəti qurumlar tərəfindən təsdiq edilməməsində isə onun heç bir məsuliyyəti yoxdur. Bu vəzifəni müvafiq qurumlar icra etməlidirlər. İddia tələbinin təmin edilməməsinin əsası kimi məhkəmə qeyd etmişdir ki, ona Bilgəh bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin allınması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2400 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh həvalə edilməsi barədə iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında 3-cü şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 3-cü şəxs qismində statusu ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2020-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Bilgəh bələdiyyəsinə ayrılmış ərazilərdən kənarda, Bilgəh bağ massivində yerləşdiyindən iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmaması, həmçinin göstərilən torpaq sahəsinin Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisində olması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehin imtinasının əsaslı olmasına, iddiaçının hər hansı hüquqlarınının pozulmamasına, bələdiyyə qərarının mövcudluğunun torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməsinə, iddiaçıya Bilgəh bələdiyyəsi tərəfindən torpaq ayrılan zaman aidiyyəti qurumların (RİH və DTXK-nın yerli qurumunun) rəylərinin alınması barədə məhkəməyə heç bir sübutun təqdim olunmamasına istinad edərək tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Yuxarıda göstərilən Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası “elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Bilgəh bələdiyyəsinə ayrılmış ərazilərdən kənarda, Bilgəh bağ massivində yerləşdiyindən iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsillərinin (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya, protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmaması, göstərilən torpaq sahəsinin Bilgəh bağ massivində yerləşən 1005 saylı bağın ərazisində yerləşməsi” ilə bağlı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 7910 saylı müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 25 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Bilgəh ərazisində yerləşən sahəsi 0.10 ha olan 1005 saylı bağ sahəsi müddətsiz olaraq X5 istifadəsinə verilmişdir. MA seriyalı ******* saylı 20.09.201-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1005 saylı bağ sahəsi X5 xüsusi mülkiyyətindədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005a saylı bağ sahəsi İddiaçı ayrılarkən və ya ayrıldıqdan əvvəl və ya sonra Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında olub-olmaması, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005a saylı bağ sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə olması məsələsini aydınlaşdırmaq üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10/1054 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, İddiaçı faktiki istifadəsində olan və sənədləşdirilməsi tələb olunan (mütəxəssis qarşısında qoyulmuş sualda 1005a saylı bağ sahəsi kimi qeyd olunmuşdur) torpaq sahəsində (torpaq sahəsi 2385 kv.m-dir) hal-hazırda tikilinin mövcud olmadığı müəyyən edilir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, İddiaçı faktiki istifadəsində olan 2385 kv.m torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşir. X8 ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşsə də, Bilgəh Bələdiyyəsinin xəritəsi aidiyyəti qurumlar tərəfindən təsdiq edilmədiyi üçün dövlət mülkiyyəti hesab edilir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 57 nömrəli xx.xx.2007-ci il tarixli Qərarı ilə Bilgəh qəsəbəsi ərazisində yerləşən 1005A saylı bağ sahəsi ilə 1005 saylı bağ sahəsinin üst-üstə düşməsi barədə sübutun məhkəməyə təqdim edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi 1005R və 1005 saylı bağların ümumi hasar daxilində yerləşir. Ara sərhədləri şərtidir. Ümumi hasar daxilində sahə 3357.0 kv.m təşkil edir. İddia olunan ərazı 2329 kv.m-dir. Həmin hissədə tikili yoxdur. Sxematik xəritəyə əsasən göstərilən sahə 1005 saylı bağlı ərazisidir. Bundan əlavə yol tərəfdən torpaq sahəsinin üstündən 6kVt-luq yüksək gərginlikli elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə Bilgəh bağ massivi 1005 saylı bağların (bölünənləri daxil) ərazisinə uyğun gəlir. Qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixli müayinə aktının məzmunu sorğuya cavab məktubunun məzmunu ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası tərəfindən İddiaçı Bilgəh qəsəbəsi ərazisində yerləşən 1005A saylı bağ sahəsinin ayrılmasına dair sənədlərin, o cümlədən 57 nömrəli xx.xx.2007-ci il tarixli Qərarın, torpaqların alqı-satqısına dair aktın, torpaq sahəsinin dəyərinin ödənilməsini təsdiq edən kassa mədaxil orderinin qəbzinin, həmçinin müvafiq dövlət orqanlarından torpaqayırmaya dair müvafiq razılıqların alınmasına dair rəylərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayonu Bilgəh bələdiyyəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq müvafiq sənədlərin əslləri məhkəməyə təqdim edilmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə İddiaçı 1005 saylı bağ sahəsinin mülkiyyətçisi Kənan Əliyevin anasıdır, onlara məxsus bağ sahələri bir hasar daxilində yerləşir, iddiaçının faktiki istifadə etdiyi sahə birinci instansiya məhkəməsinə təqdim olunmuş mütəxəssis və ekspert rəyində də qeyd olunduğu kimi 2385 kv.m.-dir, həmin hissədə tikili yoxdur, sxematik xəritəyə əsasən iddiaçıya məxsus 2385 kv.m. bağ sahəsi onun oğluna məxsus 1000 kv.m. torpaq sahəsi ilə eyni hasar daxilindədir. Nəzərə alınmalıdır ki, iddiaçının oğlu və hazırki iş üzrə 3-cü şəxs olmuş Kənan Əliyevin mülkiyyətində olan bağ sahəsi onun iş materiallarında olan ******* saylı xx.xx.2011-ci il tarixli reyestrdən çıxarışına əsasən 0,10 ha olmaqla 1005 saylı bağdır. Hazırki iddiaçının tələbi ona Bilgəh Bələdiyyəsi tərəfindən ayrılmış 2400 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi ilə bağlıdır. İşdə olan ekspert rəyi ilə də təsdiq olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi Bilgəh bələdiyyəsinin torpaq sahələrinin hüdudları daxilində yerləşir. Odur ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını cavabdeh inzibati orqandan tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının tələbinin əsaslı olması qənaətinə gələrkən onu da nəzərə alır ki, birinci instansiya məhkəməsində işə baxılarkən verilmiş ekspert rəyində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 2385 kv.m. olması, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın verdiyi “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” və “torpaq sahəsinə dair məlumat verilməsi ilə bağlı” sorğuya cavab məktubunun məzmununda isə iddia olunan ərazinin 2329 kv.m. təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini onun Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin müvafiq mütəxəssisi tərəfindən verilmiş rəy əsasında yerildiyini nəzərə alaraq mötəbər sübut növü kimi qiymətləndirərək hesab edir ki, iddiaçının iddiasının qismən, ekspert rəyinə uyğun olaraq 2385 kv.m. torpaq sahəsi ilə bağlı hissədə təmin olunması daha məqsədəmüvafiqdir. O ki qaldı birinci instansiya məhkəməsinin qərarında “Bilgəh bələdiyyəsi tərəfindən torpaq ayrılarkən RİH və DTXK-nin yerli qurumunun rəylərinin alınması ilə bağlı hər hansı sənədin təqdim olunmaması”nın göstərilməsinə, bu barədə məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... Nəzərə alınmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin 2385 kv.m. hissədə təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Həmin Qanunun 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. O ki qaldı cavabdeh qurumun apellyasiya baxışı zamanı sorğuya cavab məktubunda göstərilən “yol tərəfdən torpaq sahəsinin üstündən 6kVt-luq yüksək gərginlikli elektrik xəttinin keçməsi” ilə bağlı dəlilinə, bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal iddiaçının müraciətinə cavab olaraq verilmiş imtina məktublarında və işə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəfindən qeyd olunmamışdı. Bundan əlavə, torpaq sahəsinin üstündən yüksək gərginlikli elektrik xəttinin keçməsi səbəbi iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Oxşar münasibətlər üzrə oturuşmuş məhkəmə təcrübəsi mövcuddur (Ali Məhkəmənin 2-1(102)-445/2021 saylı inzibati işi). İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2385 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-364/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1005A saylı bağın 2385 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar