Məhkəmə qərarları › İş №2-1(103)-1009/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1009/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1009/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı X5, Üçüncü şəxs X6, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X6) “qeydiyyatdan çıxarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10129/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X5 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) «qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10129/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadında istinad etdiyi Xətai Rayon Məhkəməsinin 2 (011)-10227/2017 saylı, 14 dekabr 2017-ci il tarixli qətnaməsində həmin iş üzrə “evə köçürülmə tələbini” irəli sürən iddiaçı X1 istədiyi evin özbaşına tikili olması əsası ilə həmin iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığı, həmin evin özbaşına tikili olduğu və heç kimin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı göstərilmişdir. Yəni sözügedən məhkəmə qətnaməsində hazırki iş üzrə iddiaçı X3 30 ildən artıq müddətdə istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən evlə bağlı hər hansı şəxsə qarşı iddia irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasına münasibət bildirilməmişdir. Belə olan halda məhkəmənin həmin qətnaməyə istinad edərək iddiaçı X3 hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək qərardadın ləğv olunmasını, iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, iddiaçı Məmmədova Mirvari üçüncü şəxs X4 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə cavabdeh inzibati orqana müraciət etmiş, imtina cavabı aldığından Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya aşağıdakılara əsasən bu nəticəyə gəlir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. İşin hallarını hərtrəfli araşdıran məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ olmadığından iddia mümkün sayılmamalıdır. Bakı şəhəri Xətai RİH başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 oktyabr 2021-ci il tarixli 18 saylı məktubunda aşağıdakılar bildirilir: ünvan 2 ünvanında fərdi yaşayış evi mövcuddur, təxmini olaraq 10 – 12 il əvvəl sənədsiz olaraq özbaşına tikilmişdir. ünvan 3 ünvanladıı 02.03.2022-ci il tarixli, 15 saylı məktubunda qeyd edilmişdir ki, sizin 2-1(103)-1009/2022 saylı 22 fevral 2022-il tarixli sorğunuza cavab olaraq bildiririk ünvan 4 ünvanda yerləşən özbaşına tikililərə tərəfimizdən baxış keçirilmişdir. Məlumat olaraq bildiririk ki yoxlama zamanı ayrı-ayrılıqda 3 yerdə yaşayış sahələrinin mövcudluğu müəyyən olundu. Həmin yaşayış sahələrindən birində X5 yaşayır. Mirvari xanımla söhbət zamanı bildirdi ki onun gəlini X6 2017-ci ilə qədər mərhum həyat yoldaşı Rövşənə məxsus evdə yaşasa da, 2017-ci lin yanvar ayindan bu ünvanda yaşamır. Digər yaşayış sahələrində onun 2 oğlu ayrı-ayrılıqda yaşayirlar. Göstərilən ünvanda yerləşən evlər özbaşına tikililər olduğundan həmin yaşayış sahələrinə ev kitabı mövcud deyil. AR Mülki Məcəlləsinin: - 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Kollegiya qeyd edir ki, yaşayış yerinə hüquq mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırki iş üzrə mübahisəli ünvanda yerləşən ev öz başına tikili olduğundan iddiaçı həmin evə mülkiyyət, icarə və ya istifadə hüququ olan şəxs qismində qəbul edilə bilməz. Eyni zamanda kollegiya vurğulayır ki, məhkəmə araşdırması zamanı hazırki iş üzrə ünvan 1 ünvanında hər biri özbaşına tikili olmaqla, 3 ayrı yaşayış sahəsinin olduğu müəyyən edilir. İşin hallarından və tərəflərin izahatlarından isə müəyyən edilmişdir ki, iddiaçı Məmmədova Mirvarinin qeydiyyatını mübahisələndirdiyi Məmmədova Aynur mübahisəli ünvanda yerləşən 3 yaşayış sahəsindən iddiaçının istifadəsində olan deyil, digər yaşayış sahəsində yaşamışdır və qeydiyyatdadır. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, X3 üçüncü şəxs X4 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılmasını tələb etmək hüququ yoxdur, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. İddiaçı X3 apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10129/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aytən Oruczadə Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar