Məhkəmə qərarları › İş №2-1(103)-1009/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1009/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1009/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8772/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X9 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (10 ay) cavabdehdən vurulmuş ziyana görə 15.000 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “X9 CDİ” minik markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin müvəqqəti duracaqda qanunsuz saxlanıldığı müddətdə (13 ay) cavabdehdən vurulmuş ziyana görə 19500 manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8772/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8772/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-6602/2018 saylı qətnaməsinə əsasən 10000 (on min) manat məbləğində X3 borcu olmuşdur. Həmin məhkəmənin 8(008)-285/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən mülkiyyətində olan Mersedes markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyularaq BDYPİ-nin 9 saylı duracağa yerləşdirilmişdir. Borc ödənmiş, icra işinə xitam verilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(008)-706/2020 saylı qərardadına əsasən həbs qərarı ləğv edilərək icra edilməsi BDYPİ-nə həvalə edilmişdir. İcra işinə xitam verildiyindən, xx.xx.2020-ci il tarixdə Sabunçu İcra şöbəsi DYPİ-nə və duracağa məktub yazaraq avtomobilin mülkiyyətçisinə verilməsini xahiş etmişdir. 13 ay iddiaçının mülkiyyəti qanunsuz olaraq duracaqdan ona verilməmişdir. Bunun nəticəsində iddiaçıya 19000 min manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(008)-706/2020 saylı qərardadının surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı mülkiyyətində olan “X9 CDİ” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sabunçu Rayon Məhkəməsinin 8(008)-285/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qoyulmuş həbs götürülmüş, qərardadın icrası Azərbaycan Respublikası DİNin BDYPİ-yə həvalə edilmişdir. İş materiallarında olan Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən Baş X10 İdarəsinin “Siqnal” ixtisaslaşdırılmış-Layihə İstehsalat İdarəsinin 9 nömrəli dayanacağına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən “X9 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı təhvil verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən Baş X10 İdarəsinin Sabunçu rayon X10 şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə icraata xitam verildiyindən borclu İddiaçı məxsus “X9 CDİ” minik markalı **-EU-*** qeydiyyat nişanlı avtomobilin ona təhvil verilməsinə heç bir etirazın olmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6219/2021 saylı qərarından görünür ki, iddiaçı Salman Pərviz Müzəffər oğlu cavabdeh İddiaçı qarşı (Azərbaycan Respubliyası DİN-nin Baş DYP İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «X9 CDİ» markalı ** EU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cavabdeh İddiaçı adına alqısatqı edilməsi üzrə əqdin etibarsız hesab olunmaqla, verilmiş xx.xx.2017-ci il tarixli AC №955944 saylı qeydiyyat şəhadətnaməsi üzrə qeydin ləğv edilməsi və tərəflərin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşılıqlı iddia verərək, mülkiyyətində olan “X9 CDİ" minik markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin və qeydiyyat şəhadətnaməsinin Salman Pərviz Müzəffər oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı 16 aprel 2019cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «X9 CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə X1 arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh Salman Pərviz Müzəffər oğluna qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12736/2019 saylı 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2(008)-1510/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1203/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5072/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1510/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” barədə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, «X9 CDİ minik» markalı ** EU *** dövlət nömrə nişanlı avtomobil və ona dair AC seriyalı 955944 nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsinin iddiaçıdan alınaraq cavabdehə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-6219/2021 saylı qərarı ilə Salman Pərviz Müzəffər oğlunun kassasıya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qərar qəbul edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli «Mertedes Benz VİTO CDİ» markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə Salman Pərviz Müzəffər oğlu arasında bağlanmış «nəqliyyat vasitəsinin alqısatqısı» haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC № 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Salman Pərviz Müzəffər oğluna qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, ödənilmiş məhkəmə xərcləri cavabdehə aid edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 42661/2022-15 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, şöbənin icraatında olan İddiaçı mülkiyyətində olan “X9 CDİ” minik markalı ** EU *** qeydiyyat nişanlı avtomobillə bağlı icra işi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Sabunçu rayon məhkəməsinin 2(008)-1510/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2004-cü il istehsalı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli "X9 CDİ" markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə Salman Pərviz Müzəffər oğlu arasında bağlanmış "nəqliyyat vasitəsinin alqı-satqısı" haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC nömrəli 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilməlidir. İcra vərəqəsi xx.xx.2022-ci il tarixdə icra olunması üçün AR BDYPİ-nə göndərilərək icraatına xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 073- 805248-4222 nömrəli məktubun surətinə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6219/2021 saylı qərarına əsasən Salman Pərviz Müzəffər oğlunun kassasiya şikayəti təmin edilmişdir. Qeyd edilən qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmişdir. Salman Pərviz Müzəffər oğlu ilə arasında bağlanmış “nəqliyyat vasitəsinin alqı-satqısı” haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilərək həmin alqı-satqı müqaviləsi əsasında adına verilmiş nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli AC955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmişdir. Avtomobilin xx.xx.2022-ci il tarixində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 9 saylı duracaqdan Salman Pərviz Müzəffər oğluna verilməsi Sabunçu RPİ DYPŞ-nin əməkdaşı tərəfindən təmin edilmişdir. İş materiallarına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, ***-*******-3229 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdən etibarən “X9 CDİ” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hər hansı məhdudiyyət mövcud deyildir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 349853 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, tərəfindən təqdim edilmiş məhkəmə qərardadında avtomobilin üzərindən həbsin götürülməsi qeyd edilmişdir. Lakin göstərilən avtomobilin ona qaytarılması yalnız icra məmurunun iştirakı ilə həll oluna bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 046- 517xx/xx-4220 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6602/18 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən mülkiyyətində olan “Mercedes” markalı, AZ **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbs edilərək BDYPİ-nin “Siqnal” İLİİ-nin 9 saylı mühafizə olunan duracağına yerləşdirilməsi, borcu ödədikdən sonra icra işinə xitam verilməsi barədə icra şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunu və Sabunçu RPİ DYPŞ-yə təqdim edilməsinə baxmayaraq DYPŞ-nin əməkdaşı Anar Qəmbərovun avtomobilin icra məmuruna veriləcəyini bildirərək qanunsuz hərəkətlərə yol verməsi haqda DİN-in rəhbərliyinə ünvanladığı və Bakı Şəhər BPİ DYPİ-yə daxil olmuş müraciətləri Sabunçu RPİ-də araşdırılan eyni məzmunlu şikayəti əsasında toplanmış materiala əlavə olunması üçün aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon icra şöbəsi tərəfindən Sabunçu rayon X10 Şöbəsinə ünvanlanmış 8(008)706/2020-15 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunun surətinə əsasən Sabunçu rayon məhkəməsinin 8(008)- 706 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilməsi üçün göndərilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 016-51718/3S-3220 nömrəli məktubunun surətinə əsasən bildirilmişdir ki, BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən «Mercedes» markalı 99EU689 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə əlaqədar Sabunçu rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-6602 saylı qərardadı əsasında X8 şəxsi heyəti təlimatlandırılmış, qeydiyyat hərəkətlərinə məhdudiyyət qoyulmuşdur. Həmin avtomobilin saxlanılmasına dair Baş DYP İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Eyni zamanda bildirilmişdir ki, avtomobilin saxlandığı yer barədə məlumata malikdirsə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin məcburi qaydada götürülməsi məqsədi ilə aidiyyəti üzrə Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinə müraciət edə bilər. Ərazi üzrə polis orqanı tərəfindən İcra məmurlarına müvafiq köməklik göstəriləcəkdir. İş materiallarında olan “Avtonəqliyyat vəsaitinin saxlanca qəbulu” barədə protokolun surətindən görünür ki, Sabunçu rayon DYPŞ-nin aktına əsasən xx.xx.2020-ci il tarixdə Mersedes **-FU-*** nömrəli avtomobil Sabunçu rayon DYPŞ inspektoru tərəfindən duracağa təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə avtomaşın duracaqdan X2 təqdim edilərək çıxarılmışdır. Avtomobilin duracaga verilməsi üçün əsas olmuş İddiaçı Sabunçu RPİ DYPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsində bildirilmişdir ki, ona məxsus olan “Mersedes Vito” markalı, 99EU689 nömrə nişanlı avtomobili alqı-satqı yolu ilə xx.xx.2017-ci ildə Salmanov Səmədin borcu olduğu üçün satmış, qarşı tərəf məhkəməyə vermiş, Ali Məhkəmənin 18 mart 2020-ci il tarixli qərarı ilə apellyasiya və rayon məhkəməsinin qərarları ləğv edilmiş, Sabunçu rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarışda olduğundan avtomobilin saxlanılaraq AR DİN BDYPİ-nin duracağına yerləşdirilməsi və ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabunçu rayon icra şöbəsi tərəfindən Azərbaycan Respublikası Baş X10 İdarəsinə ünvanlanmış 314-42661/15 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətinə əsasən Sabunçu rayon məhkəməsinin 2(008)-1510/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İşin hallarından görünür ki, iddiaçının qeyd etdiyi avtomobilin üzərinə məhkəmənin qərardadına əsasən həbs qoyulmuşdur. Daha sonra isə 2019-cu ildən başlayaraq həmin avtomobillə bağlı Salman Pərviz Müzəffər oğlu ilə İddiaçı arasında məhkəmə mübahisəsi olmuş, yekunda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli 2(102)-6219/2021 saylı qərarı ilə həmin nəqliyyat vasitəsilə bağlı İddiaçı ilə Salman Pərviz Müzəffər oğlu arasında bağlanmış «nəqliyyat vasitəsinin alqı-satqısı» haqqında xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Salman Pərviz Müzəffər oğluna qarşı «avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması» tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona zərərin vurulduğunu bildirsə də və həmin zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 19.500 manat məbləğində pulun tutulmasını tələb etsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olmasını təsdiq etmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda zərərin əvəzinin tələb edilməsi iddiası əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8772/2022, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar