Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-101/2024 15.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1577/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin 9 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-1577/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 1988-ci ildən bu günədək ünvan 4, 9 nömrəli mənzildə iki otaqlı, sahəsi 30 kv.m olan yaşayış sahəsində tək yaşayır. İddiaçı 34 il yaşadığı bu mənzillə bağlı 2018-ci ildə kirayə müqaviləsi bağlamışdır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal-Təsərrüfat Birliyinin 12 sentyabr 2018-ci il tarixli, 70/1 saylı Sərəncamı əsasında 30 yanvar 2019-cu ildə onunla kirayə müqaviləsi bağlanmışdır. İddiaçı özəlləşdirmə hüququ olan Azərbaycan Respublikasının vətəndaşı olaraq, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağladığına görə istəyir ki, yaşadığı mənzili qanunvericiliyə uyğun olaraq özəlləşdirsin. İddiaçı cavabdeh quruma 06 fevral 2022-ci ildə rəsmi ərizə ilə müraciət edərək yaşayış evinə reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh 18 mart 2022-ci il tarixli cavabı ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, döngə 9, 9 nömrəli mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir, həmçinin mənzilə dair Bakı şəhər icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 70-1 saylı sərəncam xx.xx.2018-ci il tarixdə verilmişdir. İddiaçı 29 ildən çoxdur ki, tək olaraq sözügedən ünvanda yerləşən mənzildə yaşamış, məskunlaşmışdır. 10 il əvvəl mənzilin istifadəçisi olan iddiaçının əri ölmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən verilmiş 70-1 saylı xx.xx.2018-ci il tarixli sərəncama əsasən onunla kirayə müqaviləsinin imzalanması barədə qərar qəbul edilmiş və iddiaçı həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Cavabdeh inzibati orqana ünvanladığı ərizəyə qanunvericiliyin tələblərinə müvafiq hazırlanmış sənədləri əlavə etmişdir. Lakin bütün sənədlərin mövcud qanunvericilik normalarına əsasən tərtib olunmasına və əsaslı olmasına baxmayaraq, cavabdeh tərəfindən onun tələbinin təmin olunmasından imtina edilərək onunla imzalanmış kirayə müqaviləsinə əsas təşkil edən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin 70-1 saylı sərəncamının onlara xx.xx.2018-ci il tarixində verildiyi, həmin sərəncam 2018-ci ildə verildiyinə görə 2009-cu il oktyabr ayından qüvvədə olan Mənzil Məcəlləsinin, eləcə də «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-cı maddəsinin tələbləri əsas alınaraq mənzilə yalnız istifadə hüququnun qeydiyyata alına biləcəyi bildirilmişdir. Cavabdehin iddiaçıya verdiyi imtina qanunsuz olmuşdur, iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1577/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Qərar ləğv edilməli və iddia təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin, 9 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətinizə əlavə etdiyiniz qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 70/1 saylı sərəncamı xx.xx.2018-ci il tarixdə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 70/1 saylı, xx.xx.2018-ci il tarixli “Bala şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin, yaşayış sahəsi 30,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilinin kirayəçisi X7 başqa yerə köçməsi ilə əlaqədar xx.xx.1989-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır (Əsas: 145 saylı MKİS-in xx.xx.2018-ci il tarixli, 862 saylı arayışı). Hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin 9 saylı mənzilində 1988-ci ildən İddiaçı yaşayır. Vətəndaş İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, mənzilin əsas kirayəçisinin başqa yerə köçməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq yaşayış sahəsinə kirayə müqaviləsini öz adına dəyişdirilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsaslanaraq, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin, yaşayış sahəsi 30,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 145 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 862 və 863 nömrəli arayışlarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin, 9 saylı mənzilində X7 yaşamışdır və başqa ünvana köçməsi ilə əlaqədar xx.xx.1989-cü il tarixdə qeydiyyatdan çıxmışdır, həmin ünvanda İddiaçı 1988-ci ildən hal-hazırki vaxtadək qeydiyyatsız yaşayır və kommunal xərcləri ödəyir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 145 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 785 nömrəli arayışından görünür ki, keçmiş Kamo küçəsi hal-hazırda Z.Qəmbərov İİ döngəsi adlanır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri ərazisində dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: xx.xx.1965-ci il təvəllüdlü X4 xx.xx.1987-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, A.Amiryan küçəsi, ev 48/54, mənzil 65-də, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, X8 ev 2/597-də, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən binada olan zirzəmilərin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişətkommunal təyinatlı obyektlər, o cümlədən sorğuda qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 ünvanında yerləşən yaşayış evi balansa qəbul edilmişdir. Hazırda 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsində olan bina maili relyefli torpaq sahəsində 1957-ci ildə inşa edilmiş, yer quruluşuna uyğun olaraq binanın girişinin sol tərəfi 3 mərtəbədən, digər tərəfdən isə 2 mərtəbədən ibarətdir və tikilən zaman zirzəmi sahəsi nəzərdə tutulmadığından mövcud olmamışdır. 9 ədəd mənzil olmaqla bina mövcud vəziyyətdə balansa qəbul edilmiş həmin vaxt 9 saylı mənzilin kirayəçisi X6muş, başqa yerə köçməsi ilə əlaqədar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2018-ci il tarixli 70/1 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsuİzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin 9 saylı mənzilinin kirayə müqaviləsi X2 adına dəyişdirilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İİ Zahid Qəmbərov döngəsi 9 saylı yaşayış binası 1957-ci ildə maili relyefli torpaq sahəsində tikilmiş, bir girişli, 9 mənzilli, sol tərəfi 3 mərtəbədən digər tərəfi 2 mərtəbədən ibarətdir. Bina inşa edilərkən zirzəmi sahəsi nəzərdə tutulmadığından, zirzəmi mövcud deyildir. Hal-hazırda sözügedən yaşayış binasının 9 saylı mənzili vətəndaş İddiaçı adınadır. İş materiallarında olan Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 145 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 143 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin, 9 saylı mənzilində 1988-ci ildən qeydiyyatsız, xx.xx.2019-cu ildən qeydiyyatda olmaqla yaşayır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə müraciətdən, iddia tələbinin məzmunundan və məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin 9 saylı mənzilinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 70/1 saylı, xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin, yaşayış sahəsi 30,0 kv.metr olan 2 otaqlı 9 saylı mənzilinin kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Həmin sərəncamdan görünür ki, qeyd olunan mənzilin kirayəçisi X9 başqa yerə köçməsi ilə əlaqədar xx.xx.1989-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır, hazırda həmin mənzildə 1988-ci ildən İddiaçı yaşayır və o, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, mənzilin əsas kirayəçisinin başqa yerə köçməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq yaşayış sahəsinə kirayə müqaviləsini öz adına dəyişdirilməsini xahiş etmişdir. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi iddiaçının adına qeyd olunan mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 70/1 saylı sərəncamının xx.xx.2018-ci il tarixdə verildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan sərəncam xx.xx.2018-ci il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - xx.xx.2009-cu ilədək yaranmışdır. Belə ki, qeyd olunan sərəncamdan və iş materiallarında olan Bakı şəhəri MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB 145 saylı MKİS-nin arayışlarından görünür ki, mənzilinin əvvəlki kirayəçisi X7 başqa yerə köçməsi ilə əlaqədar xx.xx.1989-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır və İddiaçı 1988-ci ildən həmin mənzildə yaşayır. Məhkəmə kollegiyası cavabdehin etirazının əsaslarından biri olan mənzilin iki mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsini təşkil etməsi ilə əlaqədar qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna əsasən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda həmin mənzilin yerləşdiyi binanın maili relyefli torpaq sahəsində 1957-ci ildə inşa edildiyi, yer quruluşuna uyğun olaraq binanın girişinin sol tərəfi 3 mərtəbədən, digər tərəfdən isə 2 mərtəbədən ibarət olması və tikilən zaman zirzəmi sahəsinin nəzərdə tutulmadığından mövcud olmaması bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin həmin məktubundan həmçinin görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı Sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 ünvanında yerləşən yaşayış evi balansa qəbul edilmişdir, hazırda 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və həmin Birliyin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, həmin yaşayış binası 1957-ci ildə maili relyefli torpaq sahəsində tikilmiş, bir girişli, 9 mənzilli, sol tərəfi 3 mərtəbədən, digər tərəfi 2 mərtəbədən ibarətdir, bina inşa edilərkən zirzəmi sahəsi nəzərdə tutulmadığından, zirzəmi mövcud deyildir. Beləliklə, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sərəncam qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmişdir və həmin əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1577/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 2-ci Zahid Qəmbərov döngəsi, 9 saylı evin 9 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-101/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-101/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver