Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1010/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 iştirakı ilə yeni məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-cı il tarixli 1207 saylı Fərmanına, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna və iddiaçıların 20 təqvim ili xidmət edərək yaşa görə pensiya hüququ qazandıqları vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən büdcədən kənar ödənişlər və digər əlavələrin iddiaçının təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermiş, həmçinin, ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı, onun vəkili və nümayəndəsi ərizənin təmin edilərək, apellyasiyanın mümkün sayılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi məsələnin həllini Məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən görünür ki, məhkəmə qərarı 15.10.2020-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi-94). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə qərar ona təqdim edildiyi tarixdən hesablanmaqla, 13.11.2020-ci il tarixdə, iş günündə başa çatmışdır. Lakin məhkəmə qərarından apellyasiya şikayəti iddiaçının vəkili və nümayəndəsi tərəfindən imzalanmış, 17.01.2021-ci il tarixdə poçt vasitəsi ilə birinci instansiya məhkəməsinə göndərilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən 2 ay buraxılmışdır. Apellyasiya şikayətinin 17.01.2021-ci il tarixdə poçta təqdim edildiyi vaxt qanunla müəyyən edilmiş müddətin ötürülmədiyi fərz olunan halda da apellyasiya mümkün sayılmamalıdır. Belə ki, İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 19-cu maddəsinin Qeyd hissəsinə əsasən, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Eyni Məcəllənin 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İşdən müəyyən edilir ki, apellyasiya şikayəti iddiaçı tərəfindən yox, onun etibarnaməsi əsasında, lakin onun yaxın qohumu olmayan, habelə, həmin tarixə müvafiq orderə malik olmadan, vəkili tərəfindən imzalanmışdır. MPM-in 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 24, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. Apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1010/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1010/2021
03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver