Məhkəmə qərarları › İş №2-1(103)-1010/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1010/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1010/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “iddiaçının yetkinlik yaşına çatmayan övladının yaşayış yeri üzrə qeydiyyata alınması” tələbinə dair iddiası üzrə ünvan 5 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, övladı X1 ünvan 3 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqları ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Həmin evin Bülbülə qəsəbə nümayəndəliyindən ev kitabı və bələdiyyə sənədi mövcuddur. Lakin iddiaçı və uşaqları həmin ünvanda qeydiyyatda deyildirlər. Onlar iddiaçının anasına məxsus Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 16A saylı evin 36 saylı mənzilində qeydiyyata düşmüşlər. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3741/2020 saylı iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının həmin mənzildən istifadə hüququna xitam verilmişdir. İddiaçının övladı X5 ünvan 3 ünvanına qeydiyyata düşməlidir. ünvan 5 2021-ci il qərardadı (hakim R.Kərimli) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən vətəndaşın Konstitusion hüquqlarını pozmuşdur. Eyni zamanda məhkəmə həmin evə dair çıxarışın olmamasını əsas gətirmişdir. İddiaçının uşağı qeyd olunduğu kimi yetkinlik yaşına çatmamış şəxsdir və həmin şəxsin doğma atasının qeydiyyatda olduğu ünvanın çıxarışı yoxdur. Məhkəmə evin sənədlərinin olmamasını əsas gətirsə də həmin evə fərdi uçot kitabı mövcuddur. Tərəflərin izahatları: 17.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının və digər tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 5 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, iddiaçı uşaqları ilə birlikdə ünvan 4 ünvanında 2019-cu ilə kimi yaşamışdır. İddiaçı hazırda 3-cü şəxslə rəsmi nikahda olsa da, övladları ilə birlikdə başqa ünvanda yaşayır. İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır, oğlu X6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 16A nömrəli evin 36 saylı mənzildə qeydiyyatdadır. İddiaçının əri hazırki inzibati iş üzrə 3-cü şəxs X8 ünvan 4 ünvanında qeydiyyatdadır.Həmin ünvanda yerləşən onun faktiki istifadəsində olan evin otaqlarının sayı üçdür və həmin evdə tək yaşayır. Həmin evin Suraxanı rayonu İcra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində ev kitabı mövcuddur. İddiaçı yetkin yaşına çatmayan övladı 04.10.2006-cı il təvəllüdlü X2 ünvan 4 ünvanına qeydiyyata alınmasını xahiş etmiş, birinci intansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdı və bunu onunla əsaslandırmışdır ki, iddiaçının həmin ünvanla bağlı hər hansı hüququ mövcud deyil, həmin ünvanda yerləşən yaşayış sahəsinə hüququ olan hər hansı şəxsin müvafiq razılığının olmasına dair sübut təqdim edilmir, eləcə də ünvandakı evla bağlı reyestrdən çıxarış, order və digər aidiyyəti sənəd mövcud deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə görə inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (maddə 28.2). 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır (maddə 28.3). Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 26-cı, Mülki Prosessual Məcəllənin 49.3-cü və Mülki Məcəllənin 28-ci maddəsinin tələblərini sistemli şəkildə təhlil edərək qeyd edir ki, 04.10.2006-cı il təvəllüdlü X6 məhdud fəaliyyət qabiliyyətli hesab edildiyindən onun ümumi, yəni publik hüquq normalarından irəli gələn məsələlər üzrə inzibati məhkəmə icraatında iştirakı mülki prosessual qanunvericiliyində nəzərdə tutulmuş qayadada təmsil olunmaqla həyata keçirilməlidir. Nəzərə alınmalıdır ki, yetkinlik yaşına çatmayan şəxslərin mənafeyi onların qanuni nümayəndələri tərəfindən qorunmalıdır. İddia tələbinə münasibətdə bu müddəaların tətbiqi isə o anlamı yaradır ki, yetkinlik yaşına çatmayan 04.10.2006-cı il təvəllüdlü X6 publik hüquqdan irəli gələn onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi üzrə inzibati icraatda iddiaçı qismində çıxış edə bilər, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalıdır. Hazırki inzibati iş üzrə icraatda isə İddiaçı bilavasitə iddiaçı qismində çıxış etmişdir ki, onun özü ilə bağlı publik hüquqdan irəli gələn məsələ üzrə mübahisə mövcud olmamış, tərəfindən qaldırılmış məsələ övladının hüquqlarının müdafiəsi ilə bağlı olmuşdur. Hansı ki, İddiaçı bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyətli şəxs kimi hüquqlarının pozulmasına əsaslanan 04.10.2006-cı il təvəllüdlü X2 qanuni təmsilçisi qismində icraatda iştirak edə bilər. Göstərilmiş məsələyə isə birinci instansiya məhkəməsi tərəfindən hər hansı hüquqi qiymət verilməmiş, prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Odur ki, birinci instansiya instansiyası məhkəməsi İnzibati prosessual Məcəllənin 13-cü maddəsinin tələblərindən çıxış edərək, iddiaçıya hüquqi yardım göstərməli, 04.10.2006-cı il təvəllüdlü X3 iddiaçı qismində icraatda bilavasitə iştiraka cəlb etməli, iddianın mümkünlük şərtlərini ona münasibətdə yoxlamalı və hüququnun pozulduğu iddia edilən şəxsin hüquq və vəzifələrinə dair məsələni onun özünün iştirakı ilə həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 5 2021-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar