Məhkəmə qərarları › İş №2-1(103)-1010/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1010/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1010/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)- 4255/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar və elektron alış aktlarının tərtib edilməsində məsul olan hüquqi şəxs barəsində cinayət işinin başlanılmasına dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh vergi orqanı iddiaçıya alış aktı əsasında mal satdığı əsası ilə barəsində xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar tərtib etmiş və 31654.71 manat məbləğində əlavə vergi məbləği hesablamışdır. Sözügedən vergi məbləğinin hesablanmasına səbəb olmuş alış aktları barədə isə iddiaçının heç bir məlumatı yoxdur. Belə ki, vergi orqanından iddiaçıya zəng edilmiş və ödənilməmiş vergi borcunun olduğu bildirilmişdir. Bundan sonra iddiaçı məsələni araşdıraraq verginin hesablanmasının səbəbini iddiaçının adından tərtib edilmiş kənd təsərrüfatı mallarının təqdim edilməsi barədə alış aktlarının olduğunu öyrənmişdir. Həmin alış aktlarının tərtibində isə iddiaçının iştirakından söhbət gedə bilməz. Görünür, alış aktları birtərəfli qaydada "malı təqdim etdiyi" iddia olunan şəxs tərəfindən tərtib edilmişdir. İddiaçıya hesablanmış vergilərə dair qərarın təqdim edilməsi üçün vergi orqanına yazılı müraciətindən sonra, xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar xx.xx.2021-ci il tarixdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya təqdim edilmişdir. Mübahisələndirilən vergi məbləğinin silinməsi ilə bağlı vergi orqanına müraciət etsə də, hər hansı müsbət nəticə əldə edə bilməmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti təmin edilmiş, cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 94.9641,32 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********557600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərc müəyyən edilərək (949641,32/6*5= 791367,77) ümumilikdə 31.654,71 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı göndərilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 318140,1 kq tomatın 949641,32 manata "xxxx"QSC-yə təqdim edildiyi müəyyən edilmişdir. Sonda cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-4255/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırmışdır: 1) Məhkəmə araşdırması zamanı fərdi sahibkar tərəfindən 318140,1 kq tomatın 949641,32 manata "xxxx"QSC-yə təqdim edildiyi müəyyən edilmişdir. 2) İddia ərizəsində və nümayəndəsinin izahatında iddiaçı vergi borcunun hesablanmasına səbəb olmuş alış aktları barədə heç bir məlumatının olmadığını bildirmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktının iddiaçı tərəfindən imzalandığı müəyyən olunmuşdur. 3) Həmçinin iddiaçı həmin aktların etibarsızlıgını da müvafiq məhkəmədə mübahisələndirməmişdir. 4) İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (izahatı) inzibati aktın ləğv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Məhkəmənin 4-cü - İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqanın həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməsi, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi halların isə (izahatın) inzibati aktın ləğv edilməsini zəruri edən faktiki şərtləri ödəməməsi və yalnız ehtimal xarakteri daşıması barədə dəlilinə münasibətdə qeyd edim ki, hazırkı işdə məhkəmə mübahisəyə dair maddi hüquq normalarını düzgün anlaya bilmədiyindən və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyindən, nəticədə səhv qərar qəbul edərək iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh inzibati orqan və onların tərəfində olan məhkəmədən dəfələrlə tələb etdik ki, hazırkı iş üzrə mübahisəli inzibati aktın qəbul edilməsinə əsas olmuş faktiki şərtin – elektron alış aktlarının alıcı və satıcı tərəfindən imzalanmış əsillərinin məhkəməyə təqdim edilməsi təmin edilsin. Lakin cavabdeh vergi orqanı məhkəməyə elektron alış aktlarının sadəcə vergi orqanının uçot bazasında olan imzalanmamış, elektron nüsxəsini təqdim etmiş və məhkəmə həmin nüsxələri kifayət hesab edərək mötəbər sübut qismində qiymətləndirmişdir. Halbuki, qanunvericiliyin açıq və imperativ tələbinə əsasən elektron alış aktları çap edilərək alıcı və satıcı tərəfindən imzalandığı təqdirdə, malların satılmasına dair təsdiqedici sənəd sayılır. Qanunvericilik normalarından açıq və aşkar şəkildə aydın olur ki, vergi ödəyicisi vergi orqanında uçotda olmayan hər hansı fiziki şəxsdən mal aldığı zaman bununla bağlı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında yaradılmış “elektron alış aktı” altsistemində elektron alış aktını hazırlayıb gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir və daha sonra həmin elektron alış aktını çap edərək satıcı fiziki şəxsə imzaladır. Məhz bundan sonra qeyd olunan elektron alış aktı malların təqdim edilməsini (və ya alınmasını) təsdiq edən sənəd qüvvəsini alır və sənədin imzalanmış əsilləri malın alıcısı olan vergi ödəyicisində saxlanılır. Göründüyü kimi, elektron alış aktının çap edilərək alıcı və satıcı tərəfindən imzalanmış kağız daşıyıcıda olan forması, vergi ödəyicisi ilə vergi orqanında uçotda olmayan fiziki şəxs arasında baş tutmuş alğı-satqı əməliyyatını təsdiq edən sənəd qüvvəsinə malik olduğundan, iddiaçı istər vergi orqanına müraciət edən zaman, istərsə də məhkəmə çəkişməsi zamanı israrla iddiaçı barəsində tərtib edilmiş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxələrinin əsillərini tələb etsə də, iş üzrə cavabdeh vergi orqanı və işə baxmış hakim xidməti vəzifələrindən irəli gəlməsinə baxmayaraq bununla bağlı zəruri addımlar atmaq əvəzinə, sadəcə elektron portala "xxxx" QSC tərəfindən birtərəfli qaydada daxil edilmiş və hazırda etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən elektron alış aktlarını mötəbər sübut qismində qəbul etməklə kifayətlənmişlər. Halbuki, yuxarıda izahı verildiyi kimi, iddiaçı barəsində tərtib edilmiş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxələri olduğu təqdirdə, həmin elektron alış aktları malların təqdim edilməsini təsdiq edən sənəd sayıla bilər və nəticədə hesablanmış vergi məbləği yalnız bu halda təsdiqini tapmış olardı. Başqa sözlə, elektron portalda birtərəfli qaydada tərtib edilmiş elektron alış aktı təkbaşına (çap edilərək tərəflərin imzaladığı kağız daşıyıcıda forması mövcud olmadığı müddətcə) malların alışını təsdiq edən sənəd sayılmır. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2022-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək "xxxx" QSC tərəfindən iddiaçı barəsində tərtib edilmiş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxələrinin təqdim edilməsini xahiş etsək də, sonuncu bizə göndərdiyi xx.xx.2022-ci il tarixli **********747500 nömrəli məktubda qeyd etmişdir ki, “müraciətinizdə qeyd edilmiş alış aktlarının kağız formaları vergi orqanında mövcud olmadığından müraciətinizin icrası mümkün olmamışdır”. Eyni zamanda, məhkəmə sorğu ilə "xxxx" QSC-yə müraciət edərək elektron alış aktlarının çap edilərək imzalanmış nüsxələrinin təqdim edilməsini tələb etsə də, sonuncu tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunan 2 hal bir daha təsdiq edir ki, mübahisəli elektron alış aktları "xxxx" QSC tərəfindən saxta şəkildə iddiaçının xəbəri olmadan tərtib edildiyindən və çap edilərək imzalanmış nüsxələri mövcud olmadığından, malların təqdim edilməsini təsdiq edən sənəd hesab edilə bilməz. Bu isə həm də o deməkdir ki, cavabdeh vergi orqanı tərəfindən uçot məlumat bazasında mövcud olan elektron alış aktları əsas götürülərək qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən iddiaçıya hesablanmış əlavə vergi məbləği qanunsuz olmuşdur. Məhkəmənin birinci - məhkəmə araşdırması zamanı fərdi sahibkar tərəfindən 318140,1 kq tomatın 949641,32 manata "xxxx"QSC-yə təqdim edildiyinin müəyyən edilməsi barədə dəlilinə münasibətdə iddiaçı qeyd edir ki, məhkəmənin hər hansı araşdırma aparmadan qeyd olunan nəticəyə necə gəldiyi doğurdan da bizdə ciddi təəccüb doğurur. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən iddiaçıya 31654.71 manat əlavə vergi məbləği hesablamış və hesablamanın əsası olaraq iddiaçı tərəfindən "xxxx" QSC-yə 318140.1 kq həcmində, 949641.32 manat dəyərində tomatın elektron alış aktları əsasında təqdim edilməsini göstərmişdir. İddiaçı isə hesablanmış əlavə vergi məbləğindən xəbərdar olduqdan sonra şikayət ərizəsi ilə cavabdeh vergi orqanına, eləcə də yuxarı vergi orqanına müraciət edərək tərtib edilmiş elektron alış aktlarından və onu tərtib etmiş vergi ödəyicisindən xəbərdar olmadığını bildirərək hesablanmış əlavə vergi məbləğinin silinməsini xahiş etsə də, sonuncu şikayət ilə bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı inzibati icraat həyata keçirmədən şikayəti təmin etməkdən imtina etmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-958/2022 nömrəli qərarı) Vergi orqanına ünvanlanmış şikayət ərizələri məhkəməyə təqdim edilmişdir. Şikayətləri ilə bağlı inzibati orqanda hər hansı araşdırma aparılmadığını və nəticə əldə bilmədiyini görən iddiaçı sonuncu çarə olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etsə də, bu dəfə də Bakı İnzibati Məhkəməsi xidməti vəzifəsindən irəli gəldiyi halda, mübahisə olunan məsələ ilə bağlı hər hansı məhkəmə araşdırması aparmadan, iş üzrə zəruri və əlavə sübutları toplamadan, sadəcə cavabdeh tərəfindən təqdim edilmiş sübuta istinad edərək vergi orqanı tərəfindən həyata keçirilmiş hesablama ilə razılaşmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı məhkəmə çəkişməsi zamanı vergilərin hesablanmasına əsas olmuş elektron alış aktlarından və aktı tərtib etmiş "xxxx" QSC adlı hüquqi şəxsdən xəbərdar olmadığını qeyd etmiş, lakin məhkəmə, həmin alış aktlarının doğruluğu və mötəbərliyi ilə bağlı hər hansı araşdırma aparmaqdan imtina etmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının israrla tələb etməsinə baxmayaraq, elektron alış aktlarının imzalanmış əsil nüsxələrinin əldə edilməsi ilə bağlı hər hansı əlavə araşdırma aparmadan, sadəcə cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş elektron alış aktları barədə məlumat cədvəlinə istinad edərək, iddiaçı tərəfindən "xxxx" QSC-yə malların faktiki olaraq təqdim edilməsi nəticəsinə gəlmişdir. Halbuki, məhkəmənin yeganə sübut olaraq istinad etdiyi elektron alış aktlarının doğruluğu iddiaçı tərəfindən mübahisələndirilir və həmin aktların doğruluğunu təsdiq edən hər hansı başqa sübut olmadığından, onlar hazırkı iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməzdi. İş materiallarından görünür ki, iddiaçı vəsatət ilə məhkəməyə müraciət edərək "xxxx" QSC-nin üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmiş və qəbul etdiyi qərardadda gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “vergilərin hesablanmasına dair əsas olmuş elektron alış aktları "xxxx" QSC-dən məhkəmə sorğusu ilə tələb edilə bilər və hazırkı mübahisə "xxxx" QSC-nin maraqlarına toxunmur, eləcə də, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsinin baş vermə ehtimalı yoxdur.” İddiaçı qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı tamamilə qanunsuz olmuş və məhkəmənin gedişinə də mənfi təsir göstərərək nəticədə qanunsuz qərarın qəbul edilməsi ilə nətiələnmişdir. Belə ki, ilk öncə qeyd edir ki, məhkəmə elektron alış aktlarının "xxxx" QSC-dən alına bilinəcəyi qeyd etsə də, dəfələrlə müraciət etməklərinə baxmayaraq, 1 ilə yaxın davam edən məhkəmə çəkişməsi müddətində həmin alış aktlarının çap edilmiş imzalanmış nüsxələrinin əsillərinin alınmasını təmin etməmişdir. Bundan başqa, məhkəmə hazırkı işin nəticəsinin "xxxx" QSC-nin maraqlarına toxunmadığını qeyd edərkən, kobud səhvə yol vermişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı saxta elektron alış aktı tərtib etdiyinə görə "xxxx" QSC barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir ki, bu da hazırkı iddia tələbinin təmin ediləcəyi təqdirdə "xxxx" QSC-nin maraqlarına hansı şəkildə toxunacağını bariz şəkildə göstərir. Bundan başqa, tərtib edilmiş elektron alış aktlarının doğruluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmadığı halda, "xxxx" QSC-nin vergi orqanına verdiyi hesabatlarda uyğunsuzluq yaranacaq və əlavə vergilərin hesablanmasına səbəb olacaqdır ki, bu da bir daha göstərir ki, hazırkı iş birbaşa "xxxx" QSC-nin maraqlarına toxunmuş, lakin məhkəmə qanunsuz olaraq həmin hüquqi şəxsi 3-cü şəxs qismində prosesə cəlb etməkdən imtina etmişdir. Göründüyü kimi, "xxxx" QSC 3-cü şəxs qismində prosesə cəlb edilmədiyindən, elektron alış aktlarının doğruluğu və mötəbərliyi ilə bağlı obyektiv məhkəmə araşdırmasının aparılması qeyri-mümkün olmuş və yekunda səhv qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, məhkəmə elektron alış aktlarının alıcı və satıcı tərəfindən imzalanmış əsil nüsxələrinin əldə edilməsini təmin etmiş olsaydı, həmin alış aktlarındakı (əgər mövcuddursa) imzaların doğurdan da, iddiaçıya məxsus olub-olmadığı müvafiq ekspertiza tədqiqatı nəticəsində müəyyən edilə bilərdi. Bir sözlə, 1 ilə yaxın davam edən məhkəmə çəkişməsi dövründə israrlara, şifahi və yazılı vəsatətlərə baxmayaraq, iş üzrə hər hansı araşdırma aparmayan hakimin, iddiaçı tərəfindən "xxxx" QSC-yə malların təqdim edilməsinin müəyyən edilməsi barədə dəlili tamamilə cəfəngiyyatdır və həqiqətə uyğun deyildir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, aparılan araşdırma zamanı vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 949641,32 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanalarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində müvafiq hesabat dövrü üzrə cari gəlir vergisi bəyannaməsi, qeyd olunanlarla bağlı təsdiqedici sənədlər əlavə edilməklə müvafiq izahat məktubu, araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlərin təqdim olunması tələb olunmuşdur. İş materiallarında olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cu il tarixli **********748700 saylı qərarından görünür ki, kameral vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərc müəyyən edilərək (949641,32/6*5= 791367,77) ümumilikdə iddiaçıya 31.654,71 manat əlavə vergi məbləği hesablanmışdır. İşdən görünür ki, iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsinə dair qərar və elektron alış aktlarının tərtib edilməsində məsul olan hüquqi şəxs barəsində cinayət işinin başlanılmasına dair xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanında aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 94.9641,32 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********557600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci ilin gəlir vergisi bəyannaməsi üzrə Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən xərc müəyyən edilərək (949641,32/6*5= 791367,77) ümumilikdə 31.654,71 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı göndərilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 318140,1 kq tomatın 949641,32 manata "xxxx"QSC-yə təqdim edildiyi müəyyən edilmişdir. İddia ərizəsində və nümayəndəsinin izahatında iddiaçı vergi borcunun hesablanmasına səbəb olmuş alış aktları barədə heç bir məlumatının olmadığını bildirmişdir. Lakin iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktının iddiaçı tərəfindən imzalandığı müəyyən olunmuşdur. Həmçinin iddiaçı həmin aktların etibarsızlıgınıda müvafiq məhkəmədə mübahisələndirməmişdir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən İddiaçı 2020-ci ilin gəlir vergisi üzrə 31654.71 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, cavabdeh vergi orqanı araşdırma zamanı müəyyən etmişdir ki, 18 ədəd elektron alış aktı əsasında iddiaçı tərəfindən 318140.10 kq tomat 949641.32 manata "xxxx" QSC-yə təqdim edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh vergi orqanı mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən iddiaçıya əlavə vergi məbləği hesablayan zaman qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, vergi orqanı "xxxx" QSC tərəfindən tərtib edilmiş 18 ədəd elektron alış aktını əsas götürərək belə qənaətə gəlmişdir ki, İddiaçı 949641.32 manat dəyərində malları (tomatı) təqdim etməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi təqdim etməmiş və 31654.71 manat vergiləri ödəməkdən yayınmışdır. İddiaçı isə vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı mübahisələndirir və 18 ədəd elektron alış aktının onun xəbəri olmadan "xxxx" QSC tərəfindən birtərəfli qaydada tərtib edildiyini əsas gətirərək qərarın ləğv edilməsini xahiş edir. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müxtəlif tarixlərdə şikayət ərizələri ilə vergi orqanına müraciət edərək onun barəsində tərtib edilmiş elektron alış aktlarının saxta olduğu barədə məlumat vermiş və həmin aktlar əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçı vergi orqanına müraciət edərək "xxxx" QSC tərəfindən tərtib edilmiş elektron alış aktlarının çap edilərək alıcı və satıcı tərəfindən imzalanmış kağız daşıyıcıda olan nüsxələrinin təqdim edilməsini xahiş etmişdir. Lakin qeyd olunan müraciətlərə baxmayaraq, vergi orqanı vergilərin hesablanmasına əsas olmuş elektron alış aktlarının mötəbərliyi ilə bağlı hər hansı araşdırma həyata keçirmədən, iddiaçının müraciətlərini təmin etməkdən imtina etmişdir. Halbuki, fiziki və ya hüquqi şəxsin inzibati akt ilə bağlı inzibati şikayəti olduqda, həmin şikayət əsasında inzibati icraata başlamaq, icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat vermək və işdə onun iştirakını təmin etmək, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmaq, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq, işdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, həmin sübutları tələb etmək və onların təqdim olunmasını təmin etmək inzibati orqanının xidməti vəzifəsindən irəli gələn öhdəliyidir. (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1, 21.1, 24.1-24.4, 28.1.3, 46.2-ci maddələri) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan hazırkı mübahisə ilə bağlı obyektiv qərarın qəbul edilməsi məqsədilə İddiaçı barəsində tərtib edilmiş 18 ədəd elektron alış aktının mötəbərliyi ilə bağlı araşdırma aparmalı, həmin alış aktlarının çap edilərək imzalanmış kağız daşıyıcıda olan nüsxələrini əldə etmək üçün tədbirlər görməli olduğu halda, hərəkətsizlik nümayiş etdirmişdir. Halbuki, qanunvericiliyin açıq tələbinə əsasən elektron alış aktları çap edilərək alıcı və satıcı tərəfindən imzalandığı təqdirdə, malların satılmasına dair təsdiqedici sənəd sayılır və çap edilmiş elektron alış aktı imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. (Vergi Məcəlləsinin 71-2.3-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.2 və 3.3-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 3.2-ci bəndi) Göründüyü kimi, iddiaçı barəsində tərtib edilmiş 18 ədəd elektron alış aktı çap edilərək alıcı və satıcı tərəfindən imzalandığı təqdirdə, malların satılmasına dair sənəd hesab edildiyi halda, cavabdeh vergi orqanı hazırkı iş üzrə həmin sənədlərin məhkəməyə təqdim edilməsini təmin edə bilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən "xxxx" QSC-yə iddiaçı barəsində tərtib edilmiş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxələrinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu göndərilsə də, sonuncu tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bir haldakı əlavə vergi məbləğinin hesablanmasına əsas olmuş elektron alış aktlarının çap edilərək imzalanmış nüsxəsi mövcud deyil və inzibati aktı qəbul etmiş vergi orqan da həmin sənədlərin məhkəməyə təqdim edilməsini təmin edə bilmir, bu halda qeyd olunan 18 ədəd elektron alış aktı qanunvericiliyin tələblərinə əsasən malların satışını təsdiq edən sənəd hesab edilə bilməz. Məhkəmə kollegiyası vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktına münasibətdə ilk öncə qeyd edir ki, vergi orqanı məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq həmin aktın əslini deyil, sadəcə kserosurətini təqdim edə bilmişdir ki, bu da həmin sənədin mötəbərliyinin məhkəmə tərəfindən tədqiqini mümkünsüz edir. Bundan əlavə olaraq, "xxxx" QSC tərəfindən iddiaçı barəsində ümumilikdə 949641.32 manat dəyərində malların alışına dair 18 ədəd elektron alış aktı tərtib edildiyi halda, cavabdeh vergi orqanı məhkəməyə yalnızca 59453 manat dəyərində malın alşına dair 1 ədəd kserosurəti olan aktı təqdim etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 29 noyabr 2019-cu il tarixli 1704- VQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş 71-2-ci maddəyə əsasən alış aktlarının tərtibi elektronlaşdırıldığından, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli malların alış aktı ciddi hesabat blankı sayıla və mallarını alışına dair mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda qeyd edildiyi kimi, mötəbər sənəd qismində yalnızca Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron alış aktlarının portaldan çap edilərək imzalanmış kağız daşıyıcıda olan nüsxələri qəbul edilə bilərdi ki, cavabdeh məhkəməyə belə bir sənəd təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən "xxxx" QSC-yə 949641.32 manat dəyərində malların faktiki olaraq satışına dair hər hansı mötəbər sübut olmadığından, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən gəlir vergisi üzrə hesablanmış 31654.71 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********748700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, həmin qərar ləğv edilməlidir. İddia tələbinin “elektron alış aktlarının tərtib edilməsində məsul olan hüquqi şəxs barəsində cinayət işinin başlanılmasına dair xüsusi qərardad qəbul edilməsi” hissəsinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı onun barəsində "xxxx" QSC tərəfindən tərtib edilmiş 18 ədəd elektron alış aktından xəbərdar olmamış və istər cavabdeh vergi orqanı, istərsə də "xxxx" QSC məhkəməyə qeyd olunan alış aktlarının çap edilərək imzalanmış nüsxələrini təqdim edə bilməmişdir. İş materiallarında sadəcə bir ədəd xx.xx.2020-ci il tarixli XPT seriyalı 002152 saylı malların alış aktı mövcuddur ki, həmin akt kserosurət olduğundan və ciddi hesabat blankı sayılmadığından, 18 ədəd elektron alış aktının İddiaçı xəbəri olmadan "xxxx" QSC tərəfindən birtərəfli qaydada tərtib edilməsini istisna etmir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən iddiaçı barəsində 18 ədəd saxta elektron alış aktının tərtib edilib-edilməməsinin, cəmiyyətin məsul şəxsinin əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməlidir. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddiaçının hazırkı iddiası təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2-1(112)-4255/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********748700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Elektron alış aktlarının tərtib edilməsinə məsul olan şəxsin əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar