Məhkəmə qərarları › İş №2-1(103)-1010/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1010/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1010/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, 3-cü şəxs X3, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-13233/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında, Saziş sahəsinin və eləcə də 1 saylı mədənin 4-cü sahəsinin ərazisinin hüdudları daxilində yerləşən X3 adına olan 254.3 kv.m. qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ barədə 000576 saylı xx.xx.2006-cı il tarixli qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13233/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13233/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. Daşınmaz əmlaka dair qeydiyyat bağışlama müqaviləsi əsasında aparılmış və iddiaçı tərəfindən həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mübahisələndirilmişdir. Qeyd edilən qeyriyaşayış sahəsinə dair vaxtilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə üçüncü şəxsin qardaşı X4 adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, o isə həmin qeyri-yaşayış sahəsini daha sonra qardaşının adına özgəninkiləşdirmiş və onun adına hazırda mübahisələndirilən şəhadətnamə verilmişdir. Mülkiyyət hüququ haqqında şəhadətnamə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verildiyindən həmin qeyri-yaşayış sahəsi vaxtilə özəlləşdirilmişdir. Odur ki, iddiaçı hüquqi marağını sübut etdiyi təqdirdə dövlət əmlakının ilkin özəlləşdirilməsinin nəticələrini mübahisələndirməlidir. Məhkəmənin gəldiyi nəticə əsassız hesab edilir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X15 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Beləliklə, sözügedən qanuna əsasən, mübahisəli daşınmaz əmlaka dair bağlanmış hər hansı əqd, ona dair verilmiş hər hansı bir sənəd ləğv edilmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onlarn məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, 2023-cü il tarixdə eyni mübahisə, eyni premet və eyni tərəflər üzrə iş olmuş, sadəcə həmin işdə iddiaçı kimi hazırki işdəki iddiaçının da eyni idarəyə tabe olduğu “X14” şirkəti çıxış etmişdir. Mülkiyyətin əldə edilməsi isə 2006-cı il deyil, 2005-ci ilə təsadüf edir. Mülkiyyət hüququ olan qeyri-yaşayış sahəsi əvvəllər çörək sexi olmuş, torpaq sahəsi dövlət mülkiyyətində olduğundan əvvəlcə onun qardaşına satılmış, sonradan onun adına keçirilmişdir. Bununla bağlı nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs X6 nümayəndə və vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmiş, bununla bağlı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “X3 adına olan 254.3 kv.m. qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamədə qeyd olunur ki, X6 ünvan 3 ünvanında yerləşən 254,3 kv.m. qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Şəhadətnamənin verilməsi üçün əsas kimi X9 ilə X6 arasında bağlanmış bağışlama müqaviləsi göstərilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən 254,3 kv.m qeyri-yaşayış sahəsinə dair X3 adı ilə bağlı 000576 nömrəli xx.xx.2006-cı il tarixli şəhadətnamə verilmişdir. Məlumat üçün bildirilir ki, X3 adına ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 254.3 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas fiziki şəxslər olan X9 ilə X6 arasında bağlanmış mülki-hüquqi əqd (bağışlama müqaviləsi) olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi 3-cü şəxsin adına aparılmış mülkiyyət hüququnun qeydiyyatı müvafiq əqd (bağışlama müqaviləsi) əsasında aparıldığından əvvəlcə həmin əqd mübahisələndirilməli, hazırki vəziyyətdə isə həmin əqd və ondan öncə də mülkiyyət hüququna dair verilmiş ilkin sənədlər qüvvədə olduğu halda sonuncunun adına mülkiyyət hüququnun qeydinin ləğvindən söhbət gedə bilməz. Buna görə də iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13233/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-13233/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar