Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1011/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X7 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məcburi köçkün olmuş qohumlarının həmin mənzildə yaşaması iddiaçının həmin statusda olmasına dəlalət edə bilməz. İddiaçı güman edir ki, məhkəmə iddiaçının məcburi köçkün statusu olması ilə iddianın əsassız olmasını əlaqələndirmək istəmişdir. İddia ərizəsindən məlumdur ki, bir əmlak iki fərqli şəxsin tam mülkiyyətində ola bilməz. Lakin, ünvan 1 ünvanında yerləşən mənzil 14.11.2008-ci il və 17.08.2016-cı il tarixləri arasında X1 və X3 tam mülkiyyətində olmuşdur. Bu isə qanunvericiliyin tələblərinin birbaşa pozuntusu təşkil edir. ünvan 1 ünvanında yerləşən mənzillə bağlı 21.12.2006-ci il tarixində İddiaçı **********63- 05101- 093004 reyestr nömrə ilə çıxarış verilmişdir. Eyni mənzillə bağlı 14.11.2008-ci il tarixində X4 **********63-05101-093009 reyestr nömrə ilə çıxarış verilmişdir. ünvan 2 ünvanında yerləşən mənzil daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranmayıb. Lakin ünvan 3 ünvanında yerləşən mənzillə bağlı iki fərqli reyestr nömrələri verilmişdir. Bu fakt da onu göstərir ki, artıq 21.12.2006-cı il tarixindən İddiaçı adına mübahisəli mənzillə bağlı Çıxarış olan zaman 14.11.2008-ci il tarixində X4 Çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Yəni, kifayət qədər aydın şəkildə göstərilmişdir ki. eyni mənzil 14.11.2008-ci il - 17.08.2016-cı il tarixləri arasında eyni vaxtda həm İddiaçı, həm də X3 tam mülkiyyətində olmuşdur. Aydındır ki, hüquqi cəhətdən bu mümkünsüz bir durumdur. İlk növbədə qeyd olunmalıdır ki, hüquq pozuntusu İddiaçı həmin mənzilə çıxarışı qüvvədə olan dövrə aiddir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, Natiq Qurbanovun alqı-satqı əsasında əldə etdiyi əmlaka dair hüquqverici sənədlər, həmin əmlakı ona “satmış" qaynatası Əliş Hüseynovun adına olmuş sərəncam və qeydiyyat vəsiqəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə etibarsız hesab edilmişdir. İndi aşkar olunmuş eyni mənzilə 14.11.2008-ci il - 17.08.2016-cı il tarixləri arasında eyni vaxtda həm İddiaçı, həm də X3 tam mülkiyyətində olması faktının mübahisələndirilməsi əsaslıdır və məhkəmə sistemi tərəfindən bu məsələyə hüquqi münasibət bildirilməlidir. Göstərilənlər hazırki iş üzrə iddiaçının subyektiv hüququn mövcudluğunu təsdiq edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki hazırkı inzibati məhkəmə icraatında İddiaçı mahiyyətcə, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 54 saylı evin 6 saylı mənzilinə dair üçüncü şəxs X3 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışları mübahisələndirir. Məhkəmə vurğulamışdır ki, məhkəmə araşdırılması ilə iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən (onun adına mənzilə dair order, kirayə müqaviəsi mövcud deyil), eləcə də əvvəllər verilmiş müvafiq sərəncam və reyestrdə aparılmış qeydiyyat ləğv edildiyindən, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfin özünün də mövqeyinə görə iddiaçı başqa şəxslərlə birlikdə həmin mənzildə məcburi köçkün kimi, Bakı şəhərinə gəldikdən sonra məskunlaşmışlar. Bu isə onu deməyə əsas verir ki, mənzil onun daimi yaşayış yeri deyil və iddiaçının mənzildə yaşaması müvəqqəti xarakter daşıyır. Belə olan halda məhkəmənin qənaətinə görə DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29.12.2015-ci il tarixli, 2(103)-423/2008 saylı qərardadı ilə Nərimanov rayon Məhkəməsinin 2-1464 saylı, 01.09.2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, həmin qətnamə ilə Nərimanov rayonu, Heydər Əliyev prospekti, 54 saylı evin 6-cı mənzili ilə bağlı İddiaçı adına Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış bütün sənədləşmələr ləğv edilmişdir. Beləliklə, iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də əvvəllər verilmiş müvafiq sərəncam və reyestrdə aparılmış qeydiyyat ləğv edildiyindən, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır. Ona görə də, məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2021 saytlı, 09.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1011/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1011/2022
11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver