Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1011/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2236/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair hüquqlarının dövlət qeydiyyatının aparılması, həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı səhəri, Xəzər rayonu (Əzizbəyov) Buzovna Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 84 saylı Sərəncamına əsasən İddiaçı Abazalı oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün 700 kv.m torpaq sahəsi ayrılmışdır. Elə həmin tarixdə ƏXZ/1 seriyalı, 941490 saylı kassa mədaxil orderinə əsasən alqı-satqının dəyəri ödənilmiş və bununla bağlı akt tərtib edilmişdir. Bundan sonra, Buzovna Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin sxemi və xəritədən çıxarışı da təqdim olunmuşdur. İddiaçı tərəfindən alınmış torpaq sahəsinin üzərində tikiləcək fərdi yaşayış sahəsinin baş planı təsdiq olunaraq 2019-cu ilin əvvəllərində fərdi yaşayış evi tikilmişdir və artıq elə həmin ildən həmin evdə yaşayış mövcuddur. Buzovna bələdiyyəsi tərəfindən cavabdehə 12 may 2022-ci il tarixli, 02/228 saylı məktub da ünvanlanmış və həmin məktubla bir daha iddiaçıya xx.xx.2004-cü il tarixli, 84 saylı Sərəncamla alqı-satqı yolu ilə 700 kv.m torpaq sahəsinin satıldığı və həmin torpaq sahəsinin Buzovna Bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi təsdiq olunmuşdur. İddiaçı yuxarıda qeyd edilən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq surətdə sənədləri təqdim etmiş, lakin İdarənin xx.xx.2022-ci il tarixli **********89 saylı məktubu ilə müraciət “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə istinad edilərək əsassız olaraq rədd edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi sədrinin 84 №-li, xx.xx.2004-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlər surətdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair bələdiyyənin qərarı təqdim edilməmiş və təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisində ölçü, miqyas və istinadlar qeyd edilməmişdir. Bundan əlavə, fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********89 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2236/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş və Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu Buzovna Bələdiyyəsinin 17 dekabr 2004-cü il tarixli, 84 saylı sərəncamı əsasında ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan normaya, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarına əsasən Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1, 17, 18 və 19-cu bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 6.2, 6.5 və 6.9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinin tələblərinə zidd olaraq torpaq sahəsinin ayrılması kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Məhkəmə həmin sənədin sərəncam adlandırılmasını texniki səhv kimi qiymətləndirsə də, buna dair heç bir sübut qeyd etməmişdir və nəticədə sənəddə əksini tapan torpaqayırma qərarı faktiki olaraq tək bir şəxs tərəfindən qəbul olunmuşdur ki, bu da qanunvericiliyə ziddir. Elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, yerləşmə cizgisi onun ayrılmasına əsas olan qərarın ayrılmaz tərkib hissəsi olmaqla, həmin sahənin naturada eyniləşdirilməsi vasitəsi olan hüquqmüəyyənedici sənəddir. Təqdim edilmiş cizgidə coğrafi istinad məlumatları, ölçülər və məsafələr qeyd edilməmişdir. Nəticə etibarilə, cizgi də tam qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmamış, torpaq sahəsinin naturada yerinin müəyyənləşdirilməsi və sənəd üzrə sahə ilə eyniləşdirilməsinə əsas verən göstəricilər natamam qeyd olunmuşdur. Həmçinin, cizgidə bələdiyyə qərarına istinad olunmamışdır. Belə ki, cizgi qərar əsasında verildiyindən, həmin sənəddə sözügedən qərara istinad əksini tapmalıdır. Çünki Torpaq Məcəlləsində cizginin həmin qərarın ayrılmaz tərkib hissəsi olduğu əksini tapmış, iddiaçı tərəfindən təqdim olunan cizgidə isə istinad əksini tapmadığından cizginin hansı sənədin tərkib hissəsi olduğu fikri mötəbərlik kəsb etmir. Təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Məhkəmə vətəndaşın inzibati aktın düzgünlüyünə etimadının qorunması prinsipini əsas gətirsə də, sözügedən prinsip qanunla müəyyən olunmuş tələbləri ödəməyən sənədlər əsasında qeydiyyatın aparılması vəzifəsini qeydiyyat orqanının üzərinə qoya bilməz. Yəni sözügedən prinsip məhkəmə tərəfindən lüzumsuz geniş təfsir olunmuşdur. Belə ki, alqı-satqı aktının forması, tərtbi qaydası qanunvericiliklə təsbit olunmuş imperativ qaydadır və bu qaydalara uyğun tərtib olunmayan sənəd qeydiyyat üçün əsas olmamalıdır. Həmçinin, məhkəmə tərəfindən iddiaçının göstərdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə əlaqədar məhkəmə icraatı zamanı ekspertiza təyin edilməmiş, fakt ətraflı araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Buzovna Bələdiyyəsi nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubda bildirilmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamış və Buzovna Bələdiyyəsi tərəfindən təsdiq edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon (şəhər) bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh orqan bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığını nəzərə alınmasını xahiş etmişdir. -Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 84 saylı, xx.xx.2004-cü il tarixli “vətəndaş İddiaçı Abazalı oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamından görünür ki, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 700 kv.m torpaq sahəsi vətəndaş İddiaçı Abazalı oğluna satılmışdır. - Torpaqların alqı-satqısına dair Aktda qeyd olunur ki, İddiaçı Abazalı oğlu tərəfindən Əzizbəyov rayon Buzovna Bələdiyyəsinə 14 dekabr 2004-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və Buzovna bələdiyyəsi ərazisində 700 kv.m torpaq sahəsi satılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, şərti olaraq koordinatları verilmiş sahə elektron kadastr baza məlumatına əsasən dövlət mülkiyyəti torpağıdır. Həmçinin, sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, vətəndaş İddiaçı Abazalı oğluna Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2004-cü il tarixli 84 nömrəli sərəncamına əsasən alqı-satqı yolu ilə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi Buzovna Bələdiyyəsində vergi uçotuna qeydiyyata alınmış və vətəndaş tərəfindən vergi ödənilmişdir. YVÖK – 1202129NKOKL - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, koordinatları verilmiş sahə vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, təqdim edilən məlumatlara əsasən sorğuya əlavə edilmiş ortofotoda qeyd edilən koordinat əsasında həmin sahənin qonşuluğunda qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.” Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı işin hallarından göründüyü kimi İddiaçı Abazalı oğluna Buzovna qəsəbəsində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması haqqında xx.xx.2004-cü il tarixli 84 nömrəli sərəncam əsasında 700 kv.m torpaq sahəsinin Buzovna Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt bağlanmışdır. Daha sonra iddiaçı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş və torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin İdarənin xx.xx.2022-ci il tarixli **********89 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının, eyni zamanda apellyasiya şikayətinin dəlillərini torpaq sahəsinin ayrılması kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilməsi, elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olması təşkil etmişdir. Məhkəmə kollegiyası cavabdehin göstərilən dəlilləri ilə razılaşır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun:
1. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:
1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
3. Torpaqdan (o cümlədən, icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən şəhadətnamə və tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə rəsmiləşdirilir.
4. Dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbinin əsasını Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 84 saylı, xx.xx.2004-cü il tarixli Sərəncamı təşkil edir. Göründüyü kimi iddiaçıya torpaq sahəsinin ayrılması kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Qeyd olunan sərəncam isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənəd hesab oluna bilməz. “İnzibati icraat haqqında” AR Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: ......................... 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; ........................ 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.3. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya torpağın ayrılmasına dair aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasını texniki səhv kimi qiymətləndirsə də, iddiaçı tərəfindən göstərilən halı təsdiq edən yuxarıda qeyd edilmiş hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin məhkəmə icraatı zamanı iddiaçı Buzovna qəsəbəsində ona ayrılmış torpaq sahəsi ərazisinin qonşuluğunda yerləşən torpaq sahələri ilə bağlı digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verildiyini qeyd etmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı göstərilən halın araşdırılması ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğular ünvanlanaraq, İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 700 kv.m. torpaq sahəsinə bitişik və yanaşı olan torpaq sahələrinə dair, daha sonra isə X1 adına rəsmiləşmiş RX seriyalı, ******* nömrəli və X2 adına (iddiaçının qonşuları) rəsmiləşmiş **********99-10301 reyestr nömrəli çıxarışların verilməsinə əsas olan sənədlər toplusunun məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları ilə sözügedən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş sənədlərə baxış keçirilərkən Buzovna Bələdiyyəsinin hər hansı qərarı aşkar olunmamış, əksinə ətrafdakı torpaq sahələrinin yerli icra hakimiyyəti orqanının müvafiq sərəncamları ilə verildiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi həmin ərazinin yaxınlığında yerləşən torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların əsası kimi Bələdiyyə qərarı çıxış etməmişdir. Göstərilən hal hazırkı iş üzrə Buzovna Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış 700 kv.metr torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmaması faktını təsdiq edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilkdə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2236/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2236/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi sədrinin 84 №li, xx.xx.2004-cü il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: İddiaçı Günel Abbasova