Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1012/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1956-cı il tarixdə Naxçıvan MR., Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı ( üçüncü şəxs “xxxx” Qapalı Səhmdar Cəmiyyəti), “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-7916/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 23.11.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2 (008)-5138/2020 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək, mübahisəli əmlaka dair Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan icra vərəqəsi üzrə icraatın dayandırılması, Bakı şəhər Səbail rayon icra məmuru Tural Aşurovun qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-422/2015 saylı qətnaməsi ilə, iddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” MTK-ya, İddiaçı, X2, X1 və qeyrilərinə qarşı “borcun tutulması" tələbinə dair ilkin iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdehlər İddiaçı, X3 və qeyriləri apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı, qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-22/2016 saylı, qətnaməsindən kasassiya şikayətləri verilmiş, kassasiya şikayətləri təmin edilməmişdir. Qüvvədə olan qətnamə ilə “Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv. m. ümumi, 1223, 8 kv.m. yaşayış, 3078,7 kv.m. yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evinin boşaldılması“ da qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi, tərəfindən məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra vərəqəsi Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra işi Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurovun icraatındadır. Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Tural Aşurov icra işi üzrə “İcraata Başlamaq Haqında” Qərar qəbul etmiş və sözügedən qərarı rəsmi olaraq iddiaçıya verməmişdir. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı cavabdeh X4, maraqlı şəxs icra vərəqi üzrə tələbkar “xxxx” ASC-yə və qeyrilərinə qarşı Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32, 4-cü küçəsində istifadədə olan 0,1071 ha torpaq sahəsi və həmin torpaq sahəsində xüsusi mülkiyyətdə olan 4302,5 kv.m. ümumi, 1223, 8 kv.m. yaşayış, 3078,7 kv.m. yardımçı sahədən 4 mərtəbəli 25 otaqlı 4 saylı fərdi yaşayış evinin alqı-salqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda 2(008)-5138/2020 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındadır və məhkəmə prosesləri davam edir. Sabunçu Rayon Məhkəməsinin hazırda icraatında olan 2(008)-5138/2020 saylı mülki iş üzrə İddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir şəkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 32, 4-cü küçə, 4 saylı fərdi yaşayış evinin satılması, bağışlanması və ya hər hansı bir səkildə özgəninkiləşdirilməsi və barəsində hər hansı sərəncam verilməsi cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Həmin qərardad icra edilməsi üçün Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanunsuz icra hərəkətləri iddiaçının hüquqlarına toxunduğuna görə Bakı şəhər Səbail rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4733/2018 saylı qərardadını və mübahisə predmeti olan əmlaka dair Sabunçu Rayon Məhkəməsinin icraatında hazırda tələbkara və digərlərinə qarşı 2(008)-5138/2020 saylı mülki iş olduğunu və hazırkı işin nəticələri qeyd olunan apellyasiya məhkəməsinin icra işinin nəticəsinə əsaslı surətdə təsir etdiyindən 06.10.2020-ci ildə rəsmi ərizə ilə icraatın dayandırılmasını xahiş etmişdir. Səbail rayon İcra və probasiya şöbəsi 05.11.2020-ci il tarixli məktubu ilə ərizədən imtina etmiş və qanunun tələbinə zidd olaraq icra həkətlərini davam etdirir. Eyni zamanda icra məmuru özünün “İcraata Başlamaq Haqqında” qəbul etdiyi Qərarının surətini rəsmi olaraq iddiaçıya vermədən məcburi icra hərəkətləri aparır. O da qeyd edilmişdir ki, hazırda Sabunçu Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə icraat təzələnib 2(008)-5138/2020 saylı mülki iş məhkəmə baxışındadır. İcra məmuru isə iddiaçıya qəbul etdiyi qərarın surətini vermədən, məhkəmə qərardadını icra etmədən, qərardadın icra edilməsi barədə Sabunçu rayon məhkəməsinin məktubunu və iddiaçının verdiyi ərizəni nəzərə almadan qanunun tələbinə zidd olaraq məcburi icra hərəkətləri aparır. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-7916/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə qarşı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 21.01.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-7916/2020 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin hakimi Ali Məhkəmənin Plenumunun məlum qərarına əhəmiyyət vermədən, bir dəfə keçirdiyi 14.12.2020-ci il tarixli məhkəmə prosesinin vaxtı barədə iddiaçı kimi ona rəsmi məlumat vermədən məhkəmə prosesi keçirmiş və həmin məhkəmə prosesində də heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar. İddiaçı 09.03.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq stasionar müalicə aldığından hazırda yataq xəstəsi olduğundan təyin olunmuş məhkəmə prosesində iştirak edə bilmədiyini, məhkəmə baxışının 20 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı teleqramda səhhəti ilə əlaqədar olaraq stasionar müalicə aldığını qeyd etsə də, xəstə olmasını və hazırda müalicə almasını təsdiq edən hər hansı sübutu teleqrama əlavə etməmişdir. Həmçinin AR İPM-nin 31.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (8.1.). İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir (8.2.). Göründüyü kimi icra sənədi üzrə icraata başlamaq haqqında qərarın qəbul edilməsi məsələləri “İcra haqqında” Qanunla tənzimlənir. Həmin Qanun icra sənədinin icra edilməsi ilə bağlı məsələləri, yəni icra mərhələsinə aid olan məsələləri tənzimlədiyi üçün icraata başlamaq haqqında qərarın qəbul edilməsi ilə bağlı məsələlər də icra sənədinin icrası mərhələsinə aid olan məsələlərdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli 128299/20-16-15-9239 №li məktubu ilə bildirilmişdir ki, hazırda icra hərəkətlərinin dayandırılması ilə bağlı hər hansı əsas yoxdur. İcranın məcburi dayandırılması halları “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində göstərilmişdir. «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra orqanının fəaliyyəti isə iki aspektdən qiymətləndirilə bilər: -birincisi, icra məmurunun icra sənədinin icrasına yönəlmiş fəaliyyəti ilə bağlı icra proseduru daxilində qəbul etdiyi qərarlarının və hərəkətlərinin əsaslılığının qiymətləndirilməsi; -ikincisi, icra məmuru tərəfindən icranın həddindən kənara çıxan, qanunsuz hərəkətlərə yol verilməklə, ziyan vurmaya səbəb olan hüquqazidd fəaliyyəti ilə bağlı olan hərəkətlərinin qanuniliyi yoxlanılmaqla qiymətləndirilməsi. İcra məmurunun hərəkətlərindən (və ya hərəkətsizliyindən) verilən şikayətlərə dair məsələlər «İcra Haqqında Qanununun 87.1-ci maddəsinin müəyyən etdiyi qaydalarla tənzimlənir. Həmin Qanunun icraatın tərəflərinin hüquq və vəziflərini müəyyən edən 29.1-ci maddəsi isə onu ehtiva edir ki, icra məmurunun icra sənədinin icrasına dair qəbul etdiyi istənilən qərarlarından və hərəkətlərindən irəli gələn məsələləri icraatın tərəfləri şikayət verməklə mübahisələndirmək hüququna malikdir ki, konkret halda da, cavabdehin hazırda mübahisələndirilən hərəkətləri bu növdən olan qərarlardan biri kimi, qeyd olunan mübahisənin predmetini təşkil edir. Göründüyü kimi, icra orqanının (məmurunun) hərəkət və ya hərəkətsizliyindən ayrıca iddianın qaldırılması istisna edilir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən təsbit edilən qərarlar və aparılan hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların, ayrıca iddia verməklə, inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab oluna bilməz. Məhkəmə qərarının (qətnaməsinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan iddiada onun icra vərəqəsinin onu vermiş orqana geri qaytarılmasını xahiş etmədiyini, iddia ərizəsindən həmin vəzifənin icra məmurunun üzərinə qoyulmasını tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçının iddia ərizəsindən onun sözügedən icra vərəqəsinin onu vermiş orqana geri qaytarılması barədə qərarın qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə müvafiq məhkəmə qərarının çıxarılmasını xahiş etmiş, dolayısıyla onun cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etdiyi vəzifə icra vərəqəsinin onu vermiş orqana geri qaytarılması olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili olan Bakı İnzibati Məhkəməsinin hakimi Ali Məhkəmənin Plenumunun məlum qərarına əhəmiyyət vermədən, bir dəfə keçirdiyi 14.12.2020-ci il tarixli məhkəmə prosesinin vaxtı barədə iddiaçı kimi ona rəsmi məlumat vermədən məhkəmə prosesi keçirməsi və həmin məhkəmə prosesində də heç bir araşdırma aparmadan qərar qəbul etməsi bağlı qeyd edir ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Məlumatında göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İPM-nin 16.3-cü maddəsinə əsasən Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətlərin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayəti əsassızdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 dekabr 2020-ci il tarixli, 2-1(112)-7916/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1012/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1012/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver