Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1012/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidmət keçmə barədə məlumatların qeydiyyatının aparılması, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10667/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya hərbi biletində və şəxsi işində 07, 08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10667/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya hərbi biletində və şəxsi işində 07, 08 və 09 noyabr 2020-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi və “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia ərizəsi üzrə inzibati işin ərazi aidiyyəti üzrə baхılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan materiallardan, xüsusən iddiaçıya məxsus olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsindən, AO0612859 seriya və nömrəli hərbi biletindən və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorundan təqdim edilmiş 119/9 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Cəbrayıl rayonu, Dağtumas kəndində doğulsa da, o Cəbrayıl rayonunun xx.xx.1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində uşaq yaşlarından məcburi köçkün düşmüş və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, “Arzu” düşərgəsində məskunlaşmış və artıq 30 ilə yaxındır ki, məhz bu ünvanda yaşamaqdadır. Göründüyü kimi iddiaçının yaşayış yeri onun doğulduğu Cəbrayıl rayonu Dağtumus kəndi deyil, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsi, “Arzu” düşərgəsidir. Cəbrayıl rayonu 2020-ci ilin oktyabrında Vətən Müharibəsi zamanı işğaldan azad edilsə də, həmin rayon ərazisinə köçürülmə və məskunlaşma hələ başlamamışdır. Məhkəmə mübahisə üzrə ərazi aidiyyəti məsələsini İPM-in 8.1.3-cü maddəsinə əsasən tənzimlənməli olduğunu qeyd edsə də, mübahisənin iddiaçının yaşayış yerini deyil, qeydiyyatda olduğu ünvanı əsas götürərək Cəbrayıl rayonun ərazi yurisdiksiyası üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalı olduğu qənaətinə gəlmişdir. İddiaçının yaşayış yeri Xəzər rayonu olduğundan hazırkı inzibati mübahisə üzrə işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10667/2022 saylı qərardadı ləğv edilsin, iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. İş materiallarından aydın olur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanun normasından da aydın olduğu kimi şəxsin qeydiyyatda olduğu yer şəxsin yaşayış yeri sayılır. Məhkəmə Kollegiyası qeyd edir ki, AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı qeydiyyat ünvanı əvvəllər işğal olunmuş, 04 oktyabr 2020-ci il tarixdə işğaldan azad olunmuş lakin hazırki günədək məskunlaşma həyata keçirilməmiş Cəbrayıl rayonunun ərazisində yerləşdiyindən, iddiaçının məcburi köçkün kimi hazırda məskunlaşdığı Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən ünvanı onun yaşayış yeri sayılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Xəzər rayonu üzrə sektorundan təqdim edilmiş 119/9 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Fətiyev X2 rayonundan məcburi köçkün olmaqla Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Arzu düşərgəsində məskunlaşmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri, Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (15.3-cü bənd). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti və işin araşdırılmış məqamları birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir (İPM-in 87.6-cı maddəsi). İPM-nin 8.6-cı maddəsinə görə İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(112)-10667/2022 saylı qərardadı ləğv edilsin, iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-1012/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1012/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver