Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1012/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının inzibati binaya qeydiyyata alınması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RPİ-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz sayılması və inzibati binaya qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildən Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasınə qeydiyyata alınmışdır. 2022-ci ildən isə, onun daimi yaşayış yeri üzrə pasport qeydiyyatı silinib və ona məxsus şəxsiyyət vəsiqəsi hüquqi sənəd kimi əhəmiyyətini itirib. Bakı şəhəri Yasamal RPİ-nin iddiaçının pasport qeydiyyatından çıxarılması ilə bağlı mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin G40-001-21 nömrəli göstərişinə əasən onun Yasamal RPİ-nin inzibati binasına qeydiyyata alınması qeyri-mümkündür. (27 sentyabr 2022-ci il tarixli 091-62704A-3222 nömrəli imtina məktubu). İddiaçının faktiki yaşadığı ünvanın da hüquqmüəyyənedən sənədləri yoxdur. Bu vəziyyətdə də belə tikili üzrə qeydiyyatın mümkünsüzlüyü bildirilir. Halbuki pasport qeydiyyatı əmlaka hər-hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında vəzifələrin icra olunması, hüquq və azadlıqların həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. Göstərilənlərə və İPM-nin müddəalarına əsaslanaraq, məhkəmədən cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin tələblə əlaqədar hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının inzibati binaya olan qeydiyyatının bərpasının cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasından qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətləri qanunsuz sayılması və İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasına (Bakı şəhəri, Ə.Salamzadə küçəsi 5) qeydiyyatının bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki, xx xxxxxx 1957-ci il təvəllüdlü İddiaçı 31 may 2005-ci il tarixdən 8 iyul 2010-cu il tarixədək Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 508, ev 12, mənzil 8-də, 8 iyul 2010-cu il tarixdən 27 noyabr 2019-cu il tarixədək Bakı şəhəri, Səbail rayonu, 4-cü N.Nərimanov döngəsi, ev 35-də, 27 noyabr 2019-cu il tarixdən 30 avqust 2022-ci il tarixədək isə Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmuş, 30 avqust 2022-ci il tarixdə onun şəxsiyyət vəsiqəsi “qeydiyyatdan çıxarma” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak olmadığından yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edə bilməmiş, 27 noyabr 2019-cu il tarixdən 30 avqust 2022-ci il tarixədək Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Lakin sonradan hər hansı bir əsas olmadan həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi iddiaçı hazırkı tələbi əvvəlki qeydiyyatının bərpasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanuna əsasən heç bir inzibati icraat aparmadan, iddiaçının iştirakını təmin etmədən, hər hansı bir yeni hal olmadan iddiaçının xeyrinə olan əvvəlki aktını ləğv etmiş, yəni faktiki xarakterli hərəkətlə iddiaçını qeydiyyata aldığı inzibati binadan çıxarmaqla onun barəsində əlverişsiz hərəkət etmiş, bununla da onun hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində dəlil olaraq ünvan 1 ünvanında faktiki yaşaması qeyd edilsə də, iş materiallarına əsasən iddiaçının yaşadığı ünvanda yerləşən daşınmaz əmlak üzərində iddiaçının hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçı sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyət, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Bununla da, iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55s №-li, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli qərarının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış və ya yaşadığı yer üzrə qeydiyyata alına bilməyən şəxslərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alınması imkanının mövcudluğu xüsusilə vurğulanmış, şəxsin qeydiyyatsız qalmaması ilə əlaqədar dövlət tərəfindən təminatın verilməsi ilə bağlı siyasətin davamlılığı öz əksini tapmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçının adına heç bir əmlakı olmadığından və onların faktiki olaraq yaşadıqları qanunsuz tikili cavabdehin inzibati ərazi dairəsinə düşdüyündən və hazırkı tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3408/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1012/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1012/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver