Məhkəmə qərarları › İş №2-1(103)-1013/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1013/2020

20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1013/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə Cavabdehnə qarşı mənzilə pasport qeydiyyatına alınma öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3653/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər A.Əzizov və X1) məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli ünvana pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan üçüncü şəxs A.Əzizov ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, üçüncü şəxs göstərilən mübahisəli evdə ailə üzvlərilə (o, iki oğlu və bacısı) qeydiyyatda olmaqla yaşayırlar. Keçmiş həyat yoldaşı, bu iş üzrə iddiaçı ilə 2017-ci ildə nikahları pozulmuşdur. O, üçüncü şəxsin ailə üzvü deyil və artıq 3 ilə yaxındır ki, mübahisəli mənzildə yaşamır. Özü könüllü evdən çıxıb getmişdir. Onun konkret yaşadığı yer üçüncü şəxsə məlum deyil, iddiaçı 3 ildir ki, başqa bir ünvanda, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Elə buna görə də cavabdehin vəzifəli şəxsləri haqlı olaraq iddiaçını onun istifadəsində və sahibliyində olan evə qeydiyyata salmamışlar. Nikah pozulduqdan sonra üçüncü şəxsin yanında saxlanılan iki azyaşlı uşaqların saxlanması üçün iddiaçıya qarşı aliment tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianın aidiyyət məsələsi ilə əlaqədar məhkəməyə ərizə verərək bildirmişdir ki, iddia ərizəsi Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Belə ki, o, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. Yəni, Biləsuvar şəhərində qeydiyyatda olmaqla yaşamasını özü etiraf etmişdir. 2017-ci ildə iddiaçı ilə nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən üçüncü şəxsin yanında saxlanılan azyaşlı övladları Adil və Məhəmməd ilə iddiaçının qarşılıqlı münasibətləri çox gərginləşmişdir. Uzun müddət iddiaçı övladları ilə çox kobud davranmış, sistematik döymüş, onlara dəfələrlə bədən xəsarətləri yetirmiş, bununla əlaqədar iddiaçıya qarşı cinayət işi başlanmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli 087-22656A- 3219 nömrəli imtina məktubunda göstərilmişdir ki, qeyd olunan ünvana yaşayış üzrə qeydiyyata alınması üçün “Yaşayış yeri üzrə və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 5-ci maddəsinə əsasən həmin mənzilin qanunvericilikdə nəzərdə tutulmuş sənədini (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericilikdə nəzərədə tutulmuş başqa sənəd) və mülkiyyət sahibinin razılıq ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-474/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh A.Əzizovun kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-7971/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarında qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7971/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkar İddiaçı ünvan 4 ünvanda yerləşən evə köçürülmüş və bu barədə qanunamüvafiq qaydada akt tərtib olunmuş və həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına qanunvericilik aktlarının mübahisənin maddi hüquqi əsasını təşkil edən müddəalarının tələblərinə uyğun hüquqi qiymət verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; 5-ci maddəsinə görə, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyata alınması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir, 2.3-cü bəndinə görə isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Qanunvericiliyin təhlili göstərir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa qanuni hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında. Ali Məhkəmə tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə görə, yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində tələb olunan sənədlərə malik olmamaları onların həmin evə məhkəmə qaydasında qeydiyyata alınmalarına əngəl təşkil etməməlidir. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Adıçəkilən məhkəmənin təşəkkül tapmış presedent hüququna görə, “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, bu təcrübə həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun, eləcə də müvafiq şəxs üçün “çatımlı” və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Bu baxımdan, məhkəmə kollegiyası bildirir ki, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq, yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin həmin yaşayış sahəsinə qeydiyyata alınmalarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində təsbit olunmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, qanunda olan həmin boşluq məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Yaşayış sahəsinə istifadə hüquqları məhkəmə qaydasında müəyyən edilən şəxslərin həmin yaşayış sahəsinə qeydiyyata alınmaları məsələsinə, həmçinin, mütənasiblik prinsipinin tələbləri baxımından da yanaşılmalıdır. Hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. Bu mənada, qanunda tənzimlənməməsinə baxmayaraq yaşayış sahəsinə münasibətdə hər hansı mülki hüquqi mənada əmlak hüquqlarının yarandığı məhkəmə qaydasında müəyyən olunan şəxslərin bu sahədə müvafiq təkmil qanunvericilik tənzimləməsi olmadığına görə qeydiyyata alınmaması onların əldə etdikləri əmlak hüquqlarına edilən müdaxilənin ağlabatan və ədalətli tarazılıq həddini keçməsinə səbəb olur. Bu məsələdə qüvvədə olan qanunvericilik hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Odur ki, yetərsiz qanunvericilik tənzimləmələrindən irəli gələn problemin yükünün hüquq sahiblərinin üzərinə qoyulması onların hüquqlarına qeyrimütənasib müdaxilə təşkil etmiş olardı. Bu mənada məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayəti ilə razılaşmır. Apellyasiya şikayətinin iddiaçının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iclasında iddianın ərazi aidiyyəti ilə əlaqədar məhkəməyə ərizə verərək, Biləsuvar şəhərində qeydiyyatda olmaqla yaşamasını özü etiraf etməsi barədə dəlili də əsassızdır. Belə ki, həmin vəsatət 2017-ci ildə verilmiş, iddiaçının ünvan 4 ünvanda yerləşən evə köçürülməsi tələbinə dair məhkəmə qərarı isə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Apellyasiya şikayətinin iddiaçıya qarşı cinayət işi başlanması barədə dəlili də, həmin dəlilə inzibati mühakimə icraatı qaydasında hüquqi qiymət verilə bilmədiyindən, əsaslı deyil. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3653/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar