Məhkəmə qərarları › İş №2-1(103)-1013/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1013/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1013/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (3-cü şəxs Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-236/2020 saylı qərarından cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X1rşı (3-cü şəxs Maliyyə Nazirliyi) ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərinin İddiaçı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının “ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172.354 manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, ümumi sahəsi 0,116553 ha olan 273d saylı bağ sahəsi, Bakı şəhəri, 38 saylı notariat kontorunda təsdiq edilmiş 23.07.2016-cı il tarixli AN-1 ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, torpağın mülkiyyətçisi olmuş X4 tərəfindən İddiaçı satılmışdır. İddiaçı 2019-cu ildə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün cavabdehə müraciət etmiş, həmin idarənin əməkdaşları tərəfindən aparılmış ölçmə işləri nəticəsində, torpaq sahəsinin 0,021853 ha hissəsinin Novxanı-Pirşağı-Sahil avtomobil yolunun tikintisi ilə əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən istifadə edildiyi və yalnız torpaq sahəsinin 0,0947 ha hissəsi üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinin mümkün olacağı məlum olmuş, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 15.03.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin 0,021853 ha hissəsinin istifadə edilməsinə görə kompensasiyanın ödənilməsinə dair cavabdeh inzibati orqana müraciət olunmuş, cavabdehin 26.07.2019-cu il tarixli M-3/16-5564 saylı məktubu ilə, “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinin başa çatması əsas gətirilərək, kompensasiyanın verilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə verilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı alınan bağ sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün 2019-cu ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və məlum olmuşdur ki, 273d bağ sahəsinin 0.021853 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşüb, və vətəndaş İddiaçı bağ sahəsinin qalan hissəsinə çıxarış verilmişdir. Lakin tikinti işləri ilə bağlı layihə tam yekunlaşdıqdan uzun müddət sonra, yəni 2019-cu ildə İddiaçı, ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli imkanlarımız xaricindədir. Eyni zamanda “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius, və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlayırlar və mövcud olan hər hansı əmlak qeydə alınır. Lakin siyahıyaalma zamanı hazırda iddiada göstərilən bağ sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aparıldığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmayıb. Bundan əlavə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi” tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, İddiaçı 2016-cı ildə aldığı bağ sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan müqavilələr nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsi ilə müəyyən olunmuşdur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yer quruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası zamanı, iddiaçı mülkiyyət hüququna malik olmayib. Belə ki, həmin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət kimi qeydiyyata alınmayıb. Beləliklə iddiaçının iddiasında göstərilən torpaq sahəsi ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsinin icrası zamanı, iddiaçı iddia ərizəsindəki göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmədiyindən, və bununla bağlı həmin torpaq sahəsinə mülkiyyət, istifadə və icarə hüquqlarına malik olmadığına görə kompensasiya tələbi əsassızdır. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-236/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172,35 (doqquz min bir yüz yetmiş iki manat otuz beş qəpik) manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ondan apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” işləri ilə bağlı layihə tam yekunlaşdıqdan uzun müddət sonra, yəni 2019-cu ildə iddiaçı ona məxsus torpaq sahəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun” tikinti altına düşdüyünə görə kompensasiyanın alınması ilə bağlı Agentliyə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həlli imkan xaricindədir. Eyni zamanda, “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması layihəsi” tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahıya almaq məqsədilə müxtəlif icra orqanlarının nümayəndəlilərindən (o cümlədən icra hakimiyyəti, bələdiyyə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, ƏMDK, "xxxx" MMC, notarius və s.) ibarət olan komissiya tərtib olunmuşdur. Komissiya işçiləri tərəfindən ərazidə daşınmaz əmlaka (tikililərə, sahələrə, əkililərə) baxış keçirərək fotoşəkillər hazırlanmış və mövcud olan hər hansı əmlak qeydə alınmışdır. Lakin siyahıyalama zamanı hazırda iddiada göstərilən torpaq sahəsi ilə bağlı heç bir məlumat açkar olunmamışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun həmin hissəsində yol tikinti işləri aprarıdığı zaman iddiaçı tərəfindən heç bir sənəd və sübut təqdim olunmamışdır. Bundan əlavə, “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi” tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin, əkililərin və tikintilərinin siyahısını dəqiqləşdirmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Alınmış cavabda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşən maneələrin siyahısında İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, iddiaçı 2016-cı ildə aldığı bağ sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıyaalması zamanı iddiaçı alınmanın təsirinə məruz qalan şəxs kimi müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyrimümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Novxanı- Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır, bununla bağlı ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, iddiaçı öz tələbində torpağın yol tikinti altında düşdüyünü 0.021853 ha hissəsini göstərmişdir, amma məhkəmə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin istinad edilən məktubda göstərilmişdir ki, İddiaçı torpaq sahəsinin 280 kv.m hissəsi yol tikinti altına düşmüşdür. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan “dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması” zərurəti ilə bağlılığının olması da işin araşdırma tələb edən hallarındandır. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpağın alınması ilə əlaqədar yolun həmin hissəsində tikililərin mövcud olub-olmadığını, heç bir sənədlə təhlil etməmiş, heç bir şəkil olmadan müəyyən etməmiş, habelə mübahisəli ərazinin yerinə baxış keçirmədən qərar qəbul etmişdir. Sözügedən daşınmaz əmlakın mövcud bazar qiyməti cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Lakin məhkəmə yalnız DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Maliyyə Nazirliyinin Dövlət Nəzarəti Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş məktublarına istinad etməklə öz mülahizəsinə əsaslanaraq qiymət müəyyənləşdirmiş və ona uyğun kompensasiya hesablanmışdır. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunmalıdır. Məlum olduğu kimi Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə iddiaçıya kompensasiya ödənilməsini qərara almışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı 2016-cı ildə aldığı bağ sahəsi üzərində mülkiyyət hüququnu qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtında dövlət reyestr xidmətində dövlət qeydiyyatına almadığından, torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı mülkiyyətçilərin siyahıya alınması zamanı iddiaçı alınmanın təsirinə məruz qalmamışdır. Eyni zamanda, Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması layihəsi tikintisi altına düşən vətəndaşların torpaq sahələrinin siyahıya alınması məqsədilə müxtəlif icra orqanlarının nümayəndələrinin iştirakı ilə komissiya tərtib olunmuş və həmin əraziyə baxış keçirilən zaman hazırda iddiada göstərilən bağ sahəsi ilə bağlı heç bir məlumat aşkar olunmamışdır. Qeyd olunan tədbirlər planının icrası zamanı iddiaçı mülkiyyət hüququna malik olmayıb. Dövlət büdcəsi vəsaitinin istifadə sahəsində dövlət nəzarətini həyata keçirən orqan kimi hesab edirlər ki, geri alınan daşınmaz əmlakın dəyəri məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmadan müəyyən edildiyindən qəbul edilmiş həmin məhkəmə qərarı ləğv edilməli və bununla bağlı iddia tələbləri rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə 3-cü şəxsin və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxsin və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.116553 ha olan bağ sahəsi X2 xüsusi mülkiyyətində olmuşdur. AN-İ seriyalı ******* nömrəli 23.07.2016-cı il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X4 ona məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.116553 ha olan bağ sahəsini İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.0947 ha olan bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həllinin imkan xaricində olduğu bildirmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “ünvan 1 ünvanda yerləşən, iddiaçının mülkiyyətində olmuş və Novxanı-Pirşağı-Sahil avtomobil yolunun çəkilişinə istifadə edilmiş 0,021853 ha torpaq sahəsinin bazar dəyərini təşkil edən 9172.354 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş "xxxx" ASC) tərəfindən həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinə görə ödənilən kompensasiya məbləği, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********85 nömrəli 13.11.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilən mütəxəssis rəyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş DX-03/03-03- 646 nömrəli 20.04.2020-ci il tarixli məktubu nəzərə alınmaqla İddiaçı məxsus olmaqla, xüsusi mülkiyyətində olmuş bağ sahəsinin 280 kv.metr hissəsinin dəyəri qabaqcadan ödənilmədən alınması nəticəsində iddiaçıya 9172,35 (doqquz min bir yüz yetmiş iki manat otuz beş qəpik) kompensasiyanın ödənilməsi mübahisənin ədalətli həll edilməsi baxımından məqsədəmüvafiqdir. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə bu hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır, eyni zamanda söküntü işləri cavabdeh tərəfindən aparılmamışdır Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.3-cü bəndinə əsasən Cəmiyyət Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 09.03.2016-cı il tarixli, 826 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılması qərara alınmışdır. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının 06.06.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı (İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında) Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən (hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz). “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və şərtlərlə özgəninkiləşdirilə bilər. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir”. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Qeyd edildiyi kimi cavabdeh apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşməməsinin məhkəmə tərəfindən araşdırılmadığını mübahisələndirir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********85 nömrəli 13.11.2020-ci il tarixli məktubla məhkəməyə təqdim etdiyi mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan 947,0 m2 torpaq sahəsinin 280,0 m2 hissəsi Bilgəh Kürdəxanı dairəsi yolun (Novxanı-Pirşağı-Sahil avtomobil yolun) 12,5 m-lik mühafizə zolağına düşür. Eləcə də, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26.07.2019-cu il tarixli məktubda da iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “NovxanıPirşağı (Sahil yolu)” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, (..) “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi başa çatdığından qeyd edilən məsələnin həllinin imkan xaricində olduğu bildirilmişdir. Beləliklə də, cavabdeh tərəfindən apellyasiya şikayətində mübahisələndirilsə də, ünvan 2 ünvanda yerləşən 947,0 kv.m. ümumi sahəsi olan bağ sahəsinin İddiaçı məxsus olması, həmin bağ sahəsinin 280 kv.metr hissəsinin yolun tikinti altına düşməsi işin mübahisələndirilməyən halıdır. Eyni zamanda, işin mübahisələndirilməyən digər halına görə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun “Novxanı-Pirşağı (Sahil yolu)” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Bu Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Dövlət ehtiyacları ilə əlaqədar alınmayla bağlı olaraq mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir. Belə ki, “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Stolyarova Rusiya Federasiyasına qarşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Hazırkı işdə iddiaçının mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınsa da, ona müvafiq kompensasiya ödənilməmiş, onun torpaqdan istifadə imkanı itirilmiş və beləliklə də, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri də pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş 2011-2012-ci illər ərzində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinin icrası ilə bağlı ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olmuş bağ sahəsinin 0,021853 ha torpaq sahəsinin hissəsinin tikinti altına düşməsi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ona maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş DX03/03-03-646 nömrəli 20.04.2020-ci il tarixli məktubunda göstərilmişdir: “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununna müvafiq olaraq müstəqil qiymətləndirici şirkət tərəfindən torpaqların alınması zamanı, qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1 kv. Metrinin bazar qiyməti bütün əlavələrdə nəzərə alınmaqla 30,00 – 48,00 manat civarında müəyyən edilmişdir.” İş materiallarına əlavə edimiş İddiaçı sifarişi əsasında tərtib edilmiş "xxxx" MMC-nin MB-12/993 saylı 25.11.2019-cu il tarixli qiymətləndirmə hesabatında ünvan 3 ünvanında yerləşən mülkiyyətdə olan 0.0947 ha torpaq sahəsinin 25.11.2019-cu il tarixə bazar dəyəri 39.748,4 manat müəyyən edilmişdir. Həmin hesabatda bir sot torpağın bazar dəyəri 4197,3 manat müəyyən edilmişdir. Həmin hesabata əsasən 1 m2 torpaq sahəsinin dəyəri 41,973 manat (4197,3 : 100 m2) təşkil etdiyindən, yol tikintisi altına düşən torpaq sahəsinin dəyəri 9172,35 manat (0,021853 ha x 41,973 manat) təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbində qeyd olunanları, habelə cavabdehin mövqeyini, eyni zamanda 3-cü şəxsin dövlət büdcəsinin maraqlarından çıxış etməsini nəzərə alaraq hesab etmişdir ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Məhkəmənin qənaətinə görə kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Bununla da müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində hal-hazıradək ədalətli kompensasiya ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.0947 ha olan bağ sahəsinin 0,021853 ha torpaq hissəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş "xxxx" ASC) tərəfindən həyata keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Novxanı-Pirşağı-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinə görə 9172.35 manat məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur. Beləliklə qeyd edilənlərə və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hazırki mübahisə üzrə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətlərində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2-1(112)-236/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar