Məhkəmə qərarları › İş №2-1(103)-1014/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1014/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1014/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1954-cü il tarixində Qəbələ şəhərində anadan olmuş, ünvan 1 mən. 3 ünvanında qeydiyyatdadır ) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı pensiyanın təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4464/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbinin təmin edilməsi, ona 63 yaşı tamam olduğu gündən 6 ay sonra xx.xx.2018-ci il tarixində pensiya təyin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4464/2019 saylı qərardadı ilə ( hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4464/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Nərimanov rayon Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə şöbəsi olduğundan onun bu işə cavabdeh kimi cəlb edilməsi mümkündür. İşin hazırkı apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən məhkəmə kollegiyasının hakimi E.Nağıyevanın hazırkı işə baxması ilə əlaqədar etiraz ərizəsi təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, bu işə oxşar iş barəsində o 2019-cu ildə Bakı Apellyasya Məhkəməsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin əsassız qərarından şikayət ərizəsi ilə müraciət etmişdir. O vaxtı həmin iş hakim Elmira Nağıyevanın icraatına təyin edilmiş, ancaq onun işi barəsində Elmira Nağıyeva iddia tələbini təmin etməmiş və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar çıxarmışdır. Ona görə də bu işin yenidən təkrarlanmaması üçün onun yuxarıda göstərilən işini məhkəmənin başqa hakiminə , Şərafət xanım Məmmədovaya və yaxud hansısa birinin icraatına verilməsini xahiş etmişdir. Etiraza məhkəmə tərkibin digər hakimləri V.Məmmədov və H.Həmidov tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli qərardadı ilə etiraz təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin mümkün sayılmasını xahiş etdi. Eyni zamanda işin apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, cavabdehin dəyişdirilməsi təklif olunmuş, lakin iddiaçı cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu olduğunu və cavabdehin əvəz edilməməsini bildirdi. Həmçinin işin birinci instansiya icraatı zamanı xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolundan da göründüyü kimi, iddiaçıya iddianın iddiaya cavab verməli olan orqana yönəldilmədiyini,bu səbəbdən də ona iddia tələbinin dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı isə ərizə təqdim edərək, işə olduğu kimi baxılıb qərar verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq hesab etmişdir ki, İddiaçı iddiaya cavab verməli olan inzibati orqana müraciət etmədiyindən və həmin orqan tərəfindən imtina almadığından hazırkı iddiaya mövcud vəziyyətdə baxıla bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan: - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1488/2018 saylı, xx xxx 2018ci il tarixli qərarı ilə (hakim Z.Tağıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. - 02.05.2012-ci il tarixli, AZ-İ № 006814 seriya və nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə əsasən X1 , xx xxxx 1954-cü ildə Qəbələ şəhərində doğulmuş, adını “ Afinq”-dən “Real”-a dəyişdirmiş, və bu barədə soyadını, adını, ata adını dəyişdirməsi haqqında akt qeydləri kitabında 2012 ilin 05 ayının 02 günündə 25№ ilə qeyd edilmişdir. (Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi, S.İsmayılova) İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunan normalardan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən irəli gələn və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş inzibati orqanların qəbul etdiyi inzibati aktlara, habelə onların faktiki xarakterli digər hərəkətlərilə bağlı olan iddialara baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi irəli sürmüşdür. Lakin, pensiya almaq hüququ olan şəxslərlə pensiya Dövlət Sosial Müdafiə Fondunun orqanları (rayon, şəhər şöbələri) tərəfindən ödənildiyindən, iddiaçı iddia tələbini iddiaya cavab verməli olan inzibati orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə) qarşı yönəltməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4464/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar