Məhkəmə qərarları › İş №2-1(103)-1014/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1014/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1014/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesabalaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesabalaraq ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7333/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (02 il 0 ay 03 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. X2 Universiteti tərəfindən verilmiş 23808 saylıxx.xx.1998-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1993-cü ildən 1998-ci il kimi həmin universitetdə təhsil almış, İmtahan Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən ona hüquqşünas ixtisası verilmişdir. İddiaçıya məxsus ******* saylı xx.xx.2021-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilə qədər Ədliyyə Polis orqanlarında xidmətdə olmuş (05 il 04 ay 08 gün), xx.xx.2001-ci ildən xx.xx.2003- cü ilə qədər Sabirabad rayon məhkəmə nəzrarətçiləri və məhkəmə icraçıları qrupununun məhkəmə nəzarətçisi (2 il 20 gün), xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilə qədər Əli Bayramlı şəhər məhkəmə nəzarətçisi və məhkəmə icraçılar qrupunun böyük məhkəmə icraçısı, Şirvan şəhər icra bölməsinin böyük icra məmuru (13 il 19 gün) vəzifələrində işləmiş, xx.xx.2016-cı ildən hal-hazıra kimi isə Neftçala rayon İcra şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı ona ədliyyə orqanının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2021-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (Qanunun preambulası). Həmin Qanunun 9.7.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək olan redaksiyasında göstərilirdi ki, ədliyyə orqanlarında azı 25 il qulluq etmiş ədliyyə işçilərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Qanunu ilə “Əmək pensiyaiarı haqqında” Qanununa edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixindən yuxarıda göstərilən maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında qulluq stajı 25 ildən az olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesabalaraq ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-cü ildə anadan olmuşdur, xx.xx.2021-ci il tarixində 60 yaşı tamam olacaqdır. xx.xx.1995-ci il tarixindən (əmr № 622 ş/h) xx.xx.2001-ci il tarixədək (əmr № 790 ş/h) Penitensiar xidmətdə qulluqda olmuşdur və xx.xx.2001-ci il tarixində qulluq müddəti təqvimi hesablama ilə 05 il 03 ay 07 gün güzəştli hesablama ilə 06 il 11 ay 03 gün təşkil etmişdir. xx.xx.1995-ci il tarixindən əmək fəaliyyətinə başlamaqla xx.xx.2016-cı il tarixindən Neftçala rayon İcra Şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin vəzifədə çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafıq olaraq onun ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021-ci il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 27 il 6 ay 28 gün, güzəştli hesablama ilə isə 29 il 2 ay təşkil etmişdir. 2015-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına kimi əmək fəaliyyəti ilə məşğul olmaqla 40435,82 manat əmək haqqı almışdır. Qeyd olunmuş əsaslara uyğun olaraq əmək stajı nəzərə alınmaqla ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması mümkündür. Bu səbəbdən cavabdehə ərizə ilə müraciət edərək ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin müraciətinə vermiş olduğu xx.xx.2021-ci il tarixli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi qaydasına əsasən ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunan iş stajının olmamasını qeyd etməklə həmin stajın 25 ildən az olmasının nəzərə alaraq ona pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7333/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 28 yanvar 2017-ci il tarixdən ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajı nəzərə alinarkən hərbi xidməti, təhsil dövrü də hesablanib. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında xx.xx.1992-ci il tarixində qəbul etdiyi 631 saylı qərarında göstərilir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da 5 ilədək müddət daxilində təlimin 1 ili 6 ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Lakin göründüyü kimi, sözügedən qərarda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən pensiya təyinatı zamanı təhsil dövrünün uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə iddia ərizəsində ona həmin Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə qulluqçusu kimi pensiya təyin olunmasını tələb edir. Belə olan halda Nazirlər Kabinetinin qeyd olunan 631 nömrəli qərarının müddəaları iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 2.1-ci bəndində ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə daxil edilən dövrlərdə təhsil müddəti nəzərdə tutulmamışdır. Eləcə də “Əmək pensiyaları haqqında” qanunun 21.2-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə təhsil dövrü aid edilməmişdir. Qeyd olunanlara əsasən 1 iyul 2017-ci il tarixinədək ədliyyə orqanlarında iddiaçının qulluq stajı 25 ildən az olduğundan ona ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək yaranmış əmək stajı nəzərə alınmaqla ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin olunması və hesabalaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajının 25 ildən az olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla 26 il 04 ay 03 gün təşkil etməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-ci maddəsinə əsasə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Qanunun xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. xx.xx.2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 23.8-ci maddəsinin tələbinə görə yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Hazırda qüvvədə olan 23.8-ci maddəsinin tələbinə görə yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Qanunun 23.10-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan şəxslər məyyən yaş həddinə çatanadək pensiya hüququna malikdirlər. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədini (əmək kitabçasını), əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən və diplomdan görünür ki, o, müvafiq olaraq xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (02 il 0 ay 03 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 1993-cü ildən 1998-ci il kimi X2 Universitetində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, onun ədliyyə orqanlarında qulluq stajı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək (hərbi xidmət dövrü) 2 il 3 gün, 1993-cü ildən 1998-ci ilədək (təhsil dövrü) 5 il, xx.xx.1995-ci ildən xx.xx.2011-ci ilədək 5 il 3 ay 7 gün, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilədək 2 il 20 gün, xx.xx.2003-cü ildən xx.xx.2016-cı ilədək 13 il 19 gün, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək 1 il 4 ay 13 gün olmaqla, 25 ildən artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi» Qaydalarının 2.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında stajorluq və sınaq müddəti; ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; məzuniyyət dövrləri; ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət; ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət daxil edilir. Qaydaların 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17/3-14 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdən (əmr № 622 §/h) xx.xx.2001-ci il tarixədək (əmr № 790 ş/h) Penitensiar xidmətdə qulluqda olmuş və xx.xx.2001-ci il tarixə qulluq müddəti təqvimi hesablama ilə 05 il 03 ay 07 gün, güzəştli hesablama ilə 06 il 11 ay 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06/24-325 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixii 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafıq olaraq Neftçala rayon icra və probasiya şöbəsinin rəisi ədliyyə müşaviri İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2021- ci il tarixə (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 27 il 6 ay 28 gün, güzəştli hesablama ilə isə 29 il 2 ay təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 8/212 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Neftçala rayon icra və probasiya şöbəsinin rəisi İddiaçı 2015-2017ci illərdə əmək haqqısı 40435,82 manat (qırx min dörd yüz otuz beş manat 82 qəpik) olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06/13-803 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq Şirvan regional ədliyyə idarəsinin baş məsləhətçisi ədliyyə müşaviri İddiaçı ədliyyə orqanlarında qulluq illəri xx.xx.2017-ci il tarixə (hərbi xidmətdə, ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təqvimi hesablama ilə 23 il 9 ay 28 gün, güzəştli hesablama ilə isə 25 il 5 ay 24 gün təşkil edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının xx.xx.2017-ci il tarixə hərbi xidmət, təhsil dövrü və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə işlədiyi dövr də nəzərə alınmaqla onun qanunla tələb olunan 25 ildən artıq stajının olduğuna istinad edərək iddiasının təmin olunması qənaətinə gəlmişdir. Lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələbinə görə yalnız hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas müssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirilən təlim vaxtının 5 ilədək müddət daxilində təlimin 1 il 6 ay sayılmaqla uzun müddətin xidmətə daxil olmasını bildirərək iddiaçının təhsil dövrünün (təhsil müddətin yarısının) onun xidmət illərinə daxil edilməsinə etiraz etmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, İddiaçı 1993-1998-cı illərdə təhsil aldığı X2 Universitetində hərbi kafedra olmamışdır. Belə olan halda İddiaçı yuxarıda göstərilən güzəştli stajının hesablanması ilə bağlı müvafiq məlumatların məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdi ki, Şirvan resgional Ədliyyə İdarəsinin baş məsləhətçisi ədliyyə müşaviri İddiaçı xx.xx.1979- 7.11.1981-ci il tarixlərdə həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1995-ci il tarixdən ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq edir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və siravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması haqqında” Nazirlər Kabinetinin 631 saylı xx.xx.1992-ci il tarixli Qərarına, Ədliyyə Nazirliyi üzrə 187Ş/H saylı xx.xx.1994-cü il tarixli və 23 ş/h saylı xx.xx.1998-ci il tarixli əmrlərə əsasən İddiaçı xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Sabirabad rayon ədliyyə polis qrupunun inspektoru vəzifəsində çalışdığı dövrün 1 ayın 2 ay sayılması nəzərə alınaraq, onun qulluq illərinə 1 il 7 ay 26 gün güzəştli müddət əlavə edilmişdir. Həmin sorğuya cavab məktubuna sorğuda istinad olunan normativ aktlar da əlavə olunmuşdur. Bundan əlavə iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2001-ci il tarixə kimi Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qulluqda olduğu dövr güzəştli hesblama ilə 6 il 11 ay 3 gün təşkil etmişdir ki, həmin müddət də qulluq illərinin hesablanmasında nəzərə alınır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.1979-xx.xx.1981ci illərdə (2 il 3 gün) hərbi xidmət dövrü, xx.xx.1995-xx.xx.2001-ci illərdə (5 il 3 ay 7 gün) penitensiar xidmətdə, xx.xx.2001-xx.xx.2003-cü illərdə (2 il 20 gün) məhkəmə nəzarətçisi, xx.xx.2003-xx.xx.2016-cı illərdə (13 il 19 gün) böyük icra məmuru, xx.xx.2016-xx.xx.2017ci illərdə (1 il 4 ay 13 gün) icra şöbəsinin rəisi işlədiyi dövrlər (23 il 9 ay 28 gün) və xx.xx.1995-xx.xx.1997-ci illərdə (1 il 7 ay 26 gün) işlədiyi ədliyyə polis qrupunun inspektoru vəzifəsində çalışdığı dövrün 1 ayı 2 ay sayıldığı üçün həmin müddət də nəzərə alınmaqla, ümumilikdə xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında qulluq stajı 25 il 5 ay 24 gün təşkil edir. Həmin müddət qanunla tələb olunan 25 ildən artıq olduğundan iddiaçının ədliyyə orqanlarının əməkdaşı kimi pensiya almaq hüququ xx.xx.2017-ci il tarixədək yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7333/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7333/2021 saylı 10 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar