Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1014/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı "yaşayış yeri üzrə qeydiyyata alınması" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5634/2023 saylı 14 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı özünün və oğlunun ünvan 3 ünvanına qeydiyyata alınması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 56142Ə-3222 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “ailə üzvlərinizlə birlikdə (İddiaçı və X2) qeydiyyatsız yaşadığınız yuxarıda göstərilən ünvana qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov 56) müraciət etməyiniz məqsədə müvafiq hesab edilir.” Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı və X2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ev İddiaçı məxsusdur və o, 1998-ci ildən həmin ünvanda ailəsi ilə yaşayır. Evin kommunal ödənişlərinin hamısı iddiaçının adına ödənilir. Həmçinin evin qaz, işıq, su sayğacları onun adınadır. Belə ki, iddiaçı 22 ildir ailəsi ilə həmin evdən mütəmadi olaraq istifadə edir. İddiaçı həmin evə qeydiyyata alınması ilə bağlı cavabdeh Bakı şəhəri Sabunçu RPİ-yə müraciət etmiş, lakin ona məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İddiaçı ünvan 7 ünvanında qeydiyyatda olmuşdur. İddiaçının xəbəri olmadan Nizami rayon Polis İdarəsi onu qeydiyyatdan çıxarmışdır və qeydiyyatdan çıxarıldığı üçün şəxsiyyət vəsiqəsi verilmir. Göstərilənlərə əsaslanaraq, iddiaçıların ünvan 3 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu RPİnin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 22-1(112)-5634/2023 saylı 14 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, məhkəmə işi tam hərtərəfli və obyektiv araşdırmamışdır. Ona görə ki, onun ünvan 10 ünvandan başqa qeydiyyata düşəcəyi ünvan yoxdur. Özü də şəhid ailəsidir. Bakı İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5634/2023 saylı qərarının ləğv olunmasını və yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarınını təmin etməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Qeyd olunmalıdır ki, hazırki işdə apellyasiya şikayəti İddiaçı tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı həmin iddiaçıya münasibətdə yoxlanılır. Belə ki, digər iddiaçı X2 tərəfindən məhkəmə qərarından apellyasiya şikayəti verilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı tələbi "ünvan 3 ünvanına qeydiyyata alınması" barədədir. Bununla bağlı cavabdeh orqana müraciət edilmiş, lakin sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onların iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər; Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Kollegiya qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçılar ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakda yaşadığını irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirlərsə, bu halda onların bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Lakin, iddiaçılar qeyd edilən maddənin 2-ci bəndində nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5634/2023 saylı 14 avqust 2023-cü il tarixli qərarı İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5634/2023 saylı 14 avqust 2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə- İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1014/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1014/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver