Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1014/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9567/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək 57 yaşdan təyin edilməsi barədə qəbul edilmiş qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64382/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü ildə doğulmuşdur. İddiaçı 1972-ci ildən 1975-ci ilə qədər Bakı Politexnikumunun axşam şöbəsində təhsil almışdır. xx.xx.1969-cu ildən xx.xx.1970-ci ilə qədər Kirov adına Separadi sovxozunda fəhlə,xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilə qədər “Azərmaştəmir” Trestinin Bakı Polad Kanatlar Zavodunda, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər “Başavtotəsərrüfat” İdarəsində çilingər, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər Serebrovski adına X6 İdarəsində çilingər, xx.xx.1975-ci ildən xx.xx.2001-ci ilə qədər “Azərdəniznefttikinti” İB-nin 5 №-li Təmir-Tikinti İdarəsində polad və dəmir beton konstruksiyalarının quraşdırıcısı və qaz kəsicisi vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilə qədər Neft Qaz Tikinti Trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsində qazla kəsən, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində qazla kəsən, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti- Quraşdırma bölməsində qazla kəsən vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1997-ci ilə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə zərərli iş stajı mövcud olmuşdur. İddiaçıya 55 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2008-ci il tarixdən DSMF orqanı tərəfindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edimişdir. Daha sonra cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı iddiaçıya 55 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı olduğu müəyyən edilmişdir. Bu əsasdan cavabdeh inzibati orqan iddiaçıya 55 yaşdan təyin edilmiş əmək pensiyasını dayandırmış və onun təyinat tarixini 57 yaşa dəyişdirməklə pensiya ödənişini həyala keçirməyə başlamışdır. Bundan başqa cavabdeh orqan hesab etmişdir ki, iddiaçıya düzgün təyin olunmayan pensiya nəticəsində ümumilikdə 30.292,25 manat artıq pensiya məbləği hesablanmışdır. Hesab edir ki, cavabdeh orqanın iddiaçının pensiya təyin olunma yaşının 55-dən 57-yə və eləcə də pensiyanın hesablanması qaydasını dəyişdirməkdə ifadə olunan hərəkətləri əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321 - İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 2 №-li Siyahı üzrə 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 55 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixdən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixdən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Belə ki, həmin maddənin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq iddiaçıya əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: İddiaçıya məxsus pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 35 il 9 ay 28 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 42,30 manat (35,83 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 65,54 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6382,08 manat sığorta kapitalına uyğun 44,32 (6382,08:144) manat və 75 baza hissəsi əlavə edilərək xx.xx.2010-cu il tarixinə 184,86 (65,54+44,32+75) manat (indeksləşdirilərək xx.xx.2016-cı il tarixinə 246,80 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, xx.xx.2016-cı il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11442,24 manat sığorta kapitalına əsasən əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (11442,24 : 72 ay (144 ay-72 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=158,92 manat) həmin tarixdən yenidən hesablanaraq 246,80 manatdan 405,72 manata (246,80+158,92) (Qanunun 26.4-cü maddəsi nəzərə alınmaqla və indeksləşdirilməklə xx.xx.2023-cü il tarixinə 761,07 manat) artırılmışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, son üç il üzrə iddiaçıya 30292,25 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin 30292,25 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığının mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Həmçinin, İddiaçı iştirakı ilə 12 dekabr 2023-cü il tarixdə qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası xx.xx.2024-cü il tarixdən 846,31 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9567/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-64382/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda imtina məktubunun, birinci instansiya məhkəməsi zamanı təqdim edilmiş iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9567/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya onun 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla iddiaçının yaşa görə əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən təyin edilməsi əsası ilə onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. Belə ki, iş materialllarında olan sənədlərdən görünür ki; - iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. -Щ seriyalı, 024912 nömrəli diplomun surətinə əsasən iddiaçı 1972-ci il tarixdə Bakı Politexnikumunun axşam şöbəsinə daxil olmuş və 1975-ci ildə həmin texnikumun Avtomobil nəqliyyatının istismarı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.1975-ci il tarixli qərarı ilə ona texnik-istismar ixtisası verilmişdir. -İddiaçının əmək kitabçasında göstərilmişdir ki, xx.xx.1969-cu ildən xx.xx.1970-ci ilə qədər Kirov adına Separadi sovxozunda fəhlə, xx.xx.1970-ci ildən xx.xx.1972-ci il tarixədək “Azərmaştəmir” Trestinin Bakı Polad Kanatlar Zavodunda, xx.xx.1972-ci ildən xx.xx.1973-cü il tarixədək “Başavtotəsərrüfat” İdarəsində çilingər, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Serebrovski adına X6 idarəsində çilingər, xx.xx.1975-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərdəniznefttikinti” İB-nin 5 nömrəli Təmir Tikinti İdarəsində polad və dəmir beton konstruksiyalarının quraşdırıcısı və qaz kəsicisi vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilə qədər Neft Qaz Tikinti Trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsində qazla kəsən, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilə qədər “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində qazla kəsən, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilə qədər “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma bölməsində qazla kəsən vəzifəsində işləmişdir. -Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının hüququ 55 yaşdan 57 yaşa çəkilmiş, xx.xx.2020-ci ildən artıqvermə müəyyən edilmiş, iddiaçıya xx.xx.2023-cü il tarixdən 761,07 manat ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. -Cavabdehin xx.xx.2023-cü il tarixli “İnzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında” məktubunda göstərilmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququna yenidən baxılması zamanı ona artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 12 dekabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyi xahiş olunmuşdur. -Cavabdehin xx.xx.2024-cü il tarixli “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda göstərilmişdir ki, araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 01 avqust 1997-ci il tarixədək 1 nömrəli siyahı üzrə tələb olunan güzəştli iş stajını toplamışdır. Belə ki, iddiaçının həmin tarixə 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi polad və dəmir beton konstruksiyalarının quraşdırıcısı və qaz kəsicisi vəzifəsində kodlarla qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişlik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanun qüvvəyə minənə qədər 12 il 06 ay güzəştli stajı topladığı üçün ona əmək pensiyası yaşa görə həmin dövrə kimi qüvvədə olan qanunvericilik əsasında təyin edilməlidir. Həmin dövrə qədər qüvvədə olan qanunvericilikdə isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddi kişilər üçün 2 nömrəli Siyahı üzrə 55 yaş müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, iddiaçıya 55 yaşdan təyin olunan pensiyasının ödənilməsi davam etdirilməlidir. Cavabdehin əsas dəlili ondan ibarətdir, iddiaçının pensiya hüququnun yarandığı vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün 57 yaş müəyyən edildiyindən ona 57 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.8-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı ildən qüvvəyə mindiyi üçün, həmin tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən stajı, yəni kişilər üçün qanunla müəyyən edilmiş 12 il 06 ay stajı topladıqda şəxs yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya hüququ əldə edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna 13 iyun 1997-ci il tarixli, 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 13-cü maddəsinin ilkin variantında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh qurum mövcud məhkəmə təcrübəsində təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin dəyişdirilməsinə nail olmaq məqsədilə yeni dəlillərə istinadla əsaslandırmamışdır. Cavabdeh inzibati orqan vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçıya vaxtilə pensiya təyinatının maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt olduğu qənatinə gəlmək olmaz. Odur ki, iddiaçıya vaxtilə güzəştli şərtlərlə pensiya təyininə dair qərar məhz qanuni əlverişli inzibati akt kimi qiymətləndirilməli və iddiaçıya qeyd edilən şərtlərlə təyin edilmiş pensiyanın təyinatı şərtlərinin dəyişdirilməsi nəticəsində (pensiyasının yenidən hesablanması haqqında qərarla) faktiki olaraq qanuni əlverişli inzibati akt ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə münasibətdə qanuni əlverişli inzibati aktın ləğvi üçün qeyd edilən əsaslardan hər hansı biri mövcud olmalıdır. Hazırda isə həmin dörd əsasdan hər hansı müəyyən edilmir və cavabdeh inzibati orqan qeyd edilən hallardan hər hansı birinə əsaslanmır. Lakin cavabdeh inzibati orqan faktiki olaraq inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində həmin aktı qəbul etməməyə haqlı olduğunu qeyd edir. Vaxtilə inzibati orqan tərəfindən məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq olunan qanunun vətəndaşı əlverişsiz vəziyyətə salmaqla səhv olduğuna dair qənaət vətəndaşın dövlətə olan etimadı ilə bağlı məsələləri ortaya çıxara bilər. Məhz etimad prinspinin pozulması ictimai maraqlara ziyan vura bilər. Odur ki, qanuni əlverişli inzibati aktın ləğvi üçün iki dispozisiya şərti yerinə yetirilmiş olmalıdır: - inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olması ilə yanaşı həm də: 1) ya maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etməməli; 2) ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirməməli; 3) ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmalıdır. (1) və (2) halların hazırkı situasiyaya aidiyyəti yoxdur. Lakin (3) hala münasibətdə qeyd edilməlidir ki, əksi, yəni məhz həmin qanuni əlverişli inzibati aktın ləğvi ictimai maraqlara ziyan vura bilər, yəni qeyd edilən halda etimad prinsipi pozulmuş olar. Belə ki, dövlət maraqları və ictimai maraqlar məhz “etimad” prinsipinə riayət etməklə təmin edilmiş olur. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Cavabdehin 12 dekabr 2023-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 55 yaşının tamam olduğu xx.xx.2008-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh yuxarıda qeyd olunan Qanunun 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 15 il sonra istinad etmiş və iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 55 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən cavabdehin iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı 57 yaşa çəkməsi barədə 12 dekabr 2023-cü il tarixli qərarı qanunsuz əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9567/2024 nömrəli, 02 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1014/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1014/2025
25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver