Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1015/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçının iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - DƏDRX-nin 1s. Bakı Əİ) qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3457/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə- 540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu. Əmircan qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi iddiaçının adına hüquqi qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində tərəfindən ev inşa edilmiş və eskiz layihəsi tərtib edilmişdir. Həmçinin mülkiyyətində olan torpaq sahəsinə bitişik olaraq əlavə 0.02 ha torpaq sahəsi istifadə edilməkdədir. İddiaç tərəfindən istifadədə olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər cavabdeh orqana təqdim edilmiş, lakin tələbinin təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də onun pozulmuş hüquqları bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci və 15-ci maddələrinə, Azərbycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası İPM-in 14.2-ci, 35.1-ci və 68.2-ci maddələrinə istinad edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ-nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3457/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalaniş üzrə cavabdeh DƏDRX-nin 1s. Bakı Əİ apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı əhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Lakin iddiaçı tərəfindən qanunsuz olaraq əlavə 318.0 kv.m torpaq sahəsi zəbt olunmuşdur. Bundan paşqa, «A» saylı yaşayış evi bütünlüklə, «B» saylı yaşayış evinin isə bir hissəsi artıq torpaq sahəsində yerləşir və icra hakimiyyəti orqanına məlumat verilməsi barədə ərizədə yalnız 1 ədəd 3 mərtəbəli yaşayış evinin inşa edildiyi göstərilmişdir. Həmçinin, layihədə «3» kimi işarələnmiş tikili «X6»nun ərazisində yerləşir. İddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və onun tərəfindən qanunsuz olaraq sonradan zəbt edilmiş əlavə torpaq sahəsinə və üzərində özbaşına tikili kimi inşa edilmiş fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» (Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz [əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nda nəzərdə tutulmuş) hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və İiddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, ekspertiza keçirilməmiş, İdarənin imtina məktubunun qanunsuz olması məhkəmə tərəfindən sübuta yetirilməmiş, imtina məktubunda qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyasının iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclaslarna gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri X1 və X4 apellyasiya şikayətinə uyğun izahat vermiş və apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğundan ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası sədrlik edənin mərüzəsini dinləyərək, cavabdehin nümayəndələrinin izahatlarını nəzərəalaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı çıxarış ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən evin eskiz layihəsi tərtib edilmişdir. Birinci intansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı qanuni istifadəsində olan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Birinci intansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, işin mübahisə edilməyən hallarından görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı çıxarış ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları İddiaçı adına hüquqi qeydiyyata alınmış və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerəlşən evin eskiz layihəsi tərtib edilmiş və mübahisəli torpaq sahəsi hazırda mübahisəsiz iddiaçı tərəfindən istifadə edilməkdədir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obyektiv araşdırmayaraq, əsassız olaraq iddiaçının ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2012-ci il tarixli MA seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə bitişik olaraq əlavə 0,02 ha torpaq sahəsindən də istifadə etdiyini və həmin sahədə tərtib edilmiş eskiz layihəsinə əsasən ev inşa etdiyini bildirərək, sözügedən əlavə torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia qaldırmışdır. İş materiallarından, o cümlədən iddiaya qarşı verilmiş apellyasiya şikayətindən isə müəyyən olunur ki, iddiaçı tərəfindən qanunsuz olaraq əlavə 318.0 kv.m torpaq sahəsi zəbt olunmuşdur. Bundan paşqa, «A» saylı yaşayış evi bütünlüklə, «B» saylı yaşayış evinin isə bir hissəsi artıq torpaq sahəsində yerləşir və icra hakimiyyəti orqanına məlumat verilməsi barədə ərizədə yalnız 1 ?dəd 3 mərtəbəli yaşayış evinin inşa edildiyi göstərilmişdir. Həmçinin, layihədə «3» kimi işarələnmiş tikili «X6»nun ərazisində yerləşir. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və onun tərəfindən istifadə olunan əlavə torpaq sahəsinə və üzərində özbaşına tikili kimi inşa edilmiş fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə lıninənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər isə nə cavabdeh inzibati orqana və nə də ki, məhkməyə verilən iddia ərizəsinə əlavə təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə iddiaçının cavabdehə ünvanlanmış ərizənin icrası mümkün olmamış və iddiaçıya bununla əlaqədar imtina məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşin hallarından isə müəyyən olunur ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsinə bitişik olan və onun tərəfindən istifadə olunan əlavə torpaq torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən müvafiq hüquqmüəyyənedici sənəd cavabdeh inzibati orqana təqdim olunmadığından iddiaçının müraciətinin müsbət həlli mümkün olmamış və cavabdeh inzibati orqan tərəfindən iddiaçıya imtina məktubu ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına və sadalanan hüquq normalarına məcmu halda qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3457/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və həmin qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, iddiatələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı : Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3457/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1015/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1015/2020
30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver