Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1015/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının itirakı ilə, İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X8) “cavabdehin imtinasının qanunsuz sayılması və torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2842/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X12 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılmaqla Bakı şəhəri, Bilgəh qəsəbəsi, 815 saylı torpaq sahəsinin (bağ sahəsinin) torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: ‘‘...Bakı şəhəri İcra Hakimiyyəti başçısının 11 avqust 1992-ci il tarixli 1133 nömrəli sərəncamı əsasında verilmiş ona 140 saylı orderlə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,12 ha sahəsi olan 815 saylı bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini öz vəsaiti hesabına daş hasara aldırmış, abadlaşdırmış və orada meyvə ağacları əkmiş, yaşayış sahəsi inşa etmiş, 1992-ci ildən iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədlərlə cavabdehə müraciət etmiş, lakin sonuncunun 22 avqust 2022-ci il tarixli məktubu ilə elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi səbəbi ilə qanunsuz və əsassız imtina olunmuşdur.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı müvafiq tələblə idarəyə 22 avqust 2022-ci il tarixdə müraciət etmiş və aparılmış araşdırma nəticəsində elektron kadastr məlumatlarına əsasən məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 22 avqust 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi 826 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir. Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 815 saylı bağ sahəsi müqavilə əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2842/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz sayılaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 815 saylı bağ sahəsinə (torpaq sahəsinə) iddiaçı X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 815 saylı bağ sahəsi müqavilə əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsi 826 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir. Bakı İnzibati Məhkəməsi dəlilləri ətraflı araşdırmamışdır.» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Zeynalova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, İddiaçı isə əlavə sənəd və fotoşəkillər təqdim edərək iddia tələbinə uyğun izahatında şikayətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə kollegiyasının 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 ona verilən sualları cavablandırarkən, onun bağ sahəsinin nömərisi 815 saylı olsa da, iddiaçı ilə aralarında 3 (üç) km məsafə olduğunu, iddiaçıya qarşı heç bir mübahisəsinin olmadığını bildirmişdir (Hazırkı məhkəmə iclası barədə məlumatı olsa da məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyasının hazırkı iclasında şahid qismində dindirilmiş - X13 torpağı 1992-ci ildə alıb, qardaşı (iddiaçı) ilə aralarında yarı böldüyünü, hətta, özünə aid hissəsində bağ sahəsinə çıxarış aldığını, aralarında mübahisə olmadığını bildirmişdir. ІІ. Məhkəmə kollegiyası tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 11 avqust 1992-ci il tarixli 1133 saylı qərarı əsasən X3 və X6 bağlar massivindəki 38 saylı BTK tərəfindən verilmiş 140 nömrəli orderlə iddiaçı X9 Bilgəh bağlar massivində 815 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin işələvə olunmuş 01 avqust 2022-ci il tarixli arxiv arayışından da təsbit olunmuşdur ki, «Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSC Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən X9-Bilgəh ərazisindəki 38 №-li BTK tərkibində bağ sahəsi ayrılsın. Göründüyü kimi, «Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 815 saylı mübahisəli bağ sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeyd alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan tələbinə müvafiq olan hüquqmüəyyənedici sənədlər, başqa sözlə, iddiaçının mülkiyyət hüququn həmin bağ sahəsinə qeyd alınmasını zəruri edən faktiki şərtlər mövcuddur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə, aşağıakı hallar mübahisələndirilir: 1.Həmin bağ sahəsi müqavilə əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 2.Torpaq sahəsi 826 saylı bağ sahəsi ilə eyni hasar daxilindədir.
3. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, birinci halda, üçüncü şəxs qismində işə cəlb olunmuş X4 29 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə bildirdiklərindən aydın olmuşdur ki, ona məxsus eyni nömrəli (815) bağ sahəsi iddiaçının bağından 3 km aralı məsafədə yerləşir və iddiaçıya qarşı hər hansı mübahisəsi yoxdur. İş materiallarından isə görünür ki, cavabdeh orqan tərəfindən həmin bağ sahəsinə onun mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə qeydə alınaraq, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. İkinci halda, iddiaçıya məxsus 815 nömrəli bağ sahəsi ilə bir hasar daxilində yerləşən 826 saylı bağ sahəsinin mülkiyyətçisi onun qardaşı X10r. Sonuncu isə hazırkı məhkəmə iclasında şahid qismində dindirilərkən məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həmin hasar daxılandəki torpaq 1992-ci ildə alınıb qardaşı ilə öz aralarında yarı bölünmüş, aralarında mübahisə yoxdur, özünə aid hissədə bağa çıxarış da almışdır. Məhkəməyə təqdim edilən sənədlərin surətlərindən həqiqətən də aydın olur ki, 826 saylı bağ sahəsi xx.xx.2024-cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb ona reyestrdən çıxarış və plan-ölçü tərtib olunub verilmişdir.Təqdim etdiyi fotoşəkillərdən isə görünür ki, bir hasar daxilində olsa da, bağlar arasına sərhəd olaraq tor çəkilmişdir. Üçüncü halda, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğuna gəldikdə isə, birincisi bu uyğunsuzluğun nədən ibarət olması əsaslandırılmamışdır. İkincisi isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Beləliklə də, qeyd olunanlar onu demyə əsas verir ki, cavabdeh orqan tərəfindən iddiaçıya inzibati icraat aparmadan onun müraciətinin adi bir məktubu ilə təmin olunmasından imtina etməsi işdə olan sübutlara, maddi və inzibati icraat haqqında hüquq normalarına ziddir. Ən azından, cavabdeh orqan nəzərə almamışdır ki, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Beləliklə də cavabdehin mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməklə onun qanunla qorunan mülkiyyət hüquqlarını pozduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.