Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1016/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının döyüş bölgəsində olarkən yaralanması faktına dair məhkəmə müalicə aldığı klinikadan müvafiq aktı və epikrizin təqdim olunması üçün sorğu verməmişdir. Halbuki, müharibədə aldığı xəsarətdən dolayı iddiaçı hələ də müalicə almaqda davam edir. Həmçinin, işin hallarında müəyyən olunmuş müvafiq hərbi hissənin müvafiq arxiv arayışları ilə təsdiq olunur ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş və tərxis olunmuşdur. Lakin müharibədə yaralandığı üçün Bakı 1 saylı Kliniki xəstəxanasında müalicədə olmuşdur. Bu fakt hərbi hissənin müvafiq arayışlarında əks olunmadığı üçün müalicə aldığı müddətdə onu yenidən hərbi hissəyə qayıtmaması əsası ilə tərxis etmişlər. Göründüyü kimi cavabdeh inzibati orqan formal tələblərə görə iddiaçıya müharibə veteranı adı verməkdən imtina etmiş, birinci instansiya məhkəməsi isə bu faktı araşdırmamışdır. Yəni N-N4-cü illərdə iddiaçının müharibədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı, o cümlədən yaralanması və müalicə alması faktı, müvafiq hərbi hissəyə daxil olması və tərxis olunması faktı təsdiq olunur. Cavadeh inzibati orqan iddiaçının hərbi hissəni özbaşına tərk etdiyini bildirsə də, iddiaçı həmin müddətdə yaralandığı üçün Bakı 1 saylı Kliniki Xəstəxanasında müalicə alırdı. Məhkəmə iclasınnın yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştriak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış 02 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: “Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 10 yanvar 2020-ci il tarixli iclasında baxılmış və 660 nömrəli protokol ilə barənizdə müsbət qərar qəbul edilməmişdir. 21 fevral 2020-ci il tarixli 9/2-2581 nömrəli arxiv arayışını zəruri sənədlərlə birlikdə (hərbi biletin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surəti, şəxsiyyət vəsiqəsinin surəti, yaralanma haqqında sənəd və s.) təqdim olunarsa, Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər”. İşin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanlanmış 26 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: “Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 10 yanvar 2020-ci il və təkrar 25 dekabr 2020-ci il tarixli iclaslarında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən, təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 21 fevral 2020-ci il tarixli 9/2-2581 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəni N4-cü il tarixdə özbaşına tərk etdiyinizə görə AR Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə görə ərizəçi müraciət barədə qəbul edilmiş qərarla razılaşmadıqda, həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir”. İşin materiallarından olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 21 fevral 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: “24 aprel N-cü il tarixdə Nərimanov Rayon Hərbi Komissarlığından təcili həqiqi hərbi xidmətə çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli 50 nömrəli əmrilə (əsas: səh.-213, §1, sıra142) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilmişdir. Yefreytor İddiaçı N saylı hərbi hissə komandirinin N may N-cü il tarixli 51 nömrəli əmrilə (əsas: səh.-28, §6, sıra-295; qeyd: əmrdə hərbi rütbəsi “yefreytor” yazılmışdır) “çavuş” hərbi rütbəsi verilməklə “tuşlayıcı operator” vəzifəsinə təyin olunmuşdur. N saylı hərbi hissə komandirinin N iyul Ncü il tarixli 83 nömrəli əmrində (əsas: səh.-274, §2; qeyd: əmrdə hərbi rütbəsi yefreytor yazılmış, adı və atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə qeyd edilmişdir) yefreytor M.Q.Kərimovun döyüş əməliyyatları bölgəsinə Yeni Afətli qəsəbəsinə göndərilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N saylı Hərbi hissə komandirinin 15 mart N4-cü il tarixli 65 nömrəli əmrilə (əsas: səh-422, §4 sıra-64) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N saylı Hərbi hissə komandirinin avqust N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı barədə 2 iyul 2019-cu il tarixli 9/2-9034 nömrəli və 29 yanvar 2020-ci il tarixli 9/2-1241 nömrəli məktublarla onun ünvanına, 24 dekabr 2019-cuil tarixli 9/2-20437 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr N5-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyihalda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “İddiaçı xx.xx.N4-cü ildə yaralanmışdır. xx.xx.N4-cü ildə iddiaçı hərbi hissəyə qayıtmadığına görə şəxsi heyətin siyahısından silinmişdir. İddiaçının təqdim etdiyi sənədlər (arayış və səhhətin vəziyyətinin araşdırılması aktı) Sizə təqdim edilir. Həmin sənədlərə hüquqi qiymət verilməsi və nümayəndənizin iştirakının təmin edilməsi Sizdən xahiş olunur.” məzmunlu sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq bildirilmmişdir ki, “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın sədrindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4/3-7713, 4/3- 7715, 4/3-7717,4/3-7719 və xx.xx.2022-ci il tarixli 4/3-8178 nömrəli məktublara əsasən Şəxsi Heyət Baş İdarəsində saxlanılan aşağıda adları göstərilən vətəndaşların “Müharibə Veteranı adı və vəsiqəsinin verilməməsi barədə imtina sənədlərinin kserosurətləri Sizin ünvana göndərilir:
1. X3
2. İddiaçı
3. X1
4. X6
5. X2
6. X7
7. X4 Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən, həmçinin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi bildirmişdir ki, AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə İddiaçı veteranlığı ləğv edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarına surəti əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd etməyə dair” 14 aprel N8-ci il tarixli (Gəncə Hərbi Prokurorluğu tərəfindən təsdiq edilmiş) qərarda qeyd olunur ki, N saylı Hərbi hissənin komandiri polkovnik-leytenant Q.S.Məmmədov İddiaçı hərbi qospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmamasına dair toplanmış təhqiqat materialları üzrə müəyyən olunanlara əsaslanaraq, “Aministiya haqqında” Qərarın 6-cı və 12-ci maddələrini rəhbər tutaraq qərar verdi: cinayət işin başlanması rədd edilsin. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş AR Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “müvafiq hərbi hissənin müvafiq arxiv arayışları ilə təsdiq olunur ki, iddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmiş və tərxis olunmuşdur.”dəlilinə münsibətdə qeyd edir ki, iş materiallarında olan arxiv arayışında İddiaçı N-cü ildə döyüş əməliyyatları aparılan zonada xidmət keçməsinə dair xüsusatlar öz təsdiqini tapsa da, 15 mart N4-cü il tarixdə tərxis olunmasına səbəb kimi onun hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Bu isə, onun qanuni əsaslarla xidmətdən tərxis olunmaması kimi qiymətləndirilməlidir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hərbi hissəsi özbaşına tərk etdiyindən və bununla əlaqədar müvafiq cinayət işinin başlanması bəraətverici əsaslar olmadan rədd edildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adının verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3758/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.