Məhkəmə qərarları › İş №2-1(103)-1016/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1016/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1016/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DSMF PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illəri, həmçinin, hərbi müddəti nəzərə alındıqda, onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda, həmçinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının olması səbəbi ilə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Orxan Həsənov) iddia təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi Cavabdeh publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətində qeyd edi ki, iddiaçının əmək kitabçasının 1-ci səhifəsi həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənmişdir. Həmçinin, əmək kitabçasının 2 və 3-cü səhifələrində xx.xx.1978-ci il tarixə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latin qrafikalı hərflərdən istifadə olunmuş, 2 və 3-cü, 4-cü və 5-ci səhifədəki müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək dövr ərzində “Naxçıvan şərab zavodu”nda fəhlə vəzifəsində işlədiyi və 370 nömrəli əmrlər işdən azad edildiyi göstərildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin iddiaçıya dair arayışında həmin dövr ərzində çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu, 212 nömrəli əmrlə işdən azad edildiyi qeyd olunmuşdur. Eyni zamanda İddiaçı əmək kitabçasında xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək dövr ərzində çilingər vəzifəsində işlədiyi qeyd edildiyi halda, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin iddiaçıya dair arayışında həmin dövrlər ərzində müxtəlif illərdə Babək rayon Mədəniyyət şöbəsində maldarlar üzrə mədəni çadırda kütləvi işçi, Naxçıvan tikiş fabrikində əmtəəşünas, Naxçıvan şəhər İctima-İaşə şöbəsində bufetçi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Həmçinin, İddiaçı dair müxtəlif dövrlərə aid əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, təqdim edilən sənədlərlə qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar vardır. Əmək kitabçasının tərtib edilmə tarixi xx.xx.1978-ci il tarixi qeyd edilsə də, əmək kitabçası Azərbaycan Republikasına məxsus dövlət gerbinin əks olunduğu möhürlə təsdiq edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərarda onlar tərəfindən qəbul edilməyən arayışların «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinin məqsədinə uyğun olmadığını qeyd etmişdir. Lakin həmin maddənin məzmunundan da aydın olur ki, əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığortaolunana qeyd olunan Qanunun müvafiq maddəsinə əsasən pensiya təyin edilir. Lakin iş üzrə əmək kitabçası dövlət arxivi tərəfindən verilən arxiv arayışları ilə təsdiqlənmir və əksinə uyğunsuzluq təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına əsasən, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və işin faktiki halları dərindən araşdırılmamışdır. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həşimova apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Z.Zülfiqarov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili əmək kitabçasında olan möhürün Azərbaycan Respublikasına məxsus möhür olması, “Naxçıvan şərab zavodu”nda işdən azad olma barədə əmrin nömrəsi ilə arxiv arayışındakı əmrin nömrəsi arasında uyğunsuzluq olması ilə bağlıdır. Halbuki, onların evi yandığından əmək kitabçasının surətini sonradan almışlar, iddiaçının işləməsi isə arxiv arayışı ilə də təsdiq olunur, bu səbəbdən həmin dəlillər əsassızdır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək X2 fəhlə; (01 il 11 ay 27 gün) -xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Rayon MKS-də redaktor; (18 il 01 ay 29 gün) -xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Xəzərdənizneft qaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialına 5-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırıcısı; (01 il 06 ay 15 gün) -xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixədək “Xəzərdənizneft qaztikinti” tresti 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma filialında dəmir beton məmulatlarının quraşdırıcı; (09 il 03 ay 28 gün) -xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı; (08 ay 29 gün) -xx.xx.2015-ci il tarixdən hal-hazıradək “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma bölümünə polad dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. (xx.xx.2021-ci il tarixədək – 05 il 10 ay 06 gün) Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci dəlili yəni, əmək kitabçasında, əmrdə və arxiv arayışında iddiaçının Naxçıvan Şərəb zavodundan işdən azad edilməsi ilə bağlı tarixlər arasında uyğunsuzluq olması, möhürün etibarsız olması və ya sözlərin yazılışında fərqliliyin olması ilə bağlı irəli sürdüyü dəlillərlə bağlı bildirir ki, Naxçıvan Muxtar Respublikasının arxiv arayışında iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Naxçıvan Şərəb zavodunda işlədiyi göstərilmişdir. Bundan başqa təqdim olunmuş şəxsi işdən də göründüyü kimi xx.xx.1980-ci il tarixli əmr ilə iddiaçının 28 iyul 1980-ci il tarixdən işdən azad olunduğu göstərilmişdir. Doğrudur ki, əmək kitabçasında, əmrdə və arxiv arayışında iddiaçının Naxçıvan Şərəb zavodundan işdən azad edilməsi ilə bağlı tarixlər arasında uyğunsuzluqlar mövcuddur. Həmçinin iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, hazırkı əmək kitabçasını sonradan alınmışdır. İddiaçının nümayəndəsi də məhkəmə kollegiyasının iclasında evləri yandığı üçün əmək kitabçasını sonradan aldığını, bu səbəbdən möhürün Azərbaycan Respublikasına məxsus olduğunu (yəni 1978-ci ilə aid olmadığını) bildirmişdir. Bununla bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiya qeyd edir ki, iddiaçının həqiqətən də X2 işləməsi əmək kitabçası, əmrlər və arxiv arayışı ilə birlikdə təsdiq olunduğundan həmin hallar əhəmiyyət kəsb etmir. Kollegiya apellyasiya şikayətinin müxtəlif dövrlərə aid əmr kitablarının və əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilməməsi barədə qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2-1(102)- 594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı). Hazırkı halda iddiaçının həmin müddət ərzində işləməsini təsdiq edən əmrlər mövcud olduğundan həmin dəlil də əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və İddiaçı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, qərar maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar