Məhkəmə qərarları › İş №2-1(103)-1016/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1016/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1016/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X10 və X14 ibarət tərkibdə, Pərvin Adil qızı İbrahimovanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (anası) X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2479/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İH başçısının 29 iyul 1999-cu il tarixli 679 nömrəli sərəncamı ilə Nizami RİH başçısının 22 yanvar 1999-cu il tarixli 02/25 nömrəli məktubu nəzərə alınaraq, X3 təsisçisi olduğu “RövşənElnurlu” müəssisəsinə Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişdiyi yerdə 2568-ci məhəllədə məişət xidməti və yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,02 ha torpaq sahəsi ayrılmışdır. 11063 saylı inşaat pasportu əsasında Bakı ŞİH-in 23 dekabr 2002-ci il tarixli H-937 saylı məktubu ilə eskiz layihəsi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 sentyabr 2003-cü il tarixli 18/04-645 saylı məktubu ilə işçi layihəsi razılaşdırılmışdır. 2006-cı ilin dekabr ayında vətəndaş R.Hacıyeva Bakı ŞİH-ə müraciət edərək, binanın 2-ci mərtəbəsində əlavə quraşdırma işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Tikinti norma və qaydalarına uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 dekabr 2006-cı il tarixli 18/03-8/7282 saylı məktubu ilə təqdim olunmuş eskiz layihəsi razılaşdırılmışdır. Bakı ŞİH başçısının 28 dekabr 2005-ci il tarixli 355 nömrəli sərəncamı ilə Bakı ŞİH başçısı aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının 28 dekabr 2005-ci il tarixli 12 nömrəli, 12A nömrəli və 14B nömrəli protokolları təsdiq edilmişdir. Bakı ŞİH MŞBİ-nin Bakı şəhəri Nizami RİH-ə ünvanlanmış 9 aprel 2007-ci il tarixli məktubunda bildirilmişdir ki, şəhid ailələrinə göstərilən qayğı nəticəsində 9 uşaq anası, şəhid ailəsi X6 Bakı ŞİH başçısının 27 iyul 1999-cu il tarixli 679 saylı sərəncamı ilə Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişdiyi ərazidə yaşayış binasının tikintisinə icazə verilmişdir. "xxxx" MTK-nın 5 iyul 2021-ci il tarixli 26 saylı protokolu ilə İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89a ünvanında yerləşən çoxmərtəbəli binasındakı 22 kv.m qeyri-yaşayış sahəsinə pay haqqı ödəməklə üzvlüyə qəbul olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 5 iyul 2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 1-ci mərtəbəsində 22 kv.m. qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İddiaçı "xxxx" MTK-dan aldığı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu 5 sentyabr 2022-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildiriş verməklə iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Qeyd olunan imtina məktubunda qeyd olunmuşdur ki, İnventarlaşdırma işləri aparılan zaman göstərilən tikilinin 10 mərtəbəli yaşayış binasından 0,75 m aralıda yerləşdiyi məlum olmuşdur. Bundan başqa, çoxmərtəbəli yaşayış binasının Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə qeyd olunan tikili haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklər edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Qeyd olunanları nəzərə alaraq, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı ŞİH Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın iclasının 28 dekabr 2005-ci il tarixli 14B nömrəli protokolu ilə "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin hazırkı İddiaçı verilməsi qərara alınmışdır. 28 dekabr 2005-ci il tarixli həmin iclas protokolu həmin tarixdə Bakı ŞİH Başçısının müvafiq sərəncamı ilə təsdiq edilmişdir. Bundan sonra, qeyd edilən qeyriyaşayış sahəsinin iddiaçıya verilməsi ilə bağlı "xxxx" MTK-nın payçılarının 5 iyul 2021-ci il tarixdə keçirilmiş ümumi yığıncağında qərar qəbul olunmuşdur. Yığıncağın qərarı MTK-nın 26 saylı 5 iyul 2021-ci il tarixli protokolunda əksini tapmışdır. İddiaçı istifadəsində olan 22 kv.m ölçüdə həmin qeyri-yaşayış sahəsi üzərində tikinti işlərini tamamlamışdır. O, həmin qeyri-yaşayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən məsələnin həllindən imtina olunmuşdur. İmtinanın səbəbi kimi göstərilmişdir ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən tikili 10 mərtəbəli yaşayış binasından 0,75 m aralıdadır, qeyd olunan tikili barədə çoxmənzilli yaşayış binasının Bakı ŞİH tərəfindən təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi hada dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə məlumat aşkar olunmamışdır. Hesab olunur ki, cavabdehin imtinası əsassızdır. Bakı ŞİH-in 29 iyul 1999-cu il tarixli 679 nömrəli sərəncamı ilə məişət xidməti və yaşayış binasının layihələndirilməsi üçün 0,002 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qeyri-yaşayış sahəsi şəhid ailəsi kimi X7 (iddiaçının anasına) verilmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 16.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə, İPM-in 2.2.3, 45-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 29 iyul 2021ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qeyri-yaşayış sahəsinə aid olsa da, müraciət olunan daşınmaz qeyri-yaşayış binasıdır və qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin inventarlaşdırma işləri aparılan zaman qeyriyaşayış binasının çoxmənzilli yaşayış binasından 0,75 m aralıda yerləşdiyi məlum olmuşdur və təqdim edilmiş çoxmənzilli binanın istismara qəbul aktında və razılaşdırılmış layihədə öz əksini tapmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 5 sentyabr 2022-ci il tarixli məktub ünvanlanmışdır. Qeyd edilən əmlaka baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasında qapının yeri dəyişdirilmişdir və faktiki ölçüsü 14 kv.m-dir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 146.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9, 8.0.10, 11-ci maddələrinə və digər normativ hüquqi aktların müddəalarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2479/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixində ünvanda inventarlaşdırma işləri aparılan zaman qeyri-yaşayış binasının çoxmərtəbəli yaşayış binasından 0,75 m aralıda yerləşdiyi məlum olmuşdur və təqdim edilmiş çoxmənzilli binanın istismara qəbul aktında və razılaşdırılmış layihədə öz əksini tapmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər qeyri-yaşayış sahəsinə aid olsa da, müraciət olunan daşınmaz əmlak qeyri-yaşayış binasıdır və qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan daşınmaz əmlaka texniki baxış zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasında qapının yeri dəyişdirilmişdir və faktiki ölçüsü 14 kv.m-dir. Bakı İnzibati Məhkəməsi İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış zamanı müəyyən edilmiş qeyri-yaşayış binasının faktiki ölçüsünün 14 kv.m təşkil etməsini nəzərə almamışdır və bu halla bağlı müvafiq araşdırma aparılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X13 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (anası) X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişdiyi, 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində 22 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədədir. Bununla bağlı o, inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. İmtina məktubunda bildirilmişdir ki, inventarlaşdırma işləri aparılan zaman göstərilən tikilinin 10 mərtəbəli yaşayış binasından 0,75 m aralıda yerləşdiyi məlum olmuşdur, həmçinin çoxmərtəbəli yaşayış binasının Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə qeyd olunan tikili haqqında məlumat aşkar edilməmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinin həmin binanın 1-ci mərtəbəsində yerləşməsini və onun bina ilə bağlı Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə əks olunmasının işdə olan mötəbər sübut kimi qiymətləndirilən 5 iyul 2023-cü il tarixli ekspert rəyi ilə təsdiqini tapmasına istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından müəyyən olunur ki, şəhid ailələrinə göstərilən qayğı nəticəsində 9 uşaq anası, şəhid ailəsi X6 Bakı ŞİH başçısının 27 iyul 1999-cu il tarixli 679 saylı sərəncamı ilə Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişdiyi ərazidə yaşayış binasının tikintisinə icazə verilmişdir. 11063 saylı inşaat pasportu əsasında Bakı ŞİH-in 23 dekabr 2002-ci il tarixli H-937 saylı məktubu ilə eskiz layihəsi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 sentyabr 2003-cü il tarixli 18/04-645 saylı məktubu ilə işçi layihəsi razılaşdırılmşdır. 2006-cı ilin dekabr ayında vətəndaş R.Hacıyeva Bakı ŞİH-ə müraciət edərək, binanın 2-ci mərtəbəsində əlavə quraşdırma işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. Tikinti norma və qaydalarına uyğun olaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 25 dekabr 2006-cı il tarixli 18/03-8/7282 saylı məktubu ilə təqdim olunmuş eskiz layihəsi razılaşdırılmışdır. "xxxx" MTK-nın 5 iyul 2021-ci il tarixli 26 saylı protokolu ilə İddiaçı MTK-nın Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 89a ünvanında yerləşən çoxmərtəbəli binasındakı 22 kv.m qeyri-yaşayış sahəsinə pay haqqını ödəməklə üzvlüyə qəbul olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 5 iyul 2022-ci il tarixli maliyyə arayışına əsasən ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur, binanın 1-ci giriş, 1-ci mərtəbəsində 22 kv.m. qeyri-yaşayış sahəsinin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Hazırda iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinə dair reyestrdən çıxarışın verilməsini tələb edir. Cavabdeh orqan həmin çıxarışın verilməsindən “inventarlaşdırma işləri aparılan zaman göstərilən tikilinin 10 mərtəbəli yaşayış binasından 0,75 m aralıda yerləşdiyinə və çoxmərtəbəli yaşayış binasının Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə qeyd olunan tikili haqqında məlumatın aşkar edilməməsinə əsaslanaraq imtina etmişdir. Etiraz məktubunda cavabdeh əlavə olaraq “iddiaçı tərəfindən təqdim edilmiş sənədlər qeyri-yaşayış sahəsinə aid olsa da, qeyd edilən əmlaka baxış zamanı qeyriyaşayış binasında qapının yerinin dəyişdirilməsi və faktiki ölçüsünün 14 kv.m. olmasının aşkarlanması”na istinad etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanladığı 5 iyul 2023-cü il tarixli ekspert rəyində bildirilmişdir ki, “Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 22 kv.m. qeyri-yaşayış sahəsi həmin yaşayış binasına bitişik inşa olunmuş, tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib olunmuş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568-ci məhəllədəki yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 22 kv.m. qeyri-yaşayış sahəsi həmin bina ilə bağlı Bakı ŞİH başçısı tərəfindən təsdiq edilən “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı”nda və razılaşdırılmış layihədə əks olunmamışdır.” İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “2019-cu ilin yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və daş örtüyünün inşası daxil olmaqla tikinti quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına 054 nömrəli xx.xx.2019-cü il tarixli icazə” sənədindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Naxçıvanski küçəsinin kəsişməsində 2568-ci məhəllə, 1 girişli 10 (+mansarda) mərtəbəli yaşayış binasının əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini əks etdirən layihədə qeyri-yaşayış sahəsinin 440,0 kv.m. olduğu və xx.xx.2019-cu il tarixdən də yaşayış binasının istismarına icazə verildiyi müəyyən olunur. Həmçinin işin apellyasiya baxışı zamanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89A ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmış və İddiaçı **********96 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı qeyri-yaşayış sahəsinin çoxmənzilli yaşayış binasına bitişik əlavə tikilidə yerləşdiyi və həmin tikilinin çoxmənzilli yaşayış binasının 054 nömrəli xx.xx.2019-cü il tarixli istismara icazə sənədində öz əksini tapmadığı, həmçinin layihə ilə qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının tələbinin təmin olunmasından cavabdeh qurum apellyasiya baxışı zamanı da imtina etmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Hazırki işin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının adına rəsmiləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binada olan digər qeyri-yaşayış sahələri üzərində ayrı-ayrı şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığı müəyyən olunmuş və aydın olmuşdur ki, bu barədə inzibati orqanın inzibati praktikası mövcuddur. Belə ki, işin apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın həmin qeyriyaşayış sahəsinin paralelində yerləşən digər qeyri-yaşayış sahəsi (iddiaçıya məxsus və digər şəxsə məxsus hər iki qeyri-yaşayış sahəsi binanın birinci mərtəbəsində künc hissələrdə yerləşir) başqa şəxsin- X12 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatına alınmışdır. Bununla yanaşı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 89A ünvanında yerləşən iddiaçının özəlləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin qonşuluğunda olan başqa qeyri-yaşayış sahələri də ayrı-ayrı şəxslərin, məsələn: 75,1 kv.m. qeyri-yaşayış sahəsi X4 adına xx.xx.2019-cu il tarixdə, 100,5 kv.m. qeyri-yaşayış sahəsi X9 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə, 75 kv.m. qeyri-yaşayış sahəsi X8 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə, 75,4 kv.m. qeyri-yaşayış sahəsi X1 adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, sözügedən binada yerləşən qeyri-yaşayış sahələri ilə bağlı cavabdeh quruma ərizəçilərin (yuxarıda adları çəkilən şəxslərin, o cümlədən X12) təqdim etdiyi sənədlər iddiaçının təqdim etdiyi sənədlərlə eyni olmuşdur. Odur ki, həmin sənədlər əsasında digər şəxslərin, xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan, yəni iddiaçının özəlləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinə paralel olan, binanın digər küncündə yerləşən qeyri-yaşayış sahəsinin sahibi X12 hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, onunla eyni hüquqi vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina əsassız olmuşdur. Bununla da müəyyən olunur ki, cavabdeh inzibati orqanın həmin daşınmaz əmlaklar üzərində (məhkəmədə olan məlumata görə) mülkiyyət hüquqlarının qeydə alınıb müvafiq çıxarışların verilməsi ilə bağlı əvvəlcədən mövcud olmuş inzibati praktikası olmuşdur. Odur ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına etimad hüququnun qorunması prinsipləri pozulmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (2-1(102)-1842/2023 saylı xx.xx.2023-cü il tarixli qərarda) mövqeyi belə olmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “yerli baxış zamanı iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin ölçüsünün faktiki olaraq 14 kv.m. olması” barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum həmin dəlili təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə işin birinci instansiyada baxışı zamanı keçirilmiş ekspertiza zamanı iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin ölçüsünün 22 kv.m. olduğu təsdiq olunmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi məhz həmin ölçüdə qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq ona reyestrdən çıxarışın verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni olduğundan qərar dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdehin apelyasiya şikayəti qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas vermədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2479/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2479/2023 saylı 25 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X23 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar