Məhkəmə qərarları › İş №2-1(103)-1016/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1016/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1016/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “22 iyun 2017-ci il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı 2014-cü ilin dekabr ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamış, sonradan xidmətini 051 saylı həbi hissədə davam etdirmişdir. Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-25-4/2-4441/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi təmin oluna bilməz. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli müvafiq əmrini məhkəməyə 2024-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)- 1101/22 nömrəli qərarı (bəndlər 22-28) nəzərə alınmalıdır. Həmin qərara əsasən: "... iddianın mümkünlük (b.23) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur. (b. 24)”. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 47.2-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001 -ci il tarixli Qərarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarın rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.2017-ci il tarixli əmrinin ləğv edilməsi ehtiyata buraxılmasının əsaslarının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddia ərizəsini təmin edilməməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim F.İsmayılzadə) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ötürülmüş müddətin bərpa edilməsi və iddia tələblərinə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İPMnin 24.4-cü maddəsinə istinad etməklə yalnız iki - təbii fəlakət və ya digər qarşısıalınmaz hallar və hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallarda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpa olunmasını mümkün hesab etmişdir. Lakin birinci instansiya məhkəməsi hazırkı iş üzrə bu hallardan heç birinin mövcud olmamasına dair yanlış qənaətə gəlmişdir. Belə ki, iddiaçının onun barəsində hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr verildikdən sonra həmin əmri mübahisələndirməsinin qeyri-mümkünlüyünə dəlalət edən qarşısıalınmaz hallar mövcııd olmuşdur. Bu hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müddətin bərpasına dair ərizədə göstərilsə də, məhkəmə həmin xüsusatları araşdırmamış, hansı əsas və səbəblərə görə həmin ərizədə göstərilən dəlilləri müddətin bərpa edilməsi üçün kifayət etməməsinə dair hazırkı şikayətlə mübahisələndirilən qərardadında izah etməmişdir. Halbuki iş üzrə, o cümlədən müddətlə bağlı mümkünlüyə dair doğru qənaətə gəlməkdən ötrü məhkəmə iddiaçının müddətin bərpasına dair ərizədə qeyd etdiyi xidmətdən ehtiyata buraxılması şəraitini və şərtlərini müəyyən etməli idi. İş materiallarında olan və müddətin bərpasına dair ərizədə istinad edilmiş Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, iddiaçı məhz onun xidmətdən ehtiyata buraxılmasına dair əmrin verildiyi dövrdə (may-iyul 2017-ci il) qanunsuz dindirməyə, sorğu-suala, ağır işgəncələrə məruz qalmış və bu qanunsuz prosesin nəticəsi olaraq ehtiyata buraxılmışdır. Hökmdə qeyd edilir ki, məhkum edilmiş hərbi vəzifəli şəxslərin əməlləri nəticəsində zərərçəkmiş şəxslər (iddiaçı da daxil olmaqla) tutduqları vəzifələrindən qanunsuz və əsassız azad edilmişlər (bax. hökm, səhifə 5). Başqa sözlə desək, iddiaçının qanunsuz və əsassız olaraq həmin dövrdə, yəni 2017-ci ilin mayında tutduğu vəzifədən azad edilməsi qanuni qüvvəsini alaraq preyudisial xarakter daşıyan hökmlə də təsdiq olunur. Birinci instansiya məhkəməsi ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı məsələni həll edərkən Bakı Hərbi Məhkəməsinin hökmünü, xüsusən də onun tarixini nəzərə almalı idi. Belə ki, məhz bu hökmün çıxarılması nəticəsində iddiaçının guya xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmr verilməklə onun hüquqlarının pozulmasının bərpa edilməsi imkanı yaranmışdır. İddiaçı da daxil olmaqla yüzlərlə hərbi qulluqçunun qanunsuz əməllərə, o cümlədən qanunsuz və əsassız olaraq vəzifədən azad edilmələrinə məruz qalması bu hadisə nəticəsində (şərti olaraq “Tərtər işi” adlanır) zərər görmüş şəxslərin məhz zərərçəkmiş şəxs statusunda tanınmasından sonra onların öz hüquqlarının bərpa edilməsini mümkün etmiş olur. İddiaçının da zərərçəkmiş statusu məhz istinad edilmiş hökmlə tanınmışdır. Bu hökmə qədər, eyni zamanda iddiaçının xidmətdən ehtiyata buraxılmasına dair əmrin verilməsindən dərhal sonra həmin əmrin mübahisələndirilməsi baş vermiş hadisə səbəbindən və iddiaçının zərərçəkmiş şəxs status tanınmadığından faktiki olaraq qarşısıalınmaz hal səbəbilə mümkün olmamışdır. Digər tərəfdən iddiaçının zərərçəkmiş şəxs statusunun tanınmaması onun üçün əmrin mübahisələndirməsi halında heç bir hüquqi perspektiv yaratmış olmurdu. İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünü əldə etdikdən sonra dərhal cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, tələblərinin təmin olunmasından imtina edildiyi üçün müvafiq iddia tələbləri ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Hazırki işdə iddiaçı xx.xx.2017-ci il tarixli əmri mübahisələndirərək, həmin əmrin ləğv edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, İPM-in 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və hüquqi yardım məktubunda qeyd olunan hallara münasibət bildirməsi təklif edilmişdir. İddiaçı iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli və sonradan məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli buraxılmış müddətin bərpa edilməsinə dair ərizələrində iddianın verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, o, 2017-ci ilin may ayında şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin baş verdiyi dövrdə, işgəncə və dindirmənin gedişində heç bir əsas olmadan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalması, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, 29 noyabr 2023cü il tarixli hökmündə öz təsdiqini tapmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız ona qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması da öz təsdiqini tapmışdır. Ehtiyata buraxıldığı 2017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi barədə Müdafiə Nazirliyinə müraciəti ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. 2017-ci ilin may ayında cinayət əməllərinə məruz qalması Bakı Hərbi Məhkəməsinin 29 noyabr 2023-cii il tarixli hökmü ilə təsdiq olunduğundan və həmin hökm yalnız öz müraciəti əsasında ona 2024-cü ilin may ayında təqdim olunduğundan xx.xx.2024-cii il tarixdə həmin hökmə istinad edərək cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmasının əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmiş, lakin müracəti təmin olunmamışdır. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, lakin mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün müddət ötürüldüyü üçün hazırda müddətin bərpa edilməsi zərurəti yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli əmrindən daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçının həmin əmrdən məlumatının olması onun iddia ərizəsinin məzmunundan və birinci və apellyasiya instansiya məhkəmələrində icraat zamanı verdiyi izahatından müəyyən edilir. Belə ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı sədrlik edənin suallarına cavab olaraq iddiaçı izahatında hərbi biletin ona 2017-ci ilin avqust ayında verildiyini, 2017-ci ilin avqustunda Ağdam rayonu üzrə aidiyyəti Hərbi Komissarlıqda qeydiyyata düşdüyünü, keçən illər ərzində hərbi xidmətdən ehtiyata buraxılmasının ona məlum olduğunu, əvvəllər hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ona məlum olmasa da, 2020-ci ildə əmrin məhz xidmətə uyğunsuzluq əsası ilə qəbul edilməsindən məlumatlı olduğunu, lakin cinayət işinə görə hazırki iddianı qaldırmadığını, hökmdən sonra bu iddianı qaldırıldığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya icraatı zamanı verdiyi izahatı ilə cavabdeh inzibati orqanın əmrindən 2020-ci ildə məlumatlı olması halında belə, iddiaçı əmrin əsasının ona məlum olduğu tarixdən 4 il keçdikdən sonra 01 iyul 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, hazırki işdə iddiaçı əmrin qəbul edildiyi tarixdən 7 il, deməsinə görə əmrin əsasının ona məlum olduğu tarixdən isə 4 il sonra məhkəməyə müraciət etməklə, ona münasibətdə yuxarıda qeyd olunan qanunvericilik normasına əsasən müəyyən edilmiş müddət çərçivəsində də ötürülmüş prosessual müddətin bərpası imkanı aradan qalxmışdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçının hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və nəticədə iddiaçı, mübahisələndirdiyi əmrin 7 ilə yaxın müddət keçəndən sonra mübahisələndirərək iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən cavabdehin əmrinin qəbul edildiyi tarixdən yeddi il ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. İddiaçı apellyasiya şikayətində Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/2023 saylı, 29 noyabr 2023-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs qismində tanınmasını əsas gətirərək məhz hökm çıxdıqdan sonra hazırki iddianı qaldırdığını və buraxılmış müddətin üzürlü hesab edilməli olduğu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gətirdiyi dəlillər işə mahiyyəti üzrə baxılması zamanı araşdırmalı haldır. İddiaçı əmrin əsasını bildiyi halda 7 ildən sonra mübahisələndirmə haqqında iddia qaldırmaqla ilkin olaraq araşdırmalı hal hesab edilən mümkünlük şərtini pozmuşdur. Əgər iddiaçı tələbinin əsaslılığını cinayət işindən asılı olduğu qənaətində idisə, qanunvericiklə müəyyən edilmiş müddət ötməmiş iddia qaldırmaqla yanaşı İPM-nin 7.2-ci maddəsinə əsaslanaraq icraatın cinayət işi üzrə icraat başa çatanadək dayandırılması vəsatəti ilə çıxış edə bilərdi. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10847/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar