Məhkəmə qərarları › İş №2-1(103)-1017/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1017/2023

16.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1017/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR DİN Baş Mühafizə İdarəsinə qarşı “əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə QƏRARDAD GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh AR DİN Baş Mühafizə İdarəsinə qarşı “əmrin ləğv edilməsi,iddiaçının tutduğu vəzifəyə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10326/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təsviri hissə

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Baş Mühafizə İdarəsinin rəisi M.Seyidovun imzaladığı xx.xx.2020-ci il tarixli, BMİ- 1377 ş/h nömrəli əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək Xəzər Rayon Mühafizə İdarəsinin Mülki Mühafizə xidməti üzrə mühafizəçi vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində verilən tapşırıqları yerinə yetirmiş, özünü nizam-intizamlı və işgüzar işçi kimi apararaq, xidməti geyim formasını səliqə ilə daşımışdır. Lakin xidmət etdiyi müddət ərzində xidmətin təşkilində müəyyən nöqsanlarla qarşılaşmışdır. Belə ki, "xxxx" ASC-yə məxsus tikintinin yerləşdiyi ərazinin ətrafını xidməti avtomobil vasitəsi ilə mühafizə etdiyi müddətdə Baş Mühafizə İdarəsi tərəfindən verilən yanacaq bütün ərazini maşınla hərəkət edərək nəzəratdə saxlamaq üçün kifayət etmədiyindən bəzi günlər o, öz vəsaiti hesabına xidməti avtomobilə yanacaq doldurmuş, lakin bu barədə yuxarı rəhbərliyə məlumat verməmişdir. 2020-ci ilin oktyabr ayında mühafizə etdiyi əraziyə xidməti yoxlama gəlmiş, həmin vaxt maşının yanacağı qurtardığı üçün, o, ayrılmış mühafizə otağında olmuş, hava soyuq olduğu üçün xidməti formanın uzun qol köynəyini geyinmiş, bu barədə ona irad bildirilmiş, ertəsi gün o Baş Mühafizə İdarəsinə çağırılaraq 13 oktyabr 2020-ci il tarixli, BMİ-1377 ş/h nömrəli əmr əsasında işdən azad edilmişdir. Bundan sonra 16 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə yollanmış, Hadrut, Suqovuşan və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müharibə ərzində qüsursuz xidmətimə görə N saylı hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə almışdır. Müharibədən qayıtdıqdan sonra səhhətində problemlər yarandığı üçün yaşadığı ərazi üzrə qeydiyyatda olduğu poliklinikada vaxtaşırı müayinə olunmuş və müalicə almışdır. "xxxx" MMC-də mühafizəçi vəzifəsinə işə qəbul edilmiş, lakin qısa bir müddət işlədikdən sonra iş yerindən əvvəlki iş yerindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğu əsası ilə azad edilmişdir. Bundan sonra işləmək üçün bir neçə yerə müraciət etsə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunduğuna görə işə götürülməsinin mümkün olmadığı bildirilmişdir.

3. Birinci instansiya məhkəməsində işin hazırlıq icraatı üzrə məhkəmə iclasları barədə tərəflərə bildiriş göndərilmiş, İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu göndərilərək buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

4. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə iddiaçı 16 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə yollandığı, xx.xx.2020-ci il tarixdə ölkə prezidentinin müvafiq sərəncamı əsasında ehtiyata buraxıldığı, qayıtdıqdan sonra mütəmadi olaraq müalicələr aldığı, bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün müəyyən edilmiş müddəti ötürdüyünü qeyd etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10326/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

7. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassız olmuş, eyni zamanda ədalət prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı 13 oktyabr 2020-ci il tarixli, BMİ-1377 ş/h nömrəli əmr əsasında işdən azad edildikdən sonra 16 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə yollanmış, Hadrut, Suqovuşan və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müharibə ərzində qüsursuz xidmətinə görə N saylı hərbi hissənin komandiri tərəfindən təşəkkürnamə almışdır. Müharibədən qayıtdıqdan sonra səhhətində problemlər yarandığı üçün yaşadığı ərazi üzrə qeydiyyatda olduğu poliklinikada vaxtaşırı müayinə olunmuş və müalicə almışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının müharibə iştirakçısı olması, döyüşlərdən sonra mütəmadi olaraq ambulator kliniki müalicə alması və üzrlü səbəblərinin olmasını nəzərə almamışdır. Göstərilənlərə əsasən, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə, habelə məhkəmə iclasına gəlmədiyi təqdirdə işə onun iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə

10. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

11. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli əmrini mübahisələndirdiyi halda, həmin əmrin surəti iş materiallarına əlavə edilməmişdir.

12. Bundan başqa, Birinci instaniya məhkəməsi iddiaçının buraxılmış müddətin bərpasına dair ərizəsindəki hallara, onun 16 oktyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsinə yollanması, Hadrut, Suqovuşan və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etməsi, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunması, müharibədən qayıtdıqdan sonra mütəmadi müalicə olunması barədə dəlillərə zəruri əhəmiyyət verməmiş və yetərincə nəzərə almamışdır.

13. Bundan əlavə, inzibati iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məlumatda qeyd edilir ki, ...Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixi , 5 nömrəli qərarının 13cü bəndində göstərilir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

16. Belə olan halda, Baş Mühafizə İdarəsinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyindən hazırkı tələbin ümumi yaxud inzibati məhkəmə aidiyyəti məsələsi də araşdırılmalıdır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə

18. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10326/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

19. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10326/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar