Məhkəmə qərarları › İş №2-1(103)-1018/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1018/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1018/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X21 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X13 ibarət tərkibdə, İsmayılzadə Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X12, X24, X16, X22, X10 və X17 cəlb olunmaqla) «fərdi yaşayış evinə dair texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2- 1(112)-2941/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin ona məxsus olduğunu bildirərək 140 kv.m ölçüdə hissəsini notarial qaydada təsdiq edilmiş ərizə və etibarnamə əsasında müvafiq məbləğdə pul vəsaiti ödənilməklə hazırkı İddiaçı satmışdır. İddiaçı həmin məbləği tam olaraq ona ödəmişdir. Torpağı satarkən X9 torpağın onun adına olması barədə sənədlər göstərmişdir. Ərizə və etibarnamə verilərkən X10 ilə onun keçmiş əri X6 arasındakı torpaq mübahisəsindən məlumatı olmamışdır. Torpaq sahəsini X2 aldıqdan sonra həmin sahədə yaşayış evi tikintisinə başlanmış və hazırda evin xeyli hissəsi inşa olunmuşdur. X12 iddia edir ki, X4 iddiaçıya satdığı ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 140 kv.m ölçüdə hissəsi ona məxsusdur. Çünki onun adına tərtib edilmiş həmin torpaq sahəsinə aid texniki pasport vardır. X6 təqdim etdiyi qeyd olunan fərdi yaşayış evinin texniki pasportu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsi tərəfindən 24 iyun 2017-ci il tarixdə 11/458 qeydiyyat nömrəsi ilə təsdiq edilmişdir. Həmin texniki pasporta görə qeyd olunan ünvanda X8 məxsus tikililər və 0,24548 ha ölçüdə torpaq sahəsi vardır. X12 texniki pasportun olmasından istifadə edərək torpaq sahəsinin ona qaytarılmasını, iddiaçının inşa etdiyi tikililərin sökülməsini tələb edir. O, həmin torpaq sahəsinin ona məxsus olmasını, sahibliyində və ya istifadəsində olmasını təsdiq edən sübut təqdim edə bilmir. Torpaq sahəsinin ona babasından miras qaldığını iddia edir. Torpağa mülkiyyət, sahiblik və istifadə hüquqları qeydə alınmamışdır. Hüquqi əsaslar olmadan qanun pozulmaqla tərtib edilmiş texniki pasportun mövcudluğu iddiaçının hüquq və mənafelərini pozur. Torpağı qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirə bilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.2, 55 və 66-cı maddələrinə və Mülki Məcəlləsinin 157, 157, 158-ci maddələrinə əsasən daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə mülkiyyət hüququnun (sahiblik, istifadə və sərəncam hüquqlarının) əldə edilməsinin hüquqi əsasları müəyyən edilmişdir. Göstərilən qaydalara əməl edilmədən və həmin əsaslar olmadan daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının əldə edilməsi mümkün deyildir. X8 texniki pasport həmin həmin əsaslarla torpaq sahəsinə hüququ yarandıqdan sonra verilə bilərdi. Texniki pasport hüquqmüəyyənedici sənəd deyildir. İddiaçı bu səbəbdən X6 adına tərtib edilmiş ünvan 3 ünvanında yerləşən 0,24548 ha torpaq sahəsinə aid 24 iyun 2017-ci il tarixli 11/458 qeydiyyat nömrəli texniki pasportun qanunsuz olduğundan ləğv edilməsini 23 avqust 2022- ci il tarixli ərizə ilə cavabdehdən xahiş etmişdir. Lakin qanunla müəyyən edilmiş müddət keçsə də, ona cavab veriməmişdir. Göstərilənlərə və İPM-in 2.2, 14, 33, 38, 39-cu maddələrinə əsaslanaraq, X6 adına tərtib edilmiş ünvan 3 ünvanında yerləşən 0,24548 ha torpaq sahəsinə aid 24 iyun 2017-ci il tarixli 11/458 qeydiyyat nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin 6 dekabr 2022-ci il tarixli qərardadı ilə X12, 6 iyul 2023-cü il tarixli qərardadı ilə X24, X16, X22, X10 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2- 1(112)-2941/2023 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün hesab edilərək icraata qəbul edilməsinə və hazırlıq iclasının təyin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onu nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2016-cı il tarixli qərardadının icrası cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən artıq həyata keçirilmiş və bunun nəticəsində inzibati akt (texniki pasport) tərtib edilmişdir. Ancaq həmin texniki pasport, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərardadında nəzərdə tutulduğu kimi, yəni, əvvəlki vəziyyəti bərpa olunaraq deyil, ümumiyyətlə dəyişdirilməyərək, yanlış şəkildə çıxarılmışdır və bu da İddiaçı hüquqlarını kobud şəkildə pozur. Belə ki, həmin texniki pasport əsasında Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən qəbul edilən qətnamə ilə mübahisələndirilən texniki pasport üzrə torpaq sahəsi üzərində yerləşən İddiaçı məxsus tikililərin sökülməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən yanlış tərtib edilmiş texniki pasport məhkəmələr tərəfindən hüquqi əsas kimi qəbul edilmişdir və bu da İddiaçı hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə eyni zamanda öz qərardadında müəyyən etmişdir ki, mülki mübahisənin tərəfi icraya dönüş haqqında məhkəmə qərardadının icrası məsələsini inzibati məhkəmə icraatında iddia irəli sürməklə deyil, müvafiq məhkəməyə ərizə ilə müraciət etməklə qaldıra bilər. Dolayısı ilə məhkəmə hesab etmişdir ki, məsələnin həlli məqsədilə icraya dönüş haqqında qərardad qəbul etmiş məhkəməyə müraciət etmək və yeni icra vərəqəsi alaraq onun icrasını təmin etdirmək lazımdır. Lakin məlumunuzdur ki, məhkəmə tərəfindən qəbuledilmiş qərar üzrə yeni icra vərəqəsi yalnız ilkin icra vərəqəsi verilməmişdirsə və ya icra edilmədən geri qaytarılmışdırsa verilir. Eyni zamanda qeyd etmək lazımdır ki, sözügedən icra vərəqəsi cavabdeh orqan tərəfindən artıq icra edilmiş və bunun nəticəsində yanlış inzibati akt (texniki pasport) qəbul edilmişdir. Mövcud vəziyyətdə məsələnin həlli isə müvafiq məhkəmədən yeni icra vərəqəsinin verilməsini tələb etməkdə deyil, yanlış tərtib edilmiş texniki pasportun ləğv edilərək yenisinin tərtib edilməsindədir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2016-cı il tarixli qərardadı ilə müvafiq mülki iş üzrə iddiaçı Qasımova (Atakişiyeva) Lətifə İnqilab qızının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10197/2015 saylı iş üzrə 10 dekabr 2015-ci il tarixli qərardadı ləğv edilmiş və 2-2622/2002 saylı iş üzrə 30 sentyabr 2002-ci il tarixli qiyabi qətnaməsinin icrasında dönüş edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, X11 adına Bakı şəhəri, Xətai rayonu, Elşən Süleymanov küçəsindəki ünvan üzrə verilmiş texniki pasportun ləğv edilməsi, həmin ünvan üzrə X7 adına verilmiş texniki pasportun bərpa olunması və qərardadın icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, hazırki iş üzrə iddiaçının iddiasında tələb etdiyi hərəkət fərdi yaşayış evinə dair texniki pasportda düzəliş edilməsi olsa da, ayrıca mülki məhkəmə icraatı üzrə qəbul olunmuş məhkəmə qərardadı ilə həmin evin texniki pasportun əvvəlki vəziyyətinə, hansı ki, iddiaçının arzuladığı hala uyğundur, bərpa edilməsi vəzifə kimi hazırkı cavabdeh inzibati orqana (onun əsasında yaradılmışdır) həvalə olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə mülki məhkəmə icraatında qəbul olunmuş məhkəmə aktı ilə evin texniki pasportunun əvvəlki vəziyyətinə bərpa olunması inzibati orqana həvalə edildiyi halda, texniki pasportda həmin vəziyyətə uyğun düzəliş olunması ayrıca inzibati icraatın, eləcə də ondan doğan inzibati mübahisənin predmeti kimi çıxış edə bilməz. Mülki mübahisənin tərəfi icraya dönüş haqqında məhkəmə qərardadının icrası məsələsini inzibati məhkəmə icraatında iddia irəli sürməklə deyil, müvafiq məhkəməyə ərizə ilə müraciət etməklə qaldıra bilər. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, işin məhkəmələr tərəfindən araşdırılmış hallarından aydın görünür ki, iddiaçının texniki pasportun ləğv edilməsini tələb etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. İddiaçı həmin torpaq sahəsinin bir hissəsinin X1 arvadı X5 aldığını, ona məxsus hissədə yaşayış evi tikdiyini qeyd etmişdir. Belə olan halda da məhkəmə kollegiyasının qənaəti belədir ki, iddiaçı hazırki məhkəmə icraatı qaydasında sözügedən texniki pasportun ləğvini tələb etmək səlahiyyətində deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2- 1(112)-2941/2023 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 2- 1(112)-2941/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar