Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1019/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)- 4791/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-4791/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinnin 06 aprel 2020-ci il tarixli, **********198796 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı “xxxx” MTK cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 06 aprel 2020-ci il tarixli **********198796 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 21.05.2019-cu il tarixli **********183512 nömrəli qərarı ilə 01.04.2015-cı il tarixdən 31.03.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı həmin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarı əsassız və qanunsuz hesab etdiyi üçün qərarın ləğv olunması ilə bağlı məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2-1(82)-2327/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin 21.05.2019-cu il tarixli **********183512 nömrəli növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı ləğv edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.10.2019-cu il tarixli, 2-1(103)-2490/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2-1(82)-2327/2019 saylı qərarı qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Sonradan cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından narazı qalaraq, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2020-ci il tarixli, 2-1(102)-389/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.10.2019-cu il tarixli, 2-1(103)-2490/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının dəfələrlə müraciət etməyinə baxmayaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.02.2020-ci il tarixli, 2-1(102)-389/2020 saylı qərarı icra olunmamışdır. Əksinə cavabdehin 21.05.2019-cu il tarixli **********183512 nömrəli qərarı ilə (həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən ləğv olunmuşdur və növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilməzdi) təyin edilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi 12.02.2020-ci il tarixli **********183619 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 aprel 2020-ci il tarixli **********198796 nömrəli Qərar çıxarılmışdır. Bundan sonra vergi orqanı öz qanunsuz əməllərini və hərəkətlərini davam etdirərək **********183619 nömrəli aktı və **********198796 nömrəli qərarı ləğv etmək əvəzinə vergi ödəyicisini məsuliyyətə cəlb etmə barədə qərar çıxarmışdır. İddiaçı 21.04.2020-ci il tarixində **********085500 saylı şikayət məktubu ilə yuxarı inzibati orqana (Vergilər Nazirliyinə) müraciət etmişdir. Yuxarı inzibati orqandan cavab ala bilmədiyinə görə ləğv olunmuş qərar əsasında növbədənkənar səyyar vergi yoxlamasının keçirilməməsi barədə 22.04.2020-ci il tarixində **********648000 saylı şikayət məktubu ilə təkrar olaraq Vergilər Nazirliyinə müraciət etmişdir. Lakin iddiaçının müraciətlərinə və şikayət ərizələrinə qanunamüvafiq qaydada cavab verilməmişdir. İddiaçı 19.05.2020-ci il tarixində **********227400 nömrəli şikayət məktubu ilə bir daha yuxarı inzibati orqana müraciət edərək, bu günə qədər dəfələrlə inzibati qaydada şikayət etməsinə baxmayaraq, şikayətlərinin icra edilmədiyini və ona görə şikayətlərinin icrasına nəzarət edilməsini xahiş etmişdir. Nəhayət vergi orqanı tərəfindən 21.05.2020-ci il tarixində bütün şikayət məktublarına cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında 21.05.2019-cu il tarixli **********183512 nömrəli qərarı ilə 01.04.2015-cı il tarixdən 31.03.2019- cu il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 12.02.2020-ci il tarixli **********183619 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06 aprel 2020-ci il tarixli **********198796 nömrəli qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması aktının və məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi şifahi şəkildə iddiaçıya bildirilsə də, bu günə qədər aktın və qərarın ləğv olunması barədə heç bir müsbət cavab alınmamışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə İddiaçı MTK-də növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Həyata keçirilmiş vergi nəzarətinin nəticələrinə uyğun olaraq 06.04.2020-ci il tarixli **********198796 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla əlavə vergi məbləği hesablanmışdır. Müvafiq qərar iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərar 10.04.2020-ci il tarixdə onun tərəfindən oxunmuşdur. Bu da iddiaçı tərəfindən mübahisələndirilən qərar barədə kifayət qədər məlumatının olduğu tarixdən sonra məhkəməyə müraciət etmişdir ki, bu da onun tərəfindən prosessual müddətlər keçdikdən sonra məhkəməyə müraciət etdiyini sübut edir. Lakin, məhkəmə mübahisələndirilən qərar şərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu vaxtda yarandığından, iddia müddətinin bərpasına dair 21.08.2020-ci il tarixli 2- 1(112)- 4791/2020 saylı qərardad qəbul etmişdir. O isə ki, məhkəmə mübahisələndirilən qərar üzrə iddia ərizəsinin poçt vasitəsi ilə göndərilməsi məsələsini araşdırılmamışdır. Belə ki, şərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu vaxtda belə poçt xidmətinin fəaliyyəti dayandırılmamışdır. Ali Məhkəmənin 02.05.2020-ci il tarixli məlumatında da məhkəmələrə ərizələrin poçt vasitəsilə və ya elektron şəkildə göndərilməsi tövsiyə olunmuşdur. Odur ki, müddətin bərpasına dair əsas haqlı səbəb olaraq qəbul edilməz və prosessual müddətin bərpasına dair qərardad da əsassızdır. Odur ki, iddia tələbi üzrə məhkəmə baxışının inzibati və ya cinayət iş üzrə icraat başa çatana kimi dayandırılması barədə cavabdeh tərəfindən vəsatətlər təqdim edilmişdir. Lakin, məhkəmə qeyd edilən məsələlər üzrə heç bir araşdırma aparmamış, qərarda ümümiyyətlə qeyd edilənlərə münasibət bildirilməmişdir. Belə ki, iddiaçının 21.05.2019-cu il tarixli **********183512 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2019-cu il tarixli 2-1(82)-2327/2019 saylı qərarı ilə təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 24.10.2019-cu il tarixli 2-1(103)- 2490/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 25.02.2020-ci il tarixli 2-1(102)-389/2020 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq, iddiaçı barəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 22.06.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Cinayət işi üzrə istintaqın tam", həftərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə, İddiaçı MTK-nin 01.04.2015-ci il tarixdən 01.04.2019-cu il tarixədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi üçün növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilərək qərar qəbul edilmiş və icra olunması üçün cavabdehə göndərilmişdir. Yəni iddiaçının faktiki olaraq hal-hazırda mübahisələndirdiyi qərar İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin qərarı əsasında aparılmışdır. Digər tərəfdən, həmin qərarın ləğvi ilə bağlı şikayətçi İddiaçı MTK-nin sədrinin MTK- da növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında iqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 20.05.2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli 6(004)-36/2019 saylı qərarı ilə şikayət təmin edilməmiş və “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20.05.2019- cu il tarixli **********556700 saylı qərarı qanuni hesab edilmişdir. İddiaçının bu qərarın ləğvi ilə bağlı apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin 27.06.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin 18.06.2019-cu il tarixli 6(004)- 36/2019 saylı qərarı qüvvədə saxlanılmışdır. İddiaçı yoxlanılan dövr ərzində yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama nəticəsində iddiaçı tərəfindən ödəmə mənbəyində tutulan vergisinin 2015-2019-cu illər üzrə 52730,02 manat, ƏDV 2015-ci ilin dekabr ayı üzrə 301812,91 manat azaldılması cavabdehin 12.02.2020-ci il tarixli **********183619 saylı “Səyyar vergi yoxlama aktı” ilə. Yoxlama ilə müəyyən edilmişdir ki, iddiaçı Abşeron rayon İcra Hakimiyyətinin 20.09.2013cu il tarixli 559 saylı sərəncamına əsasən Abşeron rayonu, Bakı-Quba avtomagistralının 14-cü km-nin qərb hissəsi ünvanında, 14.04.2014-cü il tarixli 175 saylı sərəncamına əsasən isə Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yaşayış binalarının tikintisinə icazə verilmişdir. Müəssisə tərəfindən Abşeron rayonu, Bakı-Quba avtomagistralın 14-cü km-nin qərb hissəsi ünvanında inşa edilmiş (“C", “E”, “H” blokları üzrə) 3 ədəd, hər biri 1 girişli, 10-12 mərtəbəli ümumi sahəsi 18757,10 kv.m olan yaşayış binalarından əlavə olaraq əvvəlki dövrdə (“D”, “F” blokları üzrə) 2 ədəd, hər biri 1 girişli, 10 mərtəbəli, hər birinin ümumi sahəsi 5549,59 kv.m, satışa yararlı sahəsi 4198,62 kv.m (2 bina üzrə ümumi sahə 11099,18 kv.m, satışa yararlı sahə 8397,24 kv.m) olan yaşayış binası inşa edilmişdir (hesabatı 2014-cü ilin İ rübündə təqdim edilib). 18757,10 kv.m sahə üzrə BTFSV hesablanmış, lakin 11099.18 kv.m sahə üzrə BTFSV hesablanmamışdır. Əvvəlki yoxlama ilə qeyd olunan binalar üzrə 10000,00 kv.m satışa yararlı sahə əhatə olunmuş və Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən 405000,00 manat (10000,00 x1(zona əmsalı) x 225 x 18%) vergi hesablanmışdır. Müəssisə tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə ƏDV bəyannamələri müvafiq vergi orqanına təqdim edilmişdir. Müəssisəyə mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinin hesablanması ilə əlaqədar olaraq 2015-ci ilin dekabr ayı üzrə kameral münasibət göstərilməklə dəqiqləşmiş bəyannamə üzrə 2037359,39 manat dövriyyədən 366724,69 manat azalma verilmişdir. Yoxlama ilə azalmanın düzgün aparılmadığı müəyyən edilmişdir. Belə ki, yoxlama ilə əhatə olunan 10000,0 kv.m sahədən cəmi 8397,24 kv.m satışa yararlı sahə mənzil tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi hesablanmış binaların satışa yararlı sahəsi olduğundan azalma yalnız 1602,76 kv.m sahə üzrə ƏDV hesablanmalıdır. Göstərilənlərlə əlaqədar azalma verilməli ƏDV məbləği 64911,78 manat (1602.76 x1(zona əmsalı) x 225 x 18%) təşkil edir və 301812,91 manat azaldılmış ƏDV məbləği bərpa edilmişdir. Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasımın Vergi Məcəlləsində dəyişikliklər edilmiş və bina tikintisi ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin hesablanmasının yeni qaydası 5 müəyyən edilmişdir. 01.01.2016-cı il tarixdən qüvvəyə minmiş bu qanunun 2-ci maddəsində göstərilmişdir ki, qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazıla formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. İddiaçı tərəfindən adıçəkilən qanunun 2-ci maddəsində nəzərdə tutulan yazılı formada məlumat qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində vergi orqanına təqdim edilmədiyindən MTFSV üzrə hesablanmış vergilər şəxsi hesab vərəqəsindən azaldılaraq kameral qaydada 2016-cı ilin İ rübü üzrə BTFSV hesablanmışdır və hesablanmış vergilər yoxlama ilə təsdiqlənmişdir. İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış həmin qərarın (12.02.2019-cu il tarixli **********232600) ləğv edilməsinə dair iddia ərizəsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1419/2019 saylı 09.04.2019-cu il tarixli qərarı ilə təmin edilmişdir. Lakin, qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 11,02.2020-ci il tarixli 2-1(103)-45/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2-1(82)-1419/2019 saylı qərarı ləğv edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan 12.02.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” aktına əsasən həmin yoxlama Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.05.2020-ci il tarixli, **********183512 nömrəli qərarına əsasən aparılmışdır, aktın nəticə hissəsinə əsasən vergi orqanı tərəfindən yoxlanılan subyektdə 354542,93 manat verginin azaldılması müəyyən edilmiş və 177911,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2020-ci il tarixli, **********198796 №li qərara əsasən iddiaçıya 354542,93 manat əlavə vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********443900 №li tələbnamə ilə iddiaçıdan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2020-ci il tarixli, **********198796 №li qərar əsasında 354542,93 manat əlavə hesablanmış vergilərin və 14798,76 manat maliyyə sanksiyasının ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2-1(102)- 389/2020 №li iş üzrə qəbul edilmiş qərarına əsasən 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 17.07.2019-cu il tarixli, 2-1(82)2327/2019 №li qərarı ilə cavabdehin iddiaçıda 21.05.2019-cu il tarixli, **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı ləğv edilmişdir.Birinci instansiya məhkəməsinin qərarı Bakı Apellyasiya Məhkəməsinin inzibati iqtisadi kollegiyasının 2-1(103)-1490/2019 saylı, 24.10.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır, apellyasiya instansiyası məhkəməsinin verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2-1(102)-389/2020 №li iş üzrə qəbul edilmiş qərarı ilə təmin edilməmişdir. İşin araşdırılmış halları ilə müəyyən etmişdir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.05.2020-ci il tarixli, **********183512 nömrəli qərarına əsasən iddiaçıda növbədənkənar vergi yoxlaması aparılmış, qeyd edilən qərarın qanuni qüvvəyə minmiş məhkmə qərarı ilə qanunsuz hesab edilməsinə və ləğv edilməsinə baxmayaraq həmin yoxlamanın nəticələrinə əsasən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 06.04.2020-ci il tarixli, **********198796 №li qərarı ilə iddiaçıya 354542,93 manat əlavə vergi hesablanmış və 14798,76 manat maliyyə sanksiyası tətbiq edilmişdir, həmçinin həmin vergilərin ödənilməsi iddiaçıdan tələb edilmişdir.Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Məcəllənin 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin faktiki hallarına əsasən hazırda iddiaçının mübahisələndirdiyi inzibati akt olan vergi orqanının 06 aprel 2020-ci il tarixli, **********198796 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmiş vergi orqanının qərarının hüquqi nəticəsi olduğu (yəni ləğv edilmiş qərar əsasında keçirilmiş vergi yoxlaması əsasında qəbul edildiyi) üçün ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2-1(112)-4791/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1019/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1019/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver