Məhkəmə qərarları › İş №2-1(103)-1019/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1019/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1019/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “adı və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İV seriyalı 401793 saylı 03 dekabr 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 04 oktyabr 1968-ci ildə Gəncə şəhərində doğulmuş, atası kimi X11, anası kimi isə X6 qeyd edilmişdir. P4661108 saylı ümumvətəndaş pasportunun surətindən görünür ki, iddiaçının soyadı və adı “Kasumov Vəli” kimi qeyd edilmişdir. AB-İ seriyalı 079688 saylı diplomun surətindən görünür ki, iddiaçının adı və soyadı “İddiaçı” kimi qeyd edilmişdir. AZ-İ 682300 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 04 oktyabr 1968-ci il təvəllüdlü X8 ilə 06 iyul 1974-cü il təvəllüdlü X3 arasında 07 iyul 2011-ci il tarixdə nikahları bağlanmışdır. AZ-İİ seriyalı 909703 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 may 2012-ci il təvəllüdlü X4, atası kimi X8, anası kimi X3 göstərilmişdir. MYİ seriyalı 0142961, ******* və ******* saylı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin surətindən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. DYİ seriyalı ******* saylı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı və soyadı İddiaçı kimi qeyd edilmişdir. Ukrayna Futbol Federasiyasının xx.xx.2013-cü il tarixli 258 saylı lisenziyasının surətindən görünür ki, iddiaçının adı və soyadı Kasumov Velli kimi (ingiliscə) qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05Q-35/68 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə adı “Vəli”, soyadı “Qasımov” qeyd edildiyindən, soyadını “Kasumov”, adını “Velli” adına düzəliş edilməsinin Azərbaycan dilinə uyğun olmadığına görə şöbənin imkanı xaricindədir. Onun nikah və övladının doğum haqqında şəhadətnamələrində soyadı Azərbaycan dilinə uyğun “Kasumov”dan “Qasımov” soyadına, adı “Velli”dən “Vəli”yə dəyişdirilməsi məsləhət görülmüşdür. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-1475/15 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının adları, ataların adları və soyadları dövlət dilində yazılır. Soyadının “Kasumov” və adının “Velli”yə dəyişdirilməsi şöbənin imkanı xaricindədir. Həmin imtina məktubundan narazı qalan İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “İddiaçı adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. 2 saylı Bakı “ASAN Xidmət” X1 xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən Gəncə şəhəri Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2020-ci il tarixli 18 bərpa saylı doğum haqqında akt qeydində soyadı “Kasumov” adının “Velli” adına düzəliş edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə adı “Vəli”, soyadı “Qasımov” qeyd edildiyindən, onun soyadını Kasımov, adını isə Velli adına düzəliş edilməsinin Azərbaycan dilinə uyğun olmadığına görə imkanları xaricindədir. Belə ki, onun nikah və övladının doğum haqqında şəhadətnamələrində soyadının Azərbaycan dilinə uyğun “Kasımov”-dan “Qasımov” soyadına, adının “Velli”-dən “Vəli”yə dəyişdirilməsi məsləhət görülmüşdür. ******* nömrəli Rusiya Federasiyası Vətəndaşlıq Pasportuna əsasən onun soyadı “Kasumov”, adı isə “Velli”, P4661108 nömrəli Azərbaycan Respublikası ümumvətəndaş pasportuna əsasən də, soyadı “Kasumov”, adı isə “Velli” olaraq qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən ona təqdim olunmuş İ-AQ saylı № 526691 saylı doğum haqqında şəhadətnamədən görünür ki, 24 oktyabr 1968-ci il tarixli 2262 saylı doğum akt qeydində adı “X10” kimi qeyd olunmuşdur. Onun oğlu Kasumov Muradın adına verilmiş C01339647 saylı Azərbaycan Respublikası ümumvətəndaş pasportuna əsasən də, onun ata adı “Velli” olaraq göstərilmişdir. Həmçinin, Kasumov Murada məxsus 816 saylı 11 iyul 2012-ci il tarixli doğum haqqında şəhadətnamədən də görünür ki, ata adı olaraq “Velli” göstərilmişdir. O, xarici ölkələrdə futbolla məşğul olmuşdur. Həmin müddət ərzində ona məxsus olan bütün sənədlərdə də, adı “Kasumov Velli” olaraq qeyd olunmuşdur. Ukrayna Futbol Federasiyasının xx.xx.2013cü il tarixli 258 saylı lisenziyasında soyadı “Kasumov”, adı isə “Velli” olaraq qeyd edilmişdir. “UAF PRO Coaching Award UEFA PRO Licence”də soyadı “Kasumov”, adı isə “Velli” olaraq göstərilmişdir. Həmçinin MYİ seriyalı № ******* saylı, MYİ seriyalı № ******* saylı, MY seriyalı № ******* saylı Azərbaycan Respublikası Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə Vəsiqəyə və DYİ seriyalı № ******* saylı Azərbaycan Respublikasının Ərazisində Daimi yaşamaq üçün İcazə vəsiqəsinə əsasən iddiaçının soyadının “Qasımov” olaraq göstərilməsinə baxmayaraq, soyadının ingiliscə tərcüməsi “Kasumov”, həmçinin adının “Vəli” olaraq qeyd olunmasına baxmayaraq ingiliscə tərcüməsi “Velli” olaraq göstərilmişdir. X3 ilə onun arasında bağlanmış nikaha əsasən tərtib olunmuş 07 iyul 2011-ci il tarixli AZ-İ № 682300 saylı nikah şəhadətnaməsində adı “X8” kimi qeyd olunmuşdur. Lakin, AB-İ seriyalı № 079688 saylı Azərbaycan Respublikası Diplomunda isə adı “İddiaçı” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd etdiyi ziddiyyətli hallara görə o, öz konstitusion hüquqlarını yerinə yetirə bilmir. Qanunvericilik ona tam qaydada hüquq verir ki, o “Kasumov” soyadından və “Velli” adından istifadə etsin. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və əsassızdır. Adının fərqli olması ona və onun ailə üzvlərinin mənəviyyatına mənfi təsir edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etirz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulduğundan sözügedən qərar ləğv olunmalıdır. Çünki adının dəyişdirilməsini istəmək və bununla bağlı müraciət etmək onun konstitusion hüququdur. Hər bir şəxsin öz adını dəyişdirmək hüququ vardır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Səbail rayon Qeydiyyat Şobəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin mahiyyətinə gəldikdə isə, hazırki işdən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “adının “Vəli”dən “Velli”yə, soyadının “Qasımov”dan “Kasumov”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “Kasumov” soyadının “Qasımov” soyadının ingilis dilində olan yazılışı olduğu və Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində “Kasum” və ya “Velli” adlarının və “Kasumov” soyadının mövcud olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.3-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və bunları dəyişmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verilməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumat olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarınn öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 7.2-ci bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanunun 1-ci maddəsində deyilir: 1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin İ hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur. 1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. 1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. 1.4.Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdu ki, iddiaçının əvvəllər də Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında şəhadətnaməsində “soyad” qrafasında “Kasumov”, “ad” qrafasında “Velli” qeydlərinin aparılması ilə bağlı iddiası olmuş, lakin həmin iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4918/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmə həmin qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının soyadının və adının doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz, həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir, başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyil, buna görə də iddiaçıya sonrakı sənədlərində doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququnun olduğu izah olunmuşdur. Hazırki işdə isə iddiaçının tələbi “ad və soyadının dəyişdirilməsi” ilə bağlı olub, hüquqi marağı eyni məsələyə, yəni doğum haqqında aktda ad və soadı ilə bağlı qeydlərə düzəliş edilməsinə yönəlsə də, məhkəmə kollegiyası bu iş üzrə iddianın yuxarıda qeyd olunan inzibati işdəki iddianın əsasından fərqli əsaslar üzrə qoyulduğunu nəzərə alaraq onu mümkün saymış və bu işin də mahiyyəti üzrə araşdırılmasını vacib saymışdır. Odur ki, məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı qeyd edir ki, nə qədər ki, iddiaçının hazırki işdə iddiası onun adının və soyadının dəyişdirilməsi ilə bağlıdır, həmin ad və soyadın iddiaçının tələb etdiyi qaydada dəyişdirilməsinin qanunla yolverilən olduğu araşdırılmalıdır. Bu aspektdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı araşdırma ilə kifayətlənir və hesab edir ki, qoyulmuş tələb üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur, iş üzrə birinci instansiya məhkəməsinin qeyd etdiyi maddi hüquq normalarındakı tələblərlə bağlı iddia əsassız olduğu üçün düzgün olaraq rədd edilmişdir. Əlavə olaraq da məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının ad və soyadının dəyişdirilərək ona verilməsini istədiyi “Velli” adı və “Kasumov” soyadı əslində “ad” və “soyad” anlamında çıxış edə bilməz, çünki həmin verilməsi tələb olunan “ad” və “soyad” (Kasumov Velli) iddiaçının mövcud ad və soyadından (İddiaçı) fərqli ad və soyad olmamaqla yanaşı, onun mövcud ad və soyadının başqa dildə (ingilis və başqa dildə) olan tərcüməsidir. Halbuki qanunvericilikdə “ad və soyadın dəyişdirilməsi” dedikdə, şəxsin mövcud ad və soyadının fərqli ad və soyada dəyişdirilməsi başa düşülür. Bu barədə ayrıca istisnaların qanunvericilikdə dəqiq olaraq göstərilməməsi, məsələn, bu işdəki kimi şəxsin ad və soyadının onun başqa dildə olan tərcüməsinə dəyişdirilməsinin yolverilməz olması ilə bağlı şərtin qanunvericilikdə göstərilməməsi isə heç də bu cür dəyişdirmənin qanunla mümkün olduğunu təsdiqləmir. Belə ki, əgər istənilən şəxsin mövcud ad və soyadının dəyişdirilməsi məqsədilə onun başqa dildə olan tərcüməsinə dəyişdirilməsi imkanı verilsəydi, bu qanunvericiliyin həmin məsələlərlə bağlı tənzimləmə mexanizminə zidd olardı və nəticədə hər kəsin belə tələblə çıxış etmə imkanını yaradırdı ki, bu da nəticədə nəinki “hər kəsin bir ad və soyadla tanınması” prinsipinə zidd olardı, həm də qanunvericiliyin dövlət dili olan Azərbaycan dilinin qorunub saxlanması ilə bağlı olan müddəalarının pozulmasına da gətirib çıxarardı. Odur ki, Kollegiya iddiaçının bu işdəki tələbinin tam olaraq qanunda nəzərdə tutulan “ad və soyad dəyişdirmə” ilə bağlı hüquqlarından irəli gəlmədiyi qənaətindədir və belə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulan əsaslar mövcud olmadığı üçün onun iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilmiş hallarla eynilik təşkil etdiyindən qərarın ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7132/2022 saylı 19 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar